2-ci KƏLBƏCƏR ƏMƏLİYYATI: KƏDƏRİMİZ QARIYIR, SEVİNCİMİZ İSƏ CAVANLAŞIR...
İtki verə-verə geri
çəkilən erməni hərbi qüvvələrini ön atəş xəttindən müşahidə edirəm. Düşmən öz
kölgəsindən qorxmağa başlayıb. Quldurlar təlaş içərisində vurnuxur, döyüş
mövqeyindən qaçan əsgərləri özləri vururlar. Ümidləri boğulmaqda olan dığalar
qan tökməkdən hələ doymayıblar. Az qalıb: qan içində üzəndə doyarsınız!
Uğurlu döyüşümüz
davam edir...
Gözünə döndüyüm
“Qrad”larımız laçın bir qayanın köksünə sığınıb. Düşmən nə qədər cəhd etsə də,
işini yaxşı bilən cəsur artilleriyaçılarımızı hədəfə ala bilmir. “Qrad”ların
tükürpədən atəşi ara vermir. Xəbər gəlir ki, düşmən “N” kəndini verməyə tələsmir.
Hökmən artilleriya hazırlığı aparmaq gərəkdir.
Ön atəş xəttindən kəndi
əl içi kimi görən zabit Şahin Şahbazov hava telefonu ilə bildirir:
- Hədəf “N” məntəqəsidir.
Koordinatları deyirəm. Yazın...
Pənah Əsədov iti sürətlə
koordinatları qeyd edir. Onun həyəcanlı səsi eşidilir: “Komandir, tələsmək
lazımdır. Hədəfə xeyli canlı qüvvə yığılıb”.
Bütün gecəni ayaq
üstə keçirən komandir Namiq Mirzəyev hərbi xəritənin üzərinə əyilir.
Koordinatlara əsasən hədəfin məsafəsini, bucaq və səviyyə dərəcələrini təcili
müəyyən edir. Doldurucu Ceyhun Məmmədov tapşırığını çoxdan yerinə yetirib. Kənara
çəkilərək növbəti komandanı səbirsizliklə gözləyir. Tuşlayıcı Musa Pənahov
işini qurtaran kimi atəş açılır. Mərmi havanı yarıb ildırım sürətilə öz
ünvanına yön alır. Görəsən, hədəfə od qoydumu? Hamı gözünü rabitəçiyə zilləyir.
O, hava telefonunun dəstəyini qulağından yerə qoymur:
- Tez ol, dillən görək...
Şadyana sədalar gəlir:
- Əla... Əla... Əllərinizə
qurban olum. Həmin hədəfə daha iki mərmi endirin!
Digər kənd istiqamətində
də mərmilər hədəfə dəyir. Düşməni yaman üstələyirik. Tanrısına təpik atan əclaf
erməni döyüşçüləri silahı yerə atıb meyit daşıyırlar (kaş dünyada bütün pisniyyət
adamların qisməti belə olaydı!). Onlar da canlarını qurtara bilmirlər. Növbəti mərmi
kəndin yaxınlığındakı qalaya doluşan düşmən piyadalarının hamısını cəhənnəmə
vasil edir.
...Hər mərmi
atışından sonra artilleriyaçılar qayanın daldanacaq bir yerində qalanmış ocağın
başına yığışır, əllərini isidir, köz üstündə dəmlənən çaydan içib
rahatlanırlar. Məni də ocağın kənarında çaya dəvət edirlər. “Qrad” atəşindən gərilən
duyğularım sakitləşir. Ocağın istisi ciyərlərimə dolan Kəlbəcərin səfalı dağ
havasını xeyli şirinləşdirir. Xəyalımdan gözəl arzular keçir. Kaş bu ocaq
başında azad Kəlbəcərin şirinliyini dadaydıq. Kaş bu ocağın közündə kəlbəcərli
igidlərin bişirdiyi toy kababını dişimizə çəkəydik.
“N” divizionunun
zabiti Seymur Mirzəyevlə tanış oluram. Ağstafadandır. Bakı Dənizçilik Məktəbinin
məzunudur. İki il qabaq Qazaxın başı üstünü təhlükə alanda doğma yurdun müdafiəsinə
qalxıb. Düşmən o zaman toplardan atəş açaraq kəndlərimizi tarmar edirdi. Biz tərəfdə
isə artilleriya mütəxəssisləri az idi. Seymur bu ehtiyacı nəzərə alaraq “Qrad”
qurğusunun sirlərini öyrənməyə girişdi. İndi əsl “Qrad” ustasıdır. Kəlbəcərdə
öz borcunu layiqincə yerinə yetirir. Onun müavini, ən təcrübəli silahdaşı, baş
çavuş Namiq Mirzəyevin də döyüş yolu Qazaxdan başlayıb. Cəbhəyə Neftçala
rayonunun Aşağı Surra kəndindən gəlib. Dediyinə görə, Qazax döyüş bölgəsində
“Qrad” qurğusundan ilk dəfə Namiq atəş açıb. Necə deyərlər, oxu daşa dəyən cəngavərlərdən
deyil. Kədəbəydə başıbəlalı Başkəndin düşməndən təmizlənməsi uğrunda gedən
döyüş zamanı onun və dostlarının atdığı mərmilərdən sonra düşmən diz çökməyə məcbur
olub.
İki ildən çox müharibənin
od-alovu içərisində ömür sürən bu igid ev-eşik sarıdan çox narahatdır:
- Düzü, bu söhbətin
yeri deyil. Vətən üçün canımı qurban verməyə hazıram. Amma ürəyimi boşaltmaq
istəyirəm. Evdən xəbər almışam ki, binamızı su basıb. Ailəmiz ağır vəziyyətdədir.
Bir qardaşım da döyüşür. Lakin bir evdən iki döyüşçü ola-ola rayon rəhbərliyi
ailəmizə gözünün ucu ilə də baxmır. Axı belə insafsızlıq olmaz...
Ocaq başında söhbətimiz
qızışır. Artilleriyaçı Məhərrəm Taplan oğlu Kərimovun da dərdi açılır:
- Mənim də həyat
yoldaşımı Ağstafa ictimai iaşə idarəsində işdən çıxarıblar. İki uşağım var.
Maddi ehtiyacımız artdığına görə ürəyim evdə qalıb. Döyüş mövqeyini atıb getməyə
qeyrətim yol vermir. Bu igidlərə qaynayıb qarışmışam. Elə dostlaşmışıq ki,
aramızdan su da keçmir. Xidmətimdən narazı qalan yoxdur. Xahiş edirəm ki, ailəmin
narahatlığı barədə qəzetinizdə yazın, bəlkə Ağstafa rayon icra hakimiyyətində əyləşənlərin
yadına biz döyüşçülər də düşdük.
Hava telefonu ilə
yenə ön atəş xəttindən komanda verilir. Döyüşçülər “Qrad” qurğusunun yanına tələsirlər.
Artilleriyaçılarla sağollaşıb irəli gedirəm.
...Yanşaqbinə kəndi
suyu sovrulmuş dəyirmana bənzəyir. Murdar əllərdən xilas olsa da, dinc nəfəs
ala bilmir. Bağrı şəhid qanına boyanıb. Kəndi üzük qaşı kimi dövrəyə alan uca
dağların naz-nemət yetirən sinəsi düşmən
mərmilərindən od tutub yanıb. Çiçəkli yamaclar külə dönüb. Adamı ağır fikirlər
basır... Yox, ocağımız kor qalmayacaq. Dədə-babamız demişkən, su gələn arxa bir
də gələr.
İki ağsaqqal kişi
yandırılmış binaların həyətində ağır-ağır gəzişir. Yəqin qaçqınlardır,
uğurumuzu eşidib gəliblər.
- Salam, ay sizə
qurban olum, mən Cabbar Mirzəyevəm, - deyə qəm-qüssədən gözü çuxura düşmüş
ağsaqqal dillənir. – Bu yanmış evin yiyəsiyəm. Quruca dörd daş-divarım qalıb.
İçində bütün var-dövlətim qalmışdı. İnanın, hələ bir qızıma cehiz verməmişdim.
Nəyim varsa, erməni talan edib. İynə-sapa, külüngə, çəkicə kimi aparıblar. Belə
də quldurluq olar?
- Deyin görüm, kənd
camaatı qayıtmağa hazırdırmı? Axı kəndi belə boş, yiyəsiz qoymaq olmaz.
- Düz deyirsən, mənim
balam. Allah erməninin xatasını öz başında çatlatsın. Qurban olum Azərbaycan
ordusuna. Sizin qadanız pis adamların ürəyinə. Elə gəlmişdik ki, vəziyyətdən
hali olaq. Kəndimiz azadlığa çıxıb. Deməli, hərə gəlib öz ocağını
yandırmalıdır.
- Gözümün işığı, -
deyə o biri ağsaqqal yaxınlaşıb söhbətə başlayır. - Mən də Ələsgər Qurbanovam.
Bax, o dağılmış həyət də mənimdir. Əlbəttə, kəndə qayıdacağıq. Əsas odur ki,
suyumuz var. O həyət-bacanı, bağ-bağçanı quran əllər yenə qurar.
...Uğurlu döyüşlərimiz
davam edir. Azad olunmuş kəndlərimizin sayı artdıqca kədərimiz qarıyır,
sevincimiz isə cavanlaşır.
İbrahim MƏSİMOĞLU
9 fevral 1994-cü il

Комментарии
Отправить комментарий