DÖRD GÜN DOĞMA QƏRİBLİKDƏ


Aprelin 30-na keçən gecə göy üzündə işıldayan ulduzların sayı da çoxalmışdı. Bədrlənmiş ayın üzü gülürdü. Sanki sıx-sıx düzülən ulduzlar da cəsur əsgərlərimizin möhkəm döyüş cərgəsinə bənzəmək istəyirdi. Amma doğma Şurabad kəndimiz özünü qərib bir yurd, kimsəsiz bir ocaq kimi hiss edirdi. Nə ulduzların, nə də ayın bugünkü cah-cəlalı onun heç eyninə deyildi. Çünki Şurabad kafir ermənilərin, qaniçən daşnakların əsiri idi.
Gecə saat 3 radələrində 12 cəngavərimiz gizli cığırlarla bağrı qan olmuş Şurabada yaxınlaşdı. Qurbağaların qurultusundan, yorucu su şappıltısından savayı heç nə eşidilmirdi. Bu aylı-ulduzlu gecədə kəndin giriş və çıxış yollarını bağlamaq tapşırığını alan igidlərimiz döyüş vəziyyətini aldılar. Düşmənin iki postunu və müşahidə qrupu yerləşən evi dağıtmaqla əməliyyat başa çatmalı idi. Quşu gözündən vuran Filman Bədəlov komandirin əmri ilə çaxmağı birinci çəkdi. O, düşmən postunda ehtiyatsız duran 2 dığanı dinməz-söyləməz gəbərtdi. Amma bizə məlum olmayan ehtiyat postdan həyəcan siqnalı verildi. Deməli, düşmən qurduğu ön postun hər birinə ayrıca məxfi post da təyin edirmiş. Çingiz Bayramov əməliyyatın xəttini dəyişməli oldu. Atışma başlayanda 4 əsgərimiz qeyri-iradi olaraq düşmənin arxasına keçdi. 30 dəqiqəlik atışmadan sonra qüvvələrimiz seyrəldi. Həmin 4 igidimiz – beyləqanlı Ceyhun Əhməd oğlu Quliyev, bakılı Elçin Məsim oğlu Məmmədov, zərdablı Anar Rzaxan oğlu Vəliyev, bir də ki, İmişli rayonunun yetirməsi Fariz Tofiq oğlu Fərəcov azıb düşmən arasında qaldılar. Komandirliyə elə gəldi ki, onlar itkin düşdülər. Lakin doğma diyarda keçən dörd gün, dörd  gecə qəriblik güzəranı beləcə başlamışdı.
...Erməni səsləri gələn səmtdən uzaqlaşmaq üçün onlar yeyin-yeyin arxa tərəfə çəkildilər. Lakin bu gediş əslində arxaya doğru deyildi. Hər yanda erməni quldurları vardı. Tələsik çıxış yolu axtaran Elçin gözlənilmədən bir dığa ilə qabaqlaşdı. Qəfil qarşılaşmadan nitqi tutuldu. Dığa avtomatı ona sarı tutub ermənicə çığırdı. Elçin erməninin o dəqiqə atmamasından, bir qədər mülayim münasibətindən yəqin etdi ki, düşmən, deyəsən, onu özününkü hesab edir, sadəcə olaraq “veyllənməyimizə” acıqlanır. Lap gözlərinin içinə baxa bilmədi. Bir az toxtayıb özünü kefliliyə vurdu. Azərbaycanlılığını bildirməmək hiyləsi ilə dığanın kələ-kötür sözlərini əlüstü əzbərləyib tutuquşu kimi təkrarladı və yerində səndələyə-səndələyə sağa-sola çəkildi. Elçindən on addım kənarda duran Ceyhun donuq dayanmışdı. Ehtiyat üçün “PK”-nı qaldırmışdı ki, dığa Elçini vurmaq istəsə, atəş açsın. Amma çaxmağın şaqqıltısından dığa azacıq çəkindi. Güman etdi ki, kefli əsgərlə ciddi danışmaq, acıqla tələbkarlıq etmək təhlükəlidir. Elçinin özünü artistliyə vurması onu lap inandırdı və öz-özlüyündə fərz etdi ki, əsgərlər onu ələ salıb məzələnirlər. Nəhayət, dığa başını yırğalaya-yırğalaya ötüb keçdi.
Hiyləgərliyi ilə adamı heyran qoyan Ceyhun Quliyev açıq bir mövqedə nabələdcəsinə hərəkət etməyi faydasız sayıb pıçıltı ilə cəbhədaşlarını başına yığdı:
- Birdəfəlik bilin ki, biz azmışıq. Dörd tərəfimiz düşməndir. Gəlin tələsgənliyə yol verməyək. Bu gecəni birtəhər keçirək. Gündüz müşahidə edərik. Sonra da bir postu dağıdıb aradan çıxarıq. Bədbin xəyallarla canımızı üzməyə dəyməz.
Əsəbdən dişi bağırsağını kəsən Elçin etirazını bildirdi:
- Harada gecələyək? Bəyəm gündüz bu yarıçılpaq üzümlükdə dığa bizi görməyəcək?! Bu gecə haqq-hesabı çürütsək, pis olmaz. Dəmiri isti-isti döyərlər.
Fariz təcrübəli döyüşçü kimi sözünü axıra saxladı. Silahdaşlarını təmkinlə dinlədi. Beş dəqiqə sükut içində fikirləşib ağır-ağır dilləndi:
- Bizim bu gecə azmağımız, mənə elə gəlir ki, hər dəqiqə ələdüşməz uğurumuzdur. Əvvəlcədən planlaşdırsaydıq, düşmənin içinə heç beləcə düşə bilməzdik. Bu, göydəndüşmə fürsətdir. Gecələyib düşmənin zəif nöqtələrini, arxa cəbhə sirlərini öyrənək. Sonra lap əlbəyaxa vuruşaq, hansımız sağ qalarsa, gedib nəticələrini komandanlığa təqdim edər.
Elçin gümanla çiynini çəkdi:
- Mən də sizinlə razı oluram. Amma bir şərtim var. Bəs harada maskalanaq?
“N” taborunun sevimli “Qarabala”sı Anar üzünü ona tutub sinə dolusu ah çəkdi:
- Eh... canım-gözüm, darqursaq olma. Gizlənməyə yer tapmaq bir su içimlik işdir. Bu vəzifəni mənə həvalə edin. Daha çəpələşməni kəsin. Durun müşahidə aparaq. Vaxt bizi gözləmir.
“Dördlük” bir oturumda yaraq-yasağını sahmanlayıb qaydaya saldı və döyüş vəziyyətində gecə səfərini davam etdirdi. Üzüm cərgələrinin arası ilə gedən yol qurtarmaq bilmirdi. “Dördlüyün” qəlbinə soxulan qəriblik hissi, vahimə yaradan fikirlər damla-damla əriyib puç olurdu. Mat qalmalı mənzərə idi. Düşmən hənirtisini daha veclərinə almırdılar. Heç kim dinib danışmırdı. Ayaqlar öz yerişində idi, lakin beyinlər ümid qığılcımı harayında haldan-hala düşürdü. “N” kəndi yaxınlığında bir qamışlıqda bənd aldılar. Bayaqdan gözləri oynayan Anar diksinmiş kimi əlləri ilə qamışlığı qurdaladı:
- Ayaq saxlayın, - deyə Anar silahdaşlarını əli ilə yanına çağırdı. - Bundan yaxşı yer tapmarıq. Gözəl “guşə”dir. Həm düşmənin ön xətti ilə arxa cəbhəsinin mərkəzi, həm də görünməz yerdir.
Etiraz edən olmadı. Qamışlığın dibinin yaxşı və ya pisliyinə baxar-baxmaz leş kimi yıxılıb hərəsi bir yerə uzandı. 10 dəqiqə dinc nəfəs dərdikdən sonra yaxınlıqda nə qədər kol-kos varsa, hamısını yığıb qamışlığı maskaladılar. Heç birinin yuxulamağa həvəsi yox idi. Əldə qumbara tutub istənilən həmləyə qarşı hazır vəziyyətdə oturmuşdular.
Səhərin gözü açıldı. Ön atəş xəttində döyüş başlamışdı. Erməni quldurlarının arxa cəbhəsi vəlvələyə düşmüşdü. Ardı-arası kəsilmədən meyit, yaralı daşıyırdılar. “Dördlük” bu başqarışıqlığından istifadə edib lazımi müşahidələr apardı. Məxfi postların məkanı müəyyənləşdirildi. Dolaşan cığırlara gecə səfəri üçün nişan qoyuldu. Qərəz, “dördlüyün” qorxu-hürküsü çəkilib getsə də, təzə bir problem ortaya çıxmışdı: aclığı necə dəf etməli?
Ciblərində bir neçə tikə quru çörək qalmışdı. Yolda sürünüb sulu xəndəkləri keçərkən palçığa batmışdı. Fariz inad göstərib quru çörək tikələrini əlinə aldı.
- Bərəkətinə qurban olum. Bu palçıq ki, bizim çörəyimizə hopub, yemək olar, öz halal torpağımızdır, - deyə əli ilə tikələri təmizləyib ehmalca böldü. - Di gözünüzə təpin.
“Dördlük” xəfif-xəfif qımışdı və əl atıb tikələri kişmişli plov kimi yeyib qurtardı. Sonra Ceyhun tənəklərin dibini eşələyib qazayağı tapdı. Farizin gözünə yemlik, qanqal sataşdı:
- Bundan yaxşı yemək hanı? Hamısı məlhəmdir, tərkibi vitaminlə zəngindir.
Şəhər mühitində böyümüş, kənd-kəsəkdən, çölçülük həyatından bixəbər olan Elçin məəttəl qalmışdı:
- Ə, siz otlayırsınız, nədir? Ehtiyatlı hərəkət edin, zəhərli olar. Bir işimizi iki eləyərsiniz.
Elçinin qazayağı, yemlik və qanqalı tanımaması, təəccüb doğuran sözləri Ceyhunun kefini yamanca qıdıqladı. İgidlər bir müddət zarafatlaşıb doyunca şənləndilər. Elçin xoş sözləşmədən, atmacalardan incimədi. Yemlikdən bir dişlik qoparıb çeynədi. Ağzının ləzzətini hiss edib:
- Doğrudan, bu, yaman yeməli şey imiş...
Ceyhun durbin linzasını günəş şüasına tutmaqla alışqansız qalan silahdaşlarının siqaretini yandırdı. Dalbadal 3 siqaret çəkib dərdlərini dağıtdılar.
İkinci gecə “dördlük” sürünə-sürünə üzümlüyün axırınadək gedib çıxdı. Düşmən postuna 20 metr qalmışdı. Çox qorxmaz, qoçaq hərəkət edirdilər. Ötən gecənin canüzücü həyəcanından əsər-əlamət qalmamışdı. Çünki doğma qəribliyin ab-havasına alışmış və çətin vəziyyətdən çıxmağa ümidləri artmışdı. Fariz dozor kimi irəli getdi. Öyrəndi ki, bu mövqedə düşmənin qüvvəsi seyrək olsa da, çoxdur. Güclü qarşıdurma olsa, ehtimal ki, sağ çıxa bilməyəcəklər. Dərhal geri qayıdıb bir gün də ötürməyi qərara aldılar. Bu dəfə sığınacağı digər bir sıx qamışlıqda tapdılar. Artıq yuxusuzluq öz təsirini göstərirdi. Yorğun gözlər öz-özünə yumulurdu. Ceyhunun məsləhəti ilə iki nəfər yatdı, ikisi keşik çəkməyə başladı. Bu minvalla üçüncü gün də ötüb keçdi.
Dördüncü gecə “dördlüyün” həm sığınacaq yeri, həm də şam yeməyi alça ağacı oldu. Daha onların həndəvərində yeyiləsi bitkilər də tükənmişdi, alça da. Kəşfiyyat xarakterli məlumatları da kifayət qədər idi. Elçin aclıq və yorğunluq ucbatından halsızlaşmışdı. Tez-tez huşunu itirirdi. Anarın həyəcanlı dəqiqələrdə ürəyinin yağı ərisə də, çətinliklərə tab gətirib dözürdü. Ceyhunun qolları “PK”nı hərləməkdən az qalırdı ki, yerindən qopsun. Farizin də ayaqları sözünə baxmırdı. Buna görə də “dördlük” nəyin bahasına olur-olsun qərarı qətiləşdirdi: bu gecə ya şəhid olmalı, ya da düşmən postunu dağıdıb yol açmalı!
Onlar seçdikləri zəif düşmən postuna taxıl zəmisinin içindən sürünə-sürünə gedib çatdılar. Uzunmüddətli döyüş üçün silah və güllə ehtiyatı az idi: 3 ədəd avtomat silahı, 7 ədəd əl qumbarası, 1 ədəd “PK” və 1 ədəd “Muxa”. Axırıncı sınaq, son cəhd başladı. Qabaqda Fariz gedirdi. Erməni səsləri qulağına çatan kimi ayaq saxladı. Düşmən postu ilə onların arası 10-15 addım olardı. Səngərdə bir dığa aya üstündə durub ermənicə nəsə danışırdı. İkisi oturub ona qulaq asırdı. Fariz dostlarına əməliyyatın başlanmasını eyhamla elan etdi. O, öz qumbarasını dığaların tən ortasına tuşladı. Elçin öz növbəsində səngərin üstündən hoppanıb o biri səngəri qumbara ilə susdurdu. Burada bixəbər oturmuş dörd dığa gəbərdi. Üçüncü səngərdə təşvişə düşən beş dığanı Ceyhun qana buladı. Dördüncü postda olan düşmən piyadaları atış istiqaməti bilinməyən qumbara partlayışından çaşdılar. Ceyhun toz-dumandan istifadə edərək çaşqın düşmüş postu “PK” ilə birnəfəsə biçdi. Ara möhkəm qarışdı. Fariz “asta qaçan namərddir”, - deyib silahdaşlarını qaçmağa səslədi. Düşmən piyadaları gecə döyüşünün qəfil qarışıqlığı ucbatından elə zənn etdilər ki, qumbara arxadan yox, qabaqdan atılıb və qabağa qaçanlar da guya hücuma keçirlər. Xam xəyala uyub özünü itirən iki dığa da “dördlüyə” qoşulub qaçmağa başladı. Ayaq altına baxmağa belə imkan tapmayan Elçin birdən duyuq düşdü ki, onunla çiyin-çiyinə 2 erməni də qaçır. Əvvəl inanmadı, silahdaşlarını sayanda gördü ki, “4” əvəzinə “6” olublar. Papağın yöndəmindən dığaları seçdi. Azacıq geri qalıb qaz kəmərinin üstündən keçərkən birini yerə sərdi. Bunu görən digər dığa sanki yuxudan ayıldı. Çönüb Elçinə cavab vermək istədi. Təngnəfəslikdən Elçinin ayağı dolaşdı. Böyrü üstə yerə yıxıldı. Ani təsadüf onu güllədən xilas etdi və yerə dirsəklənib ikinci dığanı da cəhənnəmə göndərdi. “Dördlük” düşmən postları istiqamətinə güllə yağdıra-yağdıra özünə mövqe seçdi. Erməni döyüşçüləri isə elə gözlənilməz çaxnaşmaya düşmüşdülər ki, “dördlüyün” qaçışını yaddan çıxarıb özləri ilə boğuşmağa başladılar.
Elçin daha heydən düşmüşdü. Ceyhun onu sürüyə-sürüyə aparırdı. Axır ki, düşməndən xeyli aralaşa bildilər. Yağış suyundan əmələ gələn bir gölməçənin dövrəsində yerə uzandılar. Təşnəliyin gücündən gölməçə suyunun dadına-tamına məhəl qoymadılar. Elə hey ovuclayıb içdilər. Sonra Ceyhun parolla işarə verdi. Bizimkilər itən silahdaşlarının işarəsini tanıdılar. Bəzi naşı əsgərlərimiz az qalmışdı ki, “dördlüyü” atəşə tutalar. Son məqamda Farizin səsini öz həmyerlisi Akif Muradov tanıyıb onların əlini saxladı.
- Hara atırsınız? - dedi. - Bizim 4 gün əvvəl itən əsgərlərimizdir...
Doğma qəriblikdə keçən sıxıntılı, məşəqqətli, həm də hərbi əhəmiyyətli 4 gün başa çatdı. Tamam toz-torpağa, çirkə bələnmiş Ceyhunu, Elçini, Farizi, Anarı tanımaq olmurdu. İgid gözlərinin yaşı quruduqca ürəklərindən həzin bir sərinlik axırdı. Sanki yenicə dünyaya göz açmışdılar.
Təsadüfi əməliyyatın nəticələrini götür-qoy etdikdən sonra zabit Yaşar Aydəmirov “dördlüyə” təşəkkür elan etdi və onları pul mükafatına layiq gördü. Dörd günün tarixi sübut etdi ki, Azərbaycan əsgəri dar ayaqda torpaq məhəbbətini hər şeydən əziz tutur, Vətəni canından çox istəyir və öz hərbi andına sadiq qalaraq yüksək igidlik, dözüm, cəsarət göstərməyi bacarır.
                                                                                          İbrahim MƏSİMOĞLU
18 may 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”