QORXMAZIN MƏĞLUBEDİLMƏZ İNAMI
22 yanvar 1994-cü
il. Kəlbəcərin azad edilməsi uğrunda aparılan döyüşlərdə Çiçəkli dağ yüksəkliyi
çox strateji əhəmiyyət daşıyırdı. Bu yüksəkliyin əldə edilməsi ona görə vacib
sayılırdı ki, tunelin üstündə yerləşirdi. Burada düşmənin nəfəsi kəsilməsəydi,
heç cür irəli gedə bilməzdik. Briqada komandiri Saleh İlyasov xeyli
düşünüb-daşındıqdan sonra həmin istiqamətdə irəliyən 2-ci taborun döyüş fəaliyyətinə
rəhbərliyi qərargah zabiti Qormaz Qarayevə tapşırdı. Əlbəttə, qəbul edilmiş bu
qərar möhkəm inama söykənirdi. Taborun şəxsi heyəti bu xəbəri eşitdikdən sonra
nikbinləşmişdi. Qorxmazın döyüş təcrübəsinin zənginliyi, həmçinin yüksək hərbi
peşəkarlıq səviyyəsi hamıya yaxşı bəlli idi. Demək olar ki, briqadada hamı ona
hədsiz dərəcədə inanır və bel bağlayırdı. Döyüşçü kollektivinin də birinci şərti
- etibardır. Qarşılıqlı etibar olmadan döyüşdə heç bir halda qələbə əldə etmək
mümkün deyil.
...Qorxmazın rəhbərliyi
ilə 2-ci taborun dayaq məntəqəsi yenicə düşmən tapdağından azad edilmiş
Bağırsaq kəndində yerləşdirildi. Öncə ehtiyat tədbirləri görüldü. Sonra
seçilmiş cəsur əsgərlərdən ibarət bir kəşfiyyat qrupu yaradıldı. Onlar 8 nəfər
idi. Gecə radələrində Çiçəkli dağına kəşfiyyata yollandılar.
Çiçəkli dağının sol
tərəfindəki təpədə erməni qüvvələri elə mövqe tutmuşdular ki, dağa gedən yolu
gündüz keçmək mümkün deyildi. “İgidin fəndi olmasa, tez basılar”, deyərlər.
Qorxmaz Qarayev və tabor komandiri İntiqam Məhərrəmov birgə elə taktiki hiylələr
işlətdilər ki, mümkün sayılmayan məsələlərin həllinə də açar tapıldı.
Döyüşçülərimiz iliyə
işləyən şaxtalı hava ilə üz-üzə qalmışdılar. Tərslikdən bu gün ötən günlərə
nisbətən havanın soyuğu artmışdı. Belə şəraitdə kəşfiyyata getmək çox çətinliklər
törədirdi. Kəşfiyyat qrupu gecə açılan təkəmseyrək atəşlərə məhəl qoymadan
interval və müəyyən məsafələrlə nəzərdə tutulan nöqtəyə doğru mərdanə hərəkət
etdilər. Qorxmazın məsləhətləri hesabına kəşfiyyat qrupu itkisiz irəlilədi.
Səhər 8.15 radələrində
mövqe döyüşü başladı. Gücləndirilmiş 1-ci bölük zabit Rəhmanın rəhbərliyi
altında düşmənin bir gülləsini də cavabsız qoymadı. Həmin gün Çiçəkli dağına həmlə
etmək üçün taktiki şərait alınmadı. Lakin kəşfiyyat qrupu dəyərli məlumatlarla
qayıda bildi. Onların yalnız 2 nəfəri yaralanmışdı. Hər ikisinə vaxtında ilkin
tibbi yardım göstərildi və təxliyyə edildi.
Növbəti gün döyüş
günorta 14.00 radələrində başlasa da, daha intensiv xarakter aldı. Düşmənin təminat
yolu taborun minaatanlarının güclü atəşi hesabına darmadağın edildiyinə görə
böyük çaxnaşma əmələ gəlmişdi. Hələlik 2-ci bölüyümüz müdafiə mövqeyində
durmuşdu. Lakin düşmənə qarşı təzyiq saatbasaat artırılırdı. Nəhayət, günün
axırınadək Çiçəkli dağın aşağısındakı sıldırım qayalardan ibarət strateji nöqtələri
ələ keçirərək əlverişli həmlə şəraiti yarada bildik.
Qorxmaz Qarayev Çiçəkli
dağ uğrunda döyüşün üçüncü gününü həlledici gün elan etdi. Döyüşçülərin fəaliyyət
zamanı sıradan neçə ayrılmasına, habelə komanda, siqnal və işarə mənalarının şərti
olaraq dəyişdirilməsinə xüsusi fikir verərək lazımi göstərişlər verdi. Həlledici
hücumla bağlı məsləhət və göstərişlərini bu sözlərlə tamamladı: “Mən sizə ölməyi
yox, öldürməyi əmr edirəm!”
Çiçəkli dağ uğrunda
döyüşdə zəncirvari döyüş düzülüşündən istifadə etməyə imkan yox idi. Odur ki,
dağ döyüşünün tələblərinə uyğun olaraq hücumu 2 istiqamətdə aparmaq
planlaşdırıldı. Tabor komandiri İntiqam Məhərrəmov, demək olar ki, gecə yalnız
iki saat gözünün acısını aldı. Səhərə yaxın zabit heyətini dönə-dönə təlimatlandırdı
ki, gözlənilməz hallarda özlərini itirməsin, qəfil məqamlarda düzgün hərəkət
etsinlər.
Səhər 9.00 radələrində
Qorxmaz Qarayev Bağırsaq kəndinin yüksəkliyində özünə yer seçərək hücum əmrini
verdi. Maskalanmış mövqelərdən açılan arasıkəsilməz xəncəri atəşlər düşmənin
amanını qırdı. Briqada artilleriyasına korrektirovkanı Qorxmazın özü verirdi.
Üstəlik taborun minaatanları piyadalarımızın itkisiz irəliləməsini bacarıqla
himayə edirdilər. Həlledici zərbələri tank heyətimiz həyata keçirdi və cəmi-cümlətanı
3 saat keçən döyüş ərzində Çiçəkli dağı düşmənin murdar nəfəsindən təmizləndi.
Xeyli hərbi qənimət əldə etdik. 4 döyüşçümüz – ağdaşlı Samir, maştağalı Elşad,
qaradağlı Mərifət və şamaxılı Elçin şəhidlik zirvəsinə ucaldılar. Onların igidliyi
sitayişə layiq bir igidlik kimi heç vaxt yaddaşımızdan silinməyəcəkdir.
P.S. Qanlı yurd
döyüşlərində mənəvi şücaəti, hərbi peşəkarlığı kamilləşən Qorxmaz Qarayevə
2012-ci ildə Ali Baş Komandanımızın sərəncamı ilə general-mayor rütbəsi
verilmişdir.
İbrahim
MƏSİMOĞLU
23 yanvar
1994-cü il,
Kəlbəcər rayonu, Çiçəkli dağı.

Комментарии
Отправить комментарий