2-ci KƏLBƏCƏR ƏMƏLİYYATI: ÖMƏR AŞIRIMINDA DÖYÜŞ
Ağır-ağır gələn
duman dağların başından tez ötdü. Səhərin şaxtalı küləyi birdən kəsildi. Elə
bil təbiət də Azərbaycan əsgərinə qahmarlıq edirdi. Zabit Qurban Qurbanov son əmrini
verdi: “Ermənilərin əcəli çatıb. Başla, qardaşım Əbülfət, başla”.
Bir metrdən çox
yağmış qarın içi ilə iki istiqamətdə düşmənin ön postuna doğru sürünən birinci
taborun döyüşçüləri səssizcə təyin olunmuş yerə çatdılar. Qabaqda kiçik
leytenant Əbülfət Əliyev sürünürdü. Ön posta 50 metr qalmış dayandı. Nəfəsi ilə
əllərini isitdi və onunla bərabər irəliləyən rabitəçi Sabir Abbasova dedi: “Ön
qrupu qaldır, daha düşmən əlimizdən sağ çıxa bilməz”. Çavuş Musa Vəliyev və
sıravi Etibar Sadıqov da sağ və sol tərəfdən düşmənin ön postlarına lap
yaxınlaşdılar.
Qumbaraatan silahdan
ilk atəşi Əbülfətin özü açdı. Çünki döyüşün “açar”ı onun əlində idi. Baş rol
ona tapşırılmışdı.
Düşmən ön postdan
qaçmağa başladı. 3 erməni yerindəcə gəbərdi. Əbülfət özünü düşmən səngərinə
atıb bir ədəd pulemyotu, bir ədəd snayper silahını nişangahları ilə birlikdə hərbi
qənimət kimi götürdü. Silahdaşlarını səslədi: “Qadanızı alım, tez olun, düşməni
öz silahı ilə dənləmək lazımdır. Növbə Yol evinindir. Çalışın erməniləri diri
tutaq”.
Yaralanmış iki düşmən
əsgəri yıxıla-yıxıla gözdən itdi. Əbülfət təcili olaraq ratsiya ilə 5-ci
taborun igidlərinə məlumat verdi: “İki yaralı erməni gəlir, onları “duz-çörək”lə
qarşılayın”.
Budur, Yol evi
görünür. Düz səkkiz ay əvvəl canavar yuvasına çevrilmiş bu yerdən bizə dinclik
verilmirdi. Dişinin dibində şirə qalan ermənilər Yol evində Gəncənin işğalı xəyalı
ilə yaşayırdılar.
Xəyalplov
boğazlarında qaldı.
Musa Vəliyev tətiyi
çəkən kimi bir erməni dığası yerə sərildi. İkinci, üçüncü... güllələr də hədəfə
dəydi. 25 nəfər erməni döyüş maşınına minib aradan çıxdı. Sıravi Adil Məmmədov
düşmənlərin o biri ZDM-ni odladı. Növbəti ZDM-ə altı erməni yaxınlaşmaq istəyəndə
Adil aldadıcı atəş açdı. Məqsədi texnikanı salamat ələ keçirmək idi. Ermənilər
atəşdən qoruna-qoruna geri çəkildilər.
Canavar yuvası - Yol
evi də azadlığa çıxdı. Düşmənin dörd yeraltı qazması boşaldı. Hərbi qənimət də
ki, necə deyərlər, xirtdəyəcən. Avtomat, pulemyot patronlarını heç hesaba
almıram. 30 ədəd mərmi. “KPM-3 U-1” markalı minapartladan aparat, neçə-neçə
avtomat, pulemyot, snayper silahı...
Erməni meyitinə baxıram.
Yaxşı deyiblər ki, hiylə ilə iş görən möhnətlə can verər. Yaşı haradasa 40-ı
keçib. Üz-gözündə insanlıq nişanəsini tapa bilmirəm. Ürəyimdə soruşuram: Nə günahı
var idi Kəlbəcər camaatının? Niyə yuvasından perik düşən quş kimi didərgin
saldınız günahsız insanları?
Vüqar Yusifzadə ilə
rastlaşıram. Dörd nəfərlə iki yaralı gətirirdilər. Yaralının biri Məzahir Əhmədov,
digər isə Mahir Qasımovdur. Minaatanlar batareyasının igidləridir. Yüngül yara
alıblar.
Vüqar fərəhlə deyir:
- Heyran olmuşam əsgərlərimizə.
İlqar Laçınova bu torpağın çörəyi halaldır. Biz yaralını qayaların arası ilə
zorla gətirirdik. İlqar isə o boyda ağır yükləri çiyninə alıb, qayaların üstü
ilə elə yeriyirdi ki, sanki asfalt yolla gedirdi.
Yorulan döyüşçülərimizin
bir dəstəsi geri qayıdır. Onların yerinə isə təzə qüvvələr göndərilir. “N”
aşırımında bugünkü döyüşün əsas qəhrəmanını - kiçik leytenant Əbülfət Əliyevi
zabit Rəhman İsgəndərov öpüşlə qarşılayır:
- Qardaş, gəl səni
bir öpüm. Bu zirvələrə ilk salamı sən verdin.
Əbülfət gülə-gülə
ona yaxınlaşır:
- Ömrümdə məni bu qədər
öpən olmamışdı. Sevincdən az qala ürəyim partlasın.
Döyüşçü Sənam
Zahidov ələ keçirdiyi qənimətləri mənə göstərir:
- Baxın, ermənilərin
kürkləridir. 16 ədəd götürmüşük. Vanadzor xəz fabrikində istehsal olunub. İçi
yaxşı istidir. Yəqin bizim qoyunlarımızın dərisindəndir. İndi kürksüz erməni
islanmış siçana dönüb.
Saat 12-dir.
Döyüşçülərimizin sorağı çayın o tayından gəlir. Düşmən dabanına tüpürüb
qaçmaqdadır. Daha vədə yetişdi. Dağın “N” aşırımından keçən “qapı”sını rahat
açmaq olar. Bu dədə-baba yolundan Yol evinə qədər uzanan sahə minalanıb. Ön
mövqedə döyüş gedə-gedə istehkamçılar - Yunis Mirzəyev, Rasim Əliyev,
Vaqif Məmmədov və Azər Vəliyev məsuliyyətli
əməliyyata başlayırlar. Hərbi xəritə əsasında öz minalarımız rahatca çıxarılır.
Növbə düşmən “tələ”lərinə çatır. Partladaq, yoxsa çıxardaq? Təcrübəli
minaaxtaran leytenant Yusif Mirzəyev bu suala qəti cavab verir: “Hayıfdır,
partlatmayaq. Gərəyimiz olar”. Aparat işə salınır. Bir saat ərzində düşmənin səkkiz
minası zərərsizləşdirilir. Nəhayət, yol açılır.
Döyüş günü beləcə
başa çatdı. İki əsgərimiz yaralandı. İgid Rəfi Aydınov isə qəhrəmancasına həlak
oldu. Düşmən 16 canlı qüvvə və xeyli hərbi sursat itirdi. İgidlərimiz erməni
başına elə bir tərs dəyirman fırlatdılar ki, cəhənnəmi diri gözlə gördülər.
Gecə ocaq başında üzərrik
yandırdım və əsgərlərimizin başına hərlədim.
Döyüş davam
edirdi...
İbrahim MƏSİMOĞLU
22 yanvar 1994-cü il

Комментарии
Отправить комментарий