“...ÖMRÜM UZANIR”
Tibbi xidməti zabiti
Çingiz Quliyev cərrah libasını əynindən çıxarıb asudə nəfəs dərmək istəyirdi
ki, qəfil eşidilən “həyəcan” siqnalından diksindi. Qospitalın həyətinə iti sürətlə
girən təcili tibb maşınının qabağına özü çıxdı.
- Yarası çox
ağırdırmı? – deyə üzünü sürücüyə tutdu.
- Həkim, son nəfəsidir,
tez ol...
Əl-ayaqdan iti
sanitar əsgərlər yaralını xərəkdə əməliyyat otağına apardılar. Keşməkeşli cəbhə
həyatının ağrı-acılarını çox dadsa da, Çingiz öz həkim təmkinliyini, cərrah dözümünü
qoruya bilmişdi. Amma bu dəfə yaralı əzabına zor-bəla ilə dözdü. Baxışları ilə
yaralının taleyini öz qəlbində ölçüb-biçdi. Koroğlu dağının zirvəsində döyüşərkən
mina qəlpəsindən yaralanmış bu əsgərin hər iki qolunda ciddi əməliyyat aparmaq
lazım idi... Nəhayət, Çingiz gərgin zəhmət bahasına yaralını ağır vəziyyətdən
çıxara bildi. Ürəyi yerində sakit durmadı. Yaralı Mərkəzi Hərbi Hospitala göndərildikdən
sonra Çingiz onunla telefon əlaqəsi saxladı. Həkimlərdən xahiş etdi ki, sağ
qoluna ciddi fikir versinlər. Hətta bir dəfə Bakıya – arxasınca da getdi,
yaralının anası ilə görüşdü...
Keçən il sentyabrın
13-dən “N” hərbi hissəsinin ön hospitalında xidmət etməyə könüllü gələn Çingiz
Dəmir oğlu Quliyev humanist və vətənpərvər həkimdir. O, ana torpağımızın
azadlığı uğrunda döyüşlərdə zərər çəkən, ağır yara alan el müdafiəçilərinə bəzən
az qalır ki, çıxarıb öz ürəyini versin. Adətən, cərrah bıçağının altına düşən
yaralıları ilk yardımdan sonra unutmur. Daim yoxlayır, izləyir və yaralının
gümrahlıq vəziyyəti alınana kimi narahatlıq keçirir.
Bu il sentyabrın
25-də 29 yaşı tamam olacaq Çingiz Quliyevin öz həyat düsturu var: “İnsanın izzəti
də öz əlindədir, zilləti də. Həyatda özündən savayı kimisə yaşada bilmirsənsə,
demək, yaşamağın çürük qoz qədər faydasızdır”. Çingiz həkimlik sənətinin
qapısını da bu ideal arzularla açmağa müvəffəq olub.
Çingiz Quliyev Lənkəran
rayonundandır. Mamusta kəndində ərsəyə gəlib. Əsgərliyini Uzaq Şərqdə keçirib.
Orta məktəbi fərqlənmə attestatı ilə bitirsə də, özünün dediyinə görə, Azərbaycan
Tibb İnstitutuna qəbul imtahanlarını verərkən biliyi 2 dəfə obyektiv qiymətləndirilməyib:
bir dəfə müsabiqədən keçə bilməyib, bir dəfə imtahan vərəqinə əsassız
“qeyri-kafi” yazılıb. Bu zaman hətta Azərbaycandan baş götürüb getmək istəyib...
Bir müddət içəridən qovur-qovur qovulub. Lakin öz inadından dönməyib və nəhayət,
Azərbaycan Tibb Universitetinə qəbul olunub. Mərkəzi Hərbi Hospitalın III cərrahiyyə
şöbəsində xidmət göstərərkən. Sadir Qulamov, Səxavət Allahverdiyev kimi zəngin
təcrübəli cərrahlardan hərbi təbabətin sirlərini əxz edib. Nəhayət, ulu
Qarabağımızda fironluq etmək iddiasına düşən, ana torpağımızın bir hissəsini vəhşicəsinə
qamarlayan xain erməni quldurlarına qarşı mübarizədə öz cərrah əməyi ilə
iştirak etmək qərarına gəlib.
- Mən Vətənin
azadlığı naminə hər cür əzaba dözməyə hazıram, - Çingiz deyir. – İgid
yaralılara şəfa verdikcə ömrüm uzanır. Eşitməmişəm ki, ön hospitalda kimsə məndən
incisin, cərrahiyyə əməliyyatımdan narazı qalsın. Bu, əlbəttə, məni çox ruhlandırır.
75 dəfə birincili cərrahiyyə işləməsi, 14 döş qəfəsi əməliyyatı aparmışam.
Qarın boşluğu, yuxarı və aşağı nahiyələrdə apardığım travmatik amputasiyaların
da sayı 30-a çatıb. Bu ilin yanvarında Yanşaq kəndi uğrunda döyüşdə sol-sağ
gicgah payından kor qəlpə yarası almış Xaqani adlı bir zabitə sanki ikinci ömür
bəxş etdim. Bu, ən uğurlu əməliyyatım idi. Cəmi 45 dəqiqə çəkdi. Nə tələsdim, nə
də bir səhvə yol verdim. İndi Xaqani sağdır.
Döyüşçü Valeh
İsmayılovun dilindən eşitdiklərim:
- Murovda gedən
qanlı döyüşlərdə şaxtadan ayaqlarım donmuşdu. Məni qorxu basmışdı. Elə zənn
edirdim ki, ayaqlarım öz hissiyyatını itirməklə tədricən sıradan çıxacaq. Həkim
Çingiz Quliyevin qısamüddətli müalicəsi nəticəsində ayağıma istilik gəldi,
barmaq sümüklərim əməlli-başlı hərəkət etdi. Həkimin yaxşılığını heç vaxt
unutmayacağam.
Döyüşçü ona göstərilən
həkim qayğısını yaxşılıq, həkimin özü isə borc hesab edir. Ordu həyatının mənəvi
aləmində yaxşılıqla borc duyğuları təbii surətdə bir-birinə hörüləndə Çingiz
kimi qeyrətli, vətənpərvər yurddaşlarımızın qarşısında torpaq azadlığına aparan
yolun ümid qapıları da taybatay açılır...
30 iyun 1994-cü il
P.S. Çingiz həkim zəngin
bir mənəvi varlığa malik olan səngər qardaşımızdır. Böyük ürək sahibidir.
Yalnız şəfa bəxş edir. Hərbi xidmətdən də yorulmur. Öz müqəddəs hərbi həkimliyini
hələ davam etdirir. Onun varlığı bizim varlığımızdır. Daim səni ucalarda görək,
əziz səngər qardaşımız!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий