BİR TANK DÖYÜŞÜNDƏN REPORTAJ: SƏMƏDİN MİSİLSİZ RƏŞADƏTİ



26 aprel 1994-cü il. Dan yeri söküləndən bəri dünya sanki Səmədin başına uçurdu. Səhər yeməyi də boğazından iştahsız keçdi. Əsəblərini, kinli duyğularını cilovlaya bilməyən Səməd komanda verilmədən öz tuşlayıcı postunda oturdu və əlini hava telefonuna atdı:
- Afiq, yanıma gəl, sözüm var.
Çavuş Afiq Məmmədov onun danışığının ahəngindən anladı ki, Səməd özündə deyil. Yenə qanı damarlarına sığmır. Özünü tez Səmədin yanına çatdırdı.
Səməd sözlərini çox ciddi dedi:
- Afiq, bilirsən nə var?
- Deyərsən, bilərəm.
- Komandirimizə də deyəcəyəm. Mən indi döyüşə çıxmaq istəyirəm. Əfras və Elxan mənimlə getsə, bəsdir. Özüm həm də komandir vəzifəsini aparacağam. Sayıq ol, əlaqəni kəsilməyə qoyma.
- Səməd, qadan alım, bir az gözlə. Piyadaların hücum komandası hələ verilməyib. Gözlə, piyadalarla birgə irəli çıxarsan.
- Mən gedirəm, bu gün ürəyim belə istəyir. Düşmən müdafiəsini yaran kimi piyada dalımca gələr, - deyə Səməd fikrindən dönməyəcəyini qəti söylədi.
Səmədin təcrübəsinə, döyüş qabiliyyətinə yaxşı bələd olan komandir etirazını bildirmədi.
...Damarında canavar qanı gəzdirən dığalar məəttəl qaldılar. Kinli baxışları ilə ətrafı lərzəyə salan Səmədin tankı çevik manevrlərlə atəş yağdıra-yağdıra düşmənin üstünə şığıdı. Ancaq, nədənsə, sürücü-mexanik Əfras Azayev sürəti azaldıb geri dönmək istədi. Səməd onun fikrini hiss edib hirsli-hirsli çığırdı:
- Sürəti azaltma!
- Axı nişangahı rahat düzəldə bilmirsən. Piyadalarımız da gəlib çatmayıb.
- Sən öz işində ol, hədəfi pis görmürəm, - deyə Səməd tuşlayıcı oturacağında rahatlanıb aramsız atəş açır. Nə tankın lüləsini, nə də pulemyotu boş qoyur.
Düşmənin “Niva”sı çırthaçırt alovlanır. Üstəlik, bir tankı da susdurulur. Ora-bura vurnuxan düşmən piyadaları Səmədin tankını vurmağa fürsət tapa bilmirlər.
Bu vaxt Afiq həyəcanla qışqırır:
- Səməd, daha bəsdir, geri qayıt.
Öz cənginin ləzzətinə qapılan Səməd isə cavab vermir. Onun tankı 15 dəqiqə ərzində düşmənin üç iri səngərini şumlayır, xeyli piyada məhv edir. Sonra qızmış aslan kimi iki tankı qabağına qatıb qovur. Elə bil, düşməni öz qorxmazlığı ilə ovsunlayır. Piyadaların matı-qutu çəkilir. Səmədgilə atılan mərmilər boşa çıxır.
Piyadalarımız gec də olsa yavaş-yavaş irəliləyirlər. Səmədin ekipajına istirahət etmək hava, su kimi lazım olur. Döyüşməkdən dəli divanə olmuş Səmədin özü də tənəffüs etmək istəyir. Əfsus ki, Korqan kəndinin ağaclığında gizlənən düşmən tankı ekipajımızın yorğunluğundan istifadə edə bilir. Onun atdığı mərmi tankımızın qülləsinə dəyir.
Rabitə kəsilən kimi Afiqin dalağı sancır, çöhrəsi tutqunlaşır:
- Yəqin ki, Səmədgili vurdular.
Afiq piyadaların arxasınca qaçır. Cəbhədaşı Səmədi soraqlayır.
- Ay Səməd, ay Səməd, axı dedim ki, geri qayıt, - deyə Afiq Səmədin arxasınca acıqlanır.
Nəhayət, Afiq tankın yanına yetişir. Ekipajın sağ qaldığını görüb sevinir. Lakin Səməd ağır yaralanmışdı. Sol qoluna üç yerdən iri qəlpə girmiş, huşunu itirmişdi.
Səmədi tankdan çətinliklə çıxarıb tibb məntəqəsinə aparırlar. Cəsur tankçı, qaxlı Sərdar kişinin igid oğlu Səməd Orucovun yaralanması xəbəri ön cəbhəyə tez yayılır. Briqadanın əsgərindən tutmuş komandirinə kimi hamı kədərlənir. Çünki Səmədi hələ Kəlbəcər bölgəsindən tanıyıb sevirdilər. Səməd ən ağır əməliyyatlarda tankla tarana gedirdi. O, müharibə tarixində görünməmiş lülə davasına çıxıb. Səmədin qırdığı düşmən piyadaları saya gəlmir, dörd düşmən tankını, neçə-neçə texnikanı şaqqalayıb. Ordumuzun dərin rəğbətini qazanmış belə bir igidə biganə qalmaq, belə qorxubilməz vətən oğlunun ağır sızıltılı yarasına acımamaq olarmı?
Bu günlərdə şad bir xəbər eşitdik. Hərbi hissə komandiri misilsiz igidliyinə görə Səməd Orucovu yüksək dövlət mükafatına təqdim edib.

İbrahim MƏSİMOĞLU
11 may 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”