KOMANDİR DİLİ


                                                   
        
          Ordu güzəranını mükəmməl, təkmil və yararlı bir axara salmaqdan ötrü hərbi geyim, təlim zəhməti, tələbkarlıq və nəzarət başlıca cəhətlər hesab edilsə də, komandir dili, zabit sözü, əsgərin söz tərbiyəsi də mühüm əhəmiyyət kəsb edən güclü bir vasitədir. Nahaq yerə demirlər ki, söz insan qüdrətinin böyük sərkərdəsidir. Öz ətrafında hərbi intizamın, ordu əxlaqının gözəlliyini duyan komandirdən inam dolu sözlər, yurd ideyalı fikirlər, düşündürücü hikmətli kəlamlar, əxlaqi nəsihətlər eşidən əsgərin qarşısında ilk növbədə hərbçiliyin, nəticə etibarı ilə bəşəri səmimiliyin yeni hüdudu açılır, ordu çətinliklərinin və mərhumiyyətlərinin xofundan gənc döyüşçü qəlbində yaranmış buz parçaları tədricən əriyir, daxili coşqunluğun təsirindən baxışlar da isinir, gözlərdən od tökülməyə başlayır.
          Şahid olduğumuz ordu olaylarından bir misal. Yaxından tanıdığım əsgər Mahir İsmətoğlunun orduda keçən ilk günlərini xatırlamaq yerinə düşər. Həqiqətən ondan ötrü hər şey müşkül bir tərzdə alınırdı. Çünki ailədə ərköyün böyümüşdü. Hərbi rejimə çətinliklə alışırdı. Amma topçu olmağı ilə çox öyünürdü. Gənc əsgər dövründə özü kimi cavan taqım komandiri ona yersiz olaraq elə acı söz demişdi ki, birdən-birə əsgərlikdən qaçmaq qərarına gəlmişdi. Bu xoşagəlməz hadisənin qabağı alınsa da Mahir bir müddət incik bir adam kimi kefsiz, könülsüz xidmət göstərmişdi. Valideynlərin müdaxiləsindən sonra komandanlığın razılığı əsasında Mahir digər taqıma keçirilmiş və sanki ordu həyatında yenidən dünyaya gəlmişdi. Ona görə ki, təmsil olunduğu heyətin başçısı nə kobud danışan, nə də yerli-yersiz əsgər incidən komandirlərdən deyildi.
           İncə zövqlü, dərin düşüncəli şairimiz Qətran Təbrizi  çox gözəl deyibdir ki, söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir. Bu mənada komandir həm sıra önündə, həm də fərdi söhbət zamanı əsgərlərin ağlına, ürəyinə, vicdanına təsir etmək üçün elə mənalı sözlər tapıb deməlidir ki, onlar nəinki hərbi vəzifəsini həvəslə öyrənib əsl döyüşçü zirvəsinə can atsın, habelə öz vətənçilik mövqeyini, yurda bağlılıq hisslərini möhkəmlətsin. Komandir postunu tutan hər bir zabit əsgərin söz tərbiyəsini diqqət mərkəzində saxlamaqla yanaşı yaxşı bilməlidir ki, düşmənə qarşı güclü nifrət etmək, döyüşçü sənətinə yiyələnmək, düşməndən intiqam almaq və vətən naminə yeri gələndə canını qurban vermək mühüm mənəvi tələbdir. Bunsuz döyüşçü mənəviyyatının formalaşması mənasızdır. Yəni komandir dilinin məramı bu zəruri xətt üzərində gerçəkləşməlidir.
            Komandir sözünün təlqinedici qüvvəsi o zaman reallığa çevrilir ki, söylənmiş dolğun fikir əsgər qəlbində yaşamağa, göyərməyə  başlayır. Əgər bu və ya digər komandir öz sözünə doğru şəxsi heyətin mənəvi aləmində incə həssaslıq yarada bilməsə, əgər əsgər varlığında deyilmiş qiymətli fikirlər  daxili emosional rəy, lazımi məqsəd doğurmasa, çox ehtimal ki, həmin sözlər mənasız səs kimi, çürük düşüncə kimi yoxa çıxacaqdır.
            Hərbi andiçmə mərasimini diqqətlə izləmisinizmi? Biz bu sayaq şad məqamlarda gənc əsgərlərin sırada mərdanə duruşuna baxıb fərəhlənirik. Andiçmə zamanı ucadan danışan oğulların bir-birindən fərqli səslərini dinlədikcə müqəddəs kəlmələrin çox zərif və nəfis aləminə daxil oluruq. Heç kəsi könülsüz, nəşəsiz, zövqsüz görə bilmirik. Belə mübarək dəqiqələrdə  valideynlər, bəzən də babalar-nənələr böyük ruh yüksəkliyi ilə şirin-şəkər övladlarının, nəvələrinin sevinci ilə bölüşür, tribunadan öz ürək sözlərini demək həvəsi ilə komandanlığa müraciət edir, bəzən də bir qədər kövrəlib kirpiklərini şadlıq yaşına qərq edirlər. İzlədiyimiz sarsıdıcı məqamlarda əsgər vətən ideyasının gözəlliyini yaxşı duyur, təsirlənir, daxilən ucalır, nəcibləşir və başlıca təsir obyekti məhz komandir sözü üzərində qərarlaşır.
           Adi bir misal. Polkovnik-leytenant Rəhim Səmədovun çıxışında xüsusi vurğu ilə səslənən məntiq mikrofonda güclü əks-səda verir: “Vətən haqqında düşüncələr, arzular, həyəcanlar ən yüksək ideyalara bağlıdır. Çünki vətən müqəddəs bir varlıqdır. Siz bu gün vətənə xidmət etmək üçün müqəddəs vəzifələrin icrasına başlayırsınız. Bu yolda ilk addım – hərbi and içməkdir. Hərbi andınız mübarək!”
          Taqım komandirinin amiranə səsi ucalır:” Əsgər Afiq Həsənli, hərbi andı qəbul etmək üçün yanıma gəl!”
          Əsgər güclü sıra addımları ilə qabağa gəlir. Komandirin qarşısında dayanıb məruzə edir: “Yoldaş leytenant, əsgər Afiq Həsənli hərbi andı qəbul etmək üçün gəlmişdir...”
          Hər taqım ayrı-ayrılıqda and içir, əsgərlər bir-birinin ardınca müqəddəs vəzifənin icrasında son damla qanınadək etibarlı olacağını, mərdlik nümunəsi göstərəcəyinə söz verir. Baxışlarında qürur hissi coşub-qaynamaqdadır. Özlərini bu gün əsl vətəndaş kimi hiss edirlər. Hiss edirlər ki, vətən borcunu ödəmək üçün onlara gözəl bir fürsət verilib. Onlar “Azərbaycan Respublikasının əsgəri” adını daşıyırlar. Dünyanı, yaşadığı məmləkəti vətənpərvərcəsinə görmək iqtidarında olan oğullardan ötrü bundan da artıq ali hisslər varmı?! Əlbəttə ki, yoxdur. Lakin yenə də komandir sözünə ehtiyac duyulur. Komandir ağzından çıxan yersiz bir kəlmə bütün işıqlı ideyaları  qaranlığa qərq edir.
          Döyüş vaxtı komandirin nitq manerası elə qurulmalıdır ki, çıxışının birinci və axırıncı vurğusu, necə deyərlər, yel əsdirib səma titrətsin. Komandir səmimiyyətindən doğan inam ən böyük qalib qüvvədir. Onun qarşısında bədbin şəxslər duruş gətirə bilmir, daxilən təlatümə gəlirlər. Bu zaman hər bir zabit sözü böyük məsuliyyət kəsb edir. Komandirin dilində söz və səs materialı o qədər güclü olmalıdır ki, döyüşçü qəlbi qeyri-ixtiyari bir halda göz qırpımı içərisində  şahə qalxıb kükrəsin, düşmən üzərinə yerisin, qolunda şir-aslan qüvvəsi, arxada möhkəm və basılmaz güc-qüdrət hiss etsin.
          Ordumuzda Azərbaycan dilinin tətbiqi ilk dövrlərdə çox ağrılı keçmişdir. Əksər hallarda komandalar rus dilində verilirdi. Sözün açığı, o zamanlar komandir dili ana dilində səslənməyəndə mən çox sarsılırdım. Bəzi zabitlərimiz həm sıra qarşısında, həm də adi söhbət zamanı  rus dilində danışmağı  tərgidə bilmirdilər. Bu çatışmazlığı obyektiv hesab edənlərə də təsadüf edilirdi. Belə səbəb gətirirdilər ki, rus dilində təhsil aldıqlarına görə ana dilində qüsurlu  danışır və bu haldan çox utanırlar. Müəyyən mənada utancaqlığı məqbul saymaq olar.  Lakin ümumi mənada onların mövqeyi ilə razılaşmaq qeyri-mümkündür. Neçə-neçə qeyri-millət nümayəndəsinin adını çəkə bilərəm ki, Azərbaycan dilini sevə-sevə öyrənir və bu istəyi vacib sayırlar. Rus dilində təhsil almasına baxmayaraq ana dilində gözəl danışan hərbi qulluqçularımız da çoxdur. Ordumuzun yaranışının ilk illərində ana dilində beş-on kəlməlik söz ehtiyatı olan elə zabitlərimiz  var ki, Azərbaycan dilini böyük sevgi hesabına kifayət qədər öyrəndikdən sonra yüksək peşəkar səviyyədə olmasa da  indi doğma dilimizdə səslənən mahnıların sözlərini düzüb-qoşurlar.
    Axı komandir dili ana dilində səslənmirsə, onun tabeliyində olan əsgərlə ünsiyyəti necə bəhrə verə bilər? Əlbəttə, çox ağrılı məsələdir.                                                                                                                                               
     Ulu öndərimiz Heydər Əliyevin sözlərini yada salmaq istəyirəm: ”Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”
         Peşəkar şair deyiləm. Lakin bəzi hallarda hiss və duyğularımı, məni düşündürən mövzu ilə bağlı fikirlərimi poetik misralara düzmək mənə xoş gəlir. Bədii yaradıcılığımda xüsusi yer tutan “Ordumun ana dili” adlı şeirimi Silahlı Qüvvələrdə xidmət etdiyim ən təsirli anlarda qələmə almışam:
        Şah İsmayıl qəlbindən ömrünə günəş doğdu,
   Yad ellərin nəfsini söz dəryasında boğdu,
      Sənə kəm baxanların, yəqin, qeyrəti  yoxdu
Sözündən bal çəkilir ordumun ana  dili!

         Haqq səsli komandanın itməz məna düzlüyü,
        Odu sönməyən gözlər qəbul etməz  gözlüyü,
     Qanad açır hər yana  dilimin hərb  sözlüyü,
Necə  şirin  səslənir  ordumun  ana  dili!

            Mənim mərd hərbçi dilim, odlu şahanə ruhum,
       O mənim silah dilim, əyilməz şah vücudum,
             İri çaplı  cürətim,  sınmayan bir qürurum,            
                      Əsgərə  hünər verir  ordumun  ana  dili!

                       Bizi yenilməz edən  babamın söz mirası,
                       Əsgəri  intizamın  mənəvi  dil  əsası,
                       Ona güc gələ bilməz  qeyri-kəlmə davası,
                       İldən-ilə güclənir  ordumun  ana  dili!

       Hərbi söz sıramızda  daim bahar yaşayır,
    Əslən qələbə dilidir,  dərin inam daşıyır,
          Yalanlara yer vermir,  yalnız  doğru  danışır,
Qəlbimizi şad edir  ordumun ana dili!

İmperiya  dilinin  getdi  acı möhnəti,
  Ana dilli hücumun  tamam ayrı ləzzəti,
İçimi  didikləyir  tam qələbə  həsrəti,
   Təzə  sözlə yüklənir ordumun  ana dili!

           1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən uğurlu döyüşlərdə gecə və gündüz qəbul etdiyimiz təzə qüvvələrimiz qarşısında komandir Yaşar Aydəmirovun etdiyi alovlu çıxışlarından birini yada salmaq istəyirəm:
          – Möhtərəm əsgərlər, döyüşçü geyiminiz mübarək! Siz qəhrəman Azərbaycan xalqının övladlarısınız. Ana vətənimizi qorumaq növbəsi bu gün sizlərə çatmışdır. Axşam  döyüş səngərinə daxil olacaqsınız. Həyatda igidlik göstərməyə həmişə yer var. Torpağımızın azadlığı naminə qurulan səngərdə isə qəhrəmanlığın daha dərin qatları açılır. Bu, qismətinizə düşən igidlik fürsətidir. Sizin qəhrəmanlığınız hesabına düşmənin boynuna zülmətdən zəncir salmalı, ürəklərinə dağ çəkməliyik.
           Mənim igidlərim, torpağımız düşmən tapdağı altında can verməkdədir. Məzarda uyuyan ulu babalarımızın ruhu da fəryad qoparır. Ölüm-dirimlə pəncələşirik. Xeyli vaxtdır ki, doğma torpağımızda qəm əkilir, qəm biçilir.  Bu vəziyyətlə heç vaxt barışa bilmərik. Ana vətənimizin azadlığını, onun şərəfini, ləyaqətini heç nə ilə müqayisə etmək, tutuşdurmaq olmaz. Şərəfsiz həyatdan şərəfli ölüm yaxşıdır.
          Mənim cəsur əsgərlərim, mən sizə döyüşdə daim ehtiyatlı olmağı tövsiyə edirəm. Xüsusən döyüşdə ilk addım atanlar daha diqqətli olmalıdır. Ehtiyatlılıq – qorxaqlıq əlaməti deyil. Güclü olub ehtiyatı əldən verən döyüşçü  vuruşmada qalib gələ bilməz. Amma qorxunun yaranması da təbii haldır. Qorxuya görə kimisə qınamaq olmaz. Qorxu – fəlakət və təhlükə gözləntisidir. Bu da döyüşdə adi hal sayılır.
           Döyüşçü əzalarını qurudan dəhşətli anlara hazır olun. Qəfil hərəkətləri icra etməyə cəsarət göstərin. Vahimə yaradan təsəvvürlərdən sarsıntı keçirməyin. Bu vərdişlərə sahib olsanız sizin nə diliniz tutulacaq, nə də əlləriniz əsəcək. Bu məqsədlə təcrübəli döyüşçülərlə səngər qardaşlığına imza atın. Onların səriştəsi təzə döyüşçü üçün dəyəri müdafiə təminatı yaradır.
          Unutmayın ki, vətənsiz, yurdsuz bir insan ölü hesabındadır. Mərd Azərbaycan xalqının övladları kimi mən sizə çox inanıram, sizin igidliyinizə güvənirəm. Əminəm ki, azğın düşmənə qarşı amansız döyüşləri siz qələbə ilə başa vuracaqsınız ...
          Komandirimizin inam dolu təsirli çıxışından sonra təzə heyət elə o dəqiqəcə düşmən üzərinə şığımaq üçün əmr gözləyir və  bədbinliyə, hər hansı çaşqınlıq halının yaranmasına əsas qalmırdı. Əksər hallarda  nəzərdə tutulan dəyərli mənəvi hədəflərin yarasından çoxuna nail ola bilirdik.
          Komandir dili hər an, hər dəqiqə öz işini görməlidir. Bir də ki, komandirin söz-əməl vəhdətinin əsgər təminatı olmalıdır. Ağzının danışığını bilməyən və rəhmsizlik zirehi geyinən zəif komandir öz tabeliyində olan əsgərləri hay-küylə heyrətləndirir, müdrik və yüksək taktikalı komandir isə yerində deyilmiş hikmətli sözlə, qəlbə təsir edən aforizmlərlə, habelə real hərbi-tarixi fakt və düzgün qərarla ordunu hərəkətə gətirir. Sərkərdəlik fəaliyyətinin əsas həqiqəti belə açıqlana bilər: komandir nə qədər itki ehtimalı az olan  həmlə yolu seçsə də, orijinal hücum planı, yüksək inamlı qələbə taktikası qursa da, döyüşdə hərbi tapşırıqları yerinə yetirə biləcək, düşmənə sarsıdıcı zərbə vura biləcək əsgər gərəkdir. Obrazlı mənada desək, komandirin qızıl, altun yükü vurulmuş fikrinə, yurd ideyalı döyüş əmrinə əsgər qol-qanad verir.Qol-qanad zəif, üzgün, taqətsiz, halsız olarsa, hədəfə doğru nə qədər uçub getmək mümkündür?! Və həmin qol-qanadın bir güc mənbəyi komandir dilidir–qüdrətli, iradəli, həm də əsgər qəlbini fəth edən bir dil ...
                                                                                                   İbrahim MƏSİMOĞLU


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”