LAQEYDLİYİN ACISI


                                                    

        “Hərbi sıra ədəb-ərkanı, əsgərin dəmir etiketi, zabit vüqarı, ordu ehkamları – bütün bunlar Silahlı Qüvvələrimizin mənəvi yaraşığıdır” deməklə vətəndaşlıq mövqeyimizi sözlə bəyan etmək əməlinə nə ad verək?! Öz milli namus timsalı, milli dövlətçilik dayağı olan ordusuna qarşı biganə davranan, yalnız ütülü rəylər söyləyən adamlar həqiqi mənada şəxsiyyət ola bilməz. Kimin bu məsələyə hansı rakursdan yanaşmasına baxmayaraq, öz ölkə əsgərinə, zabitinə laqeyd gözlə baxan andan mənəviyyat eroziyası başlayır. Bu usandırıcı, saya, bezikdirici replikaçılığı tərgitməliyik.
         ...Baş leytenant Müzəffər Məmmədov Bakı qarnizonu üzrə tez-tez patrul xidmətinə çıxır. Nümunəvi ədəb-ərkanı, qətiyyətli mövqeyi və hərəkətləri komandirlik tərəfindən dəfələrlə təşəkkürə layiq görülən  bu zabitin patrul xidməti zamanı rastlaşdığı xoşagəlməz bir hadisə orduya ictimai baxışın bir faktı kimi çox təəssüfləndiricidir. Buna oxşar hallar var, şükür ki, ümumi işimizi pozacaq qədər deyil.
          Hadisə belə olub: Patrul nəfərlərinə xüsusi tapşırıq verib yola saldıqdan sonra tək qalan baş leytenant M. Məmmədov şəhərdə gəzinti zamanı gözünə şübhəli görünən üç əsgəri saxlayıb yoxlayır. Məlum olur ki, əsgərlər hərbi hissəni özbaşına tərk ediblər. Patrul onları özünə tabe etdirib komendantlığa aparır. Əvvəlcə hər üç əsgər özünü intizamlı göstərir, lakin metronun eskalatorunda ikisi fürsət tapıb aradan çıxır. İctimai yerdə təklənən patrulun yalnız bir əsgəri saxlamağa gücü çatır. O da metro vaqonunun içərisində qəfildən vurnuxub qaçmaq istəyir. Lakin patrul güclü müqavimət göstərir. Nə qədər mədəni davransa da, əsgər tabe olmaqdan vaz keçir. Sarsıdıcı bir situasiya meydana gəlir. Sərnişinlər patrulu həm təqib edir, həm də danlayırlar:
          – Nə qansız zabitdir, niyə qoymursan çıxıb getsin.
          – Əsgərə yazığın gəlsin, bəlkə, anasını-atasını görməyə gedir.
          – Ədə, acığımızı üstünə tökərik ha, tifili burax!
          Hətta patrula əl qaldırmağa da cəhdlər edilir. Bu haqsız həqarətlərə  dözə bilməyən zabit üçüncü əsgəri  də buraxıb növbəti dayanacaqda vaqonu peşimancasına tərk etməkdən savayı əlac tapmır.
          Hərbi xidmət çəkən gəncə belə vecsiz vətəndaşların gözü ilə baxılarsa, biz nələrə müyəssər olarıq?! Bu, Azərbaycan əsgərinə olan “yanımcıllıq” və ya “doğma münasibət” nümunəsidirmi?! Bəlkə, hərbi tərəqqiyə zidd formaların ən eybəcəridir!
          Hər bir insanın vicdanı azaddır. Ona zor tətbiq etmək hədər məqsəddir. Korlanmış vicdanı qeyri-səmimi münasibət və ya təqibetmə yolu ilə sağlam mənəviyyat axarına salmaq, şəxsi iddialardan çəkindirib ümumxalq mənafeyinə yönəltmək faydalı üsul sayıla bilməz. Kobud davranış vicdan qapılarını yalnız bağlayır. Əgər vicdan sahibi ailədə zəif tərbiyə almışdırsa, daha çətin vəziyyət doğurur. Bu baxımdan əsgər vicdanına necə təsir göstərməliyik?! Təbiidir ki, ordunun öz pozulmaz qayda-qanunu var. Hər hansı bir gənc ailədə lazımi tərbiyə ala bilməsə də, mükəmməl iradəyə malik olmasa da, hərbi həyata qədəm basdığı ilk andan onun yeni əxlaqi xasiyyətnaməsi yazılır.
           Bünövrə hərbi anddan qoyulur. Hər gün hərbi sırada danlaq hədəfi olmaqdan bezən, nəcib duyğular əhatəsində təklənən gənc tədricən öz insani borcunu dərk edir, intizama cəlb olunur, bəzən ağır situasiyalarda hərbi and məsuliyyətindən xoflanır və bu psixoloji dönümdə şəxsi əxlaqi imkanlarını hərbi əmr və tapşırıqların icra prosesində  geçəkləşdirir. Yəni bu mühakimələrimizin əsas mahiyyəti ondan ibarətdir ki,  bu və ya digər gənc hansı obyektiv səbəbdən ailədə, məktəbdə zəif tərbiyələnibsə, bu o demək deyildir ki, ömrünün axırınadək belə gedəcək. Ordu ömrü o kobudlaşmış, laqeydləşmiş insanı həyəcanlaşdırır, bəd vərdişlərdən, pis əməllərdən uzaqlaşdırır. O, möhkəm iradəyə  malik zabitin, komandirin  şəxsiyyətinə sövqi-təbii hörmətlə yanaşır, Vətən sevgisinə qüvvə toplayır. Ona görə doğru deyirlər ki, ailə tərbiyəsi zəif ola bilər, buna  ata-ana öz günahı kimi öz-özlüyündə dözür, amma hərbi tərbiyənin zəifliyi dözülməzdir. Çünki hərbi tərbiyənin cavabdehliyi, məsuliyyət hissi çox böyükdür. Mayası Vətən sevgisi ilə tutulan bu hərbi ədəbliliyin kəsəri,  kasadlığı ucbatından elə bir cinayət törəyir ki, o cinayət sahibi son nəticədə nəinki bağışlanmır, üstəlik adına ömürlük Vətənə xəyanət damğası vurulur.
           Sinirlərimə toxunan bir vaqon söhbəti də bu mövzuya calaqlıdır. Yol yoldaşıma çevrilən bir gəncin mənəvi çatışmazlığı, vətəndaşlıq hissinin yoxluğu, ideya kasıblığı, bədbinliyi qızğın mübahisəmizdə üzə çıxdıqca həm məni, həm də digər yol yoldaşlarımızı çox məyuslandırdı. Bu gənc Heydər Əliyev adına Ali Hərbi Komandirlik Məktəbinin III kursundan çıxıb. İmtahan kəsirini ödəyə bilmədiyinə görə kursant olmağa layiq görülməyən bir vətəndaş kimi əsgərliyə göndərilib. Arxa cəbhədə xidmətini başa vuraraq ordudan tərxis olunub. Hazırda heç bir əmək fəaliyyəti göstərmir. Bədbinliyini qeyri-obyektiv təhsil sisteminin aqibəti kimi səbəbləndirən yol yoldaşım qətiyyətlə dedi ki, “mən dərslərimi yaxşı oxuyurdum, məni məktəbdən bir neçə zabit qəsddən qovub”. Bu iradın həqiqiliyinə əvvəlcə inanmağım gəldi. Lakin biliyini yoxlamaq üçün suallar verib, cavab ala bilmədikdən sonra açıqca dedim ki, sənin orta təhsil savadın da zəifdir. Görünür, o zabitlər haqlı imiş. Söhbətin axırında həmin gənc “ bizim millət ordu yarada bilməz”  fikrini söylədikdə tam əmin oldum ki, qarşımdakı vətəndaşın təhsil dayazlığı təkcə ali məktəblə bağlı deyilmiş, sən demə, onun ailə, uşaq bağçası və orta məktəb tərbiyəsi ilə bağlı kəm-kəsiri də çoxdur. Buna baxmayaraq, o inadkeşlik etdi. Özünü sığortalamaq, təmizə çıxartmaq üçün gəlişi gözəl sözlər söyləməkdən doymadı.
         Doğrudan da, əsl vətəndaş şəxsi əqidə timsalı kimi gərək xeyirli iş görməlidir. Əgər təmtəraqlı sözlər sahibi heç bir gözəl əməl törətməmişdirsə və törədə bilmirsə, demək o dəbdəbəli, ibarəli fikirlər saxta, cəfəng bir söz kimi qarşılanmalıdır. Necə ki, mənəvi çürüklüyünü bəzəkli sözlər arxasında gizlədən o gənc zahirən nə qədər qəşəng görünsə də, batili tez üzə çıxdı. Başqa sözlə desək, ürəyə qırmızı ənlik sürtmək nəyə gərək?! 
         Çözələdiyimiz məsələyə bu aspektdən yanaşsaq, deməliyik ki, biz mühakimələrimizin fonunda heç də hamını ordu məddahı rolunu ifa etmək çağırışına qoşulmaq iddiasında deyilik. Hərbi və dövlət sirləri istisna olmaqla ordumuz olduğu kimi təqdim edilməli, göründüyü kimi təsvirlənməlidir. İstər öz əsgərinin intizamlı pərvərişinə ögeylik edərək patrulu təqib edən vətəndaşları, istərsə də vətənçiliyə xor baxan, sözbaz, lovğa gənci ədalətli yurddaş mövqeyinə, ordu və Vətən məhəbbətinə qovuşmağa  dəvət edirik.
         İnanın ki, biz ordu yaratmışıq və daha qüdrətli ordunu təşkil etməyə qadirik. Gözəl bir tarixi deyim var: “Biz ulu keçmişi ilə bahəm genetik sərvəti ox vıyıltısı və qılınc cingiltisi sayılan türkün övladlarıyıq”. Bu məqamda Oğuz Xaqanın duası yada düşür.  Bu dua mənim stolüstü sənədlərimdən biridir. Hər gün olmasa da, bu dəyərli duanı ayda bir neçə dəfə oxuyuram. Həqiqətən biz özümüzü yaxşı tanıyanda və özümüzə qayıdanda çox güclü oluruq. Duadan kiçik sitat gətirməyə əlim gəlmir. Onu tam oxumaq lazımdır:
       “Ulu Tanrımız, sən türkü və türk yurdlarını qoru! Türkü düşmən şərindən saxla! Onu igidlikdə daimi et! Türkü ərlik davası ilə yaşat! Türkü gerçəksevən et! Türkün könlünə hər şeydən öncə hətta qursağına yemək qoymazdan əvvəl türklük sevgisini qoy! Türkü ideallarla yaşat və həqiqi idealları həyata keçirməyə çalışsınlar! Adətlərini canları kimi saxlat! Türkə zövq və rahatlıq vermə! Əksinə zəhmətə alışdır! Zəhmət hesabına ürəkləri, bədənləri dəmir olsun! Bunun sayəsində onlara yüksək çalışma qüdrəti verilsin! Türkü fəal və cəsur et! Türkə dəyişməz bir xarakter ver! Zaman keçdikcə onun xarakteri dəyişməsin, sadə təkamül yolu ilə dad versin!
          Ulu Tanrımız, milli qüvvət, namus, əxlaq, əzm, səbat, ideal, türkçülük ruhu, yurdsevərlik, elm, intizam yalnız bədən qüvvəti və mənəvi zənginlik hesabına hasil olduğuna görə türkə həmin dəyərləri ver!  Hansı türk oğurluq edərsə, namussuz  hal törədərsə, onu həmin an qəhr et! Türkə mənlik, həm də yüksək mənlik ver! Türk nəfsinə etimad sahibi olsun! Türkü mühakiməli, ciddi adam olaraq yarat! Hissiyyatına qapılaraq qəzəb ilə ayaqlanmasın! Birdən barıt kimi partlamasın! Daim soyuqqanlı olsun! Türkü hər millətdən çox cəsur yarat! Öc almağı türk əsla unutmasın!
        Namussuz bir türk yaradacaqsansa, dünyanı yıxsan ondan daha yaxşı olar! Nə qədər qorxaq türk varsa, hamısını həlak et! Qoy türk hər şeyi müqayisə etsin! Yalnız ağıl və məntiqdən uzaq olan şeylərə yaxın buraxma onu! Səbirli və dərdə dayanıqlı olsun! İradəsi polad kimi olsun! Dönük türk yaratma! Türkləri meymun iştahalı etmə! Türk daim ehtiyatla addım atsın! Kimsənin dadlı dilinə inanmasın! Kimsəyə etibar etməsin! Çalışma zəkadan üstün bir qiymət olduğuna görə  ulu Tanrım, sən türkü çalışqan et! Türkün ömrü çalışma ilə keçsin! Ona daim çalışma eşqi ver! Daim elbirliyi ilə çalışmağı özünə alət etsin! Tənbəl türkü həmin an öldür! Türkə hər millətdən üstün zəka ver! Zəka və çalışma – hər ikisi bir arada olan zaman türkün önündə kimsə dura bilməz! Milli böyüklüyün tək şərti kimi yüksək ideal, habelə buna alışmaq üçün yüksək əxlaq, fədakarlıq və səbat lazım olduğuna görə türkü əxlaqlı, səbatlı və fədai et! Ulu Tanrım, sən türkləri öz əlinlə birləşdir və hər şeydən əvvəl onların ruhu birləşsin! Onları bir qafa kimi birləşdirici  mədəniyyət sahibi et! Türkü öz adətinə sadiq et, ulu Tanrım! Ey türk tayfa birliyi: bilin ki, ataların adəti əsrlər boyu toplanmış təcrübə ilə hasilə gələn böyük bir hikmətdir! Tanrımız məni adətə toxunmaqdan və toxundurmaqdan saxladı və yenə saxlasın!
      Türk millətini lafçı deyil, əlindən iş gələn insanlar et! Bir şey söyləmək hələ iş görmək deyil! Sözü əmələ çevirməklə görülən işlərin vəzifə olduğunu beyinlərə sox!                
      Ulu Tanrım, sənə hamısından çox yalvardığım budur: Türkü yaltaqlıqdan qurtar!  Yaltaqlıq  əmsalı hesabına zəngin olmaqdan qoru! Türkə pis pul ehtirası vermə! Yaltaqları yox et!”
      Bəli biz də Oğuzun şanlı soyundanır. Daim boyumuz boylanır, soyumuz soylanır. Bəşər tarixi canlı şahiddir ki, Ulu Tanrıya Oğuz Xaqanı tərəfindən  ünvanlanmış bu yalvarış nəticəsiz qalmamışdır...       
                                                                                  
                                                                                     İbrahim MƏSİMOĞLU


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”