A. KARAYAN: “YAZIQ XALQIMIZ ZÜLM ÇƏKİR”
21 MAY 1994-cü İL TARİXİNDƏ AĞDAMIN ŞURABAD
KƏNDİNDƏ KÖNÜLLÜ ƏSİR DÜŞMÜŞ KARAYAN ARŞAVİK BEHBUDOVİÇLƏ MÜSAHİBƏ
- Nə üçün könüllü əsir
düşmək qərarına gəldin?
- Dostum Edikin qardaşı döyüşdə həlak olub. Onun
meyiti sizdədir. Mən dostumun xatirinə əsir düşdüm ki, azərbaycanlılarla
razılığa gəlib Edikin qardaşının meyitini aparım.
- Bəs qorxmadın ki,
səni güllələyərlər?
- Mən ölümdən qorxmuram. Həyatdan da bezmişəm. Birdən
nəsə bynimə girdi ki, dostluq naminə əsir düşüm. Axırı nə olar-olar...
- Azərbaycan
dilini necə öyrənmisən?
- Mən əslən bakılıyam. 1956-cı ildə Bakının
Vorovski qəsəbəsində doğulmuşam. Azərbaycanın çörəyi ilə böyümüşəm. Azərbaycanlılardan
heç bir pislik görməmişəm.
- Elədirsə, niyə Azərbaycana
qarşı silah qaldırırsan?
- Hər şey məndən asılı olsa, sabah bu faydasız
müharibəyə son qoyaram. Azərbaycanla davanı dərd içində boğulan erməni camaatı
aparmır. Müharibəni qızışdıran Rusiyanın köməyi ilə Ermənistanda yüksək vəzifə
tutan dövlət başçılarıdır. Onların nə vecinə! Səngərdə can verən bizim kimi
kasıblardır. Yazıq xalqımız zülm çəkir.
- Söylə görüm, necə
oldu ki, sən Ermənistan ordusunun sıralarına qoşuldun?
- Bizim ailə mən doğulduqdan sonra Bakıda 3 il
yaşayıb. 1959-cu ildən Xankəndinə köçmüşük. Orada ailə qurmuşam. Dinc
dolanırdıq. Azərbaycanlılarla yaxşı münasibətimiz var idi. Araqarışdıranlardan
canımızı qurtarmaq üçün bir müddət ailəmlə Özbəkistanın Xorəzm vilayətinin
Xanqa rayonuna köçüb orada yaşamışıq. Fotoqrafam. Bir dəfə Xankəndinə - ata
evinə baş çəkəndə “ablava”ya düşdüm. Məni zorla döyüşə basdılar. Ailəmin vəziyyəti
get-gedə ağırlaşdı. Evimiz şəhər yanğınsöndürmə idarəsinin yanında yerləşirdi.
Onun da üstünə “Qrad” mərmisi düşdü və büsbütün dağıldı. Arvadım Jannanı və üç
qızımı min bir əziyyətlə Stavropol diyarına yolladım. Özüm isə xəlvətcə
Yerevana getdim. Oradan da təyyarə ilə ailəmin yanına uçdum. Bir müddət başımı
beləcə girlədim. Lakin yenə Xankəndinin “100 mənzilli” deyilən binasında
yaşayan anam Şuranın yanına qayıtdım. Yenə tuthatut idi. Yaxalandım və məni 4
gün həbsxanada saxlayıb gətirdilər Xocalı poliqonuna. Burada bir neçə gün təlimdə
oldum. Sonra Xankəndidə yerləşən mərkəzi polkun tərkibinə saldılar. Üç dəfə
döyüşə getməkdən boyun qaçırdım. 4-cü dəfə məni posta qoydular. Güllücə kəndində
minaatan silahın mərmisindən yara aldım. Hələ bir neçə qəlpə bədənimdədir.
- Neçə qardaşın var?
- İki qardaşıq. O biri qardaşımın adı Muraddır.
Xankəndidə yaşayır. Əlildir. Pensiya ilə dolanır. Anamla birlikdə qalır. Atam
da xərçəng xəstəliyindən ölüb.
- Anan nə işlə məşğul
olur?
- Anam qocadır, 68 yaşı var. Xankəndidə gününü gəbə
toxumaqla keçirir.
- Sən elə danışırsan
ki, guya Xankəndidə əmin-amanlıq hökm sürür.
- Yox əşşi, dinclik nə gəzir? Camaat qorxu içindədir.
Dolanışıq çox pisdir. Bazarda bahalıqdır. Böyük qızım İnna indi 2-ci sinifdə
oxumalıdır. Lakin nə məktəb var, nə də dərs deyən. Camaatın çoxu zirzəmilərdə
yaşayır.
- Nəhayət, de görək,
Dağlıq Qarabağ kimə məxsusdur?
- Əlbəttə, Azərbaycana məxsusdur.
- Bəs bu müharibə,
qırğın-qiyamət nə üçündür?
- Mən adi bir erməniyəm. Dağlıq Qarabağ müharibəsinin
səbəbini isə vəzifəli ermənilərdən soruşmaq lazımdır. Bax, mənə möcüzəli
görünür: artıq Xankəndidə yaşayanlara “Dağlıq Qarabağ Respublikası”nın
pasportunu veriblər. Mən isə almamışam. Deyirəm ki, belə saxta sənədi istəmirəm.
Axı Dağlıq Qarabağı respublika kimi düyada heç kim tanımır. Mən onun pasportunu
alıb necə istifadə edə bilərəm? Hətta Dağlıq Qarabağda olan maşınlara ayrıca
seriya da veriblər. Yerevanda “AZO” seriyalı maşın görəndə bilirsən ki, Dağlıq
Qarabağdan gəlib.
- Ermənistan
Respublikasında hansı siyasi xadimlərə rəğbətin var?
- Heç birinə!
- Prezident Levon
Ter-Petrosyan necə rəhbərdir?
- Çox alçaq, ən pis söyüşlərə layiq adamdır.
- Neçə gündür ki,
Ağdamın işğal etdiyiniz kəndlərini yandırırsınız. Özünü insan sayırsansa, bəs
bu vəhşi hərəkətlərə necə dözürsən?
- İnanın, mənim bu alçaq işə əlim gəlməz. Axı mənim
də evim yoxdur. Mərmidən dağılıb. Yaxşı bilirəm ki, evsiz ailə necə əziyyət çəkir.
Yandırılan bu evlərin sahibləri ilə çox duz-çörək kəsmişəm. Yaxşı yadıma gəlir.
Şəkil böyüdürdüm. Hansı qapını döyüb sifariş qəbul edirdimsə, hamısı evində əziz
qonaq kimi mənə gözəl süfrə açırdı, doyunca yeyib-içirdim.
- Niyə o duz-çörəyi
ayaqlamısan?
- Qardaş, elə demə, ürəyim ağrıyır. Allah bizim
aramızı vuranın evini dağıtsın.
Müsahibəni aldı:
İbrahim MƏSİMOĞLU
1 iyun 1994-cü il

Комментарии
Отправить комментарий