1994-cü il FÜZULİ DÖYÜŞLƏRİ: İRƏVANDA ASAYİŞİ QORUYAN POLİS QALACAQMI?
İnana bilmirdim ki,
hər anı əcəl atına minən Füzuli döyüş bölgəsində qaranquş yuva qura bilər. Görməmişdim
ki, topların, tankların odlu atəşləri altında qırmızı-sarı qanadlı kövrək kəpənəklər
hələ alovdan qarsamamış gül-çiçəklərin, tər qönçələrin üstündə pərvazlana-pərvazlana
özünə yem axtara bilər. Gördüm və inandım ana torpağımızın sadiq sakinlərinin dəyanətinə.
Ümid etdim ki, yandırılıb külə dönən təbiətimiz də yağı düşmənə qarşı mübarizədə
bizi tənha qoymaq niyyətində deyil. Onlar da ədalətli cəngimizə qahmar çıxaraq
qəti qələbəmizə nicat axtarırlar. Bu bərəkətli yurddan qaçaq edilmiş
soydaşlarımızın, görəsən, Füzuli təbiətindən xəbəri varmı? Yaz xurcunlu
qaranquş, qış yuxusunu ürəklə dağıtmış kəpənəklər Füzuli rayonunun dərdinə dözə
bilirsə, biz necə dözməyək?!
...Aşağı Seyidəhmədli
kəndinin canına bit-birə kimi daraşan erməni işğalçıları təşviş içərisindədir.
Piyadalarımız atışa-atışa şərab zavodunun daş divarını aşırlar. Güllə atışı
qazan kimi qaynayır. Qınaqlı fikirlər içərisində ovxalanan sıravi əsgər Afət
Ağayev irəli gedə bilmir: “Nə edim – döyüşmək də vacibdir, yaralıya əl uzatmaq
da”. Qanı axan silahdaşı İntiqam Nəzərov kömək diləyir. O, həm ayağından, həm də
belindən ağır yara alıb. Afət Ağayev taqım komandiri Ramizdən icazə alıb
yaralını çiyninə çəkir. Sürünə-sürünə uzaqlaşır. Düşmən tankçıları onları
görür. Çılğın duyğularla çırpınan Afət tankın vurnuxmasından duyur ki, atəş
açacaq. Yaralını var gücü ilə cəld çəkib arxın içinə salır. Mərminin qəlpələri
vıyıltı ilə yan keçir. “Deyəsən, təhlükədən sovuşduq”, - deyə əli ilə üzünün tərini
silir.
Taborun igidləri sol
cinahdan uğurlu həmlə edirlər. Qabaqda gedən döyüşçülərimizi düşmən imkan olsa
da vurmaq istəmir. Əsgər Camil Hüseynov məəttəl qalır, ermənilərin hiyləsini
duyurmuş kimi udqunur: “Bizə niyə atmırlar? Bəlkə tələyə salmaq fikirləri var”.
O, təlatümlü hisslərlə yanındakıları xəbərdar edir:
- Sağ və sol tərəfə
seyrəlin...
Bu sözlər onun
ağzından çıxmamış yer altına dərin lağım atmış düşmən piyadaları üzə çıxdılar.
Kafirlərlə qabaq-qabağa dayanan igidlərimiz çaşmadılar. Çünki zərbəyə hazır
durmuşdular. Hər iki tərəf ağır itki verdi. Lakin düşmən qaçıb kəndin evlərinə
soxuldu. İki ev qumbara ilə dağıdıldı. Hayıf min zəhmət bahasına tikilən bu
yaşayış binalarına. Amma nə edəsən? Donuz da darı ilə yuvasından çıxarmı?
Günorta çağı qanlı
döyüş gedən sol cinahda taborun dağ cüssəli, pəhləvan gücünə malik
pulemyotçusunu – Nəbini başından vurdular. Komandir Ruslan onun silahını götürməyə
məcbur oldu. O, piyadalarımızın qabağını kəsən nöqtəni dağıtmaq niyyətinə tez
nail ola bildi. Amma huşunu itirmiş Nəbiyə kömək etmək mümkün olmadı. Taborun
güvəndiyi igid bir döyüşçü son nəfəsini dərdi. Alın yazısı belə imiş. Müqəddəsliyə
doğru gedən cəsur yolçunun səfəri əsgərlərimizin qəlbində kədər doğursa da, qəzəb
hisslərini alışdırıb yandırdı...
Əlimə düşən gəbərmiş
bir dığanın xidmət vəsiqəsini nəzərdən keçirirəm: “Ermənistan Daxili İşlər
Nazirliyinin sıravi polis nəfəri Minasyan Samvel Akopoviç. Vəsiqə 7 oktyabr
1993-cü ildə verilib. AE seriyalı vəsiqənin nömrəsi 75920-dir. Sənədə xüsusi təyinatlı
polis dəstəsinin komandiri imza qoyub. Cəhənnəmə sorğu-sualsız düşən digər erməni
qulduru – Karapetyan Aşot Avetisoviç də polis nəfəridir. Aldığımız məlumatlara
görə, meyitlərin əksəriyyəti polisdir. Çox ehtimal ki, bu qara xəbəri eşidən
Ermənistan hökumətinin daxili işlər naziri çox narahat olacaq. Axı erməni
polisi bu gün yad məmləkətdə belə qarışqa kimi qırılırsa, doğma məmləkətdə,
xüsusən də təlim, qiyam tufanı qopan Yerevan şəhərində bədbəxt erməni əhalisinin
asayişini kim qoruyacaq?!
Aprel ayının
istisindən iylənməyə başlayan düşmən cəmdəklərinin içərisində rus millətindən
olan 3 nəfər də var. MDB qoşunlarınının libasını əyninə keçirən bu muzdlu
döyüşçülərin cibində şəxsiyyəti müəyyən edən sənədlər yoxdur. Amma döyüş
prosesində rusca danışığını, rus ədasını, rus hərbçisinə xas səriştəsini görən
döyüşçülərimiz öz fikirlərində yanılmayıblar. Hər halda, iki qonşu dövlətin
savaşını yatırtmaq meylini “büruzə verən” Rusiya hökumətinin səlahiyyətli nümayəndələrinin
nəzərinə bu xoşagəlməz xəbəri çatdırsaydıq, məncə, pis olmazdı!
Uğurlu döyüşümüz
davam edir...
Xoşbəxtlikdən, bu dəfəki
vuruşmalarda yaralılarımızın yarası yüngüldür. Çoxu 10-15 gün müalicə müddəti
ötdükdən sonra cəbhəyə qayıda biləcək. Ağır yaralılar üçün də narahat olmağa dəyməz.
Çünki öz sənətini ürəkdən sevən və döyüş bölgəsinə könüllü gələn vətənpərvər
tibb işçilərimiz döyüşçülərin dərdinə vaxtında əncam çəkirlər.
Zabit Ələddin İsmayılov
arxayınçılıqla öz xilaskar əməllərindən söz açır:
- Biz Daxili
Qoşunların tabeliyindəyik. Füzuli döyüş bölgəsinə keçən ilin noyabr ayında gəlmişik.
Gecəmiz-gündüzümüz bilinmir. Canına cəfa basan həkim və tibb işçilərimiz –
Xaqani Mirzəliyev, Mahmud Paşayev, Azər Qazıyev, Namiq Əhmədov, Şakir Musayev
yorulmadan fəaliyyət göstərirlər. Hərbi təbabətin sirlərini yaxşı mənimsəyən həkimlərimiz
ağır yaralıları ilk andaca çətin vəziyyətdən çıxara bilirlər. Çox şükür ki, şəhidlərimiz
azdır. Döyüşçülərimizin qalibiyyətli hücumlarını eşitdikcə sevincimizdən
qanadlanıb uçmaq istəyirik.
“N” hərbi hissəsinin
tibb bölüyünün cəsur xilaskarları Habil Şirinov, Ədalət Mehdiyev, Orucəli
Namazov, Ballı Əliyev, İlham Yusifov, Daşqın Məmmədov isə ön atəş xəttinə lap
yaxındırlar. Onlar bekar dəqiqələrdə darıxır və sanitar maşını ilə birbaşa səngərlərə
baş çəkirlər. Get-gedə addımları bərkiyən ordumuzun kamilləşmə anlarını gördükcə,
zəbt edilmiş torpaqlarımızın ah-vayından başı göynəyən qəlbimiz qətrə-qətrə ovunur.
...Ön atəş xəttindən
“N” taborunun komandiri bir döyüş raportu göndərib: “Baş çavuş Natiq Kərimov
döyüşdə qəhrəmanlıq nümunəsi göstərərək 3 erməni quldurunu məhv etmiş və 1 ədəd
“Kalaşnikov pulemyotu”nu, 1 ədəd qumbaraatan silahı qənimət kimi ələ keçirmişdir.
Natiq Kərimovun fədakarlığını yüksək qiymətləndirməyi vacib sayıram. Çünki
Natiq təminat taqımının üzvü olsa da, könüllü olaraq silahlanmış və ön atəş xəttinə
çıxmışdır”.
Düşmənin qətl-qarəti
ilə şəhid qanına boyanmış Füzuli torpağı şirləşən, qartallaşan cəngavərlərimizin
qəhrəmanlığına sığınıb. Ümid özümüzədir. Böyük dövlətlərin ətəyindən yapışmaqla
Ermənistanın təcavüzkar əməllərini tərgidə bilməyəcəyik. Yaşa, Azərbaycan əsgəri!
Özünə gəl, Füzuli yurdu!
Füzuli torpağının
laləli düzündə, yovşanlı təpələrində qanlı döyüşlərimiz davam edir...
Qabırğasının
qalınlığına salan erməni işğalçıları Aşağı Əbdürrəhmanlı kəndini tərk etmək istəmirlər.
Onlar kəndin yaxınlığında və yüksəkliklərdə elə dərin səngərlər, yeraltı
qazmalar hazırlayıblar ki, artilleriyaçılarımızın aramsız atəşləri də kara gəlmir.
Beş saatlıq mövqe döyüşündən əsəbləri gərilmiş sıravi əsgər Etibar Əhmədov əlini
sursat döşlüyünün sol cibinə soxdu və bir əl qumbarası çıxarıb sazladı. İrəli
çıxıb “PK”-çılarımıza ərkyana çığırdı:
- Məni himayə edin. Qudurmuş dığanı səngərdə
boğazlamaq istəyirəm. Cəsarəti olan dalımca gəlsin. İrəli!
Etibarın qisasalıcı
hücumunun, necə deyim, iki iti göz istəyirdi tamaşasına dursun. Düşmən səngərinin
başı üstünü kəsənəcən “İrəli” nidaları dilindən düşmədi. Qəzəbli əsgər harayı
ilə şaqraq nərə çəkən “PK”-nın vahiməsi düşmənin canına vicvicə saldı. Dığalar
“torpaq yuvasından” baş qaldırıb baxmağa da cürət etmədilər. Etibar
qolaylanaraq qumbaranı səngərin içinə atdı. Qəfil qopan dəli bir qumbara
tufanının burulğanında 3 dığa o dəqiqə gəbərdi. Qanlı səngərin digər istiqamətinə
soxulan piyadaları isə avtomatla biçməyə başladı. Etibarın qabağına çıxa bilməyən
4 dığa da beləcə çilikləndi.
- Al payını, əclaf!
– sözlərini təkrar-təkrar çığıran coşğun ruhlu Etibar sanki güllədeşməz qalxana
dönmüşdü.
Amma digər səngərdən
şeytan nəfəsli bir dığa onun zəif nöqtəsini seçdi. Güllə vətən eşqi ilə kükrəyən
ürəyin döyüntüsünü kəsdi. Etibar səngərə yıxıldı. Yox, Etibar Əhmədov
susdurulsa da, onun arxasında etibarçılar çox idi, lap çox. Güclü həmlə ilə
düşmənin ən ağır postlarından biri tərksilah edildi. Könüllərdə ocaq qalayan
Etibarın yuxusu çin oldu.
Döyüşü müşahidə edən
zabit İslam Gəncəliyev Etibarın qəhrəmanlığını qiymətləndirmək barədə göstəriş
verdi:
- Azərbaycanın çörəyi
Etibara halal olsun. O, “Azərbaycan Bayrağı” ordeninə layiq igiddir.
Digər düşmən
postunun alınmasında Etibarın igidliyini rütbəcə sıravi olsa da, taqım
komandiri vəzifəsini icra edən Arzu Kərimov təkrarladı. “N” taborunun bu cəsur
döyüşçüsü son anda özünü cəld hərəkətləri ilə qoruya bildi. Yalnız ayağından
yaralandı. Düşmən ani fürsət tapdı. Postun sağ qalan kafirləri sivişib aradan əkildilər.
Taborun tibb xidməti
zabiti Cəlal Namazov mənim ehtiyatsız hərəkətimi hiss edib xəbərdarlıq edir:
- Cənab kapitan,
burada durmayın. Güllətutan yerdir. Sizə deyiləsi sözüm var.
Ehtiramla ona “baş
üstə” deyib, əyilə-əyilə səngərin dərin hissəsinə daxıl oluram. Nəmli torpaqda
çömbəlib söhbətə başlayırıq. C. Namazov
fərəh dolu sözlərlə deyir:
- Döyüş ağır getsə də,
erməniləri yaxşı qırırıq. Şükür olsun Allaha, bəlkə, bu xain millət
qırıla-qırıla ağıllandı. Bax, bu tibb qardaşımızdan deyim, qulaq as. Adı Vilayət,
soyadı Məhərrəmovdur. Tabor komandirimiz onu öz adı ilə çağırmır. Vilayətə “Qəhrəman”
adı qoyub. Vilayət əlinə silah alıb döyüşməsə də, güllə yağışı altında həm
yaralılara ilk tibbi yardım göstərir, həm ön atəş xəttinə sursat daşıyır, həm də
sürünə-sürünə postlara gedərək əsgərlərə ürək-dirək verir. Taqım komandiri Azər
də canlara deyən oğlandır. O bu gün səhər tezdən qüvvəmiz seyrələn cinahda
“DŞK” ilə tək canına düşmənin qabağını saxlayıb. Sürücümüz Əfqan İsmayılovun cəsarəti
də bizi heyran qoyur. Vallah, dilim gəlmir deyəm ki, kimsə pis döyüşür. Hamının
döyüş ruhu yüksəkdir.
16 aprel 1994-cü il.
Saat 16.35 dəqiqədir. Döyüşçü Şəfail Qurbanov zabit Tariyel Musayevə təcili xəbər
verir:
- Bəhruzdan həyəcanlı
məlumat almışam. Bir “PK”-nın lüləsi xarab olub. Düşmən müqaviməti gücləndirib əks-hücuma
keçə bilər.
Tariyel Musayevin sərt
baxışları bir qədər də sərtləşir:
- 30 dəqiqə vaxt
verirəm. Daş yağsa da, “PK” məsələsi təcili həll edilməlidir. Düşmənin belini
daha əymişik. Elə etməliyik ki, heç bir cinahda geriləmə olmasın. Aşağı Əbdürrəhmanlı
kəndi murdar erməni quldurlarından təmizlənməlidir.
Zabit Məhəbbət Qəribovun
bölüyündən hava telefonu ilə şad sədalar gəlir:
- Donuzlar
qaçırlar...
Ləqəbə bir bax! Əhsən
bu sözü qoşana!
...Xərəkdə bir
yaralı gətirilir. Öyrənirəm ki, sıravi əsgər Qabil Baloğlanovdur. Pulemyotçu
Arifə kömək edərkən snayper gülləsindən yaralanıb. Amma onun hünərli köməyi ilə
Arif 3 erməni dığasını məhv edib. Yaralıya ilk tibbi yardım göstərilir. Təxliyyə
işini biz öhdəmizə alırıq. Yaralını zabit İslam Gəncəliyev və mən bizi ön atəş
xəttinə gətirən maşına qoyub tibb məntəqəsinə tələsirik. Əyri və çuxurlu torpaq
yollarda sürücümüz, zərdablı Vahid
Nağıyev sükanı bacarıqla idarə edir. Narahat sürülən maşında nə yaxşı ki,
bayaqdan içimizi dağıdan mina xofunu ürəyimizdən çıxara bildik. Çünki bizə xəbər
verdilər ki, mühəndis-istehkam bölüyünün igidləri yolu gecə ikən minalardan təmizləyiblər...
İbrahim MƏSİMOĞLU
27 aprel 1994-cü il

Комментарии
Отправить комментарий