ÜÇ QARDAŞDAN BİRİ
Ayvazalı kişi bir dəfə
cəbhəyə yollananda üç döyüş bölgəsinə baş çəkməli olur. Onun bir oğlu Həbib
Tovuz rayonunun sərhəd zolağında keşikdədir. Kiçik oğlu Mürsəl Beyləqan ərazisində
səngər ömrü yaşayır. Zəngin döyüş yolu keçmiş digər oğlu Xaliq isə Ağdam bölgəsində
xidmət edir.
1993-cü ilin iyun
ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına gələn və minaatançı kimi
döyüşə atılan Xaliq Ayvazalı oğlu Tanrıverdiyevin səngər həyatının bir hissəsi
gözlərim önündə keçib. Onu qorxubilməz və cəsarətli bir igid kimi tanıyıram.
Döyüşçü yoldaşım olub. Yadımdadır ki, atası Xaliqi arxa cəbhədə xidmətə keçirmək
üçün qanuni yolla sənədlər toplamışdı. Bu barədə nazirlikdən xüsusi əmr də gəlmişdi.
Lakin orduya cani-dildən bağlanmış Xaliq atasını razı sala bildi və döyüş dostlarından
ayrılmadı. Düşmənlə üzbəüz mövqelərdən çəkilib arxaya keçməyi şəninə
sığışdırmadı. Xaliq bu dəyanətli hərəkəti ilə bir daha sübut etdi ki, o,
Silahlı Qüvvələrimizin qeyrətli, namuslu, həm də bacarıqlı bir əsgəridir.
Ötən ilin əvvəllərində
gedən qanlı döyüşlər Xaliqin yaddaşında dərin izlər salıb. Bu çarpışmalar
zamanı o, müasir döyüşün bir çox incəliklərini anladı, təcrübi biliyini
artırdı. Xaliq həmin uğurlu dəqiqələri belə xatırlayır:
- 1994-cü il
yanvarın 27-də bölük komandiri Şamil Əmirov hava telefonu ilə mənə “N” kəndində
çoxlu erməni texnikasının cəmləşdiyini çatdırdı. Mən həm minaatançılara, həm də
topçulara hədəf göstəricilərini verirdim. Qarlı-çovğunlu havada kəndə piyada
getmək üçün ən azı 3 saat vaxt lazım idi. Çavuş Elxan Məmmədov da mənimlə gedəsi
oldu. Atışma bir az ara verən kimi yola düzəldik. Səhər saat 6 tamamda özümüzü
Şamilin yanına yetirdik. Hava toranlıq idi. Müşahidə apara bilmirdim. Uca
dağların başı işıqlaşan kimi fəaliyyətə başladım. Kəndin aşağısında 10 ədəd yük
maşınının və 2 ədəd PDM-in qaraltısını seçdim. Koordinatları dəqiqləşdirib usta
minaatançı Yusif Savalanovla əlaqəyə girdim. Topçularımıza da müvafiq siqnallar
göndərdim. Üç mina atışından sonra dığalar vəlvələ içərisində qaçışmağa başladılar.
Sevincimdən gözlərim yaşarmışdı. Hava telefonu ilə “Əhsən!” – deyə Yusifi
alqışladım. Ərazi düşməndən təmizləndikdən sonra xəbər göndərdim ki, atəşi
dayandırmaq gərəkdir. Axı sabah düşmənin başqa istiqamətdən hücumu gözlənilirdi
və bizə ehtiyat mərmi lazım olacaqdı.
Yanvarın 29-da
döyüşçülərimiz Ermənistan Silahlı Qüvvələrinin Güneypəyə - Qamışlı istiqamətində
planlaşdırdıqları hücumu alt-üst etdilər...
Xaliq 1967-ci ildə
Tovuz rayonunun Baqqallı kəndində doğulub. Azərbaycan Politexnik İnstitutunu
bitirdikdən sonra Bakıda Keşlə maşınqayırma zavodunda işləyib. Cəbhəyə də elə
buradan gedib. Hazırda minaatanlar batareyasında qulluq edir. Qanlı döyüşlərdə
bişib bərkimiş Xaliq Tanrıverdiyev atəşkəs dövründə öz taktiki biliklərini
artırmaq qayğısına qalır. O belə hesab edir ki, mənfur düşmənin ayağı
torpaqlarımızdan tamamilə kəsilməyincə silahı yerə qoymaq, arxayınlaşmaq olmaz.
Əsgər hər dəqiqə Vətənin əmrinə hazır dayanmalıdır.
İbrahim MƏSİMOĞLU
27 may 1995-ci il

Комментарии
Отправить комментарий