QAMIŞLI DÖYÜŞÜ



22-25 yanvar 1994-cü il. Zabit Əli Bayramovun qəlbində Vətən müharibəsi qaysaq bağlamaz yara açsa da, gözləri müdam gülür. Bəlkə, ona görə ki, döyüşdə onunla əlbir həmləyə keçən əsgərlər ruhdan düşməsin. Öz icraçılıq qabiliyyəti ilə fərqlənən Əliyə komandanlıq məsul bir vəzifəni etibar edib.
Bayramovlar ailəsi müharibədə təkcə Əli ilə təmsil olunmur. Üç qardaşı – Vəli, Firudin və Füzuli də müqəddəs əsgəri borclarını namusla yerinə yetirirlər. Füzulinin xidməti xüsusilə öyünüləsidir. O, mina partlayışı nəticəsində bir qolunu itirsə də, silahı yerə qoymayıb. Hazırda düşmən qabağına tək əllə çıxır və öz inadlı hünəri ilə erməni cəlladlarından qisasını alır.
- Uğurlu döyüşlərimiz az olmayıb. Düşmən yumruğumuzun dadını daha bilir. Qamışlı vuruşu isə heç yaddan çıxmaz, - deyə söhbətə başlayan Əli Bayramov vaxtilə bölük komandiri olduğu günləri fəxrlə xatırlayır.
Həmin döyüş Qamışlıda bu ilin yanvar ayının 22-dən 25-nə qədər davam etdi və Ermənistanda 200-dən çox daşnak anası vay soraqlı Qamışlı məğlubiyyətindən qara geydi.
Yanvarın 21-dən 22-nə keçən gecə Əli Bayramov baxışından vətən eşqinin nuru tökülən cəngavərləri ilə Qamışlıya doğru getdi. Dağlararası sərt cığırlarla sürünə-sürünə, yıxıla-yıxıla gəlib Kəlbəcərin möcüzəli bir kəndinə çatdılar. Mahir Əliyev “PK”, mingəçevirli Nofəl Babayev və bakılı Paşa isə avtomat silahı götürmüşdülər. Xaliq Tanrıverdiyevin vəzifəsi düşmənin hədəf göstəricilərini artilleriyaçılarımıza çatdırmaq idi. Onlar qartallı bir zirvədən kəndi seyr etdilər. Düşmənin xeyli texnikası və canlı qüvvəsi vardı. Xaliq yavaşca dilləndi:
- Ay başına dönüm, dığalar bu qədər texnikanı, sursatı hardan alırlar? İndiyə kimi nə qədərini dağıtmışıq, xeyli qənimətimiz var. Yenə texnika gəlir ki gəlir. Bəs deyirlər ki, Ermənistan dağ-kəsək üstündə yaşayan bir dövlətdir...
Əli başını buladı:
- Bəyəm hələ sənə çatmayıb ki, Ermənistan bu müharibəni təkcə özü aparmır? Daşnak quldurlarının arxasında “ağ ayılar” dağ kimi duranda, əlbəttə ki, Haykanuşun tumanının yeli adamı yıxar!..
- Səbr eylə, bu saat o tumanı biz qayçılayıb yelini kəsərik. Bizim arxamız olmasa da, qanı qanla yuyan qeyrətimiz var.
Səhər açılırdı. Dan şəfəqləri yavaş-yavaş sökülürdü. Xamxəyal dığalar öz bişir-düşüründə idilər. Əli əmr verdi ki, hərə özünə etibarlı mövqe seçsin. Belə bir imkan heç vaxt ələ düşməz. Əlinin atəşindən sonra düşmən müxtəlif istiqamətdən amansız güllə yağışına məruz qaldı. Qayalar təlatümə gəldi. Tovuzlu Arif Məmmədov erməni komandirləri oturan “Niva”nı güllələdi. Bu uğurlu atəşdən sinəsi qabardı. Döş-döşə vuruşmaq həvəsi coşdu. Amma vəlvələyə düşən düşmən piyadaları baş aça bilmədilər ki, haradan, hansı qaya, daş arxasından atəşə tutulurlar. Ona görə yalnız qaçmaqla, öz canlarını birtəhər qorumağa cəhd etdilər. Doğrudan da, inad qanad bəxş edər, imdad zəlillik. Kim necə can verdisə, Allah bilir. Amma yolun ortasında 6 dığanın meyitindən axan qan torpağı qırmızı rəngə boyamışdı. Obrazlı desək, vuruşmanın hərarətindən dağların ağ örpəyi əriməyə başladı. Vay dəryasında düşmən piyadaları gözdən itəndən sonra atışma kəsdi. Arif vurduğu “Niva”nı çıxartmaq üçün Əliyə gənəşdi. Əli daxili narahatlığını gizlətmək istəsə də, razılıq vermədi:
- Aşağı düşmək qorxuludur. Bəlkə, düşmən tələ qurub? Kəndi bu qüvvə ilə ala bilmərik. Bir də ki, hələ kəşfiyyat aparmadan kəndə girməyi ağılsızlıq hesab edirəm.
Əli Bayramov az qüvvə ilə apardığı müvəffəqiyyətli döyüşün nəticələri barədə qərargaha hesabat verdi. Qərara alındı ki, hələlik atəş açmasınlar. Çünki əldə edilən məlumatlara görə, Qamışlıda düşmənin bir neçə silah anbarı olmalıdır. Çox ehtimal ki, onlar bu kəndin müdafiəsini zəif qura bilməzlər.
Yanvarın 23-də düşmən əks-hücuma keçdi. Əli Bayramov Qamışlıya gedən yol istiqamətində müşahidəçi qoymuşdu. Bundan savayı, hər dağın, hər qayanın üstündə pusqu qurulmuşdu. Düşmən 2 ədəd PDM və 1 ədəd tankla kəndin içərisinə doğru sürətlə irəlilədi. Qumbaraatançı Zahid Allahverdiyev soruşdu:
- Komandir, tankı vurummu?
- Təmkinli ol, azı 200 metrə qədər yaxın burax, sonra vur.
Hələ atəş açılmamışdı. Dığaların başı yamanca piylənmişdi. Kor-koranə irəli soxulurdular. Zahidin atəşi ilə ara qarışdı. Onun silahından çıxan qumbara tankın lüləsini qoparıb çayın kənarına tulladı. Ekipaj qaçmağa başladı. Daha göz döyə-döyə durmaq olmazdı. Təcrübəli Xaliq Tanrıverdiyev minaatanlarımıza koordinat verirdi. Kəndin relyefinin doğurduğu çətinliklər nişanlanma prosesinə mane olurdu. Yollar döngəli və enişli-yoxuşlu olduğuna görə PDM-lərin hərəkətini dəqiq izləyə bilmirdik. Buna baxmayaraq, təcrübəli artilleriyaçımız, zabit Elsevər Əliyev işğalçıların atəş nöqtələrini özü təyin etdi. Mina atışı ilə düşmən PDM-i qovuldu.
Necə deyərlər, ərənlərimiz Qamışlıda dığaların pişiyini ağaca dırmaşdırırdılar. Silahı kəsərli, qəlbi hünərli pulemyotçu Arif Məmmədovun əlinə yaxşı girəvə düşmüşdü. O, Çəplidə mşğlubiyyətə uğrayaraq geri qaçan, yolunu Qamışlıdan salan 20-yə  qədər şinelli düşmən piyadasını qırıb qayalara döşədi. Günorta üstü qərargahdan Əli Bayramova xəbər verildi ki, Susuzluq kəndində qəflətən basılan və suyu süzülə-süzülə geri qaçan düşmənin maşın karvanı da yolunu Qamışlıya sarı salıb. Əli özü ilə 6 döyüşçü  götürüb yolun 50 metrliyində mövqe seçdi. Əgər döyüşçülərimiz düşməni vaxtsız hürkütməsəydilər, daha böyük müvəffəqiyyət əldə oluna bilərdi. Gülləyə tuş gəlməyən və sərt döngədən keçə bilməyən düşmən piyadaları texnikanı söndürüb çayın içi ilə qaçaraq aradan çıxdılar.
Qamışlı kəndindən Çiçəkli dağına bir yol qalxır. Yol ağzında bir bulaq çağlayır. Bu guşə bizim mövqeyimizdən görünmürdü. Amma təhlükəli yer idi. Əli Bayramov həmlə planını cızanda bu nöqtənin nəzarət altında saxlanmasını xüsusi olaraq qeyd etmişdi. İndi məqam yetişmişdi. Ona görə də ora Mahir Qasımovu dozor kimi göndərdi. Yarım saatdan sonra məlum oldu ki, düşmənin bir PDM-i həmin nöqtədə səssizcə keşik çəkir. Təcili komanda verildi. Minaatanlarımız sərrast atışlarla onu da yerindən qopartdılar.
Şər qarışdı. Kəşfiyyatçılarımız xəbər gətirdilər ki, kəndi düşmən tərk edib. Amma tələsmək olmazdı. Əlinin göstərişi əsasında yenə bizimkilər kəndə girmədilər.
Yanvarın 24-də səhər Qamışlı körpüsünə düşmənin 2 ədəd tankı gəldi. Fənd-fel işlədib irəli getmədi. Görünür, onların gəlişi kəşfiyyat xarakteri daşıyırdı. Kəşfiyyatçılarımız yəqin etmişdilər ki, körpünün yaxınlığında düşmənin silah anbarı yerləşir. Xaliq Tanrıverdiyev hava telefonunu Əlinin igidlərindən alanda tankçılar onu gördü. Qaçıb qayanın dalında gizlənmək istəyərkən tank atəş açdı. Amma mərmi bir qədər aralıda yerə dəyib partladı. Xaliq zərbə dalğasının qanadında “uçdu”. Bircə burnu qanadı. Əli ilə bədənini yoxladı. Ciddi bir zədə almamışdı. Xaliq başı daşa dəymiş kimi səhvini anladı. Çox aydın bilirdi ki, koordinatları verən döyüşçü piyadalardan uzaqda mövqe seçməlidir. Tir-tir titrəsə də, “lənət şeytana” deyərək özünə möhkəm istehkam qurub fəaliyyətə başladı.
Bu gün medallı zabit Şamil Əmirovun döyüşçüləri köməyə gəlmişdi. Onun yenilməz əsgərləri şıdırğı döyüşə girərək Qamışlının Yanşaq kəndi tərəfdən girəcəyində bir daş evə doluşan 12 dığanı ölənəcən vurdular. Bundan sonra şil-şikəst olmuş düşmən susmağı üstün tutdu.
Yanvarın 25-də isə Qamışlı kəndi uğrunda gedən döyüşün son akkordları vuruldu. Düşmən 3 ədəd tankla əks-hücuma keçdi. İkisi istehkamçılarımızın gecə ikən qurduqları minaya toxunub dağıldı. Biri isə igid tankçımız Səməd Orucovun məharəti ilə məhv edildi. Artıq kəndə girmək barədə əmr verilmişdi. Mərd oğullarımız, qeyrətli ərənlərimiz azğın düşmən piyadalarını cəhənnəmə göndərdilər. Mahir Qasımov və Aleksey Qulyamin dığaların dalınca düşüb qovurdular. Vadim Abdullayev döyüş gedə-gedə cəbhədaşlarına isti yemək gətirir, Kamran Sarıyev isə çiynində kisə, əlində yemək qabı daşıyaraq  ona kömək göstərirdi.
Qamışlı döyüşünün hərbi əhəmiyyəti ondan ibarət oldu ki, Əli Bayramov kimi bölük komandirinin potensial imkanları açıqlandı. Şamil Əmirovun döyüşçüləri isə öz növbəti uğurlu əməliyyatını savaş tariximizə yazdı. Döyüşü şəhidsiz başa vurduq. 3 əsgərimiz ağır yaralandı.

SON SÖZ ƏVƏZİ

...Fikrimin  məntiqi davamı kimi Əli Bayramova ürəyimdən keçən bir sualı vermək istəyirdim. O, elə bil, sualımı gözlərimdən oxuyub dedi:
- Nicatımız təlimdədir. Bu gün ordumuzun əsas devizi belə olmalıdır: təlim, təlim, yenə də təlim! Azərbaycan əsgəri yaxşı təlim alanda qudurğan erməni canavarının dişləri ona bata bilmir. Bu həqiqət Qamışlı döyüşündə özünü daha qabarıq göstərdi...

İbrahim MƏSİMOĞLU
14 sentyabr 1994-cü il







Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”