2-ci KƏLBƏCƏR ƏMƏLİYYATI: DAŞNAK KƏLƏYİ BAŞ TUTMUR
Qanlı döyüşlər davam
edir...
Bu gün mövqelərində
duruş gətirə bilməyən qorxaq düşmən piyadalarının beyninə yeridilib ki, guya Azərbaycan
ordusu karıxıb. Ona görə Tunel tərəfdən 3 erməni tankı arxayın-arxayın irəliləyir.
Zabitlərimiz operativ göstəriş verirlər ki, hələ dəyməyin, özləri tələyə düşəcəklər.
5 dəqiqə çəkmir ki, tankın ikisi minaya toxunur və susur. Düşmən piyadalarının
canına vəlvələ düşür. Sağ və sol cinahda atışma qızışır. Leş leşə qalanır.
Qumbaraatan silahın mərmiləri düşmənin üçüncü tankının yan-yörəsini yalayıb
ötür. Ermənistan tankçıları irəli soxulurlar.
“N” kəndi istiqamətində
gələn tankımızın ekipajı isə vəziyyətdən xəbərsizdir. Tuşlayıcı operator Səməd
Orucov qabağı görə bilmir. Çünki yol burula-burula uzanır. Tank komandiri
İsmayıl Allahverdiyev döngənin o biri üzünü yoxlamaq üçün çölə çıxır. Səməd
xahişanə qışqırır:
- Qadan alım, tez
ol. Xəbər gəlib ki, bizim yola bir erməni tankı çıxıb.
- Oldu, Səməd, səbir
elə, indi biz onların başında turp əkərik, - deyə İsmayıl yüyürərək döngəyə
çatır. Çox əfsus ki, özünü qorumadan yolun ortasına çıxır və düşmən tankı ilə
üz-üzə gəlir. Nə geri çəkilə bilir, nə də kənara. Pulemyot gülləsi ilə onu
ayağından yaralayırlar. Yola yıxılan İsmayıl çətinliklə sürünür. Son nəfəsdə
başına gələnləri hava telefonu ilə dostlarına çatdırmağa macal tapır. Hadisədən
duyuq düşən Səməd hazır durur. Döngə ağzında düşmən tankı ilə döş-döşə dayanır.
Qənimət üçün yaxşı fürsət yaranır. Ona görə lülə davasına başlayır (belə döyüşə
tankın tarana getməsi də deyirlər). Düşmən nədənsə atəş aça bilmir. Səmədgil
adi vəziyyətdə risq edərək pələng cəldliyi ilə tankı 5 metr geri çəkir və sərrast
atışla düşmən tankının üstünə çıxan 8 dığanı cəhənnəmə vasil edirlər. Sonra dalbadal
3 mərmi atılır. Tankın gurultusu aləmi lərzəyə salır. Erməni tankının içərisindəki
mərmilər də odlanır. Həmləsi boşa çıxan dığaların sağ qalanları dik yamaclara
dırmaşır və gözdən itirlər...
Eyni vaxtda qonşu kənd
yaxınlığında da döyüş gedir. Tünbətün olmuş erməni hərbi qüvvələri, necə deyərlər,
köhnə əhval-ruhiyyə ilə vuruşurlar. Elə zənn edirlər ki, yenə də boş şayiələrlə,
psixoloji həmlələrlə döyüşlərimizi karıxdıra biləcək, onların döyüş əzmini
sındıracaqlar. Düşmənin gizlənən bir ZDM-i Söhbət Hacıyevlə Kərim Mirzəyevin sərrast
atışları nəticəsində məhv edildikdən sonra ermənilərin tərs damarı qırılır. Hədə-qorxuları
işə keçmir. Ona görə yavaş-yavaş bu istiqamətdən də geri çəkilməyə başlayırlar.
Hər qarışı dağ möcüzəsi
ilə adamı heyran edən ulu Kəlbəcərdə axşamlar ay çox gec üzə çıxır. Bəzən günlərlə
aya həsrət qalırıq. Döyüşlər axşama yaxın səngiyəndə rabitəçilər işıq gözünə
döyüş tapşırıqlarını yerinə yetirməyə tələsirlər. Yoxsa şər qarışanda uca
dağların zülmət çökən yamacları, daş qucağı adamı vahimələndirir. Döyüşçü İlqar
Əhmədov düşməndən qənimət kimi götürülən rabitə xəttini yığıb qurtardıqdan
sonra boş qalmış düşmən səngərinə girir, lazımi məxfi sənədlər əldə etmək
marağı ilə axtarış aparır. O, yenicə tapdığı kağızı mənə göstərərək deyir:
- Cənab kapitan, bu
sənədi qəzetdə dərc etməyə dəyər. Düşmənin məhv edilmiş bir taqımının üzvlərinin
siyahısıdır. Siz allah, bir diqqət yetirin, Aralarında bir nəfər də olsun
Qarabağ ermənisi yoxdur.
Siyahını nəzərdən
keçirirəm. Birinci sırada taqım komandirinin müavini, kiçik serjant Saqatelyan
Aram Aqvardoviçin adı yazılıb. 1992-ci ilin fevralından torpağımıza soxulub
vuruşur. Erebuni yaşayış massivindəndir. Ailəsi Avanesov küçəsindəki 2 nömrəli
binanın 34-cü mənzilində yaşayır. Ay Aram, Yerevan hara, Kəlbəcər hara?! Sənin
nə itin azmışdı burada? Hələ harasıdır, çox ağılsız aramların anası ağlar
qalacaq!
Siyahıda 19 dığanın
adı qeyd edilib. Yox, səhv etdim, biri erməni soyadı qəbul etsə də, milliyyətcə
yezidi kürdüdür: Tamoyan Zado Sutoyeviç. Görünür, dığaların yalı ilə kişi olub
bu Zado! Amma onu bilmirmiş ki, özündən başqa heç kimi gözü götürməyən millətçi
daşnak tör-töküntüləri nəinki onun özünün, hətta qan qardaşlarının da başını
haçansa yeyəcəklər. Necə ki, Zadonun cəmdəyi indi quşlara yem olub.
Gəbərmiş dığaların
7-si Armavir, 1-i Abovyan, qalanı isə Yerevan şəhərinin mərkəzindən və digər
yaşayış massivindəndir. İndi gəl Ermənistan rəhbərlərini dinlə. Deyəcəklər ki,
Azərbaycan torpağında biz yox, Qarabağ erməniləri döyüşürlər.
Uğurlu savaşımız
davam edir...
İbrahim MƏSİMOĞLU
16 fevral 1994-cü il

Комментарии
Отправить комментарий