HƏKİM QAYĞISI, YARALI DƏYANƏTİ




Kim munis həkim qayğısının, ağ xalatlı xilaskarlarımızın şücaətini görmək istəyirsə, hərbi hissəmizin ön qospitalına gəlsin. Burada yadlar doğmalaşır, Vətən eşqli ürəklərin hamısı bir vurur, kədər və sevinc hissləri qovuşur.
...Döyüş bölgəsindən ildırım sürəti ilə gələn təcili tibbi yardım maşını hospitalın həyətinə daxil olur. Həkimlər, tibb bacıları tələsirlər. Axı bircə dəqiqə lənglik qeyrətli bir igidimizin qiymətli həyatının itirilməsi ilə nəticələnə bilərdi. “N” nöqtəsində düşmən snayperinin vurduğu əsgərimiz İslam Hüseynovu hospitala tibb xidməti giziri Aslan Həşimov gətirib. O, həyəcanla çığırır:
- Təcili qan verin! Yaralı son nəfəsdədir!
Hərbi cərrahiyyə işində təcrübə toplamış həkimlər Habil Şirinov, Teymur Əlləzov, Çingiz Quliyev və Qulam Rüstəmzadə cərrahiyyə əməliyyatına hazır vəziyyətdə dayanıblar. Yekdil qərara əsasən, dördü də əməliyyatda iştirak etməli olur. Çünki yaralı adi yaralı deyil. Düşmən gülləsi əsgərin başını yaralayıb.
Tibb xidməti zabiti H. Şirinovdan imkan tapıb soruşuram:
- Əsgəri xilas etmək mümkün olacaqmı?
Həmişə xeyirxəbərliyi ilə tanınan H. Şirinov təmkinlə dillənir:
- Birinci hadisə deyil. Laçında gedən döyüşdə 12 dəfə belə cərrahiyyə əməliyyatı aparmışıq. Yüz faiz arxayın ola bilərsiniz.
Anestezioloq – reanimatoloq Qalib Əmirovun səsi eşidilir:
- Hə, həkimlər, başladıq...
...Əməliyyat başa çatır. “İslam Hüseynov yaşayacaq!”, - deyə baş tibb bacısı Yasəmən Abbasova mənə xoş xəbər verir. Yaralının əsgər yoldaşları sevinirlər. Həkimlər bir-bir cərrahiyyə otağından çıxırlar. Əllərini sıxıram: “Bu dəfə də, ölümün belini qırdıq. Allah sizi həmişə şad eləsin!”. 10 dəqiqədən sonra ikinci cərrahiyyə əməliyyatı başlayır.
Bəli, yeni ildən etibarən ön hospitalın qayğıları çoxalıb. Zalım erməni quldurlarına qarşı nifrəti coşan hərbi hissəmizin ən qaynar nöqtələrindən biri buradır. Zabit İmran Qurbanov öz qayğılarından söz açır:
- Ordumuztək biz də zəfər çalırıq. Sanitar-sürücülərimizi tanımaq olmur. Onlar igid əsgərlərimiz kimi döyüş mövqeyinin önünə can atırlar. Yaralılar hospitala vaxtında çatdırılır. Sanitar-sürücümüz Niyaz Poladov əsl qəhrəmanlıq  göstərir. Gecə-gündüz döyüş mövqeyindədir. Ümumi vəziyyətimiz babatdır. Bizim vəzifəmizə aid olmasa da, mərhələli təxliyyə prosesini həyata keçirmək üçün 2 ön tibb məntəqəsi yaratmışıq. Yardımsız qalıb rəhmətə gedən yaralımız hələ qeydə alınmayıb. Motoatıcı taborların həkimləri də yaxşı xidmət göstərirlər. “N” taborunun Məhəmməd adlı bir həkimi var. Qeyrətli cavandır. Onun şəxsi işi Ermənistandan qaçqın düşəndə itirilib. Amma sənədsiz olsa da, könüllü xidmət etməyə gəlib. Şəxsi işinin yoxluğu üzündən 6 aydır ki, maaş ala bilmir. Di gəl ki, yenə döyüş mövqeyindən geri çəkilmir.
Ön hospitalda xidmət edən həkimlər, tibb bacıları, çavuş və əsgərlər ən azı iki-üç dəfə donorluq ediblər. Təsadüfən yolu bura düşən adamlar da ixtiyarsız olaraq qan verməklə öz insani borcunu yerinə yetirirlər. Budur, “N” taborunun giziri Oqtay Şabanov mövqedən qayıdarkən yolüstü yaralı silahdaşlarına baş çəkmək üçün hospitala gəlib. Öyrənir ki, qan çatışmır. Sidik kisəsini qəlpə deşən əsgər Elçin Ağayev xeyli qan itirib. Oqtay dinməzcə əməliyyat otağına daxil olur:
- Mən hazıram. Qanım ikinci qrupdur. Elçinə qan qardaşı ola bilərəm.
...Yaralılarla görüşürəm. Öz dərd-sərlərindən az danışırlar. Çarpayıdan qalxa bilməyən dağ cüssəli cəngavərlərimizin ürəyi döyüş mövqelərindədir. “Vəziyyət necədir? Neçə kəndimiz azad oldu?”. Yaralı əsgərlərin döyüşlə bağlı nigaranlıqlarına heyran olursan.
Belə bir məlumat da eşidirəm: Mayor Taran Səid Hüseyn üç güllə yarası alıb. Üç gün müalicə olunduqdan sonra razılıq verməsə də, yenidən döyüş mövqeyinə yollanıb.
Samir Heydərovu və Ceyhun Hüseynovu isə nə Vətən yarası düşündürür, nə də el, torpaq namusu. Onlar balınca bərk-bərk qısılaraq mənimlə danışmaqdan boyun qaçırırlar. Bu iradəsiz, qorxaq əsgərlər öz silahlarını düşmənə yox, özlərinə sarı tutublar. Samir sağ ayağının baş barmağını öz avtomatından açdığı atəşlə yaralayıb. Ceyhun isə xəlvətə çəkilərək qumbara fitilini əlində qəsdən partladıb və nəticədə iki barmağı kəsilib. Onlara acıq dolu suallarımı yağdırıram. Amma cavab ala bilmirəm. Lal-dinməz bir nöqtəyə baxırlar. Ona görə susurlar ki, sonrakı peşimançılıqdan faydalana bilmirlər. Qəsdən özünə xəsarət yetirdiklərinə görə onlar barəsində cinayət işi qaldırılıb. Bu gün-sabah Vətən müharibəsi bizim qələbəmizlə qurtaracaq. Qəhrəmanlıq göstərib döyüşdə yara alan əsgərlər şanlı orden-medallarla fəxr edəcəklər. Qorxan əsgərlər də haçansa ata olacaqlar. Övladlarını oxşayanda qəfil bir sual eşidəcəklər: “Ata, barmaqlarını kim kəsib?”. Övlada yalan satmaq olmayacaq, gec-tez sirr açılacaq. Bax bu, dəhşətli ömürdür: yaşaya-yaşaya yaşamamaq, diri ikən ölməkdir!
...Ön hospitalımızda qaynar həyat davam edir.

İbrahim MƏSİMOĞLU
2 fevral 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”