İNAM
Laçınlı çavuş Bəhruz
Əsədulla oğlu Şahbazov hələ respublikamızda nizami ordu quruculuğu işlərinə
başlanmazdan əvvəl də əlinə silah alıb erməni quldurlarına qarşı vuruşurdu. O, səhər
gözü açılandan gün batanadək at belində o kənddən bu kəndə gedir, azğın erməni
faşistlərinə torpağımızda ağalıq etməyə, vəhşilik göstərməyə aman vermirdi. Tüfənginə
gülləni öz cibi hesabına əldə edirdi. Bəzən pulunu son qəpiyinə kimi silaha xərcləyirdi.
Nəhayət, arxalı düşmən
güc gəldi. 24 yaşlı igidimizin ata-anası, bacı və qardaşları doğma Alxaslı kəndindən
qaçqın düşdülər. Dar gündə igidin xəncəri qınında qalmaz. O gündən etibarən hünərli
qardaşları Vüqar və Fuad da el müdafiəçilərimizin dəstəsinə qoşuldular. Ailənin
digər üzvləri isə Ağcabədi rayonunda özünə sığınacaq tapdı.
1992-ci ilin yayı
idi. Bəhruz artıq “N” hərbi hissəsində xidmət edirdi. O, çox böyük cəsarətlə
düşmən arxasına keçir, vacib obyektləri sıradan çıxarır, rabitə xətlərini
dağıdırdı.
Bir dəfə tapşırıq
“N” kəndində həyata keçirilməli idi. Həm ağır, həm də dəyərli olan bu əməliyyat
baş tutsaydı, Laçın rayonunu azad etmək üçün əlavə imkanlar qazanılacaqdı.
Döyüşçülərə başçılıq etməyi öhdəsinə alan Bəhruz real vəziyyəti dərindən təhlil
edərək müəyyən qənaətlərə gəldi:
- İki gün müşahidə
aparmalı, sonra 47 nəfərlə kəndin içərisinə girməliyik. Hələlik odlu silahdan
yox, yalnız balta və bıçaqdan istifadə edəcəyik.
İlyas Cabbarovla
aparılan məsləhətləşmə də fayda verdi. Nə isə, igid meydanda məlum olar. Qaş
qaralanda Bəhruzgil kəndə yaxınlaşdılar. Qabağa üç nəfər dozor göndərildi. Gecə
məlum oldu ki, alma bağında ağır texnika var. Postlarda ayıq-sayıqlıq azdır.
Demək, bu gecə quldurlara divan tutmağa yaxşı fürsət yaranıb.
Bəhruz bu yerlərdə çox
daban döymüşdü. Hər qarışına bələd idi. Lakin yenə həyəcanlanırdı. Nabələd
döyüşçülər planı dürüst yerinə yetirməsələr, əsir düşə bilərdilər. Odur ki, kəndə
girməzdən əvvəl döyüşçülərlə hər şeyi yenidən, bütün incəliyinə qədər götür-qoy
etdi.
Gecə yarıdan
keçmişdi. Kəndə ölü bir sakitlik çökmüşdü. Bəhruzgil döyüş tapşırığını yerinə
yetirməyə başladılar. Düşmən kazarmasını partlatmaq üçün mina qoyuldu. Kənddə
yerli əhali az idi. Sən demə, ermənilərin əksəriyyəti döyüşlərdən təngə gəlib
rayon mərkəzinə gedibmiş. Qərəz, qarşıya qoyulan tapşırıqların yarısına əməl
edilmişdi. Birdən bizimkilərin artilleriya atəşi başladı. Bəhruzgilin işi
yarımçıq qaldı. Kələfin ucu itirildi. Mərmi yağışından daşlar, divarlar dilə gəldi.
Kənd vəlvələyə düşdü. Əfsus ki, qərargaha operativ məlumatın verilməsi də ləngidildi.
Ara elə qarışmışdı ki, bizimkilər və düşmən qüvvələri bir-birindən seçilmirdi.
Bəhruz məəttəl qalmışdı. O, özünü ələ alaraq artilleriya atəşindən qorunmaq
üçün gözünə sataşan üstü beton örtüklü bir çardağın altına girdi və gördü ki,
bura yığışanların hamısı ermənilərdir. Bəziləri qorxudan zağ-zağ əsirdi.
Yaralıların iniltisindən ağız deyəni qulaq eşitmirdi. Vəziyyətin nə yerdə
olduğunu anlayan Bəhruz papağını gözünün üstünə çəkdi ki, tanınmasın. Özünü ələ
alıb, bu dar məqamda belə vəziyyəti təhlil edərək qiymətləndirməyə çalışdı:
“Dığaları yersiz diksindirdik. İndi adı batmışların yatanları da ölü kimi
xortlayıblar. İndi gəl, oyaq düşmənin içərisində iş gör, görüm necə görürsən?
Mütləq səhərədək kənddən çıxmalıyıq. Nə etdiksə, qənimətdir. 20 nəfər erməni
quldurunu cəhənnəmə göndərmişiksə, demək, bu gecəki zəhmətimiz hədər getmədi”.
Mərmi və topların səsi
kəsiləndə Bəhruz beton örtüklü çardaqdan çıxıb beş barmağıtək bələd olduğu
yollarla kəndin kənarına doğru daban qırmadan irəlilədi. Sən demə, həmin
sığınacaqda bir neçə döyüşçü yoldaşı da varmış. Hamı bir nəfər kimi əməliyyatdan
sağ-salamat qayıtsa da, bu istiqamətdən Laçının dərdinə əlac tapılmadı. Bəhruzu
narahat edən də doğma yurdun nicat məsələsi idi.
1992-ci ilin
yanvarınadək Bəhruz əsgər kimi erməni qəsbkarlarına qarşı inadkarcasına
döyüşüb. Əsasən qumbaraatançı olub. Amma əlindən, maşallah, hər cür cəngavərlik
gəlib. Hərbi əməliyyatlardan şikarsız qayıdanda, 2-3 gün kefi açılmayıb. Laçın
rayonunun Qayın qəsəbəsində gedən döyüşdə düşmənin 1 ədəd zenit raket qurğusunu,
1 ədəd minaatanını və 1 ədəd “DŞK”-nı ələ keçirib. Suarası kəndində düşmənin 1 ədəd
“PDM”-ni, 1 ədəd “QAZ-66” maşınını qumbaraatanla çilik-çilik edib. Döyüş
qabiliyyəti, iti düşüncəsi, cəsarəti, təşkilatçılıq bacarığı ilə komandirliyi
valeh edən çavuş Bəhruz Şahbazov 1992-ci ilin yanvarında taqım komandiri vəzifəsinə
təyin edilib. Hərbi hissə komandiri rütbəcə çavuş, vəzifəcə zabit olan Bəhruz
Şahbazova böyük ümid bəsləyir.
Laçından ötrü
burnunun ucu göynəyən Bəhruzu döyüş həyatı yaşadır. Bəlkə də, o, vuruşmasaydı,
ürəyi partlayardı. Hər dəfə xatirələrini söyləyəndə sanki əynindən bir köynək dərd
çıxarır, doğma Alxaslı kəndinin ağrısı çökmüş ürəyinin qəm yükü azalır:
- 1992-ci il
sentyabr ayının 30-da Fətəlipəyə kəndinə hücuma keçdik. Laçını geri qaytarmaq
üçün real imkanlar vardı. Qudurğanlıq edən erməniləri yerində oturtmaq lazım
idi. Savaşın əvvəlində döyüşçü yoldaşım Əliyar Əliyev həlak oldu. Söz vermişdik
ki, bu dəfə nəyin bahasına olur-olsun, düşmənin müdafiəsini yaraq. Texnika
sarıdan güclü olan düşmənimiz şiddətli müqavimət göstərirdi. Axşamçağı
qruplarımızın rabitə əlaqəsi kəsildi. 9 nəfər döyüşçü və mən tək qaldıq. Manevr
etməyə imkan yox idi. Cinahlarımızı yoxlaya bilmirdk. Açıqlığa çıxan kimi güllə
atəşinə məruz qalırdıq. Bir gün ac dolandıq. Yaxşı ki, yaxınlığımızda qoz ağacı
vardı. Qoz yeməklə aclığın qabağını aldıq. Səhər düşmən biz yerləşən mövqedən həmləyə
başladı. Üstümüzə 5 ədəd tank, 2 ədəd PDM gəlirdi. Mən qumbaraatanımla hazır
dayanmışdım. Bir düşmən PDM-i düz üstümə gəlirdi. Aramızda 50 metr qalar-qalmaz
atəş açdım. PDM alova büründü. Tozanaq qopdu. Bundan istifadə edib yerimi dəyişəndə
düşmən tankı məni haqladı. Onu vurmağa imkan tapmadım. Sıçrayışla bir çuxura
tullandım. Zirək tərpəndiyimi görən döyüşçü yoldaşlarım bu tankın başını
qatmasaydılar, yəqin ki, məhv olacaqdım. Silahım olmadığına görə gizlənməyə məcbur
oldum. Axşam qaş qaralanda sərt qayalar arasında üç cəbhədaşıma rast gəldim.
Mübariz, Ələsgər, Yaşar və mən 4 gün mühasirədə qaldıq. Aclıq bizə güc gəlirdi.
Yenə qozla başımızı girələdik. Əlacsız qalıb Gorusun Dığ kəndinə keçdik.
Bataqlıq dərəsindən Qubadlıya adladıq. Güləbirdə çatanda yeni qüvvə yığdıq və
Qazıdərədə döyüşə atıldıq. Həkəri çayının körpüsündə düşmənin snayper gülləsi məni
yaxaladı. Güllə başımdan dəymişdi. Deyilənə görə, 7 gün özümdə olmamışam.
Yeddinci gün həkim deyibmiş ki, bu gün də ayılmasa... Nə isə, Allah köməyimə
çatdı. 4 ay müalicə olundum.
Mən düşməndən zərrə
qədər də qorxmuram, onlarla daim üz-üzə döyüşmüşəm və inşallah, qələbəyədək
döyüşəcəyəm.
İbrahim MƏSİMOĞLU
8 sentiyabr 1995-ci il

Комментарии
Отправить комментарий