DÖYÜŞÇÜ HAQQINDA SÖZ
Yarandığı gündən üzü
bəri yorğanı od-alov, çarpayısı səngər olan ordumuzun inkişaf mərhələləri
anbaan izlənir, lakin yaranmış keyfiyyət dəyişiklikləri ayrı-ayrı fikir
adamlarının görmə bucağından birmənalı qiymətləndirilmir. Əfsus ki, qərəzli
gözlər ağı ağ, qaranı da qara kimi görmürlər. Söylədiyi sözün məntiqini öz
xeyrinə yozanlar deyirlər ki, əsl döyüşçü “könüllülər” vaxtı olub, indi də az-maz
vuruş təcrübəsi toplayanları tərxis edib yerinə təcrübəsiz “körpələri”
qoyurlar. Aprel ayında Qazax bölgəsində olan döyüşlər bir daha bunun əksini və əsgərlərimizin
döyüş səviyyəsinin yüksək olmasını sübut etdi. Bu sözlər öncə gənc əsgərlərin xətrinə
dəyir. Sonrası, anlamaq lazımdır ki, Vətən müharibəsində “könüllü” titulu şərti
mənada işlədilir. Azğın düşmənə qarşı ölüm-dirim vuruşuna çıxan əsgəri “çeşidləmək”
hansı mənəvi ölçüyə sığar?! “Könüllü” kəlməsi öz mənasını hərbi komissarlığın
çağırış vərəqinin təqdim edildiyi vaxta qədər saxlayır. Vətən oğlu əsgər
libasını geyib hərbi andını içirsə, ona “könülsüz” deməyə ehtiyac qalmır. İstər
Qarabağ müharibəsinin ilk çağlarında, istərsə də atəşkəs dövrünün indiki məqamında
ordumuzun sıralarında hərbi anda sədaqətli, mərdlik, dözüm, dəyanət, cəsarət
göstərən oğulları çox görmüşəm. Heç kim ana bətnində döyüşçü olmur, döyüşçü
orduda yetişir.
İnamla başlanan və xəyanət
ucbatından uğursuz nəticələnən 1994-cü ilin Kəlbəcər qış vuruşmalarında düşmənin
gözünün odu əsgərlərimiz tərəfindən çox alındı. Həmin döyüşlərdə iştirak edən
“N” taborunun bir əsgəri vardı. Adı Mobil idi. Kövrək, məlahətli səsi ilə çox
tanınırdı. Mədəni-kütləvi tədbirlərdə şəxsi heyətin xahişi ilə oxuyur, bir elə
zəngulə vururdu ki, səsinin sehrindən bir müddət ayrıla bilmirdik. Taborda
aşbazlıq edirdi. Ona zarafatla sataşırdılar ki, ay Mobil, biz müharibəni
qurtarıb evə gedəndə deyəcəyik ki, düşməni belə vurduq, elə yıxdıq, bəs sən nə
söyləyəcəksən?
Mobil Qarsalanoğlu
da söz altda qalan deyildi. Cavab verirdi ki, hələ müharibə qurtarmayıb,
kişilik etməyə fürsət olacaq.
Fürsət yetişəndə, döyüş
başlayanda Mobil sinəsini qabağa verdi:
- Komandir, mən əsgərliyimin
çox vaxtını yemək bişirməyə sərf etmişəm. İndi kişilik dəmidir. İcazə verin...
Sözünü yerə
salmadılar. Çünki Mobil döyüşməsə də, təlimlərdə lazımi hərbi bilik qazanmışdı.
Mobil təkcə hərbi baxımdan yox, həm də mənən yetişmişdi. O, igid döyüşçü Akif
Hüseynovla birgə Yanşaq yaxınlığında Haçaqaya yüksəkliyində bir düşmən postunu ələ
keçirmiş, üç erməni quldurunu məhv etmiş və son nəfəsədək yaralı-yaralı döyüşərək
postu qoruyub saxlamışdır. Hamı əmin oldu ki, yemək bişirməyə vərdiş etmiş adi
bir əsgər də belə igidlik göstərə bilər. Mobil Qarsalanoğlu kimi əsgərlərimiz
az deyil. Deməli, qəhrəmanlıq hər kəsin öz içində gizli yaşayır. Qəhrəmanlıq məcazi
mənada desək, insan varlığının dərinliyində bir köz kmi işıldayır, közərir, gözə
və ürəyə işıq verir. Bu mənəvi qüvvə hansı məqamda istəsən odlanar, aləmi öz
alovuna bürüyər. Döyüşçü üçün deyilən sözün məsuliyyəti çoxdur. Söz var ki, əsgərin
qüdrətini artırar, söz də var ki, qəlbini, döyüş əzmini sındırar. Əsgərlərimizi,
gənc igidlərimizi igid gözündə görə bilməyən fikir adamlarına daha nə deyim? Məncə,
bu qədər kifayətdir. Lakin bir məsləhəti unutmayaq: ordu haqqında mühakimə irəli
sürəndə çox düşün, təkrar fikirləş və yenə də düşün!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий