ТƏLƏBƏ-POLİTOLOQUN SƏNGƏR ÖMRÜ
Prezidentimizin
xalqa müraciəti mənəviyyatımızı yerli-dibli silkələdi.Vətən, torpaq, qeyrət,
namus nidaları ürəklərə hakim kəsildi. Sosial İdarəetmə və Politologiya
İnstitutunun dövlətşünaslıq fakültəsinin tələbəsi Xariz Bəydadaş oğlu Mayılovun
qeyrət damarı elə coşub kükrədi ki, təhsili yarımçıq qoyub Vətən səngərinə girməyi,
mərd el müdafiəçilərinə qoşulmağı daha vacib saydı. 1993-cü ilin noyabr ayının
6-dan tələbə-politoloq təhsil qayğılarını tamam unudub “N” hərbi hissəsinin
taborlarının birində atıcı kimi hərbi xidmətə başladı. Gecə-gündüzünü oxumağa sərf
edən, sakit, xoşrəftar, təbiətcə hərbçiyə bənzəməyən bir adamın birdən-birə
ölümlü-itimli müharibənin od-alovuna atılması çətin idi. Amma bu əzab-əziyyət
Xarizin polad iradəsini əyə bilmədi. Nahaq deyilmir ki, insan döyüş meydanında,
Vətən qovğasında tanınar.
Xarizin ömrünə
yazılacaq döyüş bəxti də oyaq imiş: elə bir heyətə rast gəldi ki, həm hərb
elminin sirlərini öyrəndi, döyüşməyin təhərini mənimsədi, həm də etibarlı, vəfalı
səngər qardaşları, dostları qazandı, Vətən uğrunda ədalətli savaşı içəridən
yaşadı, daha da kişiləşdi.
Keçən ilin sonuncu
günündə Murovdağ döyüşündə qazanılan ilk uğur “N” taborunun 15 əsgərinin adına
yazıldı. Onlardan biri Xariz idi. Bu uğur necə qazanıldı?
- Ömər aşırımında
düşmənin ön postunu dağıdanlardan biri mən idim, - deyə Xariz qaşlarını
ovuşdura-ovuşdura danışır. – Sözün açığı, ulu torpağımız bu qədər ki işğal
olunub, elə güman edirdim erməni döyüşçüsü yeddibaşlı əjdahadır! Amma elə ilk
döyüşdən sonra qənaətimi dəyişdim. Ön post alınan kimi əjdaha sandığım dığalar,
neçə deyim, gözümdə milçək boyda kiçildilər. Onları Yol evinəcən qarışqa kimi əzdik.
Yeraltı qazmada hətta bir əsir də tutdum. Qorxusundan dizləri əsirdi. Məni görçək
yalvardı ki, onu öldürməyim. Silahını əlindən aldım. Qoyun kimi qabağıma salıb
komandirin yanına aparırdım. Dönə-dönə deyirdi ki, mən bir nəfərinizə də güllə
atmamışam, məni bağışlayın. Maraq üçün avtomatının gülləsinə baxdım. Düzü,
atmamışdı. Lakin sonra özünü pis apardığına görə cavabını aldı. Həmin gün düşməni
qıra-qıra Yanşaq kəndinədək qovduq.
Taborun belə bir ənənəsi
var: təzə döyüşçü ilk gündən ağır hərbi əməliyyatlara buraxılmır; öyrənilir,
sınanır, necə deyərlər, dişdən-dişə vurulur, yalnız bundan sonra məsul
tapşırıqların icrasına getməsinə icazə verilir. Xariz bu ənənəni ərkyana pozdu.
Əlbəttə, yaxşı mənada pozdu. Çünki o, cəbhəyə könüllü gəlmişdi, inamı güclü
idi. Ən əsas dayağı isə qorxmazlığı, fərasəti oldu.
Yanvarın 16-da
Yanşaq uğrunda gedən döyüşün həlledici mərhələsi başlandı. Taborun qoç igidləri
“N” dağında güclü mövqe seçmişdilər. Yeni həmlənin planı tərtib olundu. Bir
taqım Qüllə səmtində mövqe tutdu. Xarizgilin taqımı Yanşaq yolunun ağzında yerləşən
yüksəklikdə lövbər saldı. Bir gün gecə-gündüz fasiləsiz döyüş getdi. Dan yeri
söküləndə ermənilərin zirehli döyüş maşınının aramsız atəşi əsgərlərimizi dağ
başında səpələnməyə məcbur etdi. Xariz qar uçqununa düşərək yolunu azdı.
Handan-hana özünə gələndə hiss etdi ki, mühasirədədir. Qulağına erməni dilində
deyilən sözlər gəlirdi. O, iradəsini toplayaraq müdhiş tənhalığın doğurduğu
qorxu hisslərinə qalib gələ bildi. Boğazını, dişlərini ağrıtsa da, qar yeməklə
aclığını dəf elədi. Axşamüstü bir də gördü ki, sağ cinahda taborun dəliqanlı
döyüşçüsü Akif Hüseynov öz dəstəsi ilə cəngə çıxıb. Xariz düşmənin sırasında
çaşqınlıq yaratmaq üçün arxa tərəfdən dığaları atəşə tutdu. Nəticə pis
alınmadı. Amma Xarizin gülləsi tükənmişdi. Cəmi 2 gülləsi və bir qumbarası
qalmışdı. Artıq iki dığa ona yaxınlaşırdı. Xarizin atdığı qumbaranın partlayışı
onları cəhənnəmə vasil etdi. Daha iki güllə ilə nə edə bilərdi?! Ümidini üzmədi.
Qarlı yüksəkliyi zorla aşıb düşəndə pulemyotla onu arxadan atəşə tutdular.
Dağın yüksək nöqtəsində güllənin biri yanına dəydi. Var gücünü toplayıb aşağı
endi Səngər yoldaşları onun yarasını bağlayıb hospitala göndərdilər. Hospitalda
şad xəbər ala bildi: Yanşaq düşməndən təmizləndi. Bu uğurda da Xarizin layiqli
payı vardı.
Şəmkir xəstəxanasında
Xariz əməlli-başlı müalicə olundu. Sonra onunla Gəncədə görüşdüm. Özünü yaxşı
hiss edirdi. Xəstəlik sənədlərini alıb yenidən ön atəş xəttinə qayıtmağa
hazırlaşırdı. Olub-keçənlərdən danışdıq. Söhbəti hərləyib fırlayıb, yarımçıq
qalmış təhsilindən söz açdı:
- Belə getsə, təhsilimizin
müddəti bir az uzanacaq. İnstitutdan mənə möhlət verilsə də, bununla razı deyiləm.
Vətən uğrunda döyüşməyə və döyüşdən sonra imtahan verib kursdan-kursa keçməyə
gücüm çatar. Deyə bilərlər ki, döyüşçü necə oxuyub-öyrənə bilər? Mən də deyə
bilərəm ki, 8 ayda oxunulası proqramı 2-3 ayda mənimsəmək bacarığım var. Qoy
komissiya yoxlayıb rəy versin.
- Müharibə uzansa
necə?
- Qardaş, müharibə uzana
bilməz. Ordumuz tədricən güclənir. Mütləq qələbə qazanacağıq. Bütün dünya
tarixi türk hərbinin şöhrətindən danışır. Necə ola bilər ki, biz öz tariximizi,
öz qüdrətli hərbi keçmişimizi bərpa edə bilməyək? Bu, ağlasığmaz söhbətə
oxşamır. Biz nə vaxtacan düşmən əlində zəlil qalmalıyıq?
Xariz Mayılov əslən
İsmayıllı rayonunun Təzəkənd kəndindəndir. O, döyüşə yollandığı gündən anası
hörüyünün birini ağ, birini isə qara bağlayıb. Ağır zəmanəmizin yükü atası Bəydadaş
kişinin belini əysə də, qürurunu sındıra bilmir. Deyir ki, elnən gələn qara gün
toy-bayramdır. 2 oğlundan biri döyüşçüdürsə, ailəsinin qeyrətini Vətən səngərlərində
qoruyan varsa, demək, qüssə çəməyə dəyməz.
Qardaşım Xariz,
Allah səni o halal ruzulu ata-anana, bir də ki, müstəqil dövlətimizə çox görməsin!
Özünü yaxşı qoru, bu gün bizə mətin döyüşçülər gərəkdir, amma sabah dərin
düşüncəli politoloqlara da ehtiyacımız olacaq.
İbrahim MƏSİMOĞLU,
6 mart 1994-cü il

Комментарии
Отправить комментарий