HOÇAZ UĞRUNDA, İRƏLİ!



Artıq tarixə çevrilmiş Hoçaz döyüşünün bəzi məqamları ilə bağlı təəssüratlar qorxubilməz və mətin cəngavərlərimizin yaddaşında hələ də yaşayır. “N” hərbi hissəsinin təcrübəli zabiti Bəhrəm Ləzimov həmin əməliyyat barədə öz dəftərçəsində qeydlər aparmışdır. Həmin qeydlərin müəyyən hissələrini oxucularımızın mühakiməsinə veririk.

1992-ci il sentyabr ayının 18-dir. Dərd-qəmə batmış Laçın təbiətinin payız ömrü solğun görünsə də, döyüşçülərimizin qələbə əzmi coşub-çağlayırdı. Laçın dəhlizini kəsmək tapşırığı ordumuzun başlıca amalına dönmüşdü. Gorusa açılan dəhliz tezliklə bağlanmasa, Qarabağa axacaq murdar nəfəsləri təmizləmək böyük qan bahasına başa gələcək.
...Hamı yaraqlanırdı. Sursat döşlüyümə 4 ədəd silah xəzinəsi qoysam da, narahat idim. Əlavə 3 ədəd əl qumbarasını isti gödəkçəmin ciblərinə zorla doldurdum.
Qəfil komanda verildi: Düzül! Zabit və əsgərlər iti addımlarla qaçışaraq sıraya durdular. Zabit Süleyman Əhmədovun başçılığı altında “N” taborunun birinci və ikinci bölüyü, “M” taborunun isə tam şəxsi heyəti sıra baxışından keçirildi. Hər iki tabor vahid komanda əsasında axşam saat 18 radələrində Pircahan – Mişni – Soyuqbulaq istiqamətində hərəkətə başladı. Xoş təsadüf kimi yanımıza təşrif gətirmiş operator Nizami Abbas da döyüşqabağı fəaliyyətimizi videolentə köçürdü.
Düşmənlə üzləşmə xəttinədək məsafəni gecə qət etməli idik. Çünki yolumuz Hoçaz yüksəkliyindən aydın görünürdü. Hədəfi şüalandırma yolu ilə qüvvələrimizin hərəkətinə əngəl törətməsinlər deyə, nəzarətçilərin sayını artırmışdıq. Gecənin zülmət qaranlığında sıldırımlı dağ yollarını ustalıqla keçə bildik. Pircahan çayının soyuq sularından igidlərimiz piyada ötdülər.
Mişli – Soyuqbulaq istiqamətində təhlükəli dolanbaclardan keçdik. Məhrəm insan hənirtisinə qəribsəyən vəfalı kənd itlərinin yanıqlı-yanıqlı ulaşması adamı dəhşətə gətirirdi. Döyüşçülərimiz psixoloji cəhətdən pis hazırlanmamışdılar. Onlar soyuqqanlılıq göstərir, patronla dolu kisələrin ağırlığı altında aramla irəliyə doğru gedir və tez-tez soruşurdular: “Komandir, Hoçaza azmı qalıb?”.
Sentyabrın 19-da səhərə yaxın, saat 5 radələrində Soyuqbulaq kəndinə yetişdik. İşğalçı qüvvələrlə aramızdakı məsafə təxminən 1 kilometr olardı. Müxtəlif istiqamətlərdən həmlə nöqtələrini müəyyənləşdirdik. Meşəlikdə kifayət qədər istirahət edib dan yerinin sökülməsini gözlədik. Hücum intizarı ilə öz atəş nöqtəsində duran igidlərimiz yüksəklikləri aslan kimi gözdən keçirirdilər. Səhər saat 7.30-da həmlə komandası verildi. İlk atəşdən başlayaraq piyadalarımız daban qırmadan irəli cumur və düşmənə göz açmağa imkan vermirdilər. Bir saatlıq atışma ərzində ermənilərin 150 metrliyinə qədər qabağa getdik. Hələ itki verməmişdik. Lakin elə bir nöqtəyə yetişmişdik ki, düşmənlə bizim aramızda təpələrdən ibarət təbii maneə dururdu. Sanki insan əli ilə qurulmuş bu dairəvi “qala”nın bir üzündə biz dayanmışdıq, o biri üzündə isə erməni faşistləri. Atəşlər bir qədər seyrəlmişdi. Mən zabit Qurban Qurbanovla qayalığa dırmaşdım. Məqsədimiz düşmənin zəif nöqtələrini aşkara çıxarmaq idi. Bu zaman sağ cinahdan zabit Zəfər Yaqubov məni səslədi. Təcili olaraq onun yanına getdim. Bir neçə lazımi tapşırıq aldıqdan sonra digər istiqamətə yönəlib təpənin lap yuxarı başına çıxdım. Qət etdiyim yüksəklikdən düşmən mövqeləri görünsə də, bura döyüşmək üçün sərfəli deyildi. Hər tərəf açıq idi. Müşahidə edə-edə sağ cinaha çəkildik. Axır ki, əlverişli mövqe seçə bildim. O dəqiqə Ələsgərin köməyi ilə III bölüyün iriçaplı qumbaraatan silahını yuxarı çıxarmaq qərarına gəldim. Silahın arxasında özüm durası oldum. Sərrast atəşlərlə düşmənin bir postunu dağıtdım. Lakin işğalçılar yerimi tez nişanladılar. Onlar odsaçan silahla mənə atəş açdılar. İsti gödəkçəmə və kisəmə od düşdü. Torpağa sürtüb odu zorla söndürdüm. Bir dəqiqə keçməmişdi ki, odsaçanın ikinci atəşi açıldı. Başımın üstündən keçən bu odlu ölüm mərmisi arxamda mövqe seçmiş əsgərlərin yanına düşsə də, heç kəsə xətər yetirmədi. Üçüncü atəş isə tamam boş yerə ünvanlandı.
Həmin gün Hoçaz zirvəsini dövrələyən təpələri aşmağa fürsət tapa bilmədik. Əməliyyat baş tutmasa da, ümidimizi itirməyib yeni yollar axtardıq. Bir gün səhərdən-axşamadək kəşfiyyat işləri gördük. Sentyabrın 21 və 22-də düşmən mövqelərini aramsız atəşlərə tutduq. Yenə də cəhdlərimiz bir nəticə vermədi. Əməliyyatın icrasına təkan vermək üçün gəlmiş Laçın polis dəstəsinin taqım komandiri Oqtay Güləliyev (bu laçınlı zabit qəhrəmancasına həlak olduqdan sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb), Qurban Qurbanov, ləzgi balası Bəhram Ağakişiyev və mən qərara gəldik ki, Hoçazın sol cinahındakı qayalıqda və “N” yüksəkliyində düşmənin vəziyyətini öyrənək. Bu məqsədlə çox vacib məlumatlar əldə etdik. Məlum oldu ki, bizim ilk həmləmizə tab gətirə bilməyən düşmən iki yüksəklikdən geri çəkilib. Sentyabrın 24-də vaxt itirmədən həmin yerlərə qalxdıq. Bizim böyük qayalıqda, Laçın polisinin dəstəsi ilə digər yüksəklikdə mövqe seçdi.
Sentyabrın 24-dən başlayaraq 31-dək yağan güclü leysan yağışı əməliyyatın müddətini bir qədər uzatdı. Yağış səngiyən kimi biz hərəkətə gəlmək istəyirdik. Lakin yağış get-gedə daha da güclənirdi. İslanmış əyin-başımızı min bir əziyyətlə qurudurduq. Düşmənlə aramız çox yaxın idi. Yerimizi bildirməmək üçün soyuq gecələri ocaqsız keçirirdik. Gündə adambaşına bir ət konservi yeyirdik. Ağrılı duyğulara baxmayaraq, özümüzdə güc və inam hissini saxlamağı bacarır, qələbə naminə bütün məhrumiyyətlərə dözürdük.
Sentyabrın 31-də yağış kəsdi və bizə təcrübəli zabit Çingiz Əliyev rəhbərlik etməyə başladı (bu icevanlı igidə “Azərbaycan Bayrağı” ordeni təqdim edilib). Hoçaz əməliyyatının yeni həmlə planının icrası haqqında əmri  oktyabrın 2-də saat 13.20-də Çingiz Əliyev verdi: “Alçaqlara atəş!”. Dörd istiqamətdən yaratdığımız atəş zolağı az qala dağları, qayaları, təpələri yerindən oynadırdı. Döyüşçülərimiz qəhrəmanlıq etməkdə bir-birinin bəhsinə girirdilər. 15 dəqiqəlik mövqe döyüşündən sonra Ç. Əliyevin yeni komandası eşidildi: “I bölüyün bir taqımı həmlyə keçsin!”.
Mən, tovuzlu cəbhədaşım Elman Quliyev və əsgərlər keçilməz yolları mətanətlə aşaraq irəli cumduq. Açıq mövqelərdən sürətlə keçdik. Sonra bir qrupumuz yarğanda maskalandı. Mən hava telefonçusu, imişlili əsgər Sabir Quliyevi özümlə götürüb 5 əsgərlə düşmən tankları mövqe tutan tərəfə irəlilədim. Ağdaşlı Ədalət Abdullayev qumbaraatan silahla düşmənin bir PDM-ni məhv etdi. Yenə gizlənməyi məsləhət verdim. Kiçik bir təpənin arxasında mövqe tutaraq yaxınlığımızdakı 3 düşmən tankını izlədik. Onları birbaşa hədəfə almağa real imkan yox idi. Odur ki, aldadıcı atəş açmağı əmr verdim. 3 qumbara atəşimizdən tanklar çaşqın vəziyyətə düşdülər. Daşnaklar  yerimizi görüb 4 cavab atəşi açdılar. Lakin qəlpələnən mərmi olmadığı üçün bizə heç bir təsir göstərmədi. Hava telefonu ilə əlaqə saxlayıb öyrəndim ki, digər istiqamətlərdə də həmləmiz uğurlu alınır. Bizdən sağda, Qaraqışlağa gedən yolun üstündə - qayalıqda mövqe tutmuş şuşalı Ədalətin taqımı həm yola, həm də düşmənin sağ cinahına toplanmış qüvvələrinə tam nəzarət edirdi. Hoçaz kəndi ilə Hoçaz dağı arasında isə kəlbəcərli Rəhman İsgəndərovun taboru nər kimi dayanmışdı. Əsgərlərimizi ürəkaçan xəbərlərlə ruhlandırdım. Düşmən tanklarını o qədər aldadıcı yollarla çaş-baş saldıq ki, mərmilərini atıb tamam qurtardılar. Bu zaman qəfil hücuma keçdik. Düşmənin canlı qüvvələrini qanına qəltan etdik. Tankın biri qaçıb “Pir” deyilən yerdə gizləndi. Aramızda 200 metr məsafə vardı. Bu məsafəni keçməyə yol tapan zaman düşmən uzaq məsafədən – Xoznavar, Xnaçax, Vaqatur kəndlərindən bizi artilleriya atəşinə tutdu. Təcili surətdə qaya, daş dalında gizlənib özümüzü qəlpələrdən qorumağa başladıq. Əfsus ki, qaranlıq tez düşdü. Səhərəcən həmin yerdə qalası olduq. Hava işıqlaşanda zabit Çingiz Əliyevin yeni planı ilə əməliyyatı davam etdirdik. Lakin bu dəfəki həmlə atəşsiz keçindi. Çünki qorxaq daşnaklar Hoçaz dağını gecə tərk etmişdilər. Onlar 3 ədəd tank, 3 ədəd PDM, 2 ədəd minaatan, 10 ədəd pulemyot və xeyli tank mərmisini döyüş meydanında qoyub qaçmışdılar. Qrupumuz qəhrəmancasına həlak olmuş cəbhədaşımız Valeh Abdullayevin ruhunu yaylım atəşləri ilə yad etdi.

İbrahim MƏSİMOĞLU
31 avqust 1995-ci il















Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”