“MƏN SÖZÜMÜN AĞASIYAM!”



Gülzar xala “bismillah”la oturub-duran əsl azərbaycanlı qadını kimi rəğbətlənirdi. Pislik etməklə, haram tikə kəsməklə qəti arası yox idi. 8 oğul, 3 qız ərsəyə gətirən bu qəhrəman ananın ürəyi müharibə başlandığı gündən etibarən iki yerə bölünmüşdü. Dağ şəlaləsitək şəffaf ürəyinin bir parası torpağımız uğrunda qanlı vuruşmalarda şücaət göstərən, sayılıb seçilən oğullarının yanında idi. Sonbeşiyi Mövlanın hansı bölgədə döyüşməsindən çoxdandır ki, xəbər tuta bilmirdi. Etibar adlı ciyərparası isə öz öyündürücü igid əməlləri ilə onu həm sevindirir, həm də yaman ağladırdı.

Televizorda Etibara “Azərbaycan Bayrağı” ordeni verilməsi barədə elanı eşidəndə həm sevinmiş, həm də ürəyinə min cür fikir gəlmişdi. Qohum-əqrəba, dost-tanış təsəlli, ürək-dirək versə də, Gülzar xalanı müdam qara fikirlər basırdı.

Ana intizarının, oğul həsrətinin gərginləşdiyi ərəfədə Etibarın iş yerindən, Neftçala balıq emalı kombinatından direktor İlyas müəllim başda olmaqla bir neçə əməkdaş əsgər ailəsinə xeyriyyə yardımı gətirmişdi. Nə diqqət, nə qayğı Gülzar xalanın eyninə deyildi. Hər qapını döyən də intizardan canı üzülən ağbirçək anadan şadyana surətdə Etibarın ordeni ilə bağlı muştuluq istəyirdi. Qəhrəman ananın isə eyni açılmırdı.

Nəhayət, Etibar qısamüddətli məzuniyyət alıb evə gəldi. Özü ilə anasına bir dünyalıq sevinc gətirdi. Gülzar xala orden söhbətinin həqiqiliyinə inandıqdan sonra yerişini də, söz-söhbətini də dəyişdi.

Fərəflə deyirdi ki, balama qurban olum, döyüşdən orden də gətirdi. Amma bu dəfə qoyan deyiləm davaya getməyə. Qoy hamının balası da bir ordenlik iş görsün, sonra buraxaram Etibarı. Nədi, bəyəm qəhrəmanlıq göstərmək bircə mənimkinə qalıb?!

Bəzən qürrələnən, bəzən də döyüş təhlükəsindən ehtiyat edən ananın inadı səngər güzəranına alışmış və öz canbir-ürəkbir silahdaşlarını itirmək istəməyən Etibarın iradəsini sındırmadı.

- Mən cəbhəyə qayıtmasam, gərək kişilikdən danışmağa birdəfəlik son qoyum, - deyə anasına axırıncı sözünü bildirdi və düz məzuniyyət vədəsində öz doğma hərbi hissəsinə qayıtdı.

...Tərtərin Qazyan kəndində işıqlı yaz səhəri idi. Səma da, günəş də, çal-çağırlı kənd təbiəti də üzə gülürdü. 1-ci tabor döyüşqabağı düzülüş komandası almışdı. Döyüşçülərin çöhrəsində qələbə inamı aydın sezilirdi. Briqada komandiri polkovnik Yaşar Aydəmirov öz adəti üzrə əsgərlərin qarnına yumruq vurmaqla onların qarın əzələsinin möhkəmliyini sınayırdı. Növbə Etibara çatdı. Bir vurdu, iki vurdu, amma Etibar heç kipriklərini də qırpmadı. Yaşar Aydəmirov onun fiziki möhkəmliyindən, psixoloji dözümündən hiss etdi ki, qabağında duran bu cantaraq oğlan “ana uşağı” deyil. Ona dedi ki, deyəsən, çoxdanın döyüşçüsüsən?

 Etibar yığcam cavab verdi: “Bəli, komandir, 1992-ci il avqustun 15-dən ordudayam. Qumbaraatançıyam. Amma döyüşdə əlimdən hər iş gəlir.

Y. Aydəmirov özünə xas ciddiliklə onun gözlərinin içinə baxa-baxa dedi ki, ay maşallah, az deyil, 2 ilə yaxındır. De görüm, mənə bir erməni tankı borclu olursanmı?

Etibar özündən razı halda gülümsəyərək dedi ki, komandir, birini də üstünə gəlin.

Komandir səmimi şəkildə söylədi ki, sözünə düz çıxsan, gözümün işığı olacaqsan. Amma unutma ha! Mən yalançıları bağışlamıram. Ana torpaq hər birimizdən fərdi qəhrəmanlıq tələb edir. Bu gün əsgər paltarı geyib ordu sırasında durmaq azdır. Gərək iş görəsən, hünər sahibi olasan...

Etibar inamla cavab verdi ki, mən sözümün ağasıyam!

...Kiçik qrupumuz süni və təbii əngəlləri dəf edərək Şurabad kəndinə gedən yolu tutdu. “T-72” markalı düşmən tankı qrupun mövqeyini gördü. Bir atəş açdı. Döyüşçülərimiz dərhal səngər qazmağa başladılar. Əsgərlərimiz istiqamətləri əlüstü müəyyən edib tankdan himayə olunmaq üçün məxfi siqnallar verdilər. Tank çinar ağacının arxasında gizlənmişdi. Fasilə verə-verə yorma və susdurma atəşləri açıb “yuva”sına soxulurdu. Hədəf qumbaraatan Etibar Sadıqovun gözünə çoxdan sataşmışdı. Amma real imkan yox idi ki, tankın külünü göyə sovursun. Hər halda, Etibarın qəzəbi coşdu, güllə yağışı altında qabağa süründü. Gördü ki, düşmən piyadaları açıq sahədə mərmi daşıyırlar. Ani olaraq nişan alıb atdı. Qəlpəli qumbara atəşindən bir erməni qulduru gəbərdi, ikisi ağır yaralandı. İtigözlü müşahidəçi Müşfiq Cəlilov Etibara yaxın mövqedə durmuşdu. Sakitcə əlləri ilə him etdi ki, çinarın başında bir snayper yaman fəallıq göstərir, onu da susdur. Demək, Etibar dar macalda iki tapşırığı yerinə yetirməli idi. Bir yandan da güclü yağış ona mane olurdu. Üst-başının palçığına məhəl qoymurdu. Bircə səy göstərirdi ki, silahı təmiz qalsın. Snayperin yerini gözəyarı tuşlayıb vurdu. Erməni qan içində yerə sərildi və hərəkətsiz qaldı. İri, qollu-budaqlı ağac büsbütün çilikləndi. Bu zaman düşmən tankının sağ cinahı açıldı. Etibar bütün sürəti ilə qabağa yüyürdü. Düşmən piyadaları onu çəpəki atəşə tutmuşdular. Qrupun zəhləsini tökən tanka təxminən 200-250 metr qalmışdı. Etibar döyüşçülərimizə xəbərdarlıq edərək dedi ki, başınızı səngərdən çıxarmayın. Vura bilməsəm, sizin üçün pis olar.

Etibar öz gücünə inanırdı. Sadəcə olaraq ehtiyatı da əldən buraxmırdı. Axı şər deməsən, xeyir də gəlməz. Dəqiqələr sürətlə ötürdü. Etibar çox çətin bir məqamda tankla üz-üzə dayandı. Özünü itirmədən birinci atəş açdı. Qumbara düşmən tankının qülləsinə dəydi. Sürücü-mexanik tankı birtəhər arxadakı ağaclığın arxasına çəkə bildi, amma sıradan çıxdığına görə susmalı oldu...

Tabor komandiri mayor Qurban Qurbanov Etibara öz təşəkkürünü səngərdəcə elan etdi və onu mükafatlandırdı.

Cəbhə həyatının cəfalı dolaylarında ordenli çavuş Etibar Rza oğlu Sadıqov öz mərdliyi, ağıllı təşəbbüsü və hərbi məharəti ilə həmişə silahdaşlarına örnək olmuşdu. Atəş vasitələrindən döyüş xassələrinə uğyun olaraq istifadə edirdi. Təkəqaya kəndində bir “Ural”ı, bir piyadaların döyüş maşınını vurmuşdu. Füzuli döyüş bölgəsində dığa dolu səngərləri odlaya-odlaya düşmən müdafiəsinin dərinliklərinə şığıyan Etibarı az qala özümüzünkülər vurmuşdular. Piyadalarımız inana bilməmişdilər ki, onlardan 200 metr qabağa gedib çıxan bir cəsur əsgərimiz var. Arxaya çevrilib “irəli” komandasını bir qədər gec versəydi, onu özgə sanacaqdılar. Bu hadisəni xatırlayanda Etibar kövrəlirdi. Deyirdi ki, həqiqətən özüm səhv etmişdim. Arxa ilə məlumat mübadiləsi aparmadan irəli gedirdim. Çünki həmləm uğurlu idi. Bir dığa qabağımda duruş gətirə bilmirdi. O zaman ayıldım ki, yan-yörəm boşdur. Çevriləndə gördüm ki, öz silahlarımız mənə tuşlanıb. Sifətimi görməsəydilər, heç nədən həlak ola bilərdim. Axı günah məndə idi.

 “Nə qədər erməni qulduru qırıbsan?” deyə ona verdiyim suala Etibar belə cavab vermişdi:

- İlk döyüşlərdə sayırdım. Kəlbəcər dağlarında isə çox dığanı o dünyalıq etdikdən sonra saymağı tərgitdim. Açığı, indi öldürdüyüm düşmən piyadalarının hesabını aparmıram. Mənə elə gəlir ki, saymaq yekəxanalıq əlamətidir. Biz öz torpağımızı təcavüzkar erməni faşistlərinin caynağından almağa çalışan Azərbaycan əsgəriyik. Borcumuz düşməni məhv etməkdir. Kimi az, kimi çox öldürsə də, ümumi nəticə birdir: Azərbaycan əsgəri torpağına qəsd edənin qənimidir.

Şaxtalı-boranlı Kəlbəcər qışının qaya-səngərlərində döyüşən Etibarın böyrəkləri möhkəm soyuqlamışdı. O vaxtdan bəri ağrı çəkə-çəkə vuruşurdu. Həkimlər məsləhət bilsələr də, Etibarın yorğan-döşəkdə uzanmağa qərarı gəlmirdi. Taqım silahdaşları da bəzən onun xəstəliyini yaxından duya bilmədiklərinə görə təkidlə deyirdilər ki, biz Etibarsız döyüşə çıxmağa ehtiyat edirik. Bu sözləri xüsusən orduya təzə gələnlər söyləyirdilər. Çünki Etibarla səngərdə bir olanda onlara ziyan dəymir, ən zəif döyüş qabiliyyəti olan əsgər də onun hünərinə baxıb cəsarətlənirdi. Etibarın psixoloji sabitliyi, əsgəri intizamı, döyüş mütəşəkkilliyi və hər şeydən uca olan səngər qardaşlığı taqım silahdaşlarının qanına, iliyinə hopmuşdu. Atəşkəs haqqında müqavilənin qüvvəyə minməsi onun üçün bir tənəffüsə çevrildi. Hamı məsləhət gördü ki, böyrəklərini müalicə etdirsin.      

                                                                                            8 iyun 1994-cü il

P.S. Etibar müqəddəs dünya sakinidir. Biz onu daim yüksək şərəf hissi ilə xatırlayırıq. Etibar adi döyüşçü deyildiAtəşkəs dövründə Neftçala rayon polis idarəsində öz xidmətini məsul polis zabiti kimi davam etdirən ordenli əsgərimiz Etibar Sadıqov müntəzəm surətdə öz müalicəsini davam etdirdi. Həmişəki kimi yenə sözünün ağası idi. Deyirdi ki, haramzada Ermənistan dövləti müharibənin siyasi yolla qurtarmasına razı olmasa, istənilən dəqiqədə öz silahdaşlarının arasında peyda olacaqdır. Təəssüflər olsun ki, aparılan müalicələr tutarlı səmərə vermədi. Murovdağ şaxtasında yaramış böyrək xəstəliyi onu müqəddəs bir ruhda torpaqlaşdırdı. Hər bir halda müzəffər ordumuz Etibar Sadıqov kimi dünyasını dəyişən mərd oğullarımızın arzusunu həyata keçirdi. Qılıncımızı erməni qanında tutarlı bir halda yaxaladıq. Erməni üçün qiyamət olduq və bütün şəhidlərimizin ruhunu şad etdik. Sənin əziz xatirən həmişə bizim qəlbimizdə yad edilməkdədir, unudulmaz igid əsgərimiz Etibar Sadıqov!                                                                                                                                                                                                                                                     İbrahim MƏSİMOĞLU


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ