İTƏN KÖLGƏLƏR



“Mən həqiqətəm, mənim sözlərim düzdür” – deyə millət adından çığıran adam büsbütün həqiqət libasına bələnsə də, içindən közərən yalan həniri ətrafa dalğa-dalğa səmt alacaq, göz önündə yalnız özü görünəcək və həqiqət bələyi yalanlaşana qədər öz iç qoxusu, iç hikkəsi özünü boğazlayacaq. Bu, bir fərdin, şəxsi vicdanın məğlubiyyəti deməkdir.

“Azərbaycanlılarda Vətən əxlaqı zəif, ailə əxlaqı güclü olduğuna görə müharibədə uduzmuşuq” deyənlər necə?! Onlar da öz içində boğulanlardımı? Yoxsa, bu – ağız falıdır. Bəlkə də, fal desək, sakitik taparıq, hirsimiz soyuyar. O fikir yalnız xəstə təxəyyül məhsuludur. Hərə necə dərk etsə də, xalqın əxlaqı haqqında kiminsə qəti  rəy deməsi, kiminsə bəyənmədiyimiz neçə-neçə fərdi əxlaq nümunəsini çoxluğun adına çıxması faktını milli təfəkkür dialektikasına sıxışdıra bilmərik. Heç kimə də belə davranmağa haqq verilməz. Bəzilərinin ağzından ikrah olunası tərzdə ortaya çıxan “zəif Vətən əxlaqı” qənaəti milli günah obyekti yox, ayrı-ayrı adamların səhvi, bəlkə də, ən rəzil mövqeyidir. Ey Vətən oğlu, milli əxlaq gerçəkliyini görmək istəyirsənsə, onu çoxluğun gözündən oxu! Xəstə ideyaları bir ovuc fərdin dilindən götürüb tutuquşu kimi əzbərləmək nəyə gərək?!
Hər bir insan öz sözündə görünür. Yalan danışan da, düz söyləyən də. Hər bir insan tanıdığı, münasibət qurduğu, ünsiyyət bağladığı şəxsə rəy verə bilər. Göz qabağındadırsa, düz sözə düz, yalan sözə yalan kimi qiymət verilər. İlahi ülgünü heç kim poza bilməz. Kiminsə məna məngənəsində milli dünyamızı hissə-hissə sıxıb əzməklə inkar edəriksə, axırda bütövlüyümüzü itirərik.
...1994-cü il Kəlbəcər əməliyyatında iştirak edən, Vətən torpağını fanatik səviyyədə sevən bir əsgər tanıyırdım. O, Meydançay döyüşündə ən ağır tapşırıqları can-başla yerinə yetirirdi. Düşmənə qarşı intiqam hissi gözünü tamam örtmüşdü: nə qorxu bilirdi, nə də ölüm. Axırda əcəl onu yaxaladı, həm də elə yerdə yaxaladı ki, dörd-beş gün cəsədini götürmək imkanı da olmadı. Çünki cəsədi yerləşən mövqeyə düşmən nəzarət edirdi. Bu xəbər əsgərin ailəsinə çatan kimi onun kiçik qardaşı könüllü olaraq cəbhəyə gəldi və ilk döyüş tapşırığı da, öz istədiyi kimi, şəhid qardaşının cəsədini düşmən əlindən almaq oldu. Acı və son dərəcə qəribə taleyə bir bax! Şəhid qardaşının intiqamını erməni işğalçılarından almağa gələn qardaş da şəhidliyə qovuşdu.
Adi döyüş faktıdır. İki şəhid qardaşdan biri Vətən azadlığı üçün tam varlığı ilə yanırdı. Onu səngərə bu əqidə gətirmişdi. Digər döyüşçünü isə səngərə çəkib gətirən qardaş intiqamı, ailə təəssübkeşliyi idi. Birinin mənəviyyat mənbəyi Vətən əxlaqı ilə bağlanırdısa, o birinin ailə əxlaqı üstün tutulurdu. Bu adi döyüş faktına əsaslanaraq millətimizin vətənpərvərlik çəkisini yarıyamı bölməliyik? Belə təsadüfləri toplasaq, onluq rəqəmindən yuxarı çıxa bilmərik. Vətənin dərdinə əlac axtarmaq naminə canını oda yaxan, həyatını qurban verən əsl vətəndaşlarımız nə qədər desən var. Bu çoxluğun üstünə qara xətt salmağa da cəsarətimiz çatmaz. Dünyasını dəyişmiş müqəddəs şəhidlərimiz və bu gün də azğın qəsbkar qarşısında mərdanə dayanan igidlərimiz azmıdır?! Əlbəttə, çoxdur. Öyündyümüz çoxluğu qaralayanlar şəhid ruhları qarşısında cavab verməyə söz tapa bilməzlər.
Deyilmiş söz insanın fikirləşdiyi, beyin süzgəcindən keçirdiyi həqiqətlərin kölgəsidir. Bəli, həm də fərdi kölgədir. Söz sahibi yox olanda, kölgəsi də yoxa çıxır, birdəfəlik itərək millət anlamı çərçivəsini tərk edir. Millətin yaddaşında yalnız qiymətli söz ilişib qalır.
“Torpaq, papaq, at və arvad kişinin namusudur” – deyən ulu əcdada malik bir millətin əxlaqını “Vətən – ailə” müstəvisində dolaşıq, qeyri-münasib fikir obyektinə çevirmək özünütəhqir kimi bir hərəkətdir. Özünə qiymət qoymayanın sözü də qiymətsiz olur.
Hər bir azərbaycanlı tək ona görə azərbaycanlı deyil ki, o azəri dilində danışır, Azərbaycan mədəniyyətinə malikdir və özünü Azərbaycan vətəndaşı sayır. Hər bir azərbaycanlı eyni zamanda öz millətini təmsil edən bir fərddir, yəni Azərbaycan dünyasının bütün keşməkeşləri və ya sevincləri içərisində yaşayan, öz əqli, əxlaqi, estetik keyfiyyətləri ilə azərbaycanlı simasını tamamlayan bir insandır. O, öz milli taylarına laqeyd qala bilməz, özünü doğmalarının müxtəlif taleli, xarakterli həyatlarından təcrid edə bilməz. Təkliklə ümumilik arasında bir ahəngdarlıq, möhkəm əlaqə var. Ona görə də təsadüfi gerçək əlaqələrə, milli mentalitetə uyuşmayan əməllərə barmaq basıb “bu millətin Vətən əxlaqı zəif, ailə əxlaqı güclüdür” qənaətinə gəlmək subyektiv mövqedən başqa bir şey deyil. Özünü öz millətinin içində axtarmaq, özünə ümummilli dəyərlər gözündən baxmaq lazımdır ki, kiminsə haçansa sənə də “azərbaycanlısan” deməyə əlində əsası, bir uyarlı bəhanəsi olsun.
Mənəvi dəyərlərimizin ayaqlar altına salındığını, milli şüurumuzu korlaya biləcək mənəvi qəsdlərin vüsətləndiyini görən Üzeyir Hacıbəyov həyəcanla yazırdı: “Mən and içirəm ki, bizim millətin, doğrudan da, geridə qalmasına bir səbəb də həmin bu “millət geridə qaldı” sözüdür ki, daha gündə onlara qulaq asmaqdan təngə gəlmişik... Həqiqətdə geridə qalmaqla irəli getməyin nədən ibarət olduğunu bilməyən bu adamların heç məsləki, əqidəsi olmur və hərçənd hürriyyət və ədalətdən dəm vururlar, amma onların da nəmənə şey olduğunu başa düşməyib, hər bir əməllərində də tərsinə iş görürlər... Camaata elan edirəm ki, bu cürə adamlardan bacardıqca uzaq olub, bir də onlar “millət geridə qaldı” dedikdə sözlərinə qulaq asmasınlar”.
Vətəncanlı Üzeyirlərin mübarizəsi bu gün də davam edir. Mənəviyyatımıza qəsd edənlərin ağzı yerindəcə yumulur. Qan yaddaşımıza təcavüz etmək xəyalına düşən, içimizdə milli adlarla gizlənən qeyrilər öz sözlərinin qurbanı olurlar. Onlar heç vaxt heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının qeyrət damarı asanca qopan damar deyil.
                                                                           
                                                                          İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”