HÜNƏRLİ HƏKİM





Başı bəlalı Dağlıq Qarabağda əsən “qara yel” İmarət-Qərvənd kəndini də pis günə qoydu. 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə bu bağlı-bağatlı yurdun sinəsinə təcavüzkar erməni quldurları çalın-çarpaz dağ çəkdilər. O vaxt erməni və azərbaycanlı kəndləri arasında rus ordusu guya münaqişəni yatırtmaq istəyirdi. Halbuki Moskvanın “sülh barmağı” öz işində idi. Nə yaxşı ki, qız-gəlinlər, uşaqlar və qocalar vaxtında kənddən çıxarılmışdılar. Ev-eşiyə keşik çəkən təkcə əli silah tutan cavanlar və kişilər idi. Silah da ki, adi quş tüfəngi. O da hamıya çatmırdı. Gecənin bir məqamında dörd tərəfdən qəfil həmləyə keçən quduz dığalar kəndi darmadağın etdilər. İmarət-Qərvəndi döyüşə-döyüşə tərk edən axırıncı sakinlərdən biri də kənd həkim ambulatoriyasının müdiri Habil idi...

Əslən İmişli rayonundan olan Habil Sabir oğlu Şirinov Dağlıq Qarabağa təsadüfən gəlməmişdi. 1989-cu ildə Azərbaycan Tibb İnstitutunu bitirərək həkimlik fəaliyyətinə Ağdərədə başlamışdı. Bu, hər oğulun hünəri deyildi. Çünki o dövrdə fasiləsiz erməni basqınına dözməyənlərin çoxu imkan tapdıqca isti dədə-baba yurdundan çıxıb qaçırdı. Habil isə İmarət-Qərvəndə öz ailəsi ilə birlikdə köməyə gəlmişdi. Qarabağ dərdi vətəncanlı həkimi burada da sakit buraxmadı. Bu dəfə odlu nöqtələrin ağzında yerləşən Çərəktar kəndində məskunlaşdı və həkim ambulatoriyasının müdiri oldu. Bir ayağı iş yerində, bir ayağı döyüş mövqelərində idi. Neçə-neçə yaralı döyüşçüyə şəfa verdi. Bəzən özü silaha sarılıb səngərə girdi. Nəhayət, ordumuz yaradılan kimi könüllü olaraq “N” hərbi hissəsinə müraciət etdi və tabora həkim təyin olundu:
Tibb xidməti zabiti Habil Şirinovun qan möhürlü günlərini vərəqləyək.
...Ağdərənin kəndləri bir-bir azad olunurdu. Habil həkim kimi atəş zolağının mərkəzinə qədər gəlmişdi. Yaxınlıqda döyüşən cəsur zabit Əli Məmmədovun tükürpədici qışqırığı onu həyəcanlandırdı. Sürünə-sürünə Əliyə yaxın gəldi. Onun sifəti qan içində idi. İlk yardımdan sonra qanaxma dayandı. Bütün dünya sanki Əlinin başına fırlanırdı. Azacıq özünə gələn kimi həkimdən təkidlə tələb etdi ki, özünü öldürmək üçün ona silah versin.
Habil onu ağır, psixoloji vəziyyətdən çıxarmaq üçün keyləşdirici iynə vurdu. Gördü ki, mümkün deyil. Ona görə zorla əl-qolunu bağladı və hospitala aparıb burnunda cərrahiyyə əməliyyatını uğurla başa çatdırdı.
Bu gün kapitan Əli Məmmədov arxa cəbhədə xidmət etsə də, həyatının xilaskarı olduğuna görə Habil həkimə çox minnətdardır.
...Təcili tibb maşını tuneldən sürətlə çıxdı. Yaralı dalınca tələsirdi. Sürücünün yanında Habil Şirinov əyləşmişdi. Maşın birdən düşmən pusqusuna düşdü. Habil özünəxas narahatlıq hissi ilə dedi:
- Özünüzü bilməməzliyə vurun. Risq edərək mən maşından düşüb qabağa gedəcəyəm. Siz maşını geri çevirin. Dönən kimi aradan çıxarıq.
Habil iti hərəkətlərlə maşından düşüb qabağa addımladı. Düşmən onu bir istiqamətdən gülləyə tutdu. Habil yıxılıb özünü itirmədən maşını atəşlə qorudu. Lakin barmağından yaralandı. Yerini dəyişərkən papağı başından düşdü. Geri çəkilib maşına minmək lazım idi. Ürəyində özünü danladı: “Yox, kişilikdən deyil, papağı qoymaram erməniyə qalsın”. Bəxti bu dəfə də onu darda qoymadı. Güllələr yan keçdi. Axır ki, papağı götürə bildi. Fırlana-fırlana güllətutan ərazidən çıxdı.
...Ağdərə düşməndən təmizlənmişdi. Habilin İmarət-Qərvənd adlı nakam arzusuna gün doğmuşdu. Dinc dura bilmədi. Azad olunmuş kəndinə birinci baş çəkdi. Evin quruca qaralmış divarları qalmışdı. Doğma ev-eşiyində özünü qərib hiss etdi. Oğlu Zaurun, qızı Rəvanənin oyuncaqları külə dönmüşdü. Bəslədiyi dibçəklər gül-çiçək həsrəti ilə hisə bulanmışdı.
Axırıncı gün evdən çıxanda Habilin həyat yoldaşı ocaqda şorba bişirirdi. Həmin qazan gözünə dəydi. Güllə ilə deşik-deşik edilmişdi.
Bu gün “şəhid” qazan Habilgilin ailəsində müharibə eksponatı kimi mühafizə edilir.
Habil Şirinov briqadanın döyüşçülərinin tibbi təchizatı və təminatı ilə bağlı problemlərin həllində, sözün həqiqi mənasında, çox tər axıdıb. Xarakterinə görə daim narahat adamdır. Xidməti işində tələbkarlığına söz ola bilməz. Döyüşlərdə iki dəfə kontuziya alıb. Bu xəsarətdən sonra sol qulağı zəif eşitsə də, yenə cəsarətli, inadcıl, döyüşkən keyfiyyətləri ilə silahdaşlarından bir addım da geri qalmaq istəmir. Cəbhə bölgəsinə ayaq basdığı gündən bəri bir donor kimi 3 litrə qədər qan verib. 500-dən artıq cərrahiyyə əməliyyatı aparıb, bir çox cərrahiyyə proseslərində bacarıqlı, səriştəli həkim kimi iştirak edib.
Vətən, xalq yolunda asudəliyini itirən, əzazil düşmənə qarşı içərisində ədavət, kin odu gəzdirən Habil yenə öz ülvi məqsədləri uğrunda qəlbən yanır və kiminsə ədalətli Vətən müharibəsi barədə fal açmasına yox, Azərbaycan əsgərinin möcüzə açacağına möhkəm inanır.

İbrahim MƏSİMOĞLU
13 aprel 1994-cü il

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”