QƏLPƏLƏR ƏSGƏR ƏMANƏTİDİR




33 yaşını təzəcə haqlayan cərrah Teymurun kədər daşıyan gözlərinə baxa-baxa hərbi həkimlik xatirələrini dinləyirəm. Dərhal baxışlar nəmlənir, dodaqlar titrəyir. Yüklü gözlərin iki ildə gördüklərini dar macalda dinləməyə hanı məndə o taqət?! Hər cümləsində dərin bir üzüntü, hər kəlməsində təskinedici şərəf hissi...
- Şuşa faciəsini mən cərrahiyyə stolu arxasında keçirmişəm. Oturmağa, dinc nəfəs almağa imkan yox idi. Mərmilərin, topların nərəsi dünyada dünyalıq qoymamışdı. Yer də titrəyirdi, göy də. Ən güclü döyüş Kosalarda keçdi. Canlı şahidiyəm. Murdar erməni meyitləri yerə zibil kimi sərilmişdi. Kim nə deyir – desin, bir özü bilər, bir də Allahı. Amma mən fərəhlə deyə bilərəm. Əsgərlərimiz axırıncı gülləyə qədər döyüşdülər. Hərbi səhra hospitalımız Kosaların məktəb binasında yerləşdirilmişdi. Dağıdıcı mərmilərin təsirindən can qurtarmaq barədə fikirləşməyə belə fürsət yox idi. Fikrim-zikrim yaralı harayına yönəlmişdi. Mayın 9-da saat 12-dək bu qəhrəman kəndin igidləri ilə bir cərgədə oldum. Cərrahiyyə stolunu məktəbli skamyaları əvəz edirdi. Eyni vaxtda 4 yaralının cərrahiyyə əməliyyatını aparırdım. Yeganə cərrah mən qalmışdım. İki gündə cəmi 35 ağır yaralının həyatını xilas etdim. Təsəvvürünüzə gətirin ki, bir tərəfdən atəşlər qulağımı batırırdı, digər tərəfdən də çıraq işığında çox çətinliklə iş görürdüm. Vaxtın necə ötməsini hiss edə bilmirdim. Nəhayət, Kosaları tərk etməli oldum. Ağrı keçirə-keçirə...
Tibb xidməti kapitanı Teymur Abbas oğlu Əlləzovun cəbhə həyatından qalan ən sevimli yadigarı qəlpələrdir. Şəxsi tibb çantasında 200-dən çox qəlpə saxlayır. Yaralı igid əsgərlərin canından çıxardığı bu qorxunc, ölüm nəfəsli qəlpələri ona görə əziz əsgər əmanəti kimi qoruyur ki, milli qəhrəmanlıq tarixini, Vətən savaşı salnaməsini yaradan eloğlularımızın kövrək xatirəsi, fədakar və cəsur əməlləri haçansa itməsin, unudulmasın. Qəlpələr onun fərəh mənbələridir. Köksünə sığmayan qəzəbini söndürən bir varlıqdır. Asudə dəqiqələrdə o, cərrah bıçağının ucundan çıxan əmanətləri bir-bir nəzərdən keçirir, özü üçün ikinci bir igidlik ömrü yaşayır.
Doğma kəndi Qaraçöpdə keçirdiyi uşaqlıq illərindən üzü bəri Şuşa – Kosalar – Laçın – Ağcabədi döyüş bölgələrində vətənə xidmət göstərdiyi vaxtlaradək Teymur öz vicdan qanunları ilə yaşayıb və yaşayır. Bir ağ xalatlı xilaskar insanın vücudunda qərar tutan bu qanunda öz xalqına, öz torpağına xor baxanlar cəzasız qalmırlar. Bu qanunun bir mizanı var: NAMUS. İstər Azərbaycan Tibb Universitetində oxuyanda, istər Sumqayıt şəhərinin təcili tibbi yardım xəstəxanasında və ftiziatriya dispanserində cərrah işləyəndə hər addımda namus paklığını ön planda tutub. Cəbhəyə, odlu nöqtələrə onu çəkib gətirən, hər cür müharibə məhrumiyyətlərinə dözməyə məcbur edən də el qeyrətindən su içən namusudur. Sənətə də bu yolla yiyələnib, başını uca edən istedada, daxili zənginliyə də.
Üç körpə uşaqlı ailəsi evdə onun hər an nigaranlığını çəksə də, ordu həyatından aralanmır, vətən azadlığı naminə inadkarlıq edir. Hazırda “N” hərbi hissəsi tibb bölüyünün əməliyyat-sarğı taqımının komandiri kimi öhdəsinə düşən vəzifəni can-başla yerinə yetirir. İndiyədək güllə yarası almış beyin üzərində 20 dəfə, qarın boşluğunda 43 dəfə, mərkəzi arteriya və vena üzərində 13 dəfə, döş boşluğunda 3 dəfə uğurlu cərrahiyyə əməliyyatı aparıb. Çox fəxrlə deyir: “Stola kimi çıxarmışamsa, ölməyib. İgidlərin adları xatirimdə qalmasa da, nurlu sifətləri yaddaşımdadır. Ön hospital həkimi kimi mən yalnız ilk yardım göstərirəm. Sonra yaralılrı arxa cəbhəyə yola salırıq. Ümumiyyətlə, cəbhəçi həkimlə dinc dövrün həkimi arasında dağlar qədər fərq var. Müharibənin doğurduğu hiss-həyəcanı, real ölüm təhlükəsini heç saya salmıram. Əsas çətinlik odur ki, cəbhəçi cərrah təbabətin hər cür məqamı ilə üzləşir. Bir məqamı qeyd edim: qara ciyər rezeksiyası əməliyyatını mən mülki işdə görməmişdim. Burada gördüm, əməliyyat apardım və yaxşı alındı... Bu ilin fevralında Laçın rayonunda 20 gün blokadada qalmışdıq. Ümidimiz bir hava yoluna bağlanmışdı. Vertolyotdan da səs-səmir yox idi. Xəstə gəlirdi, ilk yardımı götərirdik, amma arxa cəbhəyə göndərə bilmirdik. Hər işimiz düyünə düşmüşdü. Ehtiyat qalan dava-dərmandan elə yolla, elə üsullarla istifadə etdik ki, bir xəstəmiz, bir yaralımız da həlak olmadı. Çox xəstənin fizioloji funksiyalarını yaxşıca bərpa edə bildik. Bax, budur cəbhə həkimliyi. Lazım gəlsə, daşdan da dərman hazırlamalı olursan. Hamı ümidini sənə dikir. Həkim az qala Allah əvəzində görünür...
Nəmli gözlərdə çox xatirələr yatır. Nisgilli, ali məramlı, qürur doğuran, həm də şikəst olmuş xatirələr. İmkansızlıq, şəraitsizlik, eyni zamanda döyüşçü ehtiramı, əsgər alqışı içərisində öz həkimlik borcunu, müqəddəs Vətən haqqını ödəyən Teymuru yaşadan da bu xatirələrdir, ömrünü bəzəyən də. Onu dinlədikcə xəyalımda bir el hikməti pöhrələnir: İgidim igid olsun, kol dibi evim olsun.

İbrahim MƏSİMOĞLU
10 noyabr 1993-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”