YURDSEVƏRLİK
...Yaralı zabit Rəhman
İsgəndərov rəngi qaçmış dodaqlarını handan-hana tərpədərək dillənir:
- Orucəli həkim, sənsən?!
- Eşidirəm, cənab
mayor, - deyə Orucəli Namazov ona nikbin ruhda cavab verərək yarasını bağlayır.
- Düzünü de görüm,
sağ qalacağammı?!
- Sənin kimi
komandir də ölümə baş əyərmi? Əlbəttə, sağ qalacaqsan! Bu nə yaralardır ki...
Bu, ötən il olmuş
şiddətli döyüşlərin birindən kiçik epizoddur. O zaman ön atəş xəttində qurulmuş
tibb məntəqəsində əsas aparıcı həkim, tibb xidməti baş leytenantı Orucəli Şahəsən
oğlu Namazov idi. Bu yurdsevər tibb işçisi yaralını ruhdan düşməyə, köməksiz
qalmağa qoymur.
Həqiqətən Rəhman İsgəndərov
onun yardım etdiyi ən ağır yaralılardan biri idi. Qarın nahiyəsi sağ tərəfdən yarılmışdı. Bir ayağının budu da kəskin
surətdə zədələnmişdi. Orucəli həkim bu igid zabitimizi təkcə öz həkimlik səriştəsi
ilə deyil, həm də inamlı sözləri ilə həyata qaytardı.
1960-cı ildə
Uzuntala kəndində dünyaya göz açan Orucəli Namazovun həkimlik sənətinə gəlişi asan
olmayıb. 1983-cü ildə İjevsk tibb texnikumunu bitirib, feldşer kimi elə həmin şəhərdəcə
təcili tibbi yardım stansiyasında çalışıb. Öz biliyinə güvənən eloğlumuz iki il
sonra İjevsk Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil
olub. Rusiya həyatında günü xoş keçsə də, ana yurdun əvəzini heç nə verməyib.
1992-ci ildə Azərbaycana gələrək Balakən rayonunun mərkəzi xəstəxanasında can həkimi
kimi əmək fəaliyyətinə başlayıb. 1993-cü ilin iyulunda isə hərbi komissarlığın
çağırışı ilə hərbi xidmətə gedib.
“N” hərbi hissəsinin
tibb xidməti zabiti Habil Şirinov öz yoldaşı barədə belə söylədi:
- Orucəlinin həkimlik
məharəti ilə ilk dəfə Kəlbəcər döyüşləri zamanı tanış olmuşam. Cəsur tibb işçisidir.
Çevikliyi, psixoloji dözümü və savadı məni valeh edir. Yanşaqda, Murovdağda, Nəmirli
və Şurabad kəndlərində göstərdiyi fədakarlıq yadımdan heç zaman çıxmayacaq.
Orucəli Namazov müqəddəs
xidməti vəzifəsində şəfqətli həkimlik qayğıları ilə yaşayır. Amma qısa məzuniyyətə
çıxıb Balakənə - öz ailəsinə, gözəl-göyçək qızlarına baş çəkməyə gedəndə isə bəzən
iztirab keçirir. Çünki arxa cəbhədə onu düşünən, ailəsinə qayğı və diqqət göstərənlərə
çox az rast gəlir. Məsələn, indiyədək Orucəlinin ailəsi Balakəndə qeydiyyatsız
yaşayır. Lazımi sənədlər təqdim olunsa da, hansı səbəbə görəcə rayon icra
hakimiyyəti bu döyüşçü ailəsinə nə bir ev ayırır, nə də torpaq sahəsi verir.
Halbuki belə ailələr hər cür hörmət və qayğıya daha çox layiqdirlər.
İbrahim
MƏSİMOĞLU
21 sentyabr 1995-ci il

Комментарии
Отправить комментарий