TORPAĞIMIZIN SAHİBİ VƏ ƏTRİ BİRDİR
Amansız və məşəqqətli
müharibə çoxumuzun taleyini dəyişib. Mülki vəzifələrimiz, dinc həyatımızın niyyətləri,
qayğıları yaddan çıxıb. Yaşlı da, cavan da, necə deyərlər, ağzından süd iyi gələn
Vətən oğulları da silaha sarılıb torpaq müdafiəsinə qalxırlar. Ordu sırasına bu
gün gələn yurddaşımız döyüşlərdə püxtələşdikdən sonra həmişəlik hərbçi olmaq,
Azərbaycan Silahlı Qüvvələrinin adlı-sanlı zabiti kimi yetişmək xəyalına düşür.
Bu nədən ola bilər? Bəs niyə deyirlər ki, azərilər hərb sənətini sevmirlər?
Çavuş Qurban Şahkərəm
oğlu Əliyev cəbhəyə gələndə Şamaxı Kənd Təsərrüfatı Texnikumunun mühasibat
uçotu şöbəsində oxuyurdu. Öz şəxsi həyat amalına görə gələcəyin mühasibi olacaq
eloğlumuz hazırda “N” hərbi hissəsinin divizionunda top heyəti komandiridir.
Qanlı çarpışmalarda lazımi döyüş təcrübəsi toplayan Qurban birdən-birə fikrini
dəyişib: zabit olmaq üçün briqada komandirinə təqrir yazıb. Çavuşu tanıyan
zabitlər ona ürəkdən zəmanət veriblər. Lakin zabitlər kursuna oxumağa getsə də,
Qurbanı yarı yoldan geri göndəriblər. Ona hərbi məktəbdə “biz artilleriyaçı
hazırlamırıq” deyiblər. Halbuki Qurban əsl hərbi məktəbi səngərdə, Vətən
müharibəsində fəal surətdə keçib. Xüsusi təhsil almaq döyüşçü təcrübəsinin sadəcə
davamı kimi nəzərdə tutulurdu.
Qurbanın döyüş yolu
qısa deyil. Ağdərədən tutmuş Kəlbəcərədək bütün cəbhə bölgələrində Vətənin
azadlığı naminə qan-tər axıdıb. Bəzən ac qalıb, aylarla şiddətli soyuq havalara
dözüb.
Baş leytenant Əbdüləli
Həsənov böyük inamla Qurbanı əsl topçu gözündə görür:
- Qurban bizim hissənin
savadlı, səriştəli, cəsur əsgərlərindən biridir. Topçuluğa öz həvəsi ilə gəlib
və xeyli təcrübə qazanıb. Ağdabanın müdafiəsində hər əsgərin edə bilmədiyi
igidlik göstərib. Həmin döyüşdə təsadüfən müəyyən itki verən piyadalarımız birdən-birə
gözdən itdilər. Bundan yaxşı istifadə edən düşmənin hərbi qüvvələri az qala
hamımızı ayaq altına salacaqdılar. Mən özüm top arxasına keçdim. Qurban isə
piyadalarımızın boşalmış mövqeyində özünə sığınacaq tapıb mənə müşahidəçi oldu.
Hədəfin koordinatlarını mənə çatdırdı. Mən də top mərmiləri ilə düşmənin ağzını
qana buladım. Erməni faşistləri tab gətirməyib hücumu kəsdilər. Bir PDM-i vura
bildik, biri isə qaçdı.
Qurban müasir tipli
döyüş topunun sirlərini yaxşı mənimsəyib. Top cihazı ilə nişanlama prosesini
asan həyata keçirir, atış səviyyəsini düzgün müəyyənləşdirir, bucaq ölçülərini
rahat təyin edir. Əsgər olsa da, zabitlər Qurbana topçuluq işində çox etibar
edir və etimad göstərirlər.
9 uşaqlı bir
kolxozçu ailəsinin üzvü olan Qurban Əliyev çox dözümlü, düşüncəli cavandır.
Harada döyüşürsə, orada doğma Şamaxının, Qonaqkəndinin torpaq ətri burnundan çəkilmir.
Deyir ki, Azərbaycan torpağının bir sahibi, bir ətri var. Azərbaycan xalqı əsl
sahib kimi bu ətri qorumalı, onun murdarlanmasına heç bir vəchlə dözməməlidir.
İbrahim MƏSİMOĞLU
18 dekabr 1993-cü il

Комментарии
Отправить комментарий