CƏSARƏT DƏRSLƏRİ





Sözgəlişi deyirlər ki, hərgah əsgər libasını əyninə geyinən adamın səviyyəsi o pal-paltarın cəsarət səviyyəsindən aşağıdırsa, şərəf libasına əl atması da məsləhət deyil. Bu söyləməni belə də anlamaq olar ki, hər kəs nə edəcəyini, özü də necə edəcəyini dəqiq və qətiyyətlə ölçüb-biçməlidir. Amma “qorxaqlar əsgər paltarını geyinməyə yaramaz” hökmü də qanunlarımıza zidd səslənir. Azərbaycan vətəndaşı adını daşıyan hər bir kəs öz ölkəsində əsgərlik borcunu yerinə yetirməlidir. Qorxaq da olsa, cəsarətsizlik göstərsə də, madam ki, əqli, fiziki cəhətdən sağlamdır, gərək Vətən qarşısında öz müqəddəs vəzifəsini - əsgərlik borcunu ləyaqətlə icra etməlidir.

Biz “qorxu”, “təşviş”, “vahimə” sözlərindən niyə bu qədər çəkinir, ehtiyat edirik. Əgər insanı kainat həqiqətləri içərisində bir təbii varlıq kimi anlayırıqsa, onun qorxu hissini dərk etmək mövzusunda da ifrata varmamalıyıq. Dünyada qorxusuz insan varmı? Əlbəttə yox! Biz gündəlik həyatımızda bəzən texnika və mexanizmlərin bədbəxt hadisə törətməsi təhlükəsindən qorxur, bəzən tale yüklü bir işə girişərkən ağciyərlik edir, bəzən Allahın xofunu içimizdə gəzdirə-gəzdirə günahlı əməllərimizə görə təşviş keçirir, bəzən də bizə xeyir gətirə biləcək qətiyyətli addımları atmaqda cəsarətsizlik göstəririk. Bu psixoloji epizodlar inkar olunmayan həyat təsdiqləridir. Bəs Vətən uğrunda döyüşərək qəhrəman adı alan, dinc dövrdə ictimai-siyasi fəaliyyət meydanında igidlik nümunəsi göstərən adamlar heç qorxu hissi keçirmirlər?! Yoxsa onlar fövqəlbəşəri mətanət sahibidirlər? Əsla, insan mənəviyyatından yuxarı nəsə axtarmağa dəyməz. Hiss və duyğular daxildə hökm sürür. Fəqət, igidin qorxusu içəri dünyada bir küncə qısılan, boğulan, xirtdəklənən, səsi əlindən alınmış qorxudur. Qəhrəman yalnız öz qorxusuna güc gələ biləndə qəhrəmanlıq göstərər, igidlik zirvəsini fəth edər. Başqa sözlə desək, içimizdə hər an, hər dəqiqə bizi tərk etmək istəməyən və yaxud edə bilməyən qorxu hissini gəzdirsək də qorxudan qorxmayana qorxaq deyilmir.
Deyəsən, mətləbimiz aydınlaşdı. Lakin yanlıqlıq çaları çarpdıran bəzi sualları, mənəvi məqamları çək-çevir etmək, onlara aydınlıq gətirmək istəyimizi qələmə alsaq, o zaman qorxunun təbiiliyi ilə yanaşı döyüşçüyə vurduğu zərbələri də görər və dərindən anlayarıq.
Bağırsaq və Bağırlı döyüşlərində erməni döyüşçülərinin qorxaqlığı bu gün də “N” hərbi hissəsində lətifə kimi xatırlanır. Məlum Kəlbəcər əməliyyatı çox sərt gələn qış aylarına təsadüf etmişdi. Bizə yarıyun iplikdən toxunmuş elə bir qulaqlı papaq vermişdilər ki, çovğunlu havada papağın burulmuş qulağını, dalını və qabağını açanda başımızdan bircə gözlər açıq qalırdı. Bu papaq Susuzluq dağının qış şaxtasına, amansız soyuğuna tab gətirməkdə ən ağır dəqiqələrdə çox gərəkli oldu. Bir gün hücum vaxtı hava xeyli açıldı, günəş isti paltarda adamı hətta tərlətmək dərəcəsinə qədər hərarət verdi. Bağırsaq və Bağırlı istiqamətində döyüşə atılan əsgərlərimiz isti olsa da, həmin ağ rəngli papaqları çıxartmadılar və burum-burum buraraq başlarına qoydular. Bu papaq da kənardan Əfqan döyüşçülərinin ağ çalmalı papağına oxşadı. Erməni döyüşçüləri də bunu görcək fanatik əfqan əsgərinin xofundan qorxaraq “əfqanlar” deyə çığıra-çığıra qaçmağa üz qoydular. Üç postu beləcə qovhaqovla ələ keçirdik. Nəhayət, düşmənin bəzi komandirləri əfqan xofunu yox edə bildilər. Döyüş o həddə çatmışdı ki, bizim əsgərlər vuruşma zamanı gülə-gülə irəliləyir, uca səslə “əfqanlar” deyərək qəhqəhə çəkirdilər. Deməli, bəzən cəbhədə qarşı tərəfdə qorxu güc gələndə döyüşçünün təkcə cəsarətli baxışı, fəndgirliyi yox, papağı da qorxaq düşmənin silahından qat-qat güclü olur.
Hərbi rabitə elmində belə bir termin var: radio-hücum. Bu anlayışı “radio hədəsi” kimi də ifadələndirmək mümkündür. Qarabağ savaş tarixini ilk günlərdən izləyən adamlara, ələlxüsus hərbçilik səriştəsinə malik şəxslərə daha yaxşı bəllidir ki, düşmən əksər yaşayış məntəqələrimizi ordumuzun pərakəndə çağında məhz radio hədəsi yolu ilə işğal edib. Əlbəttə, bu sayaq döyüş epizodları ilk baxışda adama qəribə gəlir. Necə ola bilər ki, döyüşü sözlə udasan? Əslində bu taktiki hiyləgərliyin bir çəmidir. Qarşı tərəf mənəvi-psixoloji cəhətdən zəif olanda və yaxud komandir kəramətsiz, səbatsız hərəkətə yol verəndə adi bir hədəli söz hər hansı hərbi əməliyyatın taleyini həll edir. Məsələn, düşmənin bizə qarşı istifadə etdiyi radio hədələrin bir neçə nümunəsini misal çəkmək istəyirəm:
- “Biz sizin qərargahın yerini bilirik. Texnika və silahınız azdır. Nahaq döyüşürsünüz. Üç kəndi bizə on kilo qızıla satıblar. Yazıqsınız, çıxıb gedin. Yoxsa öləcəksiniz”.
- “Sizin icra başçınız bizə satılıb. İki günə rayon bizə təhvil veriləcək. Çıxıb gedin, yoxsa qırılacaqsınız”.
Bu cür radio hədələrin qorxusundan hələ tam püxtələşməmiş könüllü tabor döyüşçüləri vahiməyə düşərək geri çəkilmişlər. Küçədən tutulub səngərə salınan əsgərlərin isə titrəmədən az qala ürəkləri sökülüb. Düzdür, o dövrdə cürbəcür düşmən hədələrini anlayan hərbçilərimiz də olublar. Lakin onlar başlı-başına buraxılmış müdafiə dəstələrində azlıq təşkil etdiklərinə görə təxribat selinin təzyiqinə müqavimət göstərə bilməyiblər. Bəzən daxili siyasi çəkişmələrin qurbanı olublar və arxalı düşmən qorxusu öz işini görüb. Sözümüzün belə giziltili məqamında bir müdrik kəlam yadıma düşür: “Qorxaq o adamdır ki, təhlükə vaxtı ayaqları ilə düşünür”.
Nəmirli kəndi uğrunda döyüş gedirdi. Mən “N” taborunun radio tezliyinə düşüb əməliyyatı izləyirdim. Axşam saat 10.00 radələri yetiəsə də, döyüş dayanmamışdı. Çünki biz həmlə etməyi dayandırsaydıq, düşmən qüvvələri Tərtər yolunu kəsə bilərdi. “Dayanmadan hücum” əmri alan tabor komandiri bölük komandirinə radio ilə təkid edirdi ki, nəyin bahasına olursa-olsun kəndin içərisinə girib düşmənin müdafiəsini yarmaq lazımdır. Qarşıdurma son həddə çatmışdır. Təşviş hissindən nəfəsi kəsilən bölük komandiri özünü itirmişdir. Hətta məxfi siqnallara məhəl qoymayaraq açıqca öz ağ ciyərliyini söyləyirdi:
- Komandir, mən qorxuram qabağa getməyə, düşmən bizi yaxşı görür, budur, iki əsgərimiz ölüb, o biriləri də geri çəkilir, mən bölüyü qırğına vermək istəmirəm...
Savaş həyəcanı içində püxtələşən döyüşçülər doğru fikirdədirlər ki, acizi şillə tez tapdığı kimi, qorxağı da güllə tez yaxalayır. Həmin bölük qorxuya üstün gələ bilməyərək itki ilə geri çəkildi. Yerini təzə qüvvələrimiz tutub hücumu davam etdirdilər. Şəxsi heyəti ürək qopmacasına salan ölüvay komandir sonradan öz səhvini anladı. Üstəlik onu da anladı ki, döyüşdə komandirin vahimələnməsi tam məğlubiyyət deməkdir. Savaş prosesində bir əsgər qorxarsa, bununla keçinmək, müəyyən qədər ötüşmək olar. Lakin komandirin sadəcə bir təşviş halı bütün şəxsi heyətin əl-qolunu kəndirləyir, təxribat üçün əlverişli əsas yaratmaqla yanaşı istənilən həmlə prosesini düyünə salır.
Bəlkə də, məğlubiyyətin, hər hansı qorxaq hərəkətin aqibətindən doğan ikrah hissinin gördüyü iş qədər insan təbiətinə təlqin edə biləcək tərbiyəçi və ya müdrik ağsaqqal tapılmaz. Döyüş məğlubiyyəti də ordu üçün bu qədər ibarətlidir. Mən Qarabağ savaşında apardığımız uğurlu və uğursuz əməliyyatları tərəzinin gözünə qoymaq şərti ilə bir fikri qəti deyə bilərəm ki, bizim ordumuz təxribatlara düçar olsa da çox dərslər keçib. O, bir daha heç vaxt uduzmayacaqdır.

                                                                               İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”