İRƏVAN AVTOMOBİL MÜFƏTTİŞİ KƏLBƏCƏR DAĞLARINDA GƏBƏRDİ
Təbiət yenə bizi
sınağa çəkir. Nə şaxtadan buz bağlamış dağ cığırlarını, nə də düşmən minasından
təmizlənmiş sərt aşırımlı dağ yollarını asan keçmək olur. Şübhə, qorxu
qasırğasını dəf edən, düşməndən layiqli qisas alan döyüşçülərimiz böyük ruh
yüksəkliyi ilə vuruşurlar.
Qanlı döyüşlər davam
edir.
...Sıravi əsgər
Aydın Həsənov döyüş mövqeyini düzgün seçərək kiçik qaya daşını özünə sipər
edib. “Düşmən əks-hücum üçün risq etmirsə, biz niyə durmuşuq?” – sualı ilə
narahat hisslərini komandirinə bildirir. Sıravi Əfqan Əliyarov da onunla bir
fikirdədir. Zarafatla deyir ki, hərəkətsiz dayananda soyuqlayıram.
- İrəli keçək. Düşmənin
geri getməkdən savayı əlacı yoxdur, - deyə Əfqan sakitcə Aydına müraciət edir.
- Allah, özün kömək
ol!
Aydın və Əfqan sürünə-sürünə
dağ çayından aşağı düşürlər. Buz örtüyün altından asta-asta axan suyun xoş
şırıltısı sanki əsgərlər üçün döyüş mahnısı çalır.
- Çal, bizim
mahnımızı, çal, ay dağ çayı!
- Qardaş, elə bu
çayın xatirinə kəndi azad etməliyik. Qoy bu çaydan murdar ağızlar su içməsin!
Dağın o biri enişində
beş erməni qulduru görünür. Hiss edilir ki, yorğun-yorğun geri çəkilirlər. Kənd
tərəfdən düşmənin bir zirehli döyüş maşını da yaxınlaşır.
Aydın tövşüyə-tövşüyə
dillənir:
- Gördün, Əfqan?
Oturub bir yerdə durmaqdan heç nə çıxmaz. Oturanda ayaq da donur, əl də. Bax,
budur əclaf dığalar, vur, ləzzət al.
- Əvvəlcə zirehli
maşını vuraq, yoxsa əldən çıxar.
- Axı məndəki piyada
əleyhinə qumbaradır, necə vurum?
Aydın qarın üstündə
dirsəklənib avtomatı şaqqıldadır. İki erməni qulduru o dəqiqə gəbərir. Biri isə
yaralanıb yıxıla-yıxıla uzaqlaşır. Əfqanın qumbarası zirehli maşına xətər
toxundura bilmir. Texnika aradan çıxır. Aydın yenə toxdamır: “Gəl qovaq erməniləri,
bəlkə, bir-ikisini də vurduq”.
...Öldürülmüş
dığaların cibindən sənədləri çıxarıldı. Biri baş leytenant imiş, digəri Yerevan
şəhərinin avtomobil müfəttişi. Demək, kəşfiyyatçılarımızın dünənki məlumatı
doğrudur. Operativ xəbər almışdıq ki, düşmənin hərbi qüvvələrinin sırası seyrəldiyinə
görə Ermənistandan polis işçilərini Kəlbəcərə zorla döyüşə gətirirlər. İndi biz
ordu ilə yox, demək olar ki, erməni polisi ilə vuruşuruq.
Döyüşçülərimizdən
Firuz Qurbanov, Nəcmi Xudiyev, Valeh İsgəndərov, Bəhram Abdullayev də bekar
dayanmayıblar. Hərəyə iki erməni quldurunu o dünyalıq edən bu igidlərimiz “daha
gözlərinin odunu almışıq”, - deyə xəfif təbəssümlə öyünürdülər.
Gözlərinin odunu
almışıq, amma qanımızı hələ almamışıq. Daxilində şeytan bəslənən erməni
quldurları torpaqlarımızdan tamam-kamal təmizlənməyincə keyfimiz açılmaz.
Ölüm-itim dünyamızda hərənin bir əcəl qisməti var. Barı Vətən yolunda ölək, müqəddəsləşək.
“Qələbə günü Xankəndidə dəfn olunmağa hazıram” – deyən əsgərin mənəvi əzəmətinə
qurban olum!
...İbadulla Zəkiyev
öz avtomatını sığallaya-sığallaya söyləyir:
- Mənim ovuma ov
çatmaz. Düşmənin rabitə xəttini mən kəsmişəm. Bu, erməni döyüşçülərinin belini
qırmaq deməkdir.
Vaxt var idi ki,
ordumuz həmlə edərkən yaralılarımız tibbi yardım gecikdirildiyinə görə bəzən elə
döyüş meydanında çoxlu qan itirib tələf olurdular. İndi isə hər bölüyün öz
sanitar təlimatçısı var. Onlar yaxşı təlim keçirlər. Döyüşçülərlə bir sırada irəliləyir,
çıxılmaz anlarda sanitar çantasını yerə qoyub, silaha əl atırlar...
...”N” kəndi istiqamətində
gedən döyüşdə həlak olmuş Rəfi Aydın oğlunun meyitini çıxarmaq çətin idi. Düşmən
həmin ərazini atəşə tuturdu. Cəsur sanitar-təlimatçı Əlyar Əhmədov oğrun-oğrun
qabağa getdi. Snayper gülləsi başının üstündən vıyıltı ilə keçirdi. Əlyar
yolüstü körpüyə göz gəzdirdi. Körpünün altında bir erməni gizlənmişdi. Əlyar
fikrini dəyişdi:
- Fürsətdir, ermənini
əsir tutum, - dedi. - Sonra Rəfinin meyitini çıxararam.
Əlyar avtomatı erməniyə
tuşlayaraq çığırdı:
- Əllər yuxarı!
Erməni əllərini
qaldırdı, Əlyar ona doğru getməyə başladı. Erməni bir əlini qoltuğuna salmaq
istəyəndə Əlyar cəld atəş açdı. Amma sonra təəssüfləndi:
- Diri tutsaydım,
yaxşı olardı...
Əlyar daha da cəsarətləndi.
Elə bil beş dəqiqə bundan əvvəlki Əlyar deyildi. Cəld hərəkətlə özünü irəli
atdı. Rəfinin meyitini sürüyə-sürüyə düşmən mövqeyindən uzaqlaşdırdı.
Eyni vaxtda Əlyarın
digər həmkarı Tərlan Zərbəliyev də döyüş tapşırığını qəhrəmanlıqla yerinə
yetirirdi. Tərlan snayper gülləsindən yara almış gizir Firdovsi Musayevi çəkib
arxa cəbhəyə aparırdı. O, körpüdən keçə bilməzdi. Düşmən qüvvələri körpünü yüksəklikdən yaxşı görürdü. Ona görə bir qədər aşağı endi
və qurşağa qədər suyun içinə girdi. Soyuq hava, bir də ki, dağ çayı. Nər oğul
olasan ki, buna dözəsən. Tərlan bir göyə baxdı, bir yerə. Bir dəfə də Allahı
çağırıb suyu mətanətlə keçdi. Yaralını sürüyüb bir daldanacaq yerə çəkdi. Əldən-ayaqdan
düşmüşdü. İlk tibbi yardım göstərdi. Handan-hana islanmış ayağının keyi açıldı.
Axır ki, çox çətinliklə Firdovsini xilas edə bildi...
Döyüşçülərin düzümü
önündə respublika prezidentinin fərmanı ucadan oxunur. Əhsən, igidlərimiz! İndi
bizim də iki nəfər ordenli, iki nəfər isə medallı döyüşçümüz var. Əsgərlər
prezidentimiz Heydər Əliyevin diqqət və qayğısından vəcdə gələn mükafatçıları qucaqlayıb
öpür və ürəkdən təbrik edirlər.
İbrahim MƏSİMOĞLU
15 yanvar 1994-cü il

Комментарии
Отправить комментарий