“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”
Müharibə əlili,
ehtiyatda olan polkovnik-leytenant İntiqam Bahəddin oğlu Mirzəyev ömrünün 56-cı
baharını qarşılamaqdadır. Peşəkar hərbçidir. Lvov Ali Hərbi Siyasi Məktəbini bitirib.
İlk xidmət yeri Qazaxıstanın Ayaquz qarnizonunda olub. Sonra Almaniyada sovet
qoşunları tərkibində nümunəvi xidmət göstərib. Bir neçə ildən sonra Zaqafqaziya
Hərbi Dairəsində qarnizonlardan birinə təyinat alıb. Doğma ordumuzda ilk addımı
“Xalq Ordusu” redaksiyasında atıb. Həmin ağır illərdə tale elə gətirdi ki,
İntiqam öz ruhuna uyğun bir vəzifəyə - döyüşkən briqada komandirinin müavini vəzifəsinə
təyin edildi. Hərbi əməliyyatlarda çox savadlı, fədakar və cəsur təbiətli bir
zabit kimi daim öncüllük edib. Mahiyyət etibarı ilə tutduğu vəzifələr hərbi tərbiyəçi
funksiyası ilə bağlı olsa da, onu ordu daxilində “döyüşən komissar” deyə
çağırırdılar. İntiqam ana yurdumuzu sevən və sevdirən bir mərd oğuldur.
M ü s a h i b ə
- Bu gün ikimiz də müharibə veteranı kimi öz
adi, lakin ibrətli ömrümüzü yaşayırıq.
Bu söhbətimiz ictimai tələbatdan doğan bir zərurətdir. Mən bir hərbi jurnalist
kimi günümüzün aktual mətləblərini önə çəkmək istəyirəm, sizin isə üzərinizə 1-ci
qrup müharibə əlili və müqəddəs qazi kimi toxunduğumuz mövzuya işıq salmaq məsuliyyəti
düşür. Döyüş komandirim olduğunuza görə tam arxayınam. Bilirəm ki, İntiqam adlı
səngər qardaşım heç vaxt öz yurddaş hikmətini, hərbçi müdrikliyini itirməyib. O
yaxşı bilir ki, ordu ilə bağlı bir qapalı mövzuda hər şey barəsində danışmaq
olar, amma hər cür danışmaq olmaz.
- Mühakimələrin ürəyimdən xəbər verir. Sən deyən mətləblər
mənə aydındır. Öncə demək istəyirəm ki, mən ümidsiz yaşamağı sevmirəm.
Nikbinlik insana qələbə şansı bəxş edir, daxili ruhumuza yeni bir güc verir. Gəl
söhbətimizi elə quraq ki, əldə edilən qənaətimiz izləyicilərə nəsə versin. Buna
əminəm. Çünki biz ana vətən, müqəddəs ordu söhbəti aparırıq. Düşmən üzərində qəti
qələbə ilə bağlı ümidimiz heç vaxt üzülən deyil. Yaxşı başa düşürüq ki, hər
qışın ürəyində titrəyən bir bahar, hər gecənin arxasında isə təbəssüm var.
- Komandir, 20 ildir ki, ehtiyata çıxmısınız.
Düçar olduğunuz xəstəlikdən danışmağa dəyməz. Bu da müqəddəs qaziliyin acı bir qismətidir.
Allah yar və yardımçınız olsun. Bu gün ordumuzu necə görürsünüz?
- Mən ordumuzun bünövrəsini qoyan hərbçilərdən biri
olmuşam. Bəxtimiz onda gətirmədi ki, o zamankı siyasi hakimiyyətimiz səriştəsiz
və səbatsız siyasətbazlardan ibarət idi. Meydan qəhrəmanlarımızın çoxu xalqın mənafeyini
öz şəxsi ambisiyalarına qurban verirdilər. Daxili ziddiyyətli münasibətlər çox
qarışıq bir şərait yaratmışdı. Yeni yaranan ordu sərt siyasi burulğanın içərisində
necə ayaq aça bilərdi?! Vahid komandanlığın yoxluğu ucbatından biz hərbçilər çox
bəlalara düçar olduq. Torpağımız hissə-hissə işğal olundu. Körpə ordumuz bələkdə
ikən siyasiləşdirilmişdi. Xocalı faciəsini yaşadıq. Üstəlik xarici qüvvələrin təsiri
altında etnik parçalanma cəhdləri edildi. Babalarımız yaxşı deyiblər: yoldan
çıxmağın min yolu, həqiqətin isə bir yolu var. Həmin təzadlı dövrdə həqiqətin
yolunu bizə xalqımızın böyük siyasi xadimi Heydər Əliyevin nurlu zəkası açdı. Beləliklə
ordumuzun qüdrətli inkişafına təkan verildi. Düşmən gördü ki, nə qədər arxalı
olsa da, daha istədiyinə asan nail ola bilmir. Odur ki, böyük güclərin hökmlü təhriki
ilə atəşkəsin elan edilməsinə yer verildi. İndi ordumuz hərtərəfli inkişaf
etmiş və məğlubedilməz bir hərbi qüvvədir. 2016-cı il aprel döyüşləri qüdrətli
ordumuzun real təsdiqi kimi təkcə basılmaz Ohanyan istehkamı ilə ağız yırtan
Ermənistanı deyil, bütün xristian dünyasına daraşan ermənipərəst qüvvələri
susdurdu.
- İnkar etsəm də, ictimai mühitdə arabir
səsləndirilən bir sualı verməyə məcburam. Bu məsələ örtülü qala bilməz. Qarabağ
savaşı ilə bağı ötən işğal faktlarını öz içimizdə kiminsə adına bağlamaq
olarmı?
- Vurğuladığınız işğal faktlarına hərə öz məqsədinə
uyğun bir məna verir. Təbii ki, bu diskussiyaları yaradanlar siyasi qüvvələrdir.
Yaxşı ki, xalqımız onlara inanmır. Mən Kəlbəcərin işğalı ilə bağlı həqiqətlərə
işıq salmaq istəyirəm. Çünki 701 saylı motoatıcı briqadanın ilk ictimai-siyasi
işlər üzrə komandir müavini kimi hər şey mənə yaxşı agahdır. Bu məsələdə
ordumuzu günahlandırmaq olmaz. Çünki
maddi-texniki bazası zəif olan briqadamız düşmənə elə cavab verirdi ki, fasiləsiz
silah və sursatla təmin edilən arxalı dığalar bizim sönməz cəsarətimizə və hünərimizə
məəttəl qalmışdılar. Düşmən tərəf sosial şəbəkədə bu həqiqətləri indi açıq
etiraf edirlər. Tarixin gedişində yəqin etdik ki, o zaman siyasi rəhbərliyimiz kifayət
qədər yetkin deyildi. Mən o ağır günlərdə Kəlbəcərin mühasirə ehtimalını nəzərə
alaraq Müdafiə naziri Dadaş Rzayevin qəbulunda 3 dəfə olmuşam. Real vəziyyəti dərindən-dərinə
açıqlasam da, hər dəfə ön xəttə ümidsiz qayıtmışam. Həqiqətən ordu rəhbərliyini
də eşidən az tapılırdı. Ehtiyat qüvvə yox, silah-sursat tam tələbatı ödəmir, nasaz
texnikaya əlac etməyə şərait yox, arabir briqadamıza təhvil verilən əsgərlər də
birbaşa küçələrdən tutulub gətirilir. Təlim barədə düşünməyə imkan da yox. Belə
halda ordu nə edə bilərdi?! Yalnız müstəsna fədakarlıq. O misilsiz fədakarlığı
da biz mərdanə bir surətdə edə bildik. Dövlətimiz isə topladığımız real kəşfiyyat
məlumatlarına məhəl qoymayaraq öz tərs mövqeyində qalmışdı, deyirdilər ki, Kəlbəcəri
düşmən özünə hədəf götürməz, çünki bu rayon Dağlıq Qarabağın ərazisinə daxil
deyil. O tərs mövqenin aqibəti olaraq Kəlbəcəri itirdik. İndi isə siyasi
mübarizə taktikasında qarayaxma hərəkəti bir adətə çevrilib. Kim öz rəqibini tənqid
etmək, onu gözdən salmaq istəyirsə, Kəlbəcərin, yaxud digər rayonların işğalını
onun adı ilə bağlayır. İşğal faktının obyektiv səbəbləri çoxşaxəlidir. Onu öz
içimizdə kiminsə adı ilə tam əlaqələndirmək subyektiv bir mövqe kimi dəyərləndirilə
bilər.
-
Bəzən sosial şəbəkədə şəxsi ambisiyalar, habelə müxalif siyasi qüvvələrin
sifarişi əsasında necə gəldi rəy yazan, demaqoq şüarlar səsləndirən, populist
jestlər edən nakəslər ordu rəhbərlərimizi, dəyərli generallarımızı hədəfə
alırlar...
- Mən bu hərəkətləri kəskin bir şəkildə pisləyirəm.
Nəinki ordu rəhbərlərimizə, bütövlükdə ordumuza şər atmaq, böhtan yağdırmaq
günahdır. Məncə, ordunu söyən özünü söyür, ordu rəhbərinə şər atan özünü şərləyir.
Bu səhvi hərbçilər edəndə isə çox utanıram. Mənim məsləhətim belədir: Söz var el içində, söz
var ev içində. Ordumuz biz hərbçilərin, bütün qazilərin doğma bir evidir. Həm də
müqəddəs bir ocaqdır, milli namus dayağımızdır. Evimizin problemini öz aramızda
həll etməli və kənara utandırıcı şayiələri, yaxud usandırıcı yalanları
yaymamalıyıq. Bir təsəllim odur ki, xalqımız daim ordumuzu dəstəkləyir. Bu
fikrimə şübhə edənlər Müdafiə nazirimizin təşəbbüsü ilə təşkil edilən “Açıq
qapı” günlərində iştirak etsinlər.
- Bu gün 20 faiz torpağımız düşmən tapdağı
altında inildəyir. Erməni elə zənn edir ki, ağ günə çıxıb. Amma onların içində
ağıllı bir başçı yoxdur. Bilmirlər ki, işğalçılıq ağ günlə yox, qara günlə bitəcək.
Qara günlərinə az qalıb. Dağlıq Qarabağ bu gün yad əllərdə olsa da, Azərbaycanın
kölgəsində qalmaqdadır. O kölgədə erməni üçün heç vaxt gül bitən deyil.
- Yaltaqlıq üzrə dünyada liderlik edən ermənilər hərdənbir
gizli sifətlərini açıb göstərir və ikiüzlü görünməyi özlərinə ar bilmirlər. Bu
fikrə əsasən sosial şəbəkədə yayımlanan bir faktı yada salmaq istəyirəm. Ermənistanın
keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar
açıqlayıb. O deyib ki, Yeqor Qaydarın – Yeltsin
Rusiyasının islahatçı baş nazirinin köməyi sayəsində Qarabağı işğal ediblər. Boynuna
alıb ki, Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində deyildi. Ona görə də
öz rəhbərliyini İrəvan və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə
çağırıb. Ermənistan televiziyasının
“Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə
başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə
hazırlaşır. Açıqlayıb ki, 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək
postlar tutan, maliyyə naziri olan Yeqor Qaydar 1992-ci ilin iyun-dekabr
aylarında isə baş nazirin səlahiyyətlərini icra edirdi. Məhz həmin aylarda ki,
Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan Ordusu
Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edərək Xankəndinin bir
neçə kilometrliyinə qədər irəliləmişdi. Qrant Baqratyan tarixi faktlarla
bir-bir xırdalayır ki, 1992-ci ilin yayında ermənilər məğlub olurdu, çıxış yolu
yox idi, Azərbaycan Ordusu Ağdərənin Vəng kəndinə daxil olmuşdu, hər şey
dağılmışdı, azərbaycanlıların Xankəndinə girməsinə lap az qalmışdı, lakin
Qaydar yaratdığı güclü maddi-texniki təminat sayəsində Azərbaycanı dayandıra
bildi. Bax, gerçəklik budur, özü də bu həqiqi sözlər gorbagor olmuş erməni
dilindən deyilir. Bəzi ağzıgöyçəklərimiz isə öz siyasi ambisiyalarına uyaraq
işğal faktını bəzi hərbçilərimizin adı ilə bağlayırlar.
- Mən Qarabağ savaşımızda özümüzü məğlub
hesab edənlərlə qəti razı deyiləm. Axı, hər bir müharibənin öz hərbi və siyasi
şərtləri var. Səngərimiz qocalsa da, yurd savaşımız hələ bitməyib. Heyf ki,
aramızda bu gerçəkliyi tərsinə yozanlara da rast gəlirik. Biz igid bir xalqıq.
Düşmən önündə əyilən deyilik. İnşallah, son sözümüzü deməyə az qalıb.
-
Bu məqamda müharibədə
yaşadığım sarsıdıcı anları xatırlamaq yerinə düşər. Qanlı-qadalı Kəlbəcər mühasirəsindən sonra
1993-cü ilin aprel ayında Ömər aşırımı uğrunda gedən döyüşdə elə gərgin situasiyalar
yaşadıq ki, onları xatırladıqca kövrəlirsən. Komandirimiz polkovnik Əzizağa Qənizadə
ilə birgə Murovdağın keçilməz qarlı yol və cığırlarından yüksəkliyə doğru zorla
gedərək əsas hədəfə yaxınlaşırdıq. Kəlbəcərin işğalından sonra həqiqətən gözlərimizi
qan örtmüşdü. Sakit dura bilmirdik. Düşməni dayanmadan geri oturtmaq lazım idi.
Yoxsa sonrakı təhlükələr bizi boğaza yığardı. Döyüşdə tabor komandirimiz Mahir
Quliyevi itirsək də, geri çəkilmədik və igid əsgərlərimizin fədakarlığı
hesabına Ömər aşırımını ələ keçirə bildik. Hücum zamanı yaxınlıqda sarışın bir əsgərimizin
qəfildən yerə yıxıldığını gördüm. Cəld olaraq özümü ona yetirdim. Məni görən
kimi azacıq dikəldi və üzünü mənə sarı tutaraq əli ilə işarə etdi ki, sinəsi açım.
Gördüm ki, yaralanıb, amma güllə tam girməmişdi, təxminən yarıya qədər sinəsinə
sancılmışdı. Az-az qan süzülürdü. Şükürlər olsun Allahın kəramətinə, sən demə,
ona dəyən güllə öz məsafəsini qət etdikdən sonra soyuyaraq öləziyən güllə imiş. Yara yeri düz
ürəyi səmtində idi. Əsgərə dedim ki,
vaxt itirmə, tez geri qayıt, qoy sanitarlarımız ilk tibbi yardım etsinlər. O, məni
eşitmədi və çətinliklə ayağa duraraq dedi ki, komandir, o güllə yarası mənə yüz
şəhid ruhunun gücünü verdi, qoy son nəfəsimdə düşməndən layiqli qisas alım. Əsgərin
cəsur münasibəti döyüş ruhumu yüksəltsə də, özümdən asılı olmayaraq ona ərkyana
şillə çəkdim, dedim ki, tez əmrimə tabe ol. Məndən üzr istəyərək inadından dönmədi
və irəli cumdu. Bax, budur Azərbaycan əsgərinin əyilməzliyi!... Sonra öyrəndim
ki, canından qan axıda-axıda döyüşən o əsgər sağ qalıb. Adını xatırlaya bilmirəm,
lakin yadımda qalan bircə odur ki, göyçaylı bir əsgər idi. 2-ci Kəlbəcər hərbi əməliyyatında
da belə bir əsgərlə üz-üzə gəlmişdim. O, Bərdə yetirməsi idi. Çox cəsur siması
vardı. Gözlərindən sanki od tökülürdü. Mənim 10 addımlığımda qayalara dəyərək qəfil
sapan rikoşet bir güllə onu yaxaladı. Bu əsgər də ürək tərəfindən nisbətən ağır
yara almışdı. Ona şəxsi saxladığım keyləşdirici iynəmi vurdum və rabitəçiyə
göstəriş verdim ki, tez təxliyə edilməsi barədə kömək çağırsın. Bədəni keyləşən
igidimiz çətinliklə ayağa duraraq “mən ölən deyiləm, komandir, düşməndən
intiqam almadan can vermək bizə haramdır” dedi və səndəliyə-səndəliyə ön sıraya
doğru addım atdı. Mən onun mərdanə sözlərinin təsi altında qeyri-ixtiyari
olaraq susdum. Heç iki dəqiqə keçər-keçməz gözümün qabağındaca yerə yıxıldı və
müqəddəsliyə qovuşdu. Di gəl ki, sərt qış ab-havasının doğurduğu müsibətli
şaxtalı-çovğunlu şəraitin təsirindən hərbi əməliyyatlar elə kəskin axara düşdü
ki, mühasirə bəlası ucbatından Kəlbəcəri tərk edən zaman o əsgərin cəsədini
çıxara bilmədik.
- Səngərin öz mənəvi qanunları var. Hələ
işğala dözürük. Söz yox ki, ölümlə üz-üzə duran mərd döyüşçülərimizdə dözüm gücü yurd
sevgisindən yaranır. Təbii ki, o gücə güc qatan səbirdir. Bəzən elə usandırıcı tarix
yaşayır, elə beynəlxalq siyasi biganəliklərlə üz-üzə gəlirik ki, səbir də tükənir.
Çox şükür ki, ümidə əsaslanan səbrimiz sönməz qalmaqdadır...
- Mən ötən döyüşlərdə çox sarsıdıcı
anlar yaşamışam. Mühasirə çətinliklərinə sinə gərəndə Kəlbəcər rayonunda Susuzluq
dağının qarla bələnmiş sıldırımlı qayalarına sığınaraq müdafiə mövqeyinə çəkilirdik.
Buz bağlamış enişli və əyri-üyrü dağ yollarında sürüşərək yıxılır və zədələnirdim. Ayaqlarım donuq halında idi. Yolda taqətim tamam üzülmüşdü. Növbəti tələsik
addım atarkən elə yıxıldım ki, dura bilmədim. Mövcud şərait hər kəsə üzüntülü
hal yaratsa da, səngər qardaşlarım məni tək qoymadılar. Onlar məni himayə etdilər,
lakin səbrim tükənən zaman dayanmaq qərarına gəldim. Dedim ki, siz gedin, nə
olar-olsun, düşmənə tək cavab verərəm. Bu zaman zabit yoldaşım Qorxmaz Qarayev təkidli
hərəkətlərimə görə mənə hirsləndi və gözləmədiyim bir halda ərkyana mənə güclü
bir şillə çəkdi ki, ayağa durum. İnanın, dostcasına vurulan o şillə canıma elə
bir istilik gətirdi ki, qismən özümə gəldim. Bir qədər məni qucaqda apardılar.
Tədricən bədənim canlandı. O anları yada salanda çox kövrəlirəm. Keçmişi
xatırlamaqda sözümün canı ondan ibarətdir ki, siz deyən dözüm məsələsi ilə
bağlı reallığı da hərtərəfli yaxşı dərk edirəm. Xalqımız öz müdrikliyini itirən
deyil. Danışıq prosesində qeyd edilən son şərtlərə qədər dözəcəyik, amma
torpaqlarımızın işğalına heç vaxt susmayacağıq...
- Eşitdiyimizə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1-ci qrup
müharibə əlili kimi Sizə 3 mənzilli ev ayrılıb. Yeni eviniz mübarək!
- Çox sağ olun. Bu şad xəbəri eşidəndə çox
sevindim.Təxminən 10 ilə yaxındır ki, bu evi gözləyirdim. Növbə əsasında təmin
edilmişəm. Mənə göstərilən diqqət və qayğıya görə ailəmiz adından ölkə rəhbərliyinə
dərin minnətdarlığımı bildirirəm. Ailəmiz dövlətçiliyə sadiq bir ailədir. Həyat
yoldaşım Rəfiqə evdar qadındır. Oğlum Əli nümunəvi zabit kimi xidmət göstərir.
O, keçən il S-1 qaydasız döyüş növü üzrə ilk Avropa çempionu olmuşdur. Fəxr
doğurası hal ondadır ki, oğlum qələbə postuna qalxdığı və qələbə şərəfinə Dövlət
himnimizi səsləndirdiyi gün ulu öndərimiz Heydər Əliyevin doğum günü idi. Qızım
Arzu İbrahimli ləyaqətli polis nəfəridir. Əkbər adlı nəvəm isə bizim layiqli
davamçımız kimi yetişməkdədir.
- Nəhayət,
ordumuza münasibətdə ermənidən geri qalmaq istəməyən və bəzən həqiqi mənada erməniləşən
bəzi siyasi qüvvələrin haray doğuran bir sualına sizdən cavab istəyirəm. Biri
deyir ki, Qarabağ problemini niyə uzadırsınız? Digəri isə bu problemin qəsdən həll
edilməməsini vurğulayır.
-
Kim istəməz ki, öz dədə-baba yurdu işğaldan tez azad olsun. Kimə xoş gələ bilər
ki, xalqımızın bir qismi qaçqın durumunda mənəvi əzab çəksin. Məncə, heç kim bu
qəbahəti öz üzərinə götürməz. Bu sualın mahiyyətini dərk etmək üçün siyasi
yetkinliyə sahib olmaq lazımdır. Unutmayaq ki, söhbət erməni ilə döyüşdən
getmir. Döyüş meydanında təkcə erməni ilə biz qalsaq, inanın ki, erməni
ayağımızın altında can verər. Verdiyiniz suala qarşı bir sual qoyuram. Sovet
dövründə niyə babalarımız 70 il bizə göstərilən haqsızlığa dözüblər?! Kim
bilmir bu gerçəkliyi?! Sovet inzibati amirliyi kimə bəlli deyil? O zaman yersiz
dillənənin başı əzilirdi. İndi beynəlxalq müstəvidə o əzilmənin başqa bir
forması qüvvədədir. Amma zaman o zaman deyil. İndi müstəqil dövlətik. İnanıram
ki, indiki yetkin siyasi rəhbərliyimiz Qarabağ probleminin açarını tezliklə
tapa biləcəkdir. Tədricən beynəlxalq aləmdə çox şey bizim xeyrimizə yönəldilir.
Mən tezliklə Qarabağın işğaldan azad edilməsinə ümidsiz deyiləm.
-
Komandir, mən də sizi dəstəkləyirəm. Biz həyatda çox görmüşük ki, qüvvə hər
şeyi sındırır, di gəl ki, son məqamda ağıl bütün qüvvələri diz çökdürür.
-
Şükürlər olsun ki, bizim qüvvəmiz də az deyil, ağlımız da. Ümid basılmaz Azərbaycan
əsgərinədir. İnşallah, həqiqəti
üzə çıxaran, qaranlığa işıq salan, ədaləti qoruyan Allah yar və yardımçımız
olacaq!...

Комментарии
Отправить комментарий