“BİZ DƏ ÖZ SÖZÜMÜZÜ DEYİRİK”
Şər qarışır. Narın qar yağır. Qara bələnmiş səngər soyuq
olsa da, ürəklərimiz istidir. Baş leytenant Zülfüqar Babayev tankçılarımıza baş
çəkib qayıdır. Salam-kəlamdan sonra döyüş mətləbinə keçirik:
- Eşitmişik ki, ilk döyüşdə tankçıların işi tərs alınıb.
İndi vəziyyət necədir?
- İşin tərsliyi bizdən asılı olmayıb. Dağlıq şəraitində
tankı idarə etmək, onu lazımi atəş mövqeyinə cəld çıxarmaq çətindir. İlk döyüşdə
3 min metrdən artıq hündürlüyü olan “N” dağına tankımızı çox əziyyətlə
çıxardıq. Lakin aşırımın aşağı döngələrində yolun buzu tam açılmadığına görə
texnika sürüşdü. Sözün açığı, biz bu üzüqaralığı döyüşçü şəxsiyyətimizə
sığışdıra bilmirdik. Elə ki, piyadalarımız düşməni xeyli geri qovdular, onda
biz yolun buzdan açılışına diqqəti artırdıq və məharətlə “dəmir at”larımızı əlverişli
atəş nöqtələrinə yetirə bildik. Tankçılarımız indi elə mövqe seçib ki, biz düşmənin
anasını ağlada bilirik, düşmən isə heç cür bizi vurmağı bacarmır.
- Şəxsi heyətin mənəvi döyüş ruhu necədir? Neçə mərminiz hədəfə
dəyib?
- Döyüş ruhu yüksəkdir. Zabitlərimiz öz vəzifə borclarını
yerinə yetirməklə yanaşı, tank ekipajlarına da rəhbərlik edirlər. Məsələn,
zabit Xəyyam Həsənovun özü tankçılarımızın önündə gedənlərdəndir. Cəsur komandirimiz
düşmənin ön postuna qədər gedib çıxır və ratsiya ilə çox düzgün göstərişlər
verir. Zabit Xaliq Vəliyev isə “N” tankının tuşlayıcı-operatoru postunda
oturur. Leytenant Rasim Nağıyev isə başqa bir tankın tuşlayıcı-operatorudur.
Çözümün canı odur ki, sükan naşı əllərə etibar edilməyib. Bir neçə döyüş məqamını
qısa təfərrüatı ilə söyləmək istəyirəm. Yanşaq kəndinə hücum edərkən iki erməni
postu tankçılarımızın sərrast atışı ilə alınıb. Yola nəzarət edən piyadalarımız
həmin gün xəbər verdilər ki, tank atışından sonra düşmən bir “Ural” dolu meyit
apardı. Meşədə mövqe tutan düşmən hərbi qüvvələri də bizim “dəmir at”larımızın
hünəri hesabına susublar. Dünən istehkamçılarımız yolu minadan təmizləyirdilər.
Komandirimiz onları yüksəklikdən müşahidə
edirdi. Birdən gözlənilməz yerdən istehkamçılara avtomat gülləsi yağdırıldı. Xəyyam
bu vəziyyət barədə “N” tankının komandirinə isti-isti xəbər verdi. İki mərmi ilə
həmin düşmən mövqeyi elə şumlandı ki, axşamadək oradan səs-səmir çıxmadı.
- Ən yaxşı tankçılarınız kimlərdir?
- Bayaq adlarını çəkdiyim zabitlərimiz əsl tankçılardır.
Peşəkar kimi özlərini doğrultmuşlar. Qalanları da daim öyrənir və püxtələşirlər.
Kamil Mustafayev, Əlisultan Qurbanov, Səməd Orucov, Məcid Eyyubov, İlham
Abdullayev, Zahid Kərimov və başqalarının da fərasətinə söz ola bilməz. Həm
zabitlərimiz, həm də əsgərlərimiz od qiymətinə olan tankın, mərmilərin qədrini
yaxşı bilirlər. Hara gəldi atmırıq.
- Nəhayət, ən böyük ürək sözlərinizi eşitmək istəyirəm.
- Ən böyük ürək sözüm – QƏLƏBƏDİR. Arxa cəbhəmiz bizə həqiqətən
əsl arxalıq edir. Buyurub baxa bilərsən. Üç gün əvvəl xeyli xeyriyyə təyinatlı
yun corab almışıq. Mənə qismət olan corabın içərisində belə bir qeyd vərəqəsi
qoyulub: Corabı toxuyan – Lerik rayonu, Qələsər kənd məktəbinin VII sinif
şagirdi Arzu Ağabəy qızı Bağırovadır”. Tankçılarımız adından bu qeyrətli el
qızına dərin minnətdarlığımızı çatdırmağı sizdən xahiş edirəm. Qoy arxayın
olsunlar ki, bizim doğma Azərbaycan torpağı heç vaxt düşmən tapdağı altında
qalmayacaq.
İbrahim MƏSİMOĞLU
2 fevral 1994-cü il

Комментарии
Отправить комментарий