XİDMƏTİMİN 256-cı GÜNÜNDƏ...




 1994-cü il yanvarın 31-dir. Bu gün qanlı-qadalı cəbhəyə gəlişimin, döyüşkən ordumuzda bir zabit kimi xidmətə başlamağımın 256-cı günü tamam olur. Mülki həmkarım, telejurnalist Ağası Hun hərbi hissəmizə təşrif gətirib. Əsgərlərimizin zəfər döyüşünü lentə köçürmək istəyir. Komandirimiz mülki ixtisasımı nəzərə alaraq ön cəbhədə ona bələdçilik etməyi mənə tapşırıb.
...Dağın sinəsində uzanan torpaq yolda “UAZ” maşını ilə “N” kəndinə doğru – məğlubedilməz döyüşçülərimizin yanına tələsirik. Zabitlər – Nəriman Zeynalov və Azər İbrahimov da bizimlə gedirlər. Sürücü mühərrikdən gileylənir. Yoxuşları asta-asta qalxırıq. Birdən başımızın üstündən bir odsaçan “Qrad” mərmisi fışıltı ilə ötüb keçir. Quş kimi sıçrayıb maşından yerə atılırıq: İti qəlpələrdən özümüzü  qoruya bilirik. Səriştəli zabit N. Zeynalov deyir ki, düşmənin artilleriya atəşi ən azı bir saat çəkəcək, ona görə də belə nasaz maşınla hədəfə düşməkdənsə piyada getmək məsləhətdir. Laçın bir qayanın güllətutmaz qənşərində çömbəlib 10 dəqiqə  dincəlirik. Bir “Qrad” mərmisi də 30 metrliyimizdə partlayır. Bütün fikrini yalnız kameraya cəmləşdirmiş Ağası öz işində, öz marağındadır. O, kəndin və dağın halqa-halqa odlanmış bağrını obyektivə salır. Yanan quru otların və ağacların tüstüsü nəfəsimizi darıxdırır. İkinci mərmidən sonra dik yamacı qalxıb yolumuzu davam etdirmək istəyəndə kənd qəbiristanlığının acınacaqlı görkəmi bizi ayaq saxlamağa məcbur edir. Qəbirlərin lal sükutunu ürəyimizin döyüntülərinin səsi pozur. Murdar erməni işğalçıları bütün qəbirləri təhqir ediblər. Mərhumların başdaşlarına həkk olunmuş şəkilləri avtomat gülləsi ilə dağıdılıb. Heyrətli baxışlarımız elə bil torpaq altında uyuyan yurddaşlarımızın daş baxışları ilə toqquşur. Yaşlı bir qocanın küskün surəti sanki bizi qəmli-qəmli məzəmmət edir: “Yurdumuzu niyə yiyəsiz qoydunuz?” Bizi soyuq tər basır. Qocanın sualına cavab verməkdənsə ölmək yaxşıdır.
Bəzi qəbirləri tamamilə söküblər. Yəqin öz meyitlərini basdırmaq istəyiblər. Öz əsil-zatını şişirdən, saxtalaşdıran bu millət, görünür, bizim qəbirlərə sahib çıxmaqla nə vaxtsa sübut etməyə çalışacaqdır ki, Kəlbəcərdə onun əcdadı “yatır”. Adamı dəhşət bürüyür. Hansı əcaib oyunlar qaldı ki, bu xain qonşumuz bizim başımıza açmasın? Yox, belə getməz. Əcdadlarımızın ruhunu təhqir edən əllər kəsilməsə, bizim özümüzə “kişi”, “bu ulu torpağın oğluyam” deyib yaşamağa haqqımız yoxdur.
...Nəriman yenə bizi duyuq salır: “Tez olun, bura hədəfə alınıb, ziyan çəkə bilərik”. 2 dəqiqə keçməmiş bayaq dayandığımız yerə düşmənin bir mərmisi düşür. Qəlpələr bizdən əks istiqamətə süzür. Yolun düzən yerində addımlayırıq. Daldalanmağa yer yoxdur. Növbəti atəş açılır. Karıxdığımdan özümü düz palçığın içinə atıram. Bizi Allah saxlayır. Mərminin ülgüc kimi qəlpələri yanımızdakı kiçik təpəciklərə sancılır. Növbəti üç mərmi o qədər yaxınlığımızda partlayır ki, bədənimizdən puçur-puçur tər axır. Kəlbəcər boyda geniş bir rayon sanki bizə dar görünür. Lakin heç kim daxilən keçirdiyi həyəcanı üzə vurmaq istəmir.
Səksəkəli addımlarla irəli gedirik. Kəndə yaxınlaşırıq. Ağzımızda tüpürcəyimiz də quruyub. Sısqa bir bulağı görəndə sevinirik. Bulağın qarşısında növbə ilə diz çöküb, gözündən doyunca su içirik. Artıq təhlükə sovuşmaqdadır. Düşmən artilleriyası susub. Zabit Aslanşah Mehdiyev imdadımıza yetir. Bizi “Ural” maşını ilə yüksəkliyə - düz ön atəş nöqtəsinə çatdırır.
...Uğurlu döyüşümüz davam edir. Minaatanlarımız Qəhrəman Şirinov, İsmayıl Cəfərov, İntiqam Fəttahov, Vasif Nəbiyev və Etibar Aslanov bir an belə dinc nəfəs almırlar. Atəş atəş dalınca açılır. Aslanşah durbinlə düşmənin ön döyüş mövqeyinə baxır:
- 50 metr sağa, 100 metr qabağa... atəş! Aha, ermənilər meyit daşımağa başlayıblar. Açıq yerdədirlər. “DŞK”nı işə salın.
Düşmənlər yaxşıca sıxma-boğmaya salınıblar. Lakin yenə güllə altında öz meyitlərini sürüyüb çəkirlər. Bu onların mərdlik nişanəsi deyil. Məsələ burasındadır ki, biz erməni meyitlərini çəkib televiziyada göstəririk. Bunu görən erməni anaları Ermənistan hökumətinə qarşı etiraz mitinqi keçirirlər ki, hanı bizim oğullar, daha qurtarın bu mənasız dava-qırğını. Buna görə ermənilər öz meyitlərini gizlədir və övladı ölmüş anaların başını qatırlar ki, hələ oğlun Qarabağda döyüşür.
İki yaralı gətirilir. Sağ çiynindən avtomat gülləsi dəymiş sıravi əsgər Mikayıl Qurbanova ilk yardım göstərilir. Ağrıdan uçum-uçum uçunur, amma göstərdikləri qəhrəmanlıqları söyləyərək acığını soyudur:
- Səhər ermənilər sıraya düzülüb aşağı enirdilər. Elə bil kənd dədələrinindir. Bir az qabağa buraxdıq. Sonra sıralarını elə dağıtdıq ki, gəl görəsən.
Başqa döyüşdə düşmənin bir zirehli qoşqu maşınını qumbaraatan silahla zədələyərək qənimət kimi ələ keçirən döyüşçümüz Elşad Əhmədov kənd uğrunda vuruşmada sol əlindən yüngül yara alıb. Həkim Vüqar Yusifzadə təkid etsə də, Elşad hospitala getmək istəmir:
- Ayıbdır, bu nə yaradır ki, ondan ötrü gedib çarpayıya yıxılım? İnşallah, tez sağalar.
- Ermənilərin yaxşı döyüşənləri varmı? – deyə Elşada sual verirəm.
- Cənab kapitan, döyüşəni var. Amma bilirsiniz necə döyüşürlər? Erməni ilə ev iti arasında böyük fərq tapa bilməzsiniz. Elə ki, üstünə cumursan, qorxub geri çəkilir, qaçır. Allah eləməsin, elə ki bizdən kimsə qorxub geri dönür, onda ürəklənib üstünə gəlir.
Zabit Qurban Qurbanov söhbətimizə qoşulur:
- Kəlbəcəri azad edəcəyik. Buna gücümüz çatacaq. Əsas odur ki, əsgərlərimizin mənəvi-döyüş ruhu yüksəkdir. Kəndlərimiz azad olduqca ürəyimiz dağa dönür. Prezidentimiz Heydər Əliyev igidlərimizi orden-medallarla təltif edir. Ondan çox razıyıq. Təminatımız qənaətbəxşdir. Eşitmişik ki, hərbi qənimətlərə görə də mükafat verilir. Fərəhlə deyə bilərəm ki, bizim tabor döyüşlərdə düşməndən xeyli qənimət ələ keçirib. Fikir verin, ancaq bir döyüşdə qazandığımız qənimət nə qədərdir: 3 ədəd ziretli qoşqu maşını, 2 ədəd ZDM, 5 ədəd “Ural” maşını, 1 ədəd “KŞM-142”, 1 ədəd dördlüləli “Şilka”, 1 ədəd “ZİL-131”, 1 ədəd “Ural” avtobusu, 2 ədəd səyyar hərbi mətbəx. Digər silah və sursatı hələ sadalamıram. Qənimətlər ilk gündən istismar olunur. Təmirə ehtiyacı olan texnika və mexanizmlər arxa cəbhəyə göndərilib. Qərəz, sözüm bu qədər. Qəzetinizdə bunları qeyd edin, bəlkə, adını xeyriyyəçi qoyan yurddaşlarımız yolunu Kəlbəcərə saldılar.
...Qaranlıq qovuşur. Qərargaha qayıdırıq. “N” kəndindən keçəndə bir əsgərin kövrək zənguləsi qulağımıza çatır. Məlahətli səslə “Qarabağ şikəstəsi”ni oxuyur...

İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”