MİNA
Sənədli
hekayə
İgid əsgər İlham
İsmayıllı mühəndis-istehkam bölüyünün sanki Arximed güzgüsünə dönmüşdü. Canında
cəsur bir ürək, varlığında elinə-obasına, dostuna-silahdaşına sonsuz sədaqət
hissi gəzdirən bu Azərbaycan cəngavəri, bəlkə də, Arximedin icadından da gücdə,
qüvvədə qabağa gedirdi. Riyazi fizikanın təməl daşını qoymuş yunan alimi
Arximed günəş enerjisini bir nöqtədə - fokus nöqtəsində cəmləşdirən güzgüdə öz
elmi kəşfini, ixtira mətləblərini açıqlayırdısa, şir cəsarətli İlham
istehkamçıların gücünü-qüdrətini öz simasında - öz güclü fokus nöqtəsində
toplayan canlı bir dayaq rolunu oynayırdı. Mina təhlükəsindən çəkinən, qorxan əsgər
deyildi. Öz hərbi vəzifəsinin əsl sahibi və sədaqətli döyüşçü olduğu üçün bölük
komandiri Nazim Seyidli onu kiçik qardaş kimi, silahdaşları ən yaxın dost kimi
qəlbən sevirdilər. Bu, hər addımda rastlaşdığımız adi sevgi, formal rəğbət, istək
deyildi. Laçın-Kəlbəcər hərbi əməliyyatlarında neçə-neçə düşmən minasının
canını alan, döyüşçüləri real ölüm tələsindən çıxaran əsgəri elə-belə sevmək
olarmı?! Şəxsi cəsarəti, bənzərsiz fədakarlığı ilə döyüşçü-komandir qəlbini
ovlayan, hər addımda ölümlə üzbəüz duran aslan ürəkli igidə necə soyuqluq göstərmək
olar?!
Təbii ki, hərbi hissədə
çox döyüşçünün ləqəbi vardı. İstehkamçı əsgər İlham İsmayıllını da öz adı ilə
çağırmırdılar. Yaraşıqlı görkəminə, şirindilli danışığına əsaslanaraq onu
“Ponçik” deyə səsləyirdilər. Bu adı birinci dəfə hissə komandiri, rus təhsilli
zabit Zadir Rzalı demişdi. Belə mənalandırmışdı ki, təbiət etibarı ilə
suyuşirin oğlan olduğuna görə İlham ponçikə - içi mürəbbəli və şirinli kömbə
qoğala bənzəyir. Bu səmimi istəkdən doğan oxşatmanı komandirin dilindən eşidən
şəxsi heyət o gündən başlayaraq İlhamı öz adı ilə deyil, “Ponçik” deyə çağırdı.
İlham mühəndis-istehkam
bölüyünün lideri sayıldığı kimi, onun silahdaşı Mehman Məmmədli də heyətin zəif
əsgəri hesab edilirdi. Paxıllıqdandırmı, həsəd hisslərindəndirmi, bilmirəm,
Mehman onunla həmişə “qorxu” söhbəti aparırdı. Bəzən qəfil qışqırıqla, bəzən
nagəhan zərbə ilə İlhamı qorxudan bu silahdaşı hər vəchlə sübut etmək istəyirdi
ki, səndə də ağciyərlik var, yəni dünyada qorxaqlığı olmayan insan yoxdur.
Gecə vaxtı İlhamı
gözlənilməz halda itələməklə yerə yıxıb xoflandıran Mehman yenə öz sübut-dəlillərini
bir-bir sadalamaqla özünü haqlı sanırdı:
- Nə, Ponçik, mənim qorxmaz dostum, niyə dovşan kimi hürkürsən?
Gör neçənci dəfədir, səni təşvişə salıram.
- Mehman, Allah
xatirinə bu zarafatı tərgit, sənə min kərə demişəm ki, sən deyən qorxu ilə mən
deyən qorxu ayrı-ayrı şeylərdir.
- Nədir, indi demək
istəyirsən ki, qorxmadın? Elədisə, gəl ürəyinə qulaq asım, bu dəqiqə sənin ürəyin
həyəcandan at kimi atlanır.
- Əşşi, kənara çəkil,
sənlə mənim bu barədə söhbətimiz baş tutan deyil.
- Qardaş, sübut edə
bilməzsən, mən deyəndir.
İlham xoşuna gəlməyən
bu höcətli mübahisədən nə qədər uzaqlaşmaq istəsə də, Mehman əl çəkmədi. Şam
yeməyindən sonra yataq otağında səhra köynəyinin yaxalıq ağını dəyişməyə
başlayanda başının üstünü kəsən silahdaşından yenə xahiş etdi:
- Əgər ağıllı söhbət
etmək istəyirsənsə, otur yanımda, qulaq as, gör nə deyirəm.
Onun şirindilliyi
Mehmanı yumşaltdı və razı saldı:
- Di yaxşı, zərrə qədər
imanım, dünya qədər gümanım var, de görüm, nə deyirsən.
- Mehman, mən qəti
demirəm ki, mənim içimdə qorxu hissi yoxdur, əlbəttə, var. Amma mən qorxunu sevən
adam deyiləm. Dəqiq bilmirəm, ya şair, ya da bir yazıçı sözüdür, deyir ki, igid
qorxmayan adam yox, öz qorxusuna üstün gələ bilən adamdır.
- Bax, boynuna aldın
ki, səndə də qorxu var. Bəs, niyə komandir səni hamıdan çox qorxmaz istehkamçı
sayır?!
- Çünki mən düşmənlə
açıq döyüşdən, gorbagor olası erməni əsgərindən, bir də ki, o dilsiz-ağızsız
minadan qorxmuram. Niyə də qorxum?! İnsan bilmədiyi, öyrənmədiyi, bələd
olmadığı bir şeydən çəkinər. Döyüşdən ona görə qorxmuram ki, vuruşmağın dilini
bilirəm: ya qalib gələcəyəm, ya da şəhid olacağam. Şəhidlik də kişiyə yaraşan
bir işdir, ata-anam el içində başıuca gəzəcək, ruhum müqəddəs ruhlara
qovuşacaq. İkincisi, erməni əsgərindən ona görə qorxmuram ki, onun tarixinə,
xislətinə bələdəm. Bir də ki, erməni gavur şeydir. Onlar nəkarədir. Bu hünər
erməni hünəri deyil, arxasında duranındır. İnan mənə, nə arxası, nə də özləri
bizə güc gələsi deyil. Nəhayət, bu minadan da ona görə qorxmuram ki, onun ciki
də mənə bəllidir, biki də. Yadında yaxşı saxla, insan yalnız bilmədiyi şeydən
qorxar...
Bu ibrətli sözlərdən
sonra Mehman silahdaşı ilə mənən razılaşsa da özünü heyət daxilində zəif saymaq
fikrini heç cür qəbul etmədi:
- Elədirsə, mən də
qorxmazam...
Murovdağ silsiləsinin
ən sərt aşırımlarından birində düşmənin partlatdığı iki minanı təzələmək
tapşırığı alan mühəndis-istehkam bölüyünün komandiri kapitan Nazim Seyidli
öz-özlüyündə fikirləşdi:
- Əməliyyata getməyə
iki əsgər kifayət edər. Bəs, kimi göndərməli? Yenəmi “Ponçik”i? O getsə
yaxşıdır, əməliyyat asan yerdə keçməyəcək. Amma ötən ağır tapşırığı da “Ponçik”
yerinə yetirib. Çox yorğundur. Əməliyyatdan sonra özünü ayaqüstə zorla
saxlayırdı. Yenicə üçgünlük məzuniyyət vermişəm. Qoy, bu dəfə Elman Ələsgərlini
göndərim, o da qabiliyyətlidir, ancaq...
Komandir, təxminən
bir saat fikrini gizli saxladı. Çox düşünüb-daşındı. Bayaqkı sual sanki ürəyində
donub qalmışdı: “Yenəmi “Ponçik”? “Komandirin üzünə taybatay açılmış güman
qapıları bir göz qırpımında bağlandı. Heç kimə söz demədən taxta yatağına
uzanıb gözlərini bərk-bərk yumdu ki, bəlkə bir qədər hər şeyi unutsun. İlhamı
çox istədiyindən ona təkrar əziyyət verməyi özünə rəva görməyən komandir tamam
başqa məsələlər barədə düşünməyi xəyalına çəkirdi. Lakin bu cəhdi də nəticəsiz
qaldığından əlləri ilə başını möhkəm-möhkəm sıxırdı ki, azacıq da olsa
rahatlaşsın.
Axşam saat 19 radələrində
Nazim Seyidli aldığı tapşırığı bölük sırası qarşısında açıqladı:
- Yoldaş əsgərlər,
bu gecə iki istehkamçımız mühüm bir hərbi tapşırığı yerinə yetirməlidir. Məndən
ən yaxşı, ən bacarıqlı əsgər göndərməyi tələb edirlər. Sizləri seçmək, fərqləndirmək
istəməzdim. Hamınıza eyni gözlə baxır, hər birinizin qabiliyyətini yaxşı qiymətləndirirəm.
Amma yenə təkrar edirəm, bu dəfəki tapşırıq çox mühüm və ağır tapşırıqdır.
Seçim şansını öz ixtiyarınıza verirəm. İki nəfərin namizədliyini özünüz müəyyənləşdirin.
Komandirin ağzından
söz qurtarar-qurtarmaz İlham fikir söyləmək üçün icazə istədi:
- Cənab kapitan,
izin verin təkcə mən gedim. Məzuniyyətə bir gün sonra yollanaram.
- “Ponçik”, sən
yorğunsan, üstəlik bu gecə 10 kilometr dağ yolu qət etmək səni lap əldən salar.
İlham komandirin
daxili gümanlarını üzündən oxudu və yəqin etdi ki, qəti təşəbbüskarlıq göstərsə,
onunla razılaşacaq. Və hiss edirdi ki, komandirin fikirlərində xüsusi vurğu ilə
səsləndirilən “ağır və mühüm” sözləri yalnız ona ünvanlanıb.
Nazim Seyidli də əsgərini
tez anladı. Bilirdi ki, İlham havayı söz deyən oğul deyil. O heç vaxt özünü boş
çıxışlara, ucuz şöhrətə yedək etməz. Ona görə dərhal razılaşdı. Lakin bir şərt
qoydu. İlham tək yox, həm də dəyərli bir köməkçi ilə getməlidir. İkinci namizəd
Elman Ələsgərli oldu.
Bölüyün əsgərlərinə
“yat” komandası verildikdən sonra tam sakitlik yarandı. İlhamla Elman yola düşməyə
tələsirdilər. Hərə öz əşya kisəsini sahmanlayırdı. Yola düşməyə bir saat qalsa
da, nə İlhamın, nə də Elmanın yatmaq, beş-on dəqiqəlik mürgü döymək barədə belə
fikirləri yox idi. Vaxtsız-vədəsiz yatdıqlarına görə bəzən günün saatını dəqiq
təyin edə bilmir, gözlərinin acısını doyunca almırdılar. Dağ çiçəklərinin ətri
üçün darıxan, könlünə tər-təzə kəklikotu düşən İlham bu “səfərə” yaman tələsirdi:
- Gedək dağlarımızla
nəfəs-nəfəsə dayanaq, bir az dərdləşək. Bərəkətli, vüqarlı dağlarımız haramzada
erməni quldurlarının əlinə düşsə, mən dözə bilmərəm. Yox, mən qoyan minalar
düşmənə aman verməz. Onları xurd-xəşil etmək mənlikdir, - deyə İlham əlinə
aldığı piyada əleyhinə minanı üç dəfə öpdü.
- “Ponçik”, minaları
çox əzizləmə, mina dost-düşmən tanımır, - deyə Elman yarızarafat söz atdı.
- Elə demə, qardaş,
mənim minalarım məni yaxşı tanıyır.
İndiki “dağ səfəri”
İlhamı lacivərd göylərə baş vuran məğrur dağlara, ətri ilə insanı bihuş edən
gül-çiçəkli yamaclara doğru çəkməklə yanaşı, müqəddəs bir qəhrəmanlıq aləminə
aparırdı. Amma özünün xəbəri yox idi. Heç ürəyinə də gəlmirdi ki, bədbəxt hadisə
ola bilər, əzizlədiyi minalar ona etibarsızlıq edər və yaxud bilmədən hər hansı
səhvə yol verər. Öz qüvvəsinə arxayınlığın həddini axtarsaq da tapa bilməzdik.
İlham havasını dəyişmək xəyalı ilə düşünür, həm də komandirini növbəti dəfə
sevindirmək istəyirdi. Böyük maraq hissi ilə uşaq məşğuliyyəti kimi sevdiyi hərbi
istehkamçılıq işini, necə deyərlər, mina basdırmağı və sökməyi beş barmağı tək
öyrəndiyinə görə heç həyəcan da keçirmirdi.
Hiss olunurdu ki, kəşfiyyat
qrupunun üzvləri yaman yorulub. Qrup rəhbəri Sahib Aslanlı “dincəl” komandası
verdi. Murovdağ silsiləsinin elə bir yüksəkliyinə gəlib çıxmışdılar ki, sanki
buradan bütün Azərbaycan görünürdü. Ay aydınlığında Vətəni seyr edən döyüşçülər
qəsdimizə duran erməni işğalçılarının qarasınca bir ağız deyindilər. Siqaret çəkmək
həvəsi baş qaldırdı. Lakin komandir icazə vermədi. Çünki həmin mövqe düşmənin nəzarəti
altında idi. Bir siqaret qızartısı bəs edərdi ki, erməni duyuq düşsün. İlham
silahdaşı Elmanla ətirli otların, çiçəklərin içində yanaşı oturub ətrafı seyr
edirdi. Səma əl içi kimi aydın görünür, ay hər tərəfi süd kimi işıqlandırırdı.
O qədər açıq hava vardı ki, bəlkə də, göydə bərq vuran irili-xırdalı bütün
ulduzları bir-bir saymaq olardı. Bir qədər parlaq ulduzların seyrindən sonra
dağların axar-baxarlı zirvəsinə göz gəzdirməkdən doymayan İlhamın yadına kəklikotu
düşdü:
- Elman, buranın kəklikotusu
ələ düşən deyil ha... Yaxşı dəmləməsi olur. Unutma. Qayıdanbaşı az da olsa
yığaq.
Elman onun sözlərinə
fikir vermədi. Başını aşağı salıb öz xəyalına daldı. Ürəyində danışmağa
başladı. Və birdən keçmişi yada salaraq dərindən içini çəkdi. Sinəsində qövr
eyləyən birillik nisgili dil açdı. Qardaşı Telmanı vaxtsız bu dünyadan köç edən
müharibədən gileyləndi:
- Bu müharibə dərd
üstündən dərd gətirən bir şeydir. Erməni quldurları ilə haqq-hesabı tez çürütmək
lazımdır. Yoxsa, dərdimiz qurtarası deyil.
Elmanın səsində kövrək
bir titrəyiş duyan İlham əlini onun boynuna salıb dilləndi:
- Elman, bu gecə
vaxtı gəl xeyirli şeylərdən danış.
- Özümdən asılı
deyil, “Ponçik”. Telman heç yadımdan çıxmır. Ağır dəqiqələrdə həmişə gəlib
durur gözümün qabağında. Allah qoysa, onun qanını düşməndən doyunca alacağam...
Hərbi tapşırığın
icra edilməsinə başlamaq barədə komanda gəldi. Əvvəlcə kəşfiyyatçılar əraziyə
baxış keçirdilər. Pusqular təşkil edildi. Düşmən qüvvələrinin keçə biləcəyi
nöqtələr müəyyənləşdirildi. Hücum ehtimal olunan yerlərdə müşahidəçilər öz işinə
başladılar.
İlham qrup rəhbərinin
hərbi-taktiki məsləhətlərini aldıqdan sonra ilkin hazırlıq işləri gördü. Və qərara
gəldi ki, hər iki minanı özü quraşdıracaq. Elman ancaq köməkçi rolunda çıxış edə
bilər. Qrup rəhbəri onun fikri ilə razılaşsa da, birgə hərəkət etmək tapşırığı
verdi.
İlham istehkamçı
beli ilə minanın yerini qazır, Elman isə minaətrafı ərazini əlləri ilə
maskalayırdı ki, kənardan heç nə diqqəti çəkə bilməsin. Torpaq asan qazıldı, elə
daşlı-qayalı yer deyildi. İlham birinci minanı qısa vaxtda rahatladı, üstünə
xırda köklü otları elə səliqə ilə düzdü ki, mina basdırmasından nə bir iz, nə
bir nişanə hiss edildi.
İkinci minanın
quraşdırılması zamanı kəşfiyyat qrupunun üzvləri lap yaxına gəldilər. İlhamın
ürəyinə birdən elə gəldi ki, qəza baş verəcək. Nəsə bu mina ona birtəhər
görünür. Ona görə həm həmkarı Elmandan, həm də digər silahdaşlarından bir qədər
uzaq durmağı xahiş etdi.
Çox ciddi desə də,
hamı onun bu xəbərdaredici sözünə laqeyd qaldı. Çünki İlhamın döyüşçü qabiliyyətinə,
istehkamçı məharətinə bələd idilər. Sakitcə durub onun əl hərəkətlərini izləyir
və heç bir həyəcan hissi keçirmirdilər. İşin son məqamında minanın partlayıcı
içliyinin qoruyucu iynələri sözə baxmadı. İlham dərindən bir ah çəkdi. Mina
qüsurunu tez anladı. Sən demə, zavoddan zay çıxıbmış. İşə bax, taleyə bax! O
zay olmuş da gəlib İlham kimi igidin əlinə düşdü.
Nəhayət, minanın xəbərdaredici
səsi çıxdı: “Paq”...
İlham ildırım vurmuş
kimi oldu. Dönüb axırıncı dəfə həmkarına, kəşfiyyatçılara baxdı və bütün
varlığı ilə minanın üstünə sökdü, elə bil, zorla kökündən qoparılmış
iriyarpaqlı bir ağac yerə sərildi. Minanı döyüş qalxanı kimi canı ilə elə örtdü
ki, əzizlədiyi oyuncaq təkcə ona xətər gətirsin. Bəli, bu dəfə ərköyün oyuncağı
oyuncaqlıqdan çıxsa da, İlhamın son istəyini yerinə yetirdi. Ətrafa yalnız
xırda qəlpələr sıçradı. Üç saniyə ərzində İlham dünyasını dəyişdi, müqəddəsliyə,
əbədiyyətə qovuşdu. Düz səkkiz nəfər döyüşçünü bir an içərisində ölümdən xilas
etdi. Başqa cür edə bilməzdi. Axı İlham qəlbi yoxsul əsgər deyildi. Onun
müharibədə bir var-dövləti var idisə, o da səngər qardaşları idi. Onlara da
qıymağa cürət etməzdi.
15 oktyabr 1993-cü
il tarixdə istehkamçı əsgər İlham İsmayıllı bu misilsiz qəhrəmanlığı ilə bizə
Ana Vətən üçün, ulu yurd üçün şəhid olmağın ən yaxşı nümunəsini göstərdi.
Atalarımız “igidə ağlamaq yaraşmaz” deyiblər. Amma əvəzsiz itki ağlatdı bizi.
Özü də yaman ağlatdı...
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий