SEYSULAN VURUŞU
11 may 1994-cü il. Qanlı, son dərəcə gərgin
Seysulan döyüşü. İndiyədək alınmaz qalaya dönən Tərtərin taleyi bu kəndin
işğalından sonra
təhlükə qarşısında qalmışdı. 701 saylı hərbi hissənin 1-ci taborunun od ürəkli
cəngavərləri Seysulanın imdadına çata bilməsəydi, Allah bilir, nələr olardı.
…Düşmən qazmasının arxasında
bir tank və bir ZDM mövqe seçmişdi. Çevik manevr üçün imkan yox idi. Kənd evlərinin
hər biri posta çevrilmişdi. Erməni faşistləri qurduqları istehkamlarda gəbərir,
amma bir addım da geri çəkilmək istəmirdilər. Döyüşdən şikarsız qayıtmağı özünə
ar bilən zabit İlqar Dadaşovun bir dəqiqə vaxtı da boş keçmirdi. Cinahları
sürünə-sürünə yoxlayır və ani hökmlər verirdi. Hava telefonu ilə həyəcanla
danışmaqdan səsi batmışdı. Düşmənlə əsgərlərimizin arasında məsafə 20-50 metrdən
çox deyildi. Çox qızğın küçə döyüşü, ev savaşı gedirdi. Düşmən tərəfdən döyüşən
muzdlu ruslar apaydın görünürdü. Hamı üz-üzə, göz-gözə dayanmışdı.
Zabit İlqar Dadaşov belə dara
düşməmişdi. Amma ümidini öz əsgərlərinə bağlamışdı:
- Adil, ehtiyatı əldən vermə.
Bilin ki, biz küçədə tutulan erməni əsgəri ilə yox, peşəkar rus hərbçiləri ilə
döyüşürük. Əsas məqsəd müdafiə olunmaq və hiylə işlədib, düşməni ağır itkiyə məruz
qoymaqdır.
Qumbaraatan Adil Məmmədovun bədənindən
elə bir cərəyan keçdi:
- Ürəyini buz kimi saxla. Biz
hələ ölməmişik ki, sən belə bədbin danışasan.
- Yox, elə deyil, Adil. Atalar
sözüdür: düşmən qarışqa da olsa, sən onu fil saymalısan. Ehtiyatlı əsgərin
anası ağlamaz.
Adil yenə öz qüruruna kölgə
salmadı:
- Peşəkar hərbçilərlə döyüşmək
bizə fəxrdir. Öləndə də kişi kimi ölərik.
Sol cinahdan Adil
girintili-çıxıntılı həyətlərdən nə qədər yol axtarsa da, düşmən tankını vurmaq
üçün açıq mövqe tapa bilmədi. İri meyvə ağacları güllə və mərmilərin qabağını kəsirdi.
Sağ cinahda vuruşan İmran İbrahimovun isə döyüş bəxti gətirmişdi. O, qan
çanağına çevrilmiş bir evi öz igid silahdaşları ilə mühasirəyə ala bildi. Ev
qumbara atəşinə tutulanda düşmən ZDM-nin maskası söküldü. İmran dalbadal iki
qumbara atdı. ZDM dərhal aradan çıxıb qaçdı. Texnikasız qalan düşmən piyadaları
təkbətək döyüşə girişməli oldular. Namiq Novruzov gizlincə sürünüb məhəccərin
böyrünə qısıldı. Bir rus əsgər taxtapuşdan “PK” ilə bizimkilərin amanını kəsirdi.
Namiq yerə dirsəklənib avtomatın tətiyini yalnız bir dəfə çəkdi. Güllə rusun
düz beynindən dəydi. Onun cəsədi “PK” qarışıq taxtapuşdan yerə düşdü.
Namiq üzünü əsgər yoldaşlarına
tutub lovğalandı:
- Gördünüzmü? Di öl, erməni
cibinə möhtac olan köpək oğlu! Elə bildin səni gəbərdən tapılmayacaq?!
Sıravi Süleyman Zeynalov yenicə
tərksilah olunmuş düşmən səngərində döyüş vəziyyətini almışdı. Ürəyinə dammışdı
ki, sakit dursa, bu posta düşmən piyadaları xəbərsiz gəlib girməyə cəhd göstərəcəklər.
Elə bu fikirlər ürəyindən keçirdi ki, bir dığa onun beş addımlığında göründü.
Yerini bildirməmək üçün qumbaranı səngərin sağ başından onlara sarı tulladı.
Rus bağıra-bağıra can verdi. Erməni qulduru isə ondan da tez gəbərdi.
Cəld hərəkətlərlə tez-tez özünə
atəş mövqeyi seçən Namiq Məhərrəmov da bir rusu yıxdı. Özü də buna təkbətək
döyüşdə nail oldu. Qana bulanmış rusların aqibətini öz gözləri ilə görən əsgərlərimizin
döyüş əzmi daha da gücləndi. İgidlərimiz qızmış nər kimi o evdən bu evə hücuma
keçir və bir-birinə dayaq olurdular.
Mayın 12-də də Seysulan savaşı
sönmədi. Dünəndən başlanan yağış bu gün dolu ilə əvəz olundu. Səngərlər, xəndəklər
və arxlar ağzınacan yağış suyu idi. Əsgərlərimizin dəbilqələrinə dolu elə zərblə
dəyirdi ki, güllə yağışı ilə dolu yağışını bir-birindən seçə bilmirdilər. Həyət-bacanı
bəzəyən cürbəcür ağacların, üzüm tənəklərinin yarpağı aramsız yağan dolunun,
güllənin təsirindən payız xəzanı kimi yerə tökülürdü. Seysulan vaxtsız payız
ömrü yaşayırdı. Elə bil Allah da bizim qanlı-qadalı savaşımıza göz yaşı
axıdırdı. Necə də ağlamayaydı?! Axı cəsur çavuşumuz Revamir Bəşirov, əsgərlərimizin
hünər timsalı olan İlqar Ələkbərov, Ədalət Cəbrayılov, Nəriman Abdullayev bu
döyüşdə şəhid olmuşdular. Bəxtiyar Quliyev, Fikrət Şahbazov kimi aslan ürəkli
oğullarımız ağır yara almışdılar.
Təngnəfəs olmuş rusların səsi
kəsilmirdi:
- Tez olun, patron verin…
Kəndin sol cinahında düşmənin ən
iri postlarından biri ələ keçirildi. Zabit Bəkir Əhmədovun özü postları gəzib vəziyyəti
öyrəndi. Sonra növbəti postu tərksilah etmək əməliyyatı quruldu. 5 nəfər
döyüşçümüz – Feyruz Aslanov, İlqar Əliyev, Andrey Rüstəmov, Mahir Məhərrəmov və
Namiq Məhərrəmov qarşı-qarşıya vuruşduğumuz postun boş qalmış sağ tərəfinə
gizlincə keçdilər. Çarpaz atəşlərə cavab verə bilməyən erməni faşistləri bu
postu da itki ilə tərk etdilər. Postda bizə “bəxşeyiş” də qoydular: bir ədəd
qumbaraatan silah, 15 ədəd əl qumbarası, 19 ədəd güllə xəzinəsi və 1 ədəd
durbin.
İmran İbrahimovun “bəxşeyiş”i
daha qiymətli oldu. O, dünəndən bizimkilərə aman verməyən düşmən tankını
qumbara ilə düz mühərrikindən odladı. Tank son nəfəsdə lüləsini üstümüzə
tuşlayıb üç mərmi atdı. İmran bundan əsəbiləşib bir dizini yerə dirədi və
ikinci qumbaranı atdı. Bu dəfə tankın səsi birdəfəlik kəsildi…
İmran İbrahimov şəhid olmuş silahdaşının
cəsədini çıxarmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin
çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri
gəlib çıxdı. Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır
dayanmışdı. Uzaqbaşı eyni məqamda hər ikisi atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə
qımıldanmadı. Lal oyunu başlandı. Rus əsgəri əli ilə soruşdu ki, nə edirsən?
İmran da lalsayağı başa saldı ki, cəsədi aparıram. Rus barmağını silkələyə-silkələyə
onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmran, imkan olsa da,
onu arxadan vurmadı:
- Arxadan vurmaq kişilikdən
deyil…
Qanlı Seysulan döyüşünün
üçüncü günü bizim həmləmizlə başladı. Geri alınmış mövqelərdə zabit İlqar
Dadaşov gecə ikən etibarlı səngərlər qazdırmışdı. Tünbətün olmuş düşmən də yeni
qüvvələr gətirmişdi. “N” taboru heç vaxt üzləşmədiyi güclü müqavimətlə
rastlaşmışdı.
Həmləmizin müqəddiməsi
minaatan batareyanın zabiti Namiq Şirinovun “Atəş” əmri ilə yazıldı. İlk dəqiqələrdə
düşmənin “DŞK” və “PK” nöqtələri susduruldu. Hədəf göstəricilərini Namiqin özü
ön atəş xəttindən verirdi. Əl içi kimi açıq-aşkar görürdü ki, düşmən necə tələfata
məruz qalır. 40-a yaxın canlı qüvvə itirən dığalar hava telefonu ilə kömək istəyirdilər.
Bu dəm düşmənin bir “KamAZ”ı göz görə-görə məhv edilən hədəfin qonşuluğunda
dayandı. Namiq onların da başına öz igid minaatanlarının fərasəti sayəsində bir
oyun açdı ki, gəl görəsən: ölən kim, yaralı-yaralı haray salan kim, cəhənnəmi
dirigözlü görən kim…
Güllə xəzinəsi boşalan
şamaxılı igid əsgər İslam Əzimov komandirin yanına qayıtmalı oldu. Çünki ön xətdə
3 nəfər şəhidimizin – Osmanın, Bəşirin, İnqilabın cəsədləri qalmışdı. Onları
imkan daxilində döyüş meydanından çıxarmaq lazım idi. Sanitar təlimatçısı, mingəçevirli
Ağası İsmayılov öz vəzifə borcunu layiqincə yerinə yetirirdi. İslamın verdiyi xəbəri
eşidən kimi şəhidlərin yerini dəqiq öyrənib qabağa atıldı. O, Seysulan
vuruşunda 15 yaralımızı döyüş meydanından çıxarıb həyatlarını qoruya bildi.
İslam Əzimov eyni zamanda
döyüş hesabatını verdi: “Dünənə nisbətən dığalar çox qırılırlar. Muzdlu əsgərlərin
də gözü bizdən qorxub. Üçünü özüm vurmuşam. İkisi əlində çörək, biri isə hava
telefonu ilə gəlirdi. Qabağa buraxdım ki, əlimdən çıxıb qaça bilməsinlər. Ürəklərindən
nişan aldım. Təxminən yarım saat əvvəl əsgərlərimiz düşmənin bir ədəd “UAZ”ını
deşik-deşik etdilər. Tankımız da yaxşı atdı. Hər bucağından bir oyuq açılan evi
elə dağıtdı ki, eyni zamanda həm “DŞK”, həm “PK”, həm də qumbaraatan silah
xurd-xəşil oldu”.
Zabit Nadir Cəfərov əli ilə onun
çiynindən vuraraq dedi:
- Əhsən, qardaşım,
düşməni elə vurmaq gərəkdir ki, bir də özünə gəlməsin. Tez ol, güllə götürüb
qabağa get. Seysulan bu gün azad olunmalıdır.
Seysulan
döyüşündə iki həmyerli – Qəbələ rayonunun igidləri Şahin Ağayev və Nuşirəvan Şabanov
da örnək ola biləcək cəsarət, əsgər məharəti göstərdilər. Şahin üzbəüz savaşda
iki haramzada dığanı məhv etdi. Nuşirəvan Şabanov əlverişli şərait
olmaya-olmaya qəfil atışlarla düşmən “ZDM”ini qovub döyüş meydanından çıxartdı.
Hər ikisinin beyni qızmışdı. Çevik hərəkətləri, ağır dəqiqələrdə bir-birini
qorxmazcasına himayə etmələri daha valehedici döyüş mənzərəsi yaradırdı. Düşmən
bağrına tuşlanan silahların güllə xəzinəsi döyüşçülərimizin dolmuş ürəkləri ilə
bahəm boşalırdı.
Qızğın
döyüş gedə-gedə bölgəyə xeyirxah niyyətlə təşrif gətirmiş Şəmkir sərnişindaşıma
və avtonəqliyyat müəssisəsinin dəstə rəisi Ramiz Hüseynovla tanış oldum. O, məmnun
halda deyirdi:
-
Ayağım yüngüldür, hər dəfə gələndə əsgərlərimizin uğurlu döyüşlərini eşidirəm.
İndi hərbi hissə üçün iki maşın gətirmişəm. Müəssisəmizin 11 nəfər sürücüsü də
döyüşür. Həmişə ürəyimiz onların yanındadır. Əlimizdən gələn köməyi əsirgəmirik
ki, ordumuzun heç bir dərdi, narahatlığı olmasın.
İgidlərimiz
3 gün davam edən Seysulan döyüşünü atəşkəs haqqında müqaviləyə əsasən
dayandırmaq məcburiyyəti qarşısında qaldılar. Amma azğın düşmən, eləcə də onun
dollar hərisli muzdlu rus əsgərləri anladılar ki, Azərbaycan ordusu var, mətanətlə
döyüşür və öz məmləkətinin ərazi bütövlüyünü gec-tez bərpa edəcəkdir.
İbrahim MƏSİMOĞLU
1 iyun 1994-cü il
Комментарии
Отправить комментарий