1994-cü il FÜZULİ DÖYÜŞLƏRİ: İNTİQAM NİDALARI



Baxışında Koroğlu hünəri, qəlbində Nəsimi dözümü yuvalanan tankçı Əlisoltan Qurbanov dişlərini bərk-bərk sıxdı, şlemofonu qulaqlıqdan dartıb bərkitdi. Xəyalında ilğım kimi boy göstərən şəhid cəbhədaşları cərgələndi. Müqəddəs simalar onu qınadılar:
- Dığaların əlindəmi qalmısınız? Erməni tanklarını niyə sakit buraxırsınız? Yoxsa ölümdən qorxursunuz?
Əlisoltan sanki yuxulu idi. Bu qınaqlı suallardan diksindi. Siqaretini alışdırdı. Dərin bir qullab vurub üzünü sürücü-mexanikə - şəmkirli Nafiq Alıyevə tutdu:
- Sür qabağa, təpənin ətəyinə qədər gedək.
- Ora təhlükəlidir, - deyə Nafiq ehtiyat etdi.
- Sür, bu dəfə aşağıdan şığıyıb atəş açaq. Ya bizə verən Allah, ya da erməniyə...
Tankın tırtılı sürətlə fırlandı və toz içində görünməz oldu. Hündür təpəni çıxmaq fikri ilə dərdləşən piyadalarımız ixtiyarsız olaraq irəli cumdular. Tankçıların hünərli hərəkəti göydəndüşmə oldu. Doldurucu Eldar Paşayev arxayın idi. Tuşlayıcı Əlisoltan Qurbanov sanki hədəfin harada olacağını qabaqcadan duymuşdu. Düşmən tankı təpənin başına qalxanda dəliqanlı Əlisoltan qəzəbdən gərilmiş barmağı ilə atəş düyməsini basdı. Mərmi hədəfə coşqun bir qasırğa kimi çırpıldı:
- Ax, nə şaqqaladım! – deyə Əlisoltan fərəhlə dilləndi.
Sürücü-mexanik Nafiq sevincdən əllərini sükandan buraxıb Əlisoltanın kürəyində əsgər marşı ritmi ilə şappıldatmağa başladı:
- Andına kişi kimi düz çıxdın, qardaş!
Şaqqalanmış düşmən tankı tüstüləndi və tərpənməz dayandı. Könlü çalxalanmış Əlisoltan cəld çölə çıxdı:
- Ekipaj qaçacaq, gəlin gülləyə tutaq.
Aşağıdan yuxarı atəş açmaq çətin olsa da, Əlisoltan döyüş vəziyyətini alıb düşmən tankçılarının ikisini məhv etdi. Yalnız biri xəlvətcə əyilib əkildi. Dalınca nə qədər atdısa, dığa güllədən yayına bildi. Sol tərəfdə mövqe tutan düşmən piyadaları Əlisoltanı yaraladılar. Amma yaralandığını özü hiss etmirdi. Çünki uğurlu həmlədən sonra qəlbində ümman sevinci çağlayırdı. Sanki gözləri ayaq altını görmürdü, ovunu əldə etmiş qartal kimi səmada qayğısız uçurdu.
Axşam biləcərili Əlisoltanın qəhrəmanlığını eşidən zabit Yaşar Aydəmirov onu yanına çağırdı və 4 min manat pul mükafatı verdi. Cəsur tankçı çiynindən yaralansa da, müalicəyə getməkdən imtina etdi, lakin zabit icazə vermədi:
- Sənin can sağlığın ordumuza gərəkdir. Mütləq müalicə olunmalısan.
...Füzuli torpağında müzəffər döyüşümüz davam etməkdədir. Sarsıdıcı zərbələrimiz hələ düşmənə öhd olmur ki olmur. Elə ki səngərdədir - lovğalanır, dil boğaza qoymur. Elə ki, əsir düşür, ilan dili çıxarır; öz xalqına söyür, elə yazıq-yazıq dil tökür ki, adamı qəribə döyüş duyğuları basır. Lakin daha aldanası deyilik. Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində Azad Əliyevin, Ağamoğlan Vəliyevin, Qoşqar Tağıyevin və Nəcəf Əhmədovun tutduqları 3 erməni əsiri nə qədər and-aman etdisə də, sözümüz bir oldu.
- Biz sizin dabbaqda gönünüzə bələdik. Torpağımız son qarışınadək azad olunmayınca sizə qonşu da deməyəcəyik...
Aprelin 24-dür. Bu günü xain, torpaq sümsüyü olan erməni xalqı hər il matəm günü kimi qeyd edir. Onlar bu süni genosid tarixini icad edərək öz saxta ideallarına, “Böyük Ermənistan” şüarı ilə boğaz yırtan millətçi “qəhrəmanlarına” bəraət verməyə can atırlar. Bu antihumanist istək də erməni xalqının mənəviyyatını korlayıb, şikəst edib.
...Güclü səsyayan stansiyanın üzü Korqan kəndində mövqe tutan ermənilərə doğrudur. Ötəri sakitlikdir. Hava da mülayimdir. Sürücü-mexanik Əfsər Səfərov stansiyanı istehkamın arxasında saxlayıb rəisinə hesabat verir:
- Mən hazıram. Maqnitofonu qoşmaq vaxtıdır.
Gizir Oruc Məmmədov maqnitofonu işə salır. Respublikamızın prezidenti Heydər Əlievin 1994-cü il aprelin 12-də radio və televiziya ilə xalqa tarixi müraciətinin erməni dilinə çevrilmiş bəzi tezisləri ətrafa əks-səda verərək əzəmətlə səslənir: “...Ayılın, bilin ki, bu müharibənin mənası yoxdur. Təcavüzkar dairələr öz niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan Respublikası öz torpaqlarını heç vəchlə əldən verməyəcəkdir. Hələ ki, gec deyil, ziyanın yarısından da qayıtmaq xeyirdir. Bu müharibədən əl çəkin...”.
Bir azdan stansiya yerləşən mövqeyə iriçaplı pulemyotdan aramsız atəş açıldı. Stansiya təcili yerini dəyişdi. Əfsər Səfərov efirə çıxmazdan əvvəl dediyi sözləri dübarə təkrarladı:
- Axı mən dedim ki, eşşək nə qanır zəfəran nədir? Erməni quldurunu noxtalasan da, murdar nəfəsindən əl çəkəsi deyil.
...Kursant Elman Vahidovla səngərdə görüşürəm. Təhsil aldığı bir vaxtda onu cəbhəyə gətirən nədir? Lakin zabit İlqar Hüseynov aman vermədi:
- Elman hərbi döyüş qanunlarını yaxşı bilir. Cəbhəyə könüllü gəlib. Yaxşı təşkilatçıdır. Zabit sarıdan korluq çəkirdik. Şad oldum ki, qismətimizə qeyrətli bir vətən oğlu düşdü. İndi quduz düşmənə toy tutmaq üçün birgə yollar axtarırıq. Taborumuzda onun nüfuzu çoxdur. Cəbhəyə təzə gələn döyüşçüləri öz qanadı altına alıb hərbi sirləri öyrədir. Taborumuzun uğurlu hərbi əməliyyatlarında Elmanın dəsti-xətti çox imdadımıza çatıb.
- İndi sizi eşidirəm, - deyə Elmana üz tuturam.
- Nə deyim, könüllü gəlmişəm ki, Vətənə müqəddəs borcumu yerinə yetirim. Gəlişimin xeyri dəyib: döyüşçülərə çox şey öyrətmişəm. Taborun igidlərindən razıyam. Düşmən texnikasının qənimi – qumbaraatan Gülbala Əkbərov, 8 ermənini məhv edən Məhəbbət Qarayev, cəsarətli döyüşçü Musa Xudafərinov, baş çavuş İlqar Ağcayev, düşmənin belini sındıran Azər Allahverdiyev kimi cəngavərlərlə bir səngərdə olmaq mənə böyük şərəfdir. Bu döyüş günləri azadlığa möhtac ömrümün bəzəyidir.
Ulu Qarabağımızın min cür nemətlər yetirən Füzuli yurdunda şiddətli döyüşlər gedir. Vücudumuzu alışdıran şəhidlərimizin qara xəbəri eyni zamanda qeyrət damarımıza hakim kəsilən intiqam hissini coşdurur. Bu gün qəhrəmancasına şəhid olan dəvəçili Feyruz Qurbanovun, yevlaxlı Vəli Əzizovun, cəlilabadlı Aqşin Mehdiyevin, neftçalalı Cəlil Cavadovun, sumqayıtlı Vəzir Əliyevin qızıl qanı ilə Füzuli torpağı suvarılır və hər səngərdən “intiqam, intiqam...” səsli üsyankar nidalar qopmaqda davam edir...

İbrahim MƏSİMOĞLU
7 may 1994-cü il







Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”