ŞƏHİD KƏNDİN QEYRƏTİ
Sənədli
hekayə
Başqışlaq kəndi nə
belə zülm görmüşdü, nə də belə işgəncə. Səhərin gözü açılar-açılmaz erməni
quldurları elə qəfil basqın etdilər ki, kənd camaatı bilmədi ki, malını, həyət-bacasını
necə qorusun, ya da canını hansı yolla qurtarsın. Dinc kənd sakinləri qanına qəltan
edildi. Nəfəsi üstündə qalanlar da yarımcan olub ayağı-əli yalın halda qaçaraq
meşədə gizləndilər. Kəndə od vuruldu. Ot tayasından tutmuş, it damınadək nə
varsa, hamısı külə döndü.
Ermənilərin zillətinə
tab gətirə bilməyən dilsiz-ağızsız kənd itləri də didərgin düşdü o qanlı,
qasırğalı, ölüm qoxulu səhər çağından. Yalnız bir itdən savayı. O biçarə it gecəni
aya, ulduzlara üz tutub uzun-uzadı uladı, gündüzlər tənhalıqda müdhiş xəyallar
içərisində ağladı. Göz yaşlarını damcı-damcı buzluq çayına axıtdı ki, bəlkə bu
coşğun dağ çayının mənsəbindən su götürənlər duyub-arayıb onun harayına
çatdılar. Nə miskinləşmiş sahibindən xəbər-ətər gəldi, nə də təsadüfdən-təsadüfə
dadına yetişən tapıldı. Heydən düşən it quyruğunu qısaraq zingildəyə-zingildəyə
neçə-neçə kəndi gəzdi, lakin qərib it kimi onu qovdular. Dünya başına dar gəldi.
Yenə viran qalmış doğma kəndinə, boya-başa çatdığı kəndinə qayıtdı, birtəhər
daldalandı.
Ötən illərin vaxt
ölçüsündə acı taleyə düçar olmuş itin hər günü bir ilə tutuldu. Öz yaraşıqlı kəndinə,
öz şəffaf dağ çayına, öz qiymətli daşına, öz barlı-bəhərli ağacına sədaqətini
itirməyən itin bir ümidgahı tapıldı. Şəhid kəndin kədər-qəmindən qol-budağının
bir qismi sınıb-qurumuş və yaşa dolduqca kövrəkləşən bir yemişan ağacı idi bu
ümidgah. Camaat pir kimi sitayiş edirdi bu yemişana. Əhd eləyib, nəzir-niyaz
qoyurdular. Koğuşunda qalan şirnilərlə bir müddət yemlənən və üstündən də
loğman bulaqların suyunu içən tənha itin uzun sürən aclıqda əti-qanı azalsa da,
sümüyü tab gətirdi, nəfəsi kəsilmədi.
Ətraf kəndlərdən
qaniçən, qəddar erməni quldurları Azəbaycan əsgərinin gücü ilə qovulduqdan
sonra Başqışlağa çobanlar ayaq açdılar. Çobanlar yalqız qalmış itə əppək
qırıqları atsa da, it tərslik göstərib bu mərhəməti qəbul etmədi. İncikliyini
tez üzə vurdu. Sümsük həmcinslərinə oxşamayan bu it bir bəndəyə belə xoş üz
göstərmədi. Gah kəndə gələnləri qovdu, gah üstünə çəmkirənləri qova-qova dişinə
keçirdi, gah da səfehlik edən çobanlara dişini qıcırtdı. Çünki incimişdi,
qahmar çıxdığı, inandığı insanlardan. Kənd-kəsəyini, öz obasını qoruya bilməyib
qaçanları, məzlum sahibini bağışlamaq, onlara güzəştə getmək fikrindən tamam
vaz keçmişdi. Doğma kəndə tək-tənha sakinlik etmək xəyalı ilə dolanır, vəfasızlıq
edən sahibini, eləcə də özgələrini görmək belə istəmir, tez-tez acığından cin
atına minirdi. Gözləri çuxura düşmüş, arıq-sısqa bədəni, ayaqları ilə az qala
çevik yerişini itirmiş, boş-boşuna hürməkdən də bezmiş it üçün bəzən gen dünya
bomboş, sönük bir varlıq kimi görünürdü. İçini kin-küdurət qurdtəki yeyirdi. Hərdən
canından çiyrənərək özünü uçurumlu dərələrə atmaq qərarına gəlir, lakin xoşbəxtlikdən
özünü tez ələ alırdı. Ona görə özünü tez ələ ala bilirdi ki, düşməndən intiqam
almamış ölmək istəmirdi.
Məyusluq anlarına
baxmayaraq, Murovdağdan gələn top, güllə səsləri dağlarda müdhiş əks-səda
doğurduqca heç nədən çəkinməyən it gücə gəlir, yaşamaq eşqi güclənirdi. Çox şey
onun nəzərində dumanlı, sirli görünsə də, ləhləyə-ləhləyə dağların başına
dırmaşır, yüksək zirvələri ram edərək uzaqdan-uzağa erməni işğalçılarına qarşı
qanlı döyüşləri müşahidə edirdi. Hər dəfə zirvəyə qalxarkən iti bıçaq kimi pəncəsini,
dizini kəsən qaya daşlarının fərqinə varmır, qan-tərə batsa da, ordumuzun hünərvər
vuruşlarına tamaşa etməkdən doymurdu. Döyüşlərin məkanı get-gedə ondan uzaq
düşürdü. İtin ürəyinə dammışdı ki, onun doğma yurdunun keşiyini çəkən, qeyrət-namusunu
qoruyan ordumuz yaranmışdı. Gecələr yolunu Başqışlaqdan salan kəşfiyyatçılarımızı
da bir zaman pusub duymuşdu ki, bizi yandırıb-yaxan, qətlə yetirən düşmən yox,
müdafiə edən hərbçilərimiz yetişməkdədi.
Parlaq günəşli bir səhər
çağı it özünü toy-bayram içərisində hiss etdi. Sevincdən bir yerdə qərar tutub
dayanmır, ora-bura qaçırdı. Həmin gün o kəndə əsgərlərimiz gəlmişdilər. Qəribə
idi ki, it döyüşçülərə nə hürdü, nə diş qıcırtdı, nə də onlardan kənar qaçdı.
Əksinə, neçə ilin dost-tanışı kimi onlara yaxınlaşır, nəvaziş umaraq bədənini,
başını əsgər çəkmələrinə sürtür, yalvarışlı baxışlarla əsgərlərə nəzər
yetirirdi. Hiss etmişdi ki, bunlar kənd yandıran hərbçilər deyil. Bölük növbətçiləri
ilə gecələr silahdaşlıq edən, yad nəfəsləri
tez duyub hay-həşir salan, ən möhkəm gözətçi kimi sevilən itin sayıqlığı
komandir Rövşən Hacıyevi yaman valeh etmişdi. Komandirin xüsusi tapşırığı əsasında
itə sel-su tutmayan dinc bir yerdə dam düzəldildi. Yemək payı da yaddan
çıxmadı. Əsgərlərin gündəlik rejimində it də nəzərdə tutulurdu. Bölüyün səhər
baxışında əsgərlərin sıra düzülüşünün axırında it farağat komandası alıb sakitcə
komandirin əmr və tapşırıqlarını dinləyir, bəzən də özü üçün tapşırıqlar
alırdı.
Aydın səhərlərin
birində komandir Rövşən Hacıyev çobanlardan itin öz sahibinə bəlli olmayan
sonrakı taleyini öyrəndi. İtin etibarına, sədaqətinə, torpağa bağlılığından
doğan inadlı hərəkətlərinə məftun olub sarsıldı. Hətta bir gecə yeraltı
qazmanın qapısı ağzında mürgü döyən itin ayağını bilmədən basarkən rastlaşdığı
qeyri-adi mənzərə onu çox düşündürdü:
- Bu necə möcüzədir?!
Deyirlər ki, itin ayağını basarsan, səni qapar. Bəs məni niyə qapmadı? Heç
cınqırını da çıxartmadı. Həmişə mülki adamlarla yaşayan itin hərbçiyə bu rəğbəti
nədəndir? Qəribə xarakteri, qəribə duyumu var: tanımayan hərbçi gəlsə də, ona
hürmür, amma mülki şəxslərə, lap belə kəndin köhnə sakinlərinə də yaxınlıq
vermir, hirslənir. Erməni faşistlərini isə hansı geyimdə gəlsə də, gözlərindən
tez tanıyır, iyindən tez duyur.
Qonşu kəndlərdən
itin həyat tarixini dərindən öyrənən komandirin itə hüsn-rəğbəti artdı. İtə ad
qoyma mərasimi keçirildi. Bir-birindən mənalı adlar seçildi. Öz kəndinə sadiq
çıxan, öz torpağına hədsiz sevgi bəsləyən, vəfasız sahibindən inciyən, eyni
zamanda erməni faşizminə qarşı ürəyində nifrət saxlayan itə Qeyrət adı daha
münasib sayıldı. Qeyrət öz adına tez alışdı. Axı, bu adı ona doğulduğu məmləkətin
xilaskarları vermişdilər.
Bir aydan sonra
bölük öz mövqeyini dəyişmək barədə komanda aldı. Qeyrətlə bağlı problemi həll
etmək üçün komandir çox düşünüb-daşındı və son sözünü belə açıqladı:
- Yoldaş əsgərlər,
biz yeni mövqeyə gedirik. Əgər Qeyrət kəndi tərk etməsə, heç kim müqavimət göstərməsin.
Bizimlə getsə, çox şey qazanarıq. Qeyrət bölüyümüzün ən cəsur və etibarlı
silahdaşı kimi yetişibdir.
Zirehli texnikalar
işə düşüb uğuldayanda Qeyrət bir dikdirdə çömbəlib əsgər köçünə matdım-matdım
baxırdı. Elə bil, qılınc çəkib ürəyini iki yerə parçalayırdılar. Üzünün ifadəsindən
aydın olurdu ki, səfər heç ürəyindən deyil. Əsgərlər əşya kisələri çiynində
sıra ilə maşına doluşa-doluşa baxışlarını itdən çəkə bilmirdilər. Qanı qaralmış
Qeyrət tənhalıq məngənəsində o qədər qalıb sıxılmışdı ki, ürəyi iynə sapı qədər
nazilmişdi. Bir himə bənd idi ki, ağlasın. “Əlvida Qeyrət” sədalarını eşitcək
itin gözləri doldu. Nigaran duyğulara bürünmüş komandirin ayağı altından çanki
yer qaçdı. O da çömbəlib əllərini dizinə dayaqladı. Göz dikdi itin dumur-dumur
axan göz yaşlarına. Heyvanın taleyi də insanın taleyi kimi imiş: ağ gün
ağardar, qara gün qaraldar - deyə öz-özünə pıçıldadı. Təzə-təzə nurlanmış Qeyrətin
sifətinə duman-çən nə tez belə çökmüşdü. İtin göz yaşlarına baxa-baxa komandirin
xəyalında itirilmiş, yandırılmış, təhqir edilmiş yurdlarımızın xəyali surəti
canlandı. Kapitan Rövşən Hacıyev bir itin kədəri çökmüş göz yaşı damlalarında
torpağı qanla suvarılmış Xocalını, bağrı qan olmuş Şuşanı, qəddi əyilmiş Kəlbəcəri,
erməni faşistinin əlində dustağa dönmüş neçə-neçə el-obanı gördü:
Qeyrətin qeyrətinə
vurğun kəsilən komandir boğuq bir səslə əmr verdi:
- Mühərrikləri
söndürün!
Hamı donuq
dayanmışdı. Lal sükutun cansıxıcı, üzücü ovqatına baş əyə bilməyən Qeyrət
komandirə yaxınlaşıb başını aşağı saldı. Rövşənin ürəyinin telləri yay kimi
dartıldı. Əyilib Qeyrəti sığala qərq etdi:
- Qeyrət, özünü
sıxmağa dəyməz, - deyərək barmaqları ilə itin göz yaşlarını sildi. - Sən də
bizimlə gedirsən. Uzağa getmirik. Sən daha bizim əsgərimizsən. Həftədə bir dəfə
səni bu kəndə gətirəcəyəm, söz verirəm...
Maşınlar aramla yola
çıxanda Qeyrət də əsgərlərlə bir yerdə, bir sırada taxta əsgər skamyasında əyləşmişdi.
Qeyrət kəndi xoşluqla tərk edirdi. Çox qürurlu, məğrur görünürdü. Zərrə qədər
şübhə etmədən inanırdı ki, Başqışlağı biryolluq tərk etmir. Şəhid kəndin
etibarlı sakini yaman sarsılmaz bir dayaq tapmışdı.
İbrahim MƏSİMOĞLU
P.S. TƏSVİR EDİLƏN REAL FAKTLAR GORANBOYUN BAŞQIŞLAQ KƏNDİ İLƏ BAĞLIDIR. DÖYÜŞÇÜLƏR 172 SAYLI HƏRBİ HİSSƏYƏ MƏXSUSDUR. ÇOX SARSIDICI REALLIQDIR...
P.S. TƏSVİR EDİLƏN REAL FAKTLAR GORANBOYUN BAŞQIŞLAQ KƏNDİ İLƏ BAĞLIDIR. DÖYÜŞÇÜLƏR 172 SAYLI HƏRBİ HİSSƏYƏ MƏXSUSDUR. ÇOX SARSIDICI REALLIQDIR...

Комментарии
Отправить комментарий