ÖZÜNƏ İNANANLARDAN BİRİ
Bəxtiyar Hacıyevi əsgər vaxtından tanıyıram. Boydan
balaca olsa da, böyük işlər, məsul tapşırıqlar yerinə yetirmək gücünə malikdir.
Hərbçiyə xas sabit intizam ovqatı var. O zaman Bəxtiyar əsgəri əxlaqın gözəlliyi
ilə ruhlanır, şərəfli zabit vəzifəsini icra etməyə can atırdı. Komandanlıq onun
bu həvəs və marağını vaxtında qiymətləndirdi.
Hərbi hissənin komissarı – kadr seçimində xüsusi səriştəsi
ilə seçilən mayor İntiqam Mirzəyev şəxsi heyətlə daim ünsiyyətdə olduğuna görə
Bəxtiyarın içində yaranan idarəetmə işartılarını tez duydu və döyüş
tapşırıqlarını bacarıqla yerinə yetirmək qabiliyyətini, habelə fərqli
komandirlik keyfiyyətlərini nəzərə alaraq Bəxtiyar Hacıyevə zabit vəzifəsinin həvalə
edilməsi ilə bağlı komandanlıq qarşısında vəsatət qaldırdı.
Daha sonra ilk zabit rütbəsi verildi. Həqiqətən bu
etimada layiq idi və özünü qısa vaxtda təsdiqlədi.
Bəxtiyar öz tabeliyində olan
döyüşçü əsgərlərə qarşı çox həssaslıq göstərirdi. Çünki özü təzəcə əsgər
postunu tərk etmişdi. Rəhbərlik etdiyi taqımın hər bir üzvünün qəlbini üzündən
oxuyurdu. Ona ünvanlanmış təkliflərin, xahişlərin məzmununu, həm də söz və hərəkətlərin
ahəngdar məntiqini tez tuturdu. Ona görə də şəxsi heyətin çalışqanlığına, cəsur
fəaliyyətinə təsir edir və fəallıq miqyasını artıra bilirdi. Bəxtiyar döyüş həyəcanı
zamanı əsgər qəlbində yaranan təhlükəli alovları vaxtındaca söndürməyi bacarır
və döyüş əzmini gücləndirirdi. Bunun nəticəsidir ki, Kəlbəcərdə aparılan uğurlu
hərbi əməliyyatlarda onun əsgərləri çox fərqləndilər.
Atəşkəs dövrü hamı kimi Bəxtiyara
da çox şey qazandırdı. O, bir yaxşı zabit kimi yetişməkdən ötrü tənəffüs əldə
etdi. Xüsusi zabitlik kursu keçdi, daha üstün komandirlik keyfiyyətlərinə yiyələndi.
Çoxdan idi ki, onunla görüşmürdüm.
Yaxın günlərdə onun xidmət etdiyi hərbi hissəyə ezam olunduğum vaxt Bəxtiyarın
xaraktercə nə qədər möhkəmləndiyinin, zabit kimi formalaşdığının şahidi oldum.
İndi o, həm rütbə, həm də vəzifə baxımından yüksəlib. Rəhbərlik etdiyi şəxsi
heyət öz hərbi bacarığı, mənəvi-psixoloji hazırlığı sarıdan könülaçan göstəriciləri
ilə öncül yerlərdən birini tutub.
Kapitan Bəxtiyar Hacıyev qazandığı
müvəffəqiyyətlərin sirrini belə açıqladı:
- Bir müdrik söz var: özünə
inananlar yaşamağı bacaranlardır. Mən əsgər kimi hərbi borcumu yerinə yetirərkən
milli zabit kadrlarına ehtiyacı nəzərə alaraq özümü bu şərəfli sənətə
hazırladım. Əlbəttə, bu qərara gələndə mən öz gücümə inanmışam. Ən böyük həqiqət
zəhmətdir Öz zəhmətimə qatlaşaraq ağır hərbi tapşırıqların icrasına girişdim və
cəhdlərim boşa çıxmadı. Döyüşlərin ən məşəqqətli anlarında dözümlü olduğumu
sübuta yetirdim. Ən başlıcası isə zabitlik, komandirlik səriştəsinə sahib
oldum. Hazırda inanıram ki, daha yüksək göstəricilər qazanacağam.
Düzdür, Bəxtiyar öz sözlərində dil
pəhləvanları kimi “Vətən”, “Vətən sevgisi” kəlmələrinə müraciət etmədi. Amma
getdiyi döyüş yolu, nümunəvi əsgər və zabitlik həyatı onu sübutlandırır ki, Bəxtiyarı
bu günəcən orduya bağlayan, ona müvəffəqiyyətlər qazandıran vətənpərvərlik
duyğusudur. Əgər yurduna, xalqına, öz müstəqil dövlətinə içində sevgi məşəli
yandıra bilməsəydi, onu belə bir görkəmdə, yüksək səviyyədə görə bilməzdik.
İbrahim MƏSİMOĞLU
25 mart 2000-ci il

Комментарии
Отправить комментарий