VƏTƏN DƏRDLƏ DİL AÇANDA...
...Azərbaycan ordusu
ilk qədəmlərini atırdı. Hər gün televiziyada cəbhədən verilən informasiyalarla
yanaşı Silahlı Qüvvələrimizin problemlərindən də söz açır, Vətən oğullarını köməyə
çağırırdılar. Qaradağ sement zavodunun baş energetiki Qasım Yusifov da Vətən, cəbhə
soraqlı verilişləri maraqla izləyirdi. Bir gün o, öz ailəsi ilə televizora
baxarkən məlumat aldı ki, Azərbaycan ordusu müəyyən ixtisaslar üzrə hərbi
kadrlar sarıdan korluq çəkir.
Bu həyəcanlı
informasiyanı eşidərkən Qasım ani olaraq fikrə daldı. Həyat yoldaşı Yasəmənə
oğrun-oğrun nəzər salıb öz-özünə pıçıldadı:
- Mən ölmüşəm ki,
ordumuz korluq çəksin? Axı sovet ordusunda taborun bu sahə üzrə rəisi kimi xidmət
etmişəm. Amma bir məsələ var: görəsən, Yasəmən razı olarmı?!
Ertəsi gün səhər
Qasım Qaradağ rayon hərbi komissarlığına müraciət etdi. Çox səmimi qarşılandı.
1991-ci il noyabrın 9-da cəbhəyə yola düşməli idi. Həmin gün xudahafizləşmək
üçün evə hərbi geyimdə gəlmişdi. Yasəmən etiraz etməyə özündə güc tapmadı. Amma
həyəcandanmı, yoxsa nədənsə gözləri yaşardı...
...24 iyul 1992-ci
il. Müasir texnika ilə təchiz edilmiş düşmən cənub istiqamətindən Ağdabana
güclü hücuma keçmişdi. Döyüşçülərimiz fasiləsiz atəşlərə tab gətirə bilsələr də,
günorta çağı tədricən geri çəkilməyə başladılar. Buna baxmayaraq, Qasım
komanda-qərargah maşınını Ağdaban yüksəkliyində saxladı. Cani-dildən səy göstərdi
ki, əsgərlərimizin döyüş ruhu aşağı düşməsin. Həmçinin bildirdi ki, Ağdaban əldən
çıxsa, Kəlbəcərin üstünü işğal təhlükəsi alacaq və indiyədək çəkilən zəhmət itəcəkdir.
Vəziyyət get-gedə daha kəskin hal alırdı. Qasım hirsindən az qala ağlayırdı: nə
etsin, vəziyyətdən necə çıxsın? Bu fikirlər içində texnikadan çölə çıxıb ətrafa
göz gəzdirdi. Gördü ki, bir tankımız geri çəkilir, eyni zamanda atəş xəttimizdə
qüvvələrimiz də seyrəlir. Qasım başı üstündən vıyıltı ilə keçən güllələrə məhəl
qoymadan geri çəkilən tankın qabağını kəsdi. Mexanik-sürücü başını çölə çıxaran
kimi əsəbdən bənizi bozarmış, gözləri irilənmiş Qasım avtomatı onun beyninə dirədi:
- Bu dəqiqə tankı
üzü düşmənə sarı çevir. Yoxsa... – deyə ucadan qışqırdı.
- Komandir, vallah,
çıxış yolu tapa bilmirik, - deyə sürücü naümid halda dilləndi.
- Əsgər, əmrə tabe
ol! – deyə baxışları itiləşmiş Qasım dəhşətli bir səslə yenə çığırdı.
Günahını anlayan
tankçı cəld texnikanı geri qaytardı. Qasımın tənəli əmrindən sanki varlığına od
düşdü. Döyüşə başladı, nə başladı! Nər kimi qızmış tankın cəsarətli hərəkəti
düşməni çaşdırdı. Yeni qüvvə gəldiyini güman edən erməni piyadaları dayanmalı
oldular. Bizim qəlpəli mərmilər partladıqca göyə burum-burum toz qalxırdı.
Bununla da vaxt qazandıq. Bir neçə tank atəşindən sonra ehtiyat qüvvələrimiz gələrək
yüksəkliyin əldə saxlanılması üçün lazımi dayaq nöqtələri yaratdılar. Döyüş
yavaş-yavaş sakitləşdi. Gərginliyin azaldığını hiss edən Qasım iki əli ilə
başını tutaraq yerə uzandı və bir müddət öz-özü ilə danışdı, özünə təsəlli
verdi.
...Komandir və əsgər
müharibədə bir-birinə sıx bağlı olan bütöv bir taleyə bənzəyir. Komandirin iti
ağlı, faydalı düşüncələri, sərkərdəlik qabiliyyəti əsgəri ölümdən, hər cür bədbəxt
hadisələrdən hifz edirsə, əsgərin cəsarəti, igidliyi, fədakarlığı komandirin həyatını,
şərəf və ləyaqətini, son nəticədə isə ümumi mənafeyi qoruyur. Əsgərlə bir tale
sahibi olsa da, komandirin ölümü döyüşən ordu üçün ağır itki hesab olunur. Əsgər
ordunun vuran əlidirsə, komandir düşünən beynidir. Bəs bu mənəvi prinsip Azərbaycan
Silahlı Qüvvələrində öz yerini tapa bilmişdirmi?
Zabit Qasım
Yusifovun cəbhə həyatının bir gününü onun öz dili ilə xatırlasaq, inanarıq ki,
üç yaşlı ordumuzda bu mənəvi dəyərlər formalaşmaqdadır.
- “N” yüksəkliyini
saxlamaq üçün tank əleyhinə istifadə olunan qurğunu ön xəttə çəkməli idik.
Çavuş Elman İbrahimova yaxından kömək etmək məqsədilə mən də gedəsi oldum. Söz
yox ki, o, işin öhdəsindən gələ bilirdi. Mən ancaq nəzarət edirdim. Vəziyyət təsadüfən
korlana bilərdi. Yaxınlıqdakı kənddə düşmənin bir “Ural” və bir “Niva” maşını
gözümüzə sataşdı. Əlbəttə, onları sıradan çıxarmağa gücümüz çatardı. Lakin “PK”
ilə sürücüləri məhv edib texnikaları saz halda ələ keçirmək daha səmərəli
olardı. Güclü atışma başladı. Düşmən texnikalarını xilas edə bilsə də, canlı
qüvvə sarıdan itki verdi. Lakin atəş mövqelərimiz açıq qalmışdı. Manevr etməli
olduq. Düşmənlər bizi şiddətli top atəşinə tutdular. Çıxış yolu axtara-axtara
yerimizi dəyişərkən qəfil düşən bir mərmi yanımızdaca partladı. Açığı, fikirdən
özümü itirmişdim. Hər şey bir anın içində baş verdi. Dörd əsgərim – Mobil,
Raqif, Elman və Sulduz məni cəld bədənləri ilə sipərləyib yerə yıxdılar. Qəlpələr
başımızın üstündən ötüb keçdi. Xoşbəxtlikdən heç kim yaralanmadı. Əsgərlərimi
bir-bir bağrıma basıb üzlərindən öpdüm. O zaman dərindən duydum ki, zabit kimi
dəyərliyəm, əsgərlərim də yetkin bir döyüşçü kimi əvəzsizdirlər.
Zabit Şahin Şahbazov
da Qasımın döyüş qabiliyyəti ilə bağlı öz ürək sözlərini dedi:
- Qasım işini bilən
zabitdir. Tutduğu bütün vəzifələrdə özünü ana torpağın ləyaqətli oğlu kimi göstərib.
O, hər cür şəraitdə böyük mənəvi və psixoloji ağrılara dözmək qabiliyyətinə
malikdir. Ağır dəqiqələrdə şirin və məzəli zarafatları ilə hamının qəlbini ələ
almağı bacarır. Öz cəsarəti ilə döyüşçülərin qələbə əzmini artırır. Kəlbəcərin
müdafiəsi zamanı Qasım həm əsgərlərinə rəhbərlik edir, həm də çətin məqamda
dinc əhalinin salamat çıxarılmasına köməklik göstərirdi. O, ac qalmış bir hamilə
qadına son azuqəsini bağışlamış və döyüş zonasında onun təhlükəsizliyini təmin
etmişdir. Sonra məlum olmuşdur ki, həmin qadının bir oğlu doğulmuşdur. Ana
oğluna öz xilaskarı Qasımın adını vermişdir.
Vətəncanlı igidimiz
Qasım Yusifovun cib dəftərçəsindən oxuyuruq: “Vətən, Torpaq, Ana! Hər üç varlıq
mənim üçün müqəddəsdir! Vətən mənim Qazaxımdan – Daş Salahlı kəndimdən
başlayırsa, Azərbaycan torpağı mənim beşiyim və son mənzilimdir. Anam məni bu Vətənə,
bu torpağa xidmət etmək üçün dünyaya gətirib. Atamın öyüdü yadımdan çıxmaz. O
deyərdi: Bu dünyada kişi o şəxsdir ki, Vətən dərdlə dil açanda ayağa
qalxsın...”. Bəli, Qasım bu gün Vətənin dərdini öz dərdi bildiyi üçün kişilik
borcunu ləyaqətlə ödəyir.
İbrahim
MƏSİMOĞLU
18 mart 1995-ci il

Комментарии
Отправить комментарий