İŞİNDƏ ARİF ƏSGƏR



Göyçə mahalındakı Ağbulaq kəndinin suyu-çörəyi ilə ərsəyə gələn Ələsgər Nəriman oğlu Rüstəmovun silahı da ağırdır, zəhmi də. Ordumuz təzə-təzə yarananda Ələsgər də cəbhəyə gəlib. İlk dəfə piyada qüvvələrimizə ağır çəkili silah – iriçaplı avtomat qumbaraatan silah gətiriləndə o, inamla bildirib ki, bu silahın dilini Almaniyada əsgəri vəzifəsini yerinə yetirərkən hərtərəfli öyrənib. Əvvəlcə inanmayıblar. Amma Ələsgər silahı sərbəst şəkildə söküb-yığanda hamı məəttəl qalıb.
Baş çavuş Ələsgər Rüstəmovun döyüş yolu hərbi operator Seyidağa Mövsümlünün bölüyündən keçib. Mənən təmiz, vətəncanlı, qeyrətli kollektivdə o, bacarıqlı, intizamlı əsgər kimi yetişib. Hazırda taqım komandirinin müavinidir. Zabitlər hərbi əməliyyatlarla bağlı operativ tapşırıq verəndə Ələsgərə bir-iki kəlmə deməklə kifayətlənirlər. Bilirlər ki, Ələsgər işində arif əsgərdir.
17 aprel 1994-cü il. Gecə qərargahdan xəbər gəldi ki, Füzulinin Qorqan kəndinə hücum olacaq. Ələsgərin gözünə yuxu getmədi. Səhər saat 6 radələrində artilleriyamız düşmən postlarına od-alov yağdırmağa başladı. Birinci olaraq Ələsgərgilin sağ cinahında mövqe tutan taborumuz hücuma keçdi. Ara məsafəsi uzaq idi. Ələsgər iriçaplı avtomat qumbaraatan silahını öz köməkçisi ilə əlverişli nöqtəyə çəkdi. Özünə davamlı istehkam qurdu. İlk atəşlə 2 erməni quldurunu gəbərtdi. Gördü ki, o biri dığalar cəsarət edib qabağa gələ bilmirlər. Amma meyitləri götürməyə cəhd göstərənlər var. Ələsgər adəti üzrə tələsmədi. Bir siqaret yandırıb yerə uzandı. Köməkçisinə tapşırdı ki, gözdə-qulaqda olsun, çünki düşmən meyitlərin yanına qüvvə göndərəcək. Siqareti çəkib qurtarmamış köməkçisi onu dümsüklədi: “Tez dur, sən deyəndir, üçü gəlir”. Ələsgər bu dəfə atəşə fasilə vermədi. Dığalardan daha ikisinin murdar cəmdəyi yerdə qaldı. Bu zaman kələyi kəsilən düşmən piyadaları Ələsgərin yerini dəqiq öyrənmişdilər. Cəbhədaşları ona təklif etdilər ki, dəbilqəni başına qoy və yerini dəyiş. Lakin buna ehtiyac qalmadı. Sağ cinahdakı “N” taboru artıq düşmənin iki səngərini ələ keçirmişdi. Ələsgər qəsdən öz ağır silahını bir qədər irəli çəkdi ki, dığalar sol tərəfi boş hesab edib oraya çəkilsinlər. Düşmən piyadaları müdafiə olunmaq üçün sol tərəfə manevr edəndə boğazları Ələsgərin əlinə keçdi. İgid əsgərimizin kefi açıldı. Avtomat qumbaraatanın şaqqıltısı onu daha da coşdurdu. Heç 10 dəqiqə çəkmədi ki, düşmənin daha üç postu döyüşçülərimizin əlinə keçdi. Ələsgər arxası üstə yerə uzanıb gözlərini bərk-bərk ovuşdurdu. Barıt tüstüsü dolmuş səmaya göz gəzdirə-gəzdirə ürəyində öz-özünə söylədi: “Görəsən, başımız üstündəki bu səmanı haçan həmişəlik açıq görəcəyik?!”.
Ələsgər 3 ilə yaxındır ki, Vətənin azadlığı naminə hər cür əzab-əziyyətlərə mətanətlə tab gətirir. Bu müddətdə o, əksər döyüş bölgələrində olub. Gərgin vuruşlarda ana torpağımızın gözəlliklərinin necə məhv edildiyini öz gözləri ilə görüb. Bu səbəbdən də söz gəlib sülh danışığının üstündə duranda acıqlı-acıqlı deyir ki, düşmən hər dağıntıya görə cavab verməlidir. Ələsgər Hoçaz döyüşlərində qolundan və ayağından ağır qəlpə yarası alıb. Yanşaq əməliyyatında erməni qulduru ilə dolu bir yük maşınını deşik-deşik edib.
Cəbhəyə gəlməmişdən əvvəl Ələsgər Bakının Sabunçu dəmiryol distansiyasında yol təmirçisi işləyirdi. İndi fikrini dəyişib. Deyir ki, müharibədən sonra Xankəndidə yaşayıb qədim şəhərimizə gələn dəmir yolunu təmir edəcək və ulu Qarabağımızda özünə xoşbəxt bir ailə quracaqdır.

İbrahim MƏSİMOĞLU
3 avqust 1994-cü il



Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”