SƏNAN HƏMİŞƏ YARARLI BİR İGİDDİR


                                         

     Səngər bənzəri olmayan bir mənəvi dünyadır. Kifir baxışlar, kirli qəlblər, eybəcər münasibətlər bu şərəfli mühitdə hökm etməyə yol tapdığı məqamda güllə hədəfinə çevrilir. Bu çox ciddi şəraitin sərtliyi döyüşçü vəsiqəsi almış hər bir kəsi istənilən an sorğu-suala çəkən ölüm sınağının bir ibrətli aqibətidir. Səngərin dirilik məlhəmi qəhrəmanlıqdır. Öz ləyaqətini uca tutan, mənlik hissini itirməyən və yurd eşqinə hər cür risklər edən, ölümlə əlbəyaxa savaşa çıxan məğrur insanlar üçün qəhrəmanlıq açıq bir qapıdır. Ölümü öldürə bildinsə, bu mərdanə dünyanın sahibisən. Xəyanətkarlar bu mühitdə nəfəs ala bilmir, yalnız ölümün təpiyi altında əzabla can verirlər. Bu dünya mikrob nədirsə, onu da tanımaq istəmir. Amma kimsə bu zərərdən onu qorumağa da zəmanət vermir. Səngərləşən xarakteri ilə hər sınağa mərdanə sinə gərən oğullar bu ülvi mənəvi dünyanın əsl sahibi olur və ləyaqətli ömür yaşayırlar. Ehtiyatda olan polkovnik-leytenant Sənan Məlikməmməd oğlu Məmmədov o sayaq igidlərimizdən biri kimi heç vaxt səngər dünyasında səhvə yol verməyib. Şəninə kəsir saydığı, ar bildiyi süni münasibətlərdən uzaq durub.
     Yaxşı tanıdığım Sənan həssas bir ürəyə malikdir. Laqeyd olmağı bacarmır. Hələ dinc mülki həyatda da hər hansı biganəlik, haqsızlıq, baxımsızlıq halı onun varlığına çökə bilməzdi. Vətən söhbətində isə qətiyyən səbir edə bilmirdi. Nankor ermənilərin xəyanətkar əməllərindən söz düşən kimi qəzəbi yaman cuşa gəlirdi. Həmişə gileylənirdi ki, qonşu kimi daşnaklara nahaq yerə biz yaxşılıq etmişik, çünki nadana yaxşılıq etmək şoranlığa toxum səpmək qədər səmərəsiz bir əməldir. Çox heyf...
      Sənan Xaçmaz rayonunun igid yetirməsidir. 1966-cı il iyul ayının 1-də Susay kəndində öz halal əməyi ilə dolanan Məlikməmməd kişi ilə Cavahir xanımın, necə deyərlər, conbeşiyi kimi dünyaya göz açıb. Yeddinci övlad olsa da, onun gəlişi sayalı olub. Dörd qardaşdan və üç bacıdan ibarət olan ailə təsərrüfatı xeyli qol-budaq atıb. Məlikməmməd kişi nurani bir ata kimi yalnız hər şeyin yaxşısına nail olurdu. Müsibətə, hər hansı ağrıya tuş gəlsə də, öz qismətinə həmişə üzüsulu boyun əyib, səsini çıxartmayıb, acı-acı şikayətlənməyibdi. Onun zəngin həyat təcrübəsi vardı. Alman-covet savaşının məşəqqətli günlərini, möhnətli hallarını yaşamış qocaman bir şəxs hər hansı xataya yol verərdimi?! Əlbəttə, yox! 1-ci qrup müharibə veteranı olaraq yüksək haqq sahibi sayılsa da, kimsəyə qarşı ucadan söz deməzdi. Yalnız vətənçiliklə öyünərdi. Dəyərli yaşayışın dəyərli də qisməti olur. Bu günümüzün Sənanı dünənimizin Məlikməmməd kişisidir. Rəhmətlik az yaşamadı. Düz 102 il namuslu ömür sürdü. Qəbri daim nurludur. Çünki ana vətənimizə Sənan kimi oğul bəxş edib. Bu, əvəzi ödənilməyən bir töhfədir. 
      Həmyaşıdları arasında həm davranışına, həm də xarakterinə görə tez gözə çarpan Sənan kənd məktəbində də fərqlənirdi. Orta təsilinin 8 sinfini doğma Susayda keçirdikdən sonra Xudat şəhər 2 saylı orta məktəbdə kamal attestatına sahib olub. Yalnız əla və yaxşı qiymətlərlə oxuyan Sənanın Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə qəbul xəbərini eşidəndə heç kim şübhələnməyib. Həqiqətən ən etibarlı müdafiə bilik və bacarıqdır. Necə ki, Sənan öz daxili qüvvəsi hesabına taleyini idarə etmək məharətini qazanıb. Bu səbəbdəndir ki, daim uğur üstünə uğur gətirir. Öz gücünə inanmaq, öz məharətini dərk etmək onu məğlubedilməz edir.
            Ali təhsil Sənanın vətəncanlı təbiətini elə incə bir tərzdə cilalayırdı ki, o hər gün yeni bir ideya ilə səhəri qarşılayırdı. Gecə-gündüz öz bilik dairəsini artırmaqdan doymurdu. Lakin təhsil müddətinin orta çağında onun əsgərliyə göndərilməsi sönməz tələbə yaradıcılığına yersiz bir fasilə verdi. Sovet əyyamında yaşayanlara bu məsələ yaxşı bəllidir. Bir müddət əyani ali təhsil alanları əsgərlik yaşı çatan kimi müddətli hərbi xidmətə cəlb edirdilər. Sonra bu təcrübənin səmərəsizliyi təsdiqləndi. Di gəl ki, Sənan ali təhsil ocağına əyani formada qəbul olsa da, sovet əsgər taleyini yaşamalı oldu. Beləliklə onun hərbi qeydiyyat ixtisası haçalandı. 1985-1987-ci illərdə Sovet İttifaqının uzaq Çita şəhərində əsgər kimi tankçı, 1990-cı ildə isə mühəndis ixtisası üzrə aldığı ali təhsil diplomu ilə yanaşı başa vurduğu hərbi kafedranın müvafiq qərarına əsasən zabit kimi topçu adını qazandı. Bu “alın yazısı” Sənanın vətəncanlı ürəyinin əksinə deyildi. Axı, qanı-canı ilə vətənə vurğun kəsilən cəsur insanların uca Allaha yaxınlığı da fərqli biçimdədir. Ədalətli Tanrımız yurdunu sevənlərə çox həyan olur və “alın yazısını” onların ruhuna uyğun qələmə alır. Beləliklə Sənanın sahib olduğu hünər onun mənəvi aləminin ən bərəkətli bir qüvvəsi olaraq zamanın bəyan etdiyi savaşa öz sözünü dedi.
       Belə ki, Sənan sevdiyi əmək fəaliyyətinə Sabunçu maşınqayırma zavodunda başlamışdı. Mühəndis-texnoloq kimi yüksək əmək göstəricilərinə nail olaraq təcrübəli zəhmətkeşlərdən geri qalmırdı. Əmək stajının birinci ili 20 Yanvar faciəsinin fonunda çox acı ovqat yaratmışdı. Növbəti il isə erməni daşnaklarının Dağlıq Qarabağda törətdikləri qanlı hadisələrin ucbatından Sənanın yalnız kədər qarışıq qəzəb hisslərini artırmışdı. Evləri viran olan, öz dədə-baba obasından qaçaq düşən yurddaşlarımıza bəs kim pənah aparacaq?! Bu fəlakəti özbaşına qoymaq olarmı? Məhz bu suallarla bağlı olaraq Sənanın iş stolunda əsas söhbət mövzusu mühəndislikdən çox daşnak xəyanəti ilə bağlanırdı. İçini qəzəb hissi dağıdan mərd oğullarımız qəfil daşnak basqılarına məruz qalan rayonların özünümüdafiə taborlarının sırasına könüllü surətdə qoşulurdu. Sənan isə bir gün elə hiddətləndi ki, rəhbərliyin icazəsi olmadan işlədiyi zavodun arxa tərəfində yerləşən hərbi komissarlığa getməli oldu. İlk fərdi söhbətdə qəti qərar qəbul edildi: “Mən daha dözə bilmirəm, indi savaş dəmidir, daşnaklar yerində oturdulmalıdır. Yoxsa bu dünyada yaşamaq bizə haram olar!...”
        Bu xəbərdən ata qürurlandı, anası Cavahir xanımın isə göz yaşı sel kimi axmağa başladı. Öz həyat gücünü övladlarından alan ana bir Sənana görə sanki taqətdən düşmüşdü. Səhərin gözü açılandan günbatanadək yurd naminə döyüşə atılan övladının sağ qalması üçün dualar oxuyurdu. Bircə ata nikbinliyi onu sakitləşdirirdi. Məlikməmməd kişi deyirdi ki, bizlərə iztirab, ah-nalə yaraşmır, müharibə bizə nə qədər ölüm-itim verəcək, düşmən vaxt ikən qanına qəltan olmalıdır, vəssəlam!... Əslində bizi heyran edən iradi keyfiyyətlər Sənana öz atasından keçmişdi. Bu, öyündürücü mənəvi varislikdir. Son nəfəsdə  Məlikməmməd kişinin övladlarına söylədiyi öyüd-nəsihətlər bu gün də çox düşündürücü məqamlarda Sənanın qulaqlarında səslənir: ”Mənim övladlarım, Əzrailin nəfəsi üzərimdə aydın duyulur. Dünyamı dəyişməyə az qalıb. Qəm etməyə dəyməz. Mənim bu fani dünyada sizin kimi şərəfli əvəzedənlərim var. Heç vaxt İblisin oyuncağı olmayın. Canınıza can qatın, soyunuza soy qatın!  Yalnız haqqın tərəfində olun. Könüllərə məhəbbət toxumu əkin. Tək ürək, tək bilək olun. Həyat yolunda bəzən başınıza gələn xatalardan çox çəkinməyin. Günah insan üçündür, əsas odur ki, ondan dərs alasan. Bir-birinizin könül yürdu olun. Sənan, sən öz döyüşçü şərəfinlə mənim ömrümə ömür qatdın, rəbbimə çox şükür! Allah şükür edənləri mükafatlandırır. Bu yaşlı gözüm qapansa da, heç vaxt qəm yemərəm. Bilirəm ki, biz erməni ordusunu tar-mar edəcəyik. Allah kəfənə qarşı biləyinizə qüvvət versin! İnşallah, düşmənin canını almadan can verməzsiniz!...”
        1991-ci ilin noyabr ayında 25 yaşlı leytenant Sənan Məmmədovun adı bir-iki günün içərisində yeni yaradılan gənc ordumuzun ilk zabiti kimi milli hərb tariximizə yazıldı. Hərbi libaslı yerişində, qürurlu duruşunda ancaq ümid ruhu duyulurdu. Peşəkar döyüşçülərimiz barmaqla sayılsa da, Silahlı Qüvvələrimizin ilk hərbi and içən oğullarımızın sırasında Sənan qeyri-peşəkar kadr kimi görünmürdü. Hərbi bilgiləri onu hamının gözündə başqalaşdırmışdı. Axı, ehtiyatdan gələn zabitə bir qədər az təcrübəli şəxs kimi baxırdılar və ölkə rəhbərliyi tərəfindən bu məsələnin həllinə qarşı göstərilən diqqətsizlik ordumuzun ilk hərbi əməliyyatlarının təşkilində çox əngəllər törədirdi.
      Təbii ki, gənc zabitin start xətti taqım komandirliyindən başlayır. Bu vəzifədə təməlin necə qurulmasından çox şey asılıdır. Sənan 18110 saylı hərbi hissə kimi formalaşan taborda ixtisasına uyğun olaraq tank əleyhinə batareya komandiri vəzifəsinə təyin edilsə də, zəruri silah və texnikanın yoxluğu üzündən motoatıcı taqım komandiri kimi xidmət etməyə başladı. Tabeliyində olan əsgərlər yaş etibarı ilə ondan böyük olmasına baxmayaraq əksər hallarda milli əxlaqi dəyərlərə elə üstünlük verirdi ki, kollektiv daxilində hər hansı narazılıq halı hiss edilmirdi. Böyük-kiçik münasibətlərində hərbi qanunlarla yanaşı əsl səngər qardaşlığı hökm sürürdü. Söz yox ki, məmnunluq ovqatının əsas səbəbkarı Sənan idi.    



 Sənanın burnuna ilk müharibə iyisi Ağdərənin Aterk kəndində dəydi. Qətiyyən qorxu hissi yaşamırdı. Yəni qarşıdurma da elə güclü deyildi. Onun taqımı dığaları bir-iki güllə hesabına tez susdururdu. Əvvəllər necə gəldi üstümüzə şığıyaraq azərbaycanlı yaşayan kəndləri, evləri oda bələyən ermənilər indi hiss edirdilər ki, daha bizim tərəfdə də silahlı müdafiəçilərimiz var. Əsgərlərimiz verilən hərbi tapşırıqları gülə-gülə icra edirdilər. Bəzən güllə qıtlığı çəksək də, hədə-qorxu hesabına dığaları sakit dayanmağa məcbur edirdik. Sənan soyadlarını yadında saxlaya bilməsə də, Cəlal, Səbuhi, Elbrus, Mübariz, Elşad, Elmar, Zaur, Şahin və digər əsgərlərinin cəsur hərəkətlərini heç unuda bilmir. Onlar düşmənin başına tərs dəyirman fırladırdılar. Asudə dəqiqələrdə isə təlim xarakterli söhbətlər aparılır və silahdan təhlükəsiz istifadə qaydalarından tutmuş sərrast atış sirlərinədək bütün incəliklər izah edilirdi. Hərdənbir  təcrübi sınaqlar imkanı yaranırdı. Həm yemək-içmək çətinliyi, həm də hər əks-basqıdan sonra meydana gələn sursat problemi vacib gündəlik məsələ kimi qarşıya qoyulurdu.
      Bir dəfə Bakıya ezam edilən Sənan əlinə fürsət düşmüşkən ata-anasına baş çəkdi. Cavahir xanımı bir təhər sakitləşdirə bildi. Atası isə Sənan danışdıqca şaqqanaq çəkib gülürdü. Çünki Məlikməmməd kişi əsl sovet kəşfiyyatçısı olmuşdu. 2-ci  Dünya müharibəsində Polşaya qədər gedib çıxa bilən və həmişə alman faşistləri arxasında ağır kəşfiyyatçı tapşırıqlarını yerinə yetirən sovet əsgəri üçün Dağlıq Qarabağ savaşının ilk dövründə baş verən silahlı qarşıdurmalar öz kəm-kəsirli cəhətləri ilə gülünc doğururdu. Hər ehtimala qarşı ata öz övladına dəyərli məsləhətlər verir və taktiki savaş bicliklərini öyrədirdi.
        ...Komandanlıq tapşırıq vermişdi ki, Ağdərə döyüşlərində üstünlüyə nail olmaq üçün Arutunaqomerə gedən yol açılmalıdır. Xüsusi göstərişə əsasən Sənanın taqımı da əsas postları Qarabağ silsiləsinin yamacında yerləşən Vaquas kənd qəbiristanlığında qurmuşdu. Səhər tezdən yalnız müdafiə işləri görülürdü. Postlarda müşahidə işi yaxşı qurulmuşdu ki, qəfil həmlələr zamanı az itki verək. Təxminən saat 11.30 radələrində qəbiristanlıqdan 1 km aralı yüksək bir təpədən  dığaların qırıq-qırıq səsləri gəlirdi. Açıq hiss edilirdi ki, düşmən nəsə həmlə hazırlığı üçün var-gəl edir. Kəşfiyyatın operativ məlumatları növbəti həmlənin planlaşdırılmasından xəbər versə də, taqım əsgərləri bir səbəbə görə özlərini azacıq arxayın aparırdılar. Öz-özlüyündə belə fikirləşirdilər ki, ermənilər öz qəbiristanlığını atəşə tutmazlar. Amma Sənan hər ehtimala qarşı sayıqlığı itirmirdi. Deyirdi ki, erməniyə vəfa edən ölümünə imza atar. Daşnak deyilən bir murdar məxluqdan ötrü müqəddəs dəyər yoxdur. Erməni xislətinə yaxşı bələd olan Sənan da hərbi taktiki gedişlərində yalnışlığa yol verməzdi. Daim düşmənin hiyləgər əməllərinin doğuracağı təhlükəni tez duyurdu.
      Qərargah zabiti Elşad Zərbəliyev də taqım komandiri ilə birgə ərazinin strateji nöqtələrini dəqiqləşdirmək üçün gəlmişdi. Onlar təminat məsələsini götür-qoy etdikdən sonra narahatlıq doğuran təpəyə sarı gedəndə dığaların atdığı mina təxminən 4 metr aralı yerə dəyib partladı. Zərbə dalğası hər ikisini yerə çırpdı. Sənan özünə gələn kimi sürünərək iri bir daşın altına qısıldı. Elşad da özünü çox itirmədi. Minaların atışı isə dayanmırdı. Sürətli və iti mina qəlpələrinin təsirindən kəsilən, didiklənmiş armatur parçaları Sənanın gözünə sataşanda Allahın adını səsləndirərək dərindən bir ah çəkdi:
     - Ya Allah, vəkilimiz sənsən! Biz haqq döyüşü aparırıq, bizə arxa ol, Allahım!
     Mina qəlpələri nəhəng ağacların başını doğram-doğram etmişdi. Ətraf ərazidə təbiət sanki bir an içərisində payızlaşmışdı. Şrapnel mərmilər isə qəbiristanlığı bir cəhənnəm ocağına döndərmişdi. Vəziyyətin kəskinliyini nəzərə alan Sənan ucadan çığırdı ki, öndə gedənlərdən heç kim sığındığı yerdən çıxmasın. Lakin şrapnelin bir iynəsi Elbrusu yaxalamışdı. Onu çətinliklə olsa da sürüyüb dərin bir çökəkliyə saldılar ki, artilleriya atəşi kəsildikdən sonra təxliyə edilsin. Sənanın sığındığı məkan fasiləsiz vurulurdu. Atəşlərin ona doğru istiqamətləndirilməsindən yəqin etdi ki, qəbiristanlıq yaxın bir nöqtədən yaxşı müşahidə edilməkdədir.   
      Mina atışı kəsilən kimi Sənan cəsur manqa komandiri çavuş Məhəd Tağıyevi yanına cağırdı:
      - Təkcə sənin əsgərlərin kifayət edər. Qalan qüvvələr bizi himayə etsinlər. Qarşıdakı təpədən çox şübhələnirəm. Bizi oradan izləyirlər. Təpəni ələ keçirməsək, biz bu dığa qəbiristanlığında yerə gömülərik...
      - Yoldaş leytenant, şübhəniz əsaslıdır. Bəlkə, həmləmizi gecə döyüşünə saxlayaq. Onlar yüksəklikdə, biz isə aşağıdayıq. İtkimiz çox ola bilər.
      Hövsələsi daralan Sənan ucadan çığırdı:
      - Yox... əcəli yetən it nə cür hürüməyini bilməz. Qoy bir saatlıq da hürüsünlər. Vaxtı yetişən kimi qudurğan dığaların qanı yerə tökülməlidir. İnşallah, təpəni tez ələ keçirərik...
     Deyirlər ki, ümid ilə çarəsizlik arasında bir addımlıq yol var. Hələ səbir etməyə dəyər. Odur ki, Sənan tələsməyi üstün saymadı. Güllətutmaz yerdə manqanı təxminən bir saata qədər gözlədi. Çünki sərbəst hərəkət mümkün deyildi. Bir əsgərimiz açıq şəkildə hərəkətə keçən kimi həmin nöqtə nişana alınır və atəşlərin səsi ərşə qalxırdı. Nəhayət, çavuş Məhəd Tağıyevin manqası nəzərdə tutulan səmtlərdə həmlə əmrini gözləməyə başladı. Sənan hələ fikirləşirdi. Gözləyirdi ki, bəlkə, düşmən özü qabağa çıxa bilər. O zaman əks-həmlə ilə yaxşı nəticə qazanmaq olar. Amma dığalarda o hünər görsənmədi.
                         
      Sənan qaş qaralmazdan bir az qabaq həmlə əmrini verdi. Təpəyə 50 metr qalana qədər irəliləmək mümkün oldu. Lakin yerdəyişmə zamanı düşmən gülləsi Məhədin çiynindən dəydi və o, yerə yıxılanda Sənan onu himayə etməyə cəhd göstərsə də, avtomat silahı susdu. Hətta tətiyi də çəkə bilmədi. Sən demə, Məhədi yaxalayan güllə qatarının biri də Sənanın avtomat silahının əsas işlək hissəsini dağıtmışdı. Hirsi onu yaman boğsa da, özünü itirmədi, bir sıcrayışla yerə yıxılaraq yiyəsiz qalmış Məhədin silahını götürdü. Aramsız cavab atəşi ilə təpədəki dığaları susdurdu və imkan var ikən Məhədi sürüyərək güllə tutmayan bir yarğana saldı. Manqanın cəsur əsgərləri Nemət Məmmədov və İsmayıl Babayev həmin dəqiqələrdə hər iki komandiri bacarıqla himayə edə bildilər. Qaranlıq çökəndən sonra Məhəd təcili surətdə təxliyə olundu. Lakin döyüş mövqelərini heç kim tərk etmədi. Səhəri gün leytenant Qurban Qurbanovun taqımı təpənin əks tərəfindən hücuma keçdikdən sonra ikitərəfli həmləyə dözə bilməyən düşmən qüvvələri bütün silahlarını, müşahidə cihazlarını da qoyub qaçdılar. Məlum oldu ki, həmin təpə əsas müşahidə məntəqəsi sayılırmış. Buradan təyin edilən oriyentirlərə əsasən Vəng tərəfindən minaatanlar bizi daim atəş altında saxlayırdılar. İki cəsur və fədakar taqım komandiri Sənan və Qurbanın  ağıllı idarəetmə işi daşnakların həmin müşahidə gözlərini kor etdi.  
       Ordumuzun təməl daşları qoyulduğu gündən etibarən Sənan Məmmədovun tabeliyində əsgər kimi döyüşən, zəngin savaş səriştəsinə yiyələnən və göstərdiyi misilsiz qəhrəmanlıq əməllərinə görə zabit vəzifəsinə təyin edilən Elman Quliyevlə Məhəd Tağıyevin öz döyüş komandiri barədə fikirləri görün necə ülvi məmnunluq hissləri doğurur.
      Medallı zabitimiz Elman Quliyev: “İdarəetmə işində əsgər qəlbini məftun etmək komandir üçün böyük qələbədir. Bu qələbəni nə ağılsız şücaətlə, nə də təngə gətirən hərbçiliyə yad təlxək və süni hərəkətlərlə qazana bilərsən. Bu qələbə yalnız gerçək mərdanəliyə istinad edən layiqli etimad hesabına qazanılır. Sənan Məmmədov mənim bir nömrəli igid komandirimdir. Onunla birgə döyüşə çıxmaq adamı xüsusi şövqə gətirir, ruhlandırır, mərdləşdirir. Sənanın yanında qorxağın duruşu mümkün deyil. Komandir kimi onun cəsur hərəkətlərinə baxan qorxaq əsgər ixtiyarsız olaraq tədricən cəsarətləşir...”
      Ordenli zabitimiz Məhəd Tağıyev: ”Döyüş komandirim Sənan haqqında söz demək məni çox qürurlandırır. O, bizə təkcə komandir yox, həm də doğma qardaş olub. Necə deyim, təbiətin, həyatın, varlığın gizli sirlərini adətən alimlər açırlar və bu, bəzən böyük təqiqatlar tələb edir. Müharibədə isə bir savaşma döyüşçü mənəviyyatının hər üzünü açıb ortaya qoyur. Mən Sənanın yüksək dəyərli səngər qardaşlığına qibtə edirəm. O, lazım gələndə səninlə birgə ölməyə, səninlə birgə güllə yağışı altında hünər göstərməyə hazır bir komandir olub...”
       Sənanın döyüş yolu çox keşməkeşli olub. Daşnak qudurğanlığına qarşı ilk zərbələr, uğurlu Ağdərə döyüşləri, Kəlbəcər mühasirəsinin qəhərli yaşantıları, tutarlı Füzuli həmlələri, ağır dirənişli Seysulan savaşı – bu hərbi əməliyyatlar Sənanın rəşadət və məşəqqət dolu döyüşçülük tarixini özündə əks etdirir. Yalnız öndə gedib. Hədsiz acı tale yaşamasına baxmayaraq yuxarı hərbi komandanlığın razılığı olmadan bir addım da geri çəkilməyib. Formal mənada desək, Sənan Məmmədovun döyüşçü taleyi cəmi üç hərbi hissə ilə bağlı olub. Onlardan ikisi eyni heyətlidir. Yəni Sənanın ilk qədəm atdığı 18110 saylı hərbi hissədə döyüşçülər xüsusi təşəbbüs göstərərək beş rəqəmli şərti işarəni dəyişmiş və “701” etmişdilər. Bu da ordumuzda şərti ad islahatına səbəb olmuşdu. Bir də ki, şərti rəqəmlər hərbi hissənin adını dəyişsə də, onun qranit əqidələrə söykənən mənəvi birliyini poza bilməzdi. Göstərilən təşəbbüsün arxasında yüksək milli ideya ilə yanaşı müqəddəs istəklər səslənirdi. “701” rəqəmi bizlər üçün ona görə adi rəqəm sayılmır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaşam günlərinin cəmi kimi rəmzləndirilir. Əsl səbəb də budur.  Sənanın bütün səngər qardaşları söz düşəndə “biz 701 fədailəriyik” deməklə xüsusi qürur hissi keçirirlər. Sənanın ikinci doğma hərbi hissəsi çağdaş hərb tariximizdə sayılıb-seçilən “yeddi yüz yetmiş yeddidir”. Odlu səngər günləri ilə dolu olan taqım və bölük komandiri mərhələlərini 701 saylı motoatıcı briqadada mərdanə keçdikdən sonra Sənan həqiqi hərbi xidmət prosesində qalan vəzifə pillələrini sürətlə addımlayıb.
      Nəhayət, zəngin döyüş təcrübəsinə malik olan Sənan Məmmədov atəşkəs dövründə fərqli tərzdə göstərdiyi qərargah mədəniyyətini, uçot işinin təşkilində münasib qabiliyyətini, dəyərli işgüzarlıq keyfiyyətlərini, habelə hərbi xidmətlə bağlı geniş bilik və bacarığını nəzərə alaraq 777 saylı hərbi hissənin kadrlar və nizami bölmə rəisi təyin edilib. Daha sonra çox məsul postlarda sınanıb. Həmişə tabe olduğu komandanlığa nümunəvi xidmətlərinə görə üzağlığı bəxş edib. Müxtəlif mükafatlara layiq görülüb. 2016-cı ildən etibarən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılsa da, yenidən Müdafiə Nazirliyində dovlət qulluqçusu kimi fəaliyyət göstərməyə dəvət olunub. Çünki bütün varlığı ilə ana yurdumuza bağlı olan bu veteran qardaşımız Azərbaycanımızın müdafiəsi üçün həmişə yararlı bir igiddir.
       Bu gün ordumuzun hərtərəfli inkişafı baxımından Sənan özünü dərdli sanmasa da, hər dəfə ata-anasını ziyarət etməyə gedəndə çox qəhərlənir. Çünki dədə-baba torpaqlarımızın azadlığı naminə tam qələbə sorağında olan ata ruhuna hələ cavab verə bilmir!...                                                                                                                 
                                                                                                  İbrahim MƏSİMOĞLU 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”