1994-cü il FÜZULİ DÖYÜŞLƏRİ: “MAHNI DA MƏRMİDİR”




İlahi, şükür sənin kərəminə! Fasiləsiz davam edən döyüşlərimizdə erməni quldurları qan içində boğulduqca işğalçı əməllərinin faydasızlığını yavaş-yavaş qanır və torpağımızı bəzən zərrə-zərrə, bəzən də kəndbəkənd tərk edirlər.
Göyün üzü açıqdır. Aprel günəşinin yovşanla ətirlənən zərrələri dinclik həvəsi yaradır. Lakin atəş səsləri dinc duyğuları boğur. Gecə əməliyyatına gedən istehkamçıları gözləyirəm. Eşitmişəm ki, əli dolu qayıdırlar. Zabit Əlvan İbadov intizarlı hisslərimi soyutmaq fikri ilə mənə yaxınlaşır:
- Daha hər ağızdan çıxan sözə bel bağlamıram. Bu bölgəyə gələndə dedilər ki, sizin işiniz çox olacaq, düşmən Füzulinin hər qarşısına bir mina basdırıb. Biz çox ehtiyatlı hərəkət etdik. Amma təəccüblü orasıdır ki, indiyədək gözümüzdən yayınan iki düşmən minasının ziyanını çəkmişik. Həm texnikanın, həm də piyadalarımızın yolunu uğurla təmizləmişik. Cəsur istehkamçılarımız minaları elə tapırlar ki, sanki düşmən tələ qurarkən yerini bizə nişan verib. Hələlik 86 mina zərərsizləşdirmişik və sübut etmişik ki, Füzuli bölgəsi barədə deyilən mina təhlükəsi söhbəti o qədər də düyünlü söhbət deyil.
Gecə qan-tərə batan istehkamçılarımızın bir qrupu özünü yetirdi. Yorğun-yorğun yeriyən Qaçay Abdullayev məni görcək qürurla dilləndi:
- Cənab kapitan, sizə 13 mina ərməğan gətirmişik. Heyf ki, qumbara götürməmişdik, yoxsa ən azı 20 dığanın da nəfəsini kəsə bilərdik.
- Aşağı əyil, yerə dirsəklənib söhbət edək, birdən güllə dəyər.
- Dəysəydi, orda dəyərdi. İki təpəni addımlayıb düşmənin arxasına keçmişdik, - deyə Qaçay heç tövrünü pozmadı.
- Di yaxşı, gecə sərgüzəştlərinizdən söylə görək...
Qaçay mənim təkidimlə səhra yataq kisəsinin üstündə oturub söhbətə başladı:
- Bu əməliyyata mənimlə Şəmsi Əliyev, Nail Paşayev və Mahir Mahmudov da getmişdilər. Düşmənin arxasına keçəndə, sözün açığı, çox həyəcanlanırdıq. Lakin hər birimiz kişi kimi hərəkət etdik. Hətta düşmənin səngərlərinin üstünə də gedib çıxdıq. Bir səngərin üzərində təsadüfən oturası olduq. Əvvəlcə bilmədik ki, altımızda dığa mürgü döyür. Birdən əlimiz minanın kənarına toxundu. Duyuq düşüb ətrafı izlədik. Məlum oldu ki, ən təhlükəli yerdəyik. Yoxlama apardıq. Düşmən səngərlərinin üzərinə beton plitə qoyulmuşdu. İçərisi çox dərin qazılmışdı. Kənarı və üstü minalı idi. Mən təsadüfən oturduğumuz düşmən səngərinin içinə girməyə risq etdim. Uşaqlarımıza ciddi tapşırdım ki, məbadə atəş açasınız. Məqsədimiz imkan düşmüşkən kəşfiyyat aparmaq idi. Sakitcə səngərə girdim. Rusca danışıq eşitdim. Sonra erməni səsləri gəldi. Səngərin içi əyri-üyrü idi. Biz uzaqlaşanda ayaq səslərimizi duyan düşmən arxamızca atəş açdı. Yenə tapşırdım ki, cavab verməyin. Sürünə-sürünə təhlükəli zonadan çıxa bildik.
İstehkamçıların gecə əməliyyatı səhərki əks-həmləmizi çox yüngülləşdirdi. Döyüşdə az qan itirdik. Hədəflərin yerini dəqiq bilən cəngavərlərimiz inamla irəliləyirdilər. Beton səngərlərdən baş çıxarmağa cəsarət tapmayan dığalar ölümü göz önünə gətirib geri çəkilməyə üz qoydular. Aşağı Əbdürrəhmanlı kəndi düşməndən azad oldu.
33 yaşlı döyüşçümüz Əlihüseyn Hüseynov deyir:
- Sözü bir yerə qoymuşuq. Düşmənin 10-15 metrliyinə qədər gedirik. Ermənilərin hamısı qorxudan sarısını udub. İki saat əvvəl məndən də fərasətli olan döyüşçü yoldaşım yaman qan elədi. Saday Sadıqovu deyirəm. O, üç ermənini və bir ədəd “DŞK”-nı qumbaraatan silahla susdurdu. Sadayla yanaşı, Məmməd Tomarova və Ramiz Nəcəfova igidlik göstərdiklərinə görə elə səngərin içindəcə zabit Əli Bayramov öz cibindən “minlik” verdi.
Qələbə ümidi ilə yaşa dolan əsgər Mahir Qasımov da öz istəkli “PK”-sı ilə yaxşı mahirlik göstərir. Onun gözləri döyüş meydanını iti görür. Erməni cəlladlarını bir-bir “dənləyir”. Həmləyə gedən döyüşçülərimizə “güllə qatarı” ilə yaşıl işıq salır. Mahirə hər dəqiqə komanda verməyə ehtiyac qalmır. Atəş mövqeyini tez-tez dəyişir və təkəmseyrək baş qaldıran dığaların təpəsindən güllə ilə səngərə basır.
Təzə döyüşçü Azər Şirməmmədov daha qəribə bir döyüş tapşırığını icra etməyi öhdəsinə alıb. O, həmləmizin şöhrətli dəqiqələrində məlahətli səsinə güc verir. Qəlpə yarasından zarıyan igidlərin də beləcə keyfi açılır. “Azərbaycan əsgəri” mahnısı tırtıllı tankların qorxunc səsi və düşmən gülləboranı fonunda döyüşçülərimizə necə də möcüzəli ilham verərmiş!
- Arabir atəş də açırsanmı? – deyə Azərə söz atıram.
- Başa düşən döyüşçünün nəzərində “Azərbaycan əsgəri” mahnısı ən böyük mərmidir. Mən erməni quldurlarını mahnılarımızla məhv edirəm. “Dağlar” mahnısını oxuyanda elə bil dağlarımız, düzlərimiz də oyanır, qeyri-adi mətanət göstərən döyüşçülərimizin dizinə ayaq altından möhkəm təpər verir.
Sıravi əsgər Nurəddin Qeybullayev hələ erməni vura bilməsə də, 2 ağır yaralı cəbhədaşını düz ön atəş nöqtəsindən çıxarıb.
- İki döyüşkən yoldaşımı ölümün ağzından çıxara bilmişəmsə, demək, bir düşmən əsgərinin məhvinə bünövrə qazmışam, - deyə Nurəddin özünü sındırmır.
Uğurlu döyüşümüzün axırında iki taborumuzun igidləri aprelin 20-də xeyli hərbi qənimət ələ keçirmişlər: 1 ədəd qısalüləli top, 1 ədəd “UAZ” markalı minik maşını, 5 ədəd 120 mm-lik minaatan qurğu, 1 ədəd “DŞK”, 4 ədəd qumbaraatan silah, 2 ədəd əl pulemyotu, bir neçə rabitə aparatı və xeyli sursat.
Döyüşləri birbaşa ön səngərdən idarə edən zabit Yaşar Aydəmirovun ovqatında güclü inam, qələbəlik hökm sürür.
- Döyüşün əvvəlində bir neçə istiqamətdə bizə kəf gəlmək istəyən işğalçılar indi iflic olmuşlar. Əsgərlərimizin döyüş ruhu qənaətbəxşdir. Biz müxtəlif sərfəli hücum variantları tətbiq edirik. Necə deyərlər, işə yaradıcı yanaşırıq. Bəzi hərbi biclikləri ehtiyat saxlayırıq. Nahaq deməyiblər ki, ehtiyat igidin yaraşığıdır. Çox hiyləgər düşməni isə məhz əsl peşəkarlıq nümayiş etdirib məğlubiyyətə uğratmaq mümkündür.

İbrahim MƏSİMOĞLU
30 aprel 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”