2-ci KƏLBƏCƏR ƏMƏLİYYATI: 1994-cü ilin ilk günlərində...



Uğurlu döyüşümüz davam edir...
1-ci taborun əsgərlərinə baxdıqca dünyanın Çin səddi də gözümüzdə kiçilir. İgidlərin qanı damarlarına sığmır. Qisas dəminin təntənəsi nisgilli düşüncələrimizi qovur.
Yeni ilin ikinci günüdür.
Yanşaq kəndi uğrunda vuruşdan yenicə qayıdan zabit Gəray Əsədovla görüşürəm. Soyuqdan, quru yeməkdən dodaqları çatlayıb, yuxusuzluqdan gözlərinin içi qızarıb. Amma mübariz, döyüşkən ruhu üstündədir:
- Mənim qoçaqlarım düşmənə qan uddururlar. 5 gündür əməliyyatdayıq. Hələlik bir şəhidimiz olub. Rəfi Aydınovu deyirəm. O da igidliklə həlak oldu. Medal verilməsi üçün təqdimat yazmışıq. Maşallah, qorxub geri çəkilənimiz yoxdur. Əlimizə iki erməni qulduru əsir düşmüşdü. Qaçmaq istədilər, amma döyüşçülərimiz hər ikisini gəbərtdilər.
Döyüşə hazırlaşan Müşfiq Məmmədov mənə erməni pul vahidlərini göstərir və zarafatla deyir:
- Cənab kapitan, sizə bir erməni 10-luğu, bir dənə də 50-lik verirəm, gedin Ermənistanda mənim sağlığıma xərcləyin. Gəbərtdiyim ermənilərin cibindən çıxıb.
Pulların təsviri rəngarəngdir. Həm 10-luğun, həm də 50-liyin üzərində səkkizguşəli ulduzlar çəkilib. Nə yaxşı ki, ay şəklini də vurmayıblar. Millət də bu qədər acgöz, acürək olarmı? Niyə öz xaçına qane olmursan, ay həyasız dığa?! Yoxsa dünya tarixini milli pul nişanələri ilə də dolaşıq salmaq istəyirsən?
Ermənistan hökumətinin quyruğu qapı arasında qalan kimi beynəlxalq tribunalardan bəyanat verir ki, Dağlıq Qarabağda yalnız Qarabağ erməniləri azadlıq uğrunda döyüşürlər. Guya Ermənistan kənardan əli qoynunda durub baxır. Azərbaycan torpağında gəbərən erməni quldurunun cibindən Ermənistan hökumətinin milli pul vahidi çıxırsa, əyninə geydiyi pal-paltarı Ermənistan istehsal edirsə, erməni diplomatlarının məntiqini necə yozaq?! Aman Allah, utanmaz qonşu əlində qalmışıq.
...Günəşin qürub vaxtıdır. Döyüşə növbəti qüvvələr yola düşməyə hazırlaşırlar. Əsgərlərə “düzülün” komandası verilir.
- Sıravi Cahid Xəlilov yanıma gəlsin, - deyə komandir sözə başlayır. – Bayaq eşitmişəm ki, bu qoçaq əsgər qumbaraatan silahı açılmasa da, döyüşün qızğın çağında irəli çıxıb düşmən tankını qorxudub. Ona görə də mükafata layiqdir. Cavidə öz fondumdan 1000 manat pul mükafatı verirəm. Mən belə cəsur əsgərlərlə fəxr edirəm.
Birdən yaxınlıqdakı zirehli döyüş maşınından yüksəkliyə bir yaylım atəşi açıldı.
- Bu nə deməkdir? Kim atdı?
Məlum oldu ki, ermənilərdən hərbi qənimət kimi ələ keçirilən döyüş maşını sınaqdan çıxarılır. Kapitan Rəhman İsgəndərov ürəklə deyir:
- Ya Allah, irəli, düşməni öz texnikası ilə məhv edəcəyik!
Gün başa çatır. Bu dəfə üzərrik tapa bilmədiyim üçün Gəncə gil-torpaq kombinatı tərəfindən yolun buzunu açmaqdan ötrü göndərilmiş duzdan bir ovuc götürürəm. Od üstündə duzu yandırıb döyüşçülərimizin başına fırladıram: “Qoy pis gözlərə ox batsın, ordumuzun zəfər yürüşü dayanmasın!”...
...Yanşaq uğrunda döyüşün beşinci günüdür. Haramzada erməni quldurları Kəlbəcərin görən gözü olan bu kəndi xoşluqla tərk etmək istəmirlər. Ötən qanlı döyüşlərdə əsas əhəmiyyətli 4 yüksəklik ələ keçirilib. Düşmən qanına qəltan olur, amma yenə müqavimət göstərir.
...Haçaqayanın böyründəki erməni postu qüvvədən düşməkdədir. Taborun ikinci bölüyü kömək istəyir ki, tutarlı həmlə ilə iki düşmən postu tərksilah edilsin. Artilleriya zabiti Aslanşah Mehdiyev fikirləşmədən təcrübəli döyüşçü Akif Hüseynovu Haçaqayaya köməyə göndərir. Akifə rabitəçi lazım idi. Əsgər Mobil Qarsalanoğlu sinəsini qabağa verir:
- Komandir, mən əsgərliyimin çox vaxtını yemək bişirməyə sərf etmişəm. İndi kişilik dəmidir. İcazə verin, kişilik göstərim. Akifə rabitəçi ola bilərəm.
Aslanşah əsgərin hünərli sözünü yerə sala bilmədi. Qaranlıq çökən kimi Akif və Mobil sürünə-sürünə təyin olunmuş posta doğru gedirlər. Yolda onların qaraltısına düşmən snayperi bir neçə dəfə atəş açır. Lakin dəymir.
Budur, Haçaqayadır. Akif bölüklə rabitə əlaqəsi saxlayır:
- Bizdən arxayın olun. Mövqeyimiz yaxşıdır.
Heyvərə bir erməni qulduru onlara sarı boylanır. Müşahidə etmək məqsədilə azacıq qabağa gəlir. Akif sayıqlığını itirmir. Onu sərrast atəşlə yerə sərir. Fəndgir döyüşçü məharəti ilə seçilən Akif silahdaşına xəbərdarlıq edir:
- Əgər boş dayansaq, bizi məhv edərlər. Məndən aralı dur və eyni vaxtda hücuma keçək.
Yarım saatlıq döyüşdə erməni postunu iki cəngavərimiz mərdliklə ələ keçirir. 3 erməni gəbərir. Dördü qorxub qaçır. Lakin arxadan köməyimiz gələnədək həmin dörd nəfər “PK” ilə növbəti postdan əks-hücuma keçir. Akifgilin aldığı post elə güllətutan açıq dağ mövqeyində yerləşir ki, düşmən “PK”larının əlindən nə arxadan bizim köməkçi qüvvələr gələ bilər, nə özləri yeni mövqeyə çıxış yolu tapır, nə də düşmənin özü yaxınlaşmağa cürət edir. Akif və Mobil axşamdan səhərədək mərdanə vuruşurlar. Mobil aldadıcı manevr edərək yerini dəyişəndə ayağından yaralanır. Güllə Akifdən də yan keçmir. Hər ikisi qan itirir. Dar macalda bir-birinin yarasını bağlayırlar. Nəmli səngər, soyuq qar... Güclü qarşıdurma səngimir. Hər iki igidimizi qan-tər basır. Səhərə yaxın Mobil ikinci güllə yarasından həlak olur. Akif isə həm yalqız qalır, həm də patronsuz. Düşmən onların səssiz durmasını anlayır və “PK” ilə Akifə sarı sürünür. Akif ratsiya ilə son sözlərini deyir:
- Əlvida, qardaşlar, mən əsir düşməkdənsə, ölümü üstün tuturam.
Akif səngərdə qalan son ümidini – qumbaranı düz ürəyinin başına sıxır. Düşmənin yaxınlaşmasını gözləyir. Halqanı çəkir. Son nəfəsdə iki erməni quldurunu da cəhənnəmə  göndərir.
Uğurlu döyüşümüz davam edir...
Səhər saat 4-dür. “N” bölüyünün ordenli komandiri Sahib Aslanov öz igidləri ilə Yanşaq kəndinin başının üstündə durublar. Ermənilərin xarabaya çevirdikləri bu dağ kəndi nə qədər dağılsa da, Kəlbəcərə məxsus hər bir gözəlliyi özündə yaşadır. Sözlü adama bənzəyir. Güney tərəfi üzə gülür, qüzey tərəfi isə bulud kimi dolub.
Yanşağın Murov tərəfdən girəcəyində bir düşmən “UAZ”ı görünür. Kənd məktəbinin arxa cinahında pusqu quran əsgərimiz Filman Bədəlov hədəfi nişan alır. “UAZ” 200 metrədək yaxına buraxılır. Filman maşındakıları diri tutmaq üçün təkəri vurur. İki erməni qulduru yaralı halda dərəyə düşüb gözdən itir. Yolda düşmənin bir PDM-i də gəlir. Sıravi əsgər Arif Cəbiyev xəbərdarlıq edir: “Bunu mənim öhdəmə verin. Bu dəqiqə onları xurd-xəşil edərəm”. Qumbaraatan silahdan atəş açır. Mərmi döyüş maşınının lüləsini yerli-dibli qoparıb atır. Bu an düşmənin bir “KamAZ”ı özünü yetirir. İçi meyitlə doludur. Əsgər Elsevər Səfərov pulemyotla onların kələyini kəsir. Sürücü sükan arxasındaca gəbərir. Sağ qalanlar qaçıb Yanşaq kəndinin aşağı tərəfində vertolyota doluşaraq canlarını qurtarırlar. Yanşaq yanvar ayının 20-də səhər saat 6-da düşməndən tamamilə azad olur.
Yanşaqda qələbəlik hökm sürür. Fəth edilmiş yüksəkliklərdən enən igidlərimiz göstərdikləri qəhrəmanlıqdan söz açırlar.
Sıravi əsgər Telman Fərmanov:
- Qızılqayada özünə kişi deyən bir erməni qabağıma çıxmadı. Birini qaçanda vurdum. Birini səngərdə öldürdüm. Qayanın başında üç erməni çadırı vardı. Birində yeməyə nə desən tapardın: quş iliyi, can dərmanı. Öz aramızdır, əclafların yemək-içməyi boldur. İkinci çadır da adamsız idi. Üçüncüsündə bir erməni oturmuşdu. Məni görən kimi ilan dili çıxarmağa başladı. Yanımda Faiq Miriyev də durmuşdu. Erməni yalvarırdı ki, onu vurmayım. Faiq dedi ki, gəl əsir götürək. Amma şəhid qardaşlarım gözümün qabağına gəldi. Qəzəbim coşdu və tətiyi çəkib dığanın nəfəsini kəsdim.
Çavuş Fariz Əhmədov:
- Cənab kapitan, kəndin başına bir nəzər salın. Dalğalanan üçrəngli bayağımızı görürsünüzmü? Bax, mən onu gətirib ora sancmışam. Müqəddəs bayrağımızı Kəlbəcərin rayon mərkəzində də ən uca bir binanın başına taxacağıma söz vermişəm.
İri çay daşının üstündə yorğun oturmuş Bəxtiyar Muradova yaxınlaşıram. Bir az qəmgindir.
- Nə olub? Yanşaq azadlığa çıxıb, sən isə...
- Xəbərin varmı, Müşfiq Cəfərov həlak oldu. Yüksəkliyə çıxanda qabaqda gedirdi. Qumbara qəlpəsindən yaralandı. Kömək edə bilmədik. Canını tez tapşırdı.
- Allah rəhmət eləsin! Barı əvəzini çıxdınmı? Neçə erməni öldürmüsən?
Bəxtiyar dərin bir ah çəkir:
- Eh... Ermənini biz öldürmürük. Elə günə qalıb ki, özü ölür... Heyf bu gözəl kənd-kəsəyə! Alçaqlar bir evi də salamat qoymayıblar.
Sıravi Xəqani İsgəndərov özündən razı halda dillənir:
- Mən üç dığadan hayıfımı çıxdım.
Rəşadət Piriyev də qürrələnir:
- Məndən çox erməni gəbərdən yoxdur. Hesabımda 5 nəfərdir.
...Uğurlu döyüşümüz davam edir. Zabit Saleh İlyasovdan son operativ məlumatları öyrənirəm. O, fərəhlə deyir:
- Kəlbəcərin 12 kəndini düşməndən təmizləmişik. Əsgərlərimizin döyüş ruhu yüksəkdir. 5 ermənini əsir tutmuşuq. Hərbi qənimətlərimizin də siyahısını yazsam, ən azı bir qəzetin səhifələri dolar...
Bəli, xamxəyal erməni hərbi qüvvələri get-gedə basılırlar. Qələbə üfüqləri gözə görünməkdədir. Vətən işğalının xiffətini çəkən cəngavərlərimiz öz silahlarını boş saxlamaq istəmir və yeni hərbi uğurlar qazanmağa can atırlar.
                                                                                       
                                                                               İbrahim MƏSİMOĞLU
29 yanvar 1994-cü il














Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”