“AZƏRBAYCAN ƏSGƏRİ İGİDDİR”





     Müsahibim – tabor komandiri Nəriman Zeynalovun fikri belədir.

- Sizin tabor Azərbaycan ordusunun özül daşı kimi ötən iki ildə hansı döyüş yolunu keçib?
- Taborumuzun iki yaşı oktyabrın 9-da tamam oldu. “Doğum” günündən etibarən milli qəhrəmanlıq ənənələrinə sadiq qalmışıq. Lakin inkişafa çətinliklə nail olmuşuq. Gah yüksələn xətlə getmişik, gah da büdrəmişik. İstərdim ki, tariximizi qısaca yada salaq. Taborumuzun zabit və əsgər heyəti yalnız könüllülərdən, Vətəni ürəkdən sevən igidlərdən ibarət idi. İlk hərbi qurum olduğuna görə təbii hal kimi taborun siyasi ab-havası müəyyən qədər qarışıq olmuşdur. Döyüş bölgəsinə 1991-ci il dekabrın 8-də getmişik. Amma ayrı-ayrı qrup şəklində: Fərəhlə deyə bilərəm ki, nəzarət  etdiyimiz kəndlərdən heç biri düşmənə təslim olmadı. Bircə Kərkicahan qəsəbəsindən savayı. Onu da bir gün keçməmiş geri qaytarmışdıq. 1992-ci ilin yanvar ayında nədənsə taborumuz geri çağırıldı. Həmin ayın 23-də Şuşaya, oradan da Daşaltıya göndərildik. Məlum səbəblər üzündən taborumuzun varlığı təhlükə altına düşdü. Ağır itki verdik, mənəvi sarsıntıya məruz qaldıq. Axır ki, şəxsi heyətimiz hərbi çağırış yolu ilə yenidən tamamlandı. Bizə, az da olsa, təzə qüvvələrlə təlim keçmək imkanı verildi. Döyüş yolumuzu Kəlbəcərdə davam etdirdik. “N” hərbi hissəsinin tərkibində Kəlbəcəri güclü, irimiqyaslı düşmən hücumundan mühafizə etdikdən sonra Ağdərə əməliyyatında çox fədakar döyüş yolu keçdik. 14 kəndi yüksək hərbi bacarıqla, qəhrəmanlıqla düşməndən təmizlədik. Taborumuz gücünə inanan, öz cəsur igidlərinə arxalanan bir hərbi qurum kimi yetişdi. Laçın rayonunda qüvvələrimiz seyrəldi. Yeni güc tolamaq məqsədilə döyüşdən çıxarıldıq. Həmin gündən başımıza cürbəcür oyunlar açıldı. Taborun dərdləri artdı. Dərdlərimizə əlac edən, canı yanan bir adam isə tapılmadı. Açığı, bəzi qəbahətlərə baxmayaraq, ötən dövrdə çox şey qazanmışıq. Öncə zabit və əsgərlərimiz ordu həyatına alışdılar. Taborumuz döyüş aparmaq təcrübəsi qazandı. Təəssüf ki, bu günün də öz problemləri var.
- Eşitmişəm ki, sizə fəxri ad vermək üçün keçən il hərbi hissə komandanlığının təqdimat hazırlanması barədə sərəncamı olub. Bu sərəncam niyə reallaşmadı? Ümumiyyətlə, sizin taborda mənəvi stimul necə nizamlanır?
- Siz deyən təqdimat hazırlananda mən bölük komandiri idim. Komandanlıq Ağdərə, Laçın və Kəlbəcər bölgələrində uğurlu hərbi əməliyyatlarda fəal iştirakımı nəzərə alaraq bu qərara gəlmişdi. Özüm haqda nə deyim? Heç kəs özünü kənardan görmür. İnsan özü-özünə qiymət verə bilməz. Həmişə hərbi nizamnamənin tələblərini ödəyən bir komandir olmağa çalışıram. Borcum Vətənə namusla xidmət etməkdir: mənə fəxri ad verilsə də, verilməsə də. Son damla qanıma qədər xalqıma xidmət edəcəyəm. Ona görə təqdimatın sonrakı taleyi ilə maraqlanmadım. Lakin döyüş təcrübəmə dayaqlanaraq deyə bilərəm ki, müharibə dövründə mənəvi stimul məsələsinə ciddi fikir vermək lazımdır. İgidliyinə görə fəxri ad alanlarımız var. Bundan savayı, digər təltiflərdən də istifadə olunmalıdır. Axı hər igidliyin öz dəyəri var. İki il ərzində neçə-neçə igidin qəhrəmanlığının şahidi olmuşam. Onlara ya təşəkkür elan olunub, ya da pul verilib. Məncə, bəzi hallarda bunun təsiri az olur. Əsgər dili ilə deməsə də, hiss edirsən ki, təltifə mənən möhtacdır. Nəsə öz igidliyini maddiləşdirən əşyayi-dəlil istəyir. Bəziləri isə lap açıq deyirlər: O qədər qan-tər axıtdım, düşmən öldürdüm, yara aldım, bir sadə metaldan döş nişanı da vermədilər. Mənə elə gəlir ki, ordumuzda yaxşı ilə pisə maddi sübutla fərq qoyulsa, çox şey qazanarıq. Fürsət düşmüşkən, bəzi igidlərimizin adını çəkim. Ayaqları yaralı halda Çapardan Qozlu körpüsünədək düşmən üzərinə ayağıyalın hücuma keçən Amil Muradovun şücaətini, necə ola bilər ki, qiymətləndirməyəsən? Hoçaz dağı uğrunda döyüşdə qumbaraatan silahlarla düşmənin bağrını yararaq bir tankı dağıdan və 3 tankla bir PDM-i hərbi qənimət kimi ələ keçirən Bəhmən Ləzimovun, Sabir Abbasovun, Yavuz Kərimovun, Ədalət Abdullayevin igidliyini dəyərləndirməmək olarmı? Cəmi beş canlı qüvvə ilə Nareştar kəndini müdafiə edərkən 60-a yaxın ermənini böyük tələfatla geri oturdan döyüşçülərimizin – Namiq Məhərrəmovun, Qılman Abdalovun, Elmar Şirinovun, Şaiq Kərimovun və Ağakişi Əhmədovun misilsiz cəsarəti heç vaxt yaddan çıxmaz.
- Ordumuzun inkişafı sizi qane edirmi?
- İnkişaf var, lakin hələ çox iş görmək lazımdır.
- Taborunuzda təslimçilik ruhu hiss olunurmu?
- Bir hərbçi kimi “təslim” kəlməsindən siz deyən mənada heç xoşum gəlmir. Təslimçilik ruhu nəinki bizim taborumuzda, həm də briqadamızda hiss olunmur. Təslim olanlar ordudan qaçıb gizlənənlərdir. Belələri öz eyiblərini ört-basdır etmək üçün orduya böhtan atırlar ki, bizdə ordu yaratmaq olmaz və yaxud bizdə ordu yoxdur. “Torpaq satılır” fikri ilə də razılaşmıram. Düşmənlə üz-üzə dayanan, ölüm-dirim savaşına qalxan döyüşçülər arasında satqın axtarmaq cəhdi ordunu dağıtmaq cəhdidir. Necə deyərlər, cücəni payızda sayarlar. Mən öz silahdaşlarım adından inamla deyə bilərəm: Azərbaycan əsgəri igiddir, zəif təminata qane olandır. Hərb elmini daha tez mənimsəyir, dözümlüdür, intizamlıdır. Torpaq uğrunda şəhid olmağa hazırdır. Ümumən desək, Azərbaycan əsgəri keçmiş imperiya əsgərindən üstündür. Əgər SSRİ əsgərinə vaxtilə verilənlərin heç olmasa 50 faizi bizim əsgərlərə çatdırılsa, həm təlim, həm də mənəvi dəstəkləmə sahəsində dönüş yaransa, nə desən edə bilərik.
- Peşəkar zabit ilə könüllü olaraq cəbhəyə gəlib zabit vəzifəsi tutan və ehtiyatdan çağırılmış zabitlər arasında hansı fərqli cəhətləri görürsünüz?
- Məncə, zabitlik təkcə təhsildən asılı deyil. Milli qəhrəmanlıq tariximizi yaradan Cavanşirin, Babəkin hərbi təhsili olmayıb. Müharibə, döyüş meydanı əsl məktəbdir. Odur ki, müharibənin od-alovu içərisində hərbi kadrlardan söhbət gedəndə təhsil əsas meyar hesab olunmamalıdır. Kadrlara fərdi yanaşmaq lazımdır. Elə bizim taborda beş sıravi döyüşçü zabit vəzifəsindədir. Elşən Sultanov, İlqar Dadaşov, Əli Xalıqov, Məhəd Tağıyev və Fuad Əsgərova mən necə deyə bilərəm ki, sən zabit deyilsən? Onlar həm cəsarətli və qorxmazdır, həm də hərbi taktikanı, nizamnamələri yaxşı mənimsəyiblər. Bircə diplomatları çatmır. Ona görə də döyüşdə təcrübə qazanıb zabit vəzifəsi tutanlara yuxarıdan aşağı baxmaq məncə, qüsurlu mövqedir.

İbrahim MƏSİMOĞLU
24 noyabr 1993-cü il

P. S. BU MÜSAHİBƏNİN 27 İLLİK TARİXİ VAR.  AMMA YENƏ AKTUALDIR. ÖZÜNİZ KEÇDİYİMİZ İLLƏRLƏ MÜQAYİSƏ APARIN. ORDUMUZ ÇOX İNKİŞAF EDİB. BİZ YALNIZ ZƏFƏR HƏSRƏTİNDƏDYİK. SÜLH DANIŞIQLARI DAHA BİZİ QANE ETMİR. ONA GÖRƏ Kİ,  İŞĞAL DƏRDİ İLƏ BAĞLI SƏBRİMİZ TÜKƏNİB. ALLAH BİZİ QORUSUN! 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”