SLAVİK İSAVERDİYAN: “QARABAĞ BİZİM SƏHVİMİZDİR”



Müsahibim Kəlbəcərin Bağırlı kəndində cəsur komandir Feyruz Qurbanovun döyüş zamanı əsir tutduğu erməni Slavik Vasilyeviç İsaverdiyandır.

- Söylə, hardansan, Kəlbəcərə hansı məqsədlə gəlmisən?
- Ermənistanın Razdan şəhərindənəm. Leninakanın (Gümrünün) çavuş məktəbini bitirmişəm. Yerevan şəhərində avtomobil bölüyündə xidmət edirdim. Keçən ildən Kəlbəcərə döyüşə göndərilmişəm.
- Könüllü gəlmisən?
- Yox... Bizi Azərbaycana zorla gətirirlər. Gəlməyəni ağır cəza gözləyir.
- Neçə yaşın var?
- Bu il martın 22-də 20 yaşım tamam olacaq.
- Cibindən döyüş xatirələrin, şeir dəftərçən çıxıb. Demək, ürəkdən vuruşursan. Şeir yazan duyğulu, kövrək adam olur. Sən isə yad bir torpaqda vəhşilik etməyə gəlmisən.
- ...
- Cavab ver: Qarabağ kimə məxsusdur?
- Qarabağ sizindir.
- Bəs onda bu müharibə, qan tökmək, dinc adamları yurd-yuvasından didərgin salmaq nədən ötrüdür?
- Qarabağ bizim səhvimizdir...
- Yox, Slavik, insan səhv edər və bağışlanar. Vəhşiləşmiş erməni isə quldurluq edəndə səhv buraxmır, bilərəkdən, amansızcasına yırtıcılıq edir. Siz öz halal torpağında dinc yaşayan günahsız bir qonşunun əli qanlı qatilisiniz. Qatili də bağışlamaq olarmı?
Hıçqıra-hıçqıra dillənən müsahibim bu dəfə susur. Burnundan damla-damla qan sızır. Ağır yara almış ayağını yavaş-yavaş ovxalayır. Haqlı suallarıma yenə cavab verə bilmir. Hiss olunur ki, indi Slavikin yaddaşından “Böyük Ermənistan” ideyası da çürüyüb yoxa çıxmaqdadır. Öz canının hayındadır. Bəlkə də, səhvini başa düşüb. Amma zalım erməni daşnakının xain baxışları gözlərindən tez oxunur.
Erməni əsirin anasına yazdığı məktubu oxuyuram:
“Yanvarın 18-də axşam bizi “həyəcan” siqnalı ilə posta göndərdilər. 19-da səhər tezdən posta çatdıq. Döyüş başlanmışdı. Vuruşma saat 16-dək davam etdi. Axşam türklər yenə hücuma keçdilər. Bizdən çox adam həlak oldu. Mən sağ dizimdən güllə yarası aldım. Yeriyə bilmədim. Hücum zamanı sağ qalanlarımız qaçdılar. Mən qayalar arasında tənha qaldım. Düşmən demək olar ki, başımın üstündə idi. Yanvarın 20-də səhər qar yağdı. Bu mənə imkan verdi ki, türklərin burnunun altından çıxım. 500 metr sürünüb uzaqlaşdım. Lakin türklərin hücumu yenə başladı. Qaya daşının arxasında gizləndim. 50 nəfər türk məni görməyib keçdi. İki gündür acam. Bilmirəm ki, özümə necə yemək tapım. Mən gərək özümüzünkülərə qədər sürünüm, eşidirsən məni, ana?! Mən səni və Feliksi çox sevirəm. Yanvarın 28-də sənin ad günündür. Gücüm çatsa, Razdana kimi sürünəcəyəm. Amma qayıda bilməsəm, Feliksi qoru və böyüt. Qəm yemə, ana, görünür, belə olmalı imiş. Məni yada sal, ana, indi mən ağlayıram, amma sən ağlama. Ayağım yaman bərk ağrıyır. Necə olsa da, sürünəcəyəm. Heyf ki, yeni şeirim nəğmələrdə səslənməyəcək!..”.
Müsahibəmin axırında əsgərimiz yerdən bir ovuc torpaq götürüb mənə verir:
- Al, bu torpağı sox onun gözlərinə! Qoy unutmasın ki, biz hələ ölməmişik. Heç kəs gəlib bizim doğma Vətənimizdə ağalıq edə bilməz.
                                                                             
                                                                                       Müsahibəni aldı:
İbrahim MƏSİMOĞLU
29 yanvar 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”