SƏHVSİZ İSTEHKAMÇI



Çavuş Azər Vəliyev 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edir. Bakı Yeyinti Sənayesi Texnikumunda qiyabi oxuyan Azər hərbi xidmətə gələn gündən istehkamçı peşəsinə yiyələnməyə başladı.
Yaxşı yadımdadır, 1993-cü ilin son günləri idi. Murovdağ istiqamətində güclü döyüşlər gedirdi. Dağ yolunu Yunis Mirzəyev, Namiq Hacıyev, Rasim Əliyev və bir də Azər Vəliyev savaş gedə-gedə minalardan təmizləyirdilər. Tapşırıq yerinə yetiriləndən sonra Azər ilə görüşdüm.
Bir həftə sonra Azər əldə silah vuruşmağa başladı. Yanvarın 8-də günorta saat 13 radələrində “N” kəndi istiqamətinə doğru irəliləyən tabora mühüm tapşırıq verilmişdi. Düşmən dünənki savaşda xeyli itki verdiyindən hələlik bu gün susurdu. Azər öndə addımlayan əsgərlərin arasında idi. A. Vəliyev barmağını avtomatın tətiyindən çəkmədən irəliləyirdi. Lap irəlidə bələdçilər gedirdilər. Nəhayət, Zallar kəndinin girəcəyindəki çay keçidinə çatar-çatmaz erməniləri gördülər. Bələdçimizdən biri erməni döyüşçüsünü aldatmaqdan ötrü onu əli ilə yanına çağırdı. O biri bələdçinin səhvi ucbatından plan pozuldu. Güclü atışma başlandı. Azər hədəfə güllə yağdıra-yağdıra dağın ətəyinə sığındı. Əlverişli mövqe seçərək döyüşə başladı. Döyüşçü yoldaşı Elman onun yanına qalxarkən düşmənin gülləsinə tuş gəldi. Bunu görən Azər yerini dəyişdi. Bu dəqiqələrdə düşmənin bir PDM-i və iki tankı onların üstünə şığıdı. Əsgərlərimiz geri çəkilmədən döyüşürdülər. İslam əlverişli mövqedən düşmənə atəş açırdı. Fərəc işğalçılara yeni qüvvə gətirən “KamAZ” maşınını sıradan çıxardı. Azər isə öz növbəsində “KamAZ”dan düşüb qaçan quldurları cəhənnəmə vasil etdi. Qaranlıq qarışanda atəşlərin səsi kəsildi. Əlləri-ayaqları buz bağlasa da, Azər dostu İslamı ön xətdən çıxarmaq üçün onu çiyinlərinə aldı. Ancaq ön xətdən bir az uzaqlaşmışdı ki, düşmənin atdığı mərmi onların yanına düşdü. Azər kontuziya oldu. Sürücü Adil onları minalanmış sahədən salamat çıxarıb hospitala çatdırdı.
Azər Vəliyev indi özünü yaxşı hiss edir. İstehkamçı peşəsinə daha dərindən yiyələnir. Azərin döyüş əhval-ruhiyyəsi yüksəkdir. Onun göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib. Respublika prezidentinin fərmanı ilə o, “Hərbi xidmətlərə görə” medalına layiq görülüb. Aldığı bu mükafat Azəri bir gün də olsun arxayın salmır. Onun ən böyük arzusu torpaqlarımızı azad görməkdir.

İbrahim MƏSİMOĞLU
4 avqust 1995-ci il

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”