SARICALI DÖYÜŞÜ



25 avqust 1993-cü il. Öz doğma sakinləri üçün qəribsəmiş, üzümü tənəkdə çürümüş, “ağ qızıl”ı qara geymiş Sarıcalı kəndinin adi yay səhəri idi. Saat 7-yə 5 dəqiqə qalmışdı. Qaraqaşlı kəndində mövqe tutan qudurmuş erməni hərbi qüvvələri tərəfindən atılan güllə sədaları sakitliyi elə pozdu ki, səngər darlığından bezikmiş əsgərlərimizin döyüş ruhu birdən-birə cuşa gəldi. Vətən müharibəsinin qanlı-qadalı tarixinin bir səhifəsi də belə açıldı.
Birinci bölüyün komandiri leytenant Ramiz Cəfərov xəbərdarlıq etdi:
- Diqqətli olun, bəlkə, düşmənin kəşfiyyat hücumudur. Çox atmayın. Güllənin qədrini bilin.
Bir neçə dəqiqədən sonra məlum oldu ki, bu, kəşfiyyat xarakterli həmlə deyil. Dişinin dibində şirə qalan düşmən yenə qan içmək xəyalındadır. Üç PDM və iki tankla bizə sarı irəliləyən işğalçıların əksəriyyəti mülki geyimdə idi. On beş dəqiqə ərzində müxtəlif növ silahlardan açılan atəşlər növbəti hücumun hərbi məqsədini yaxşı açıqladı.
Döyüşçü Fəxri Hacıyev operativ surətdə həyəcan siqnalı verdi. Komandir əsgərləri təmkinli olmağa, boş-boşuna atəş açmamağa çağırdı: “İmkan verin, qabağa gəlsinlər. Erməni dığasının alnından vurmaq lazımdır ki, ağlı başına qayıtsın”.
Erməni hərbi qüvvələri mövqeyimizə yüz metr qalana kimi irəlilədilər. Nişangahlar sahmana salınmışdı. Daxili həyəcandan gərilən barmaqlar tətiyə güc gəlirdi. Komandirin qəzəblə səslənən “atəş” kəlməsi ilə döyüş qızışdı, nə qızışdı. Aləm toza büründü. Tank mərmiləri ətrafa yaraşıq verən dağ vüqarlı qarağacları kökündən çıxarıb atırdı. Öz canından çox əsgərlərin vuruşuna diqqət yetirən bölük komandiri Ramiz Cəfərov ağır yaralandı. Bizimkilər təxminən iyirmi dəqiqə Ramizsiz müqavimət göstərdilər. Nəhayət, taborun qərargah rəisi, zəngin döyüş təcrübəsi toplamış Cəlil İbrahimov gəlib komandirin yerini tutdu. Düşmən geri çəkilməyə məcbur oldu. Birinci həmlədə ermənilər təxminən on beş canlı qüvvə itirdilər. Azacıq fasilədən sonra ikinci dəfə hücuma keçdilər. Bu həmlədə sanitar təlimatçısı, sıravi əsgər Əliyar Əhmədovun qayğısı artdı. Qorxunc döyüş təsiri altında avtomat və pulemyot güllələri başının üstündən nə qədər ötüb keçsə də, səngərə qısılıb durmadı: bir tərəfdən yaraları sarıyır, digər tərəfdən isə ağır yara alanları sürüyüb tabor qərargahına yola salırdı. Döyüşün əsas ağırlığını çəkən kiçik leytenant Eldəniz Dəmir oğlu Nəzərovun vəziyyəti onu tamam sarsıtmışdı. Qorxmaz və cəsarətli taqım komandiri olan Eldənizin başına tank mərmisinin qəlpələri sağalmaz yara vurmuşdu. İgid eloğlumuz Bərdə hospitalına çatar-çatmaz həlak oldu...
Cəlil İbrahimovun dediklərindən:
- Həm avtomatla, həm də pulemyotla atəş açırdım. İlk dəqiqələrdə düşmən texnikasının zəhmi bizi çox basırdı. Birinci həmlənin qabağını igidliklə kəsməyimiz qolumuza, canımıza tükənməz güc gətirdi. İkinci həmlədə tank əleyhinə qumbaramız qurtarmışdı. Əlavə sursat gələnə kimi əsgərlərimizin döyüş məharəti, döyüş hiyləsi ilə düşmən texnikasını susdurduq. Erməni tanklarına elə zərbə vurduq ki, biri dərin xəndəyə düşüb qaldı, biri isə su çəninə dəyib geri çəkildi və bir daha irəli çıxmadı. Döyüşçü Fəxri Hacıyevə bu torpağın çörəyi halal olsun. O, operativ olaraq arxa cəbhə ilə əlaqə saxlayır və bəzən mənim imkanım olmayanda sərbəst şəkildə vəziyyəti qiymətləndirib nəticə çıxarırdı. İki igidimizin şəhid olması məni yamanca hiddətləndirmişdi. Döyüş gedə-gedə qarışıq hisslər keçirirdim. Deyirlər, can şirin şeydir. Məncə, əsgər qanı axan yerdə bu, yalan sözə çevrilir. Həmin döyüşdə özümü düşünə bilmirdim. Bir gözüm azğın düşmənə baxırdısa, o biri gözüm əsgərlərimizin üstündən çəkilmirdi. Onların sağlığını düşünürdüm. Üçüncü həmlədə, açıq deyim ki, patron qıtlığı çəkirdik. Əgər arxa cəbhəçilərimiz azacıq ləngisəydilər, axırıncı gülləni özümə vuracaqdım. Xoşbəxtlikdən belə olmadı.
...Düşmənin üçüncü həmləsi idi. Gün günorta olmuşdu. İstiliyin dərəcəsi 25-ə çatmışdı. Boğazlar qurumuş, su qabları isə boşalmışdı. Lakin “su” deyib geri çəkilən yox idi. Pulemyot darağı sürətlə dolub-boşalırdı. Birdən bizim PDM-in səsi kəsildi və aramla geri çəkildi. Vəziyyəti heç kim anlaya bilmədi... Belə olmasaydı, erməni üçüncü dəfə üstümüzə ayaq aça bilməzdi. Nə isə... lənət şeytana!
Düşmən qüvvələri PDM-in geriləməsini görən kimi “ura” çığırdılar və bizim aramızda çaşqınlıq salmaq üçün azərbaycanca “qaçdılar” deyib böyük qüvvə ilə irəliləməyə başladılar. Əslində isə geri çəkilən texnika idi, texnikadan da güclü canlı “zirehimiz”, odlu ürəklərimiz səngərdən bir addım da geri durmamışdı. Mərmilərin doğurduğu toz dumanlığını ölümə boyun əyməyən igidlərimizin inam dolu göz işığı yarıb keçirdi. Arxayın-arxayın addımlayan erməni hərbi qüvvələrini pulemyotçularımız bir an içərisində ot kimi biçdilər. Tətiklər çəkiləndə “Yaşa”, Azərbaycan əsgəri!” nidaları sərrast atəşlərə mənəvi təminat verirdi. Otuza qədər dığa cəhənnəmə göndərildi. Beləliklə, gözünü qan örtmüş erməni istilaçıları diz çökməli oldular. Döyüş başa çatdı. Heyf ki, vaxtilə Laçın və Kəlbəcər yüksəkliklərini qəhrəmancasına fəth etmiş sıravi əsgərimiz Ənvər Sadiqidən düşmən gülləsi yan keçmədi. Ənvər döyüş mövqeyindəcə canını bizə tapşırdı. 16 nəfərimiz ağır yaralandı.
Heç kim anadangəlmə qəhrəman olmur. Qəhrəmanlığın da öz əlifbası var. Əsl igidlik “təhsili” səngərdə başlayır, Vətənə, xalqına, ana ismətinə, bacı namusuna, el qeyrətinə dayaq olan səngərdə. Sarıcalı döyüşü sübut etdi ki, bərdəli igidlərdən ibarət olan motoatıcı taborumuzda qəhrəmanlıq əlifbasından bixəbər, savadsız döyüşçü yoxdur. Hələ müdafiədə durmuşuq. Əsl qəhrəmanlıq hücumda çiçəklənəcək.

İbrahim MƏSİMOĞLU
21 oktyabr 1993-cü il


















Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”