“VURĞUN ÖLDÜ DEMƏYİN...”
Desəm
ki, şeir gündəlik azuqəmdən biridir, onda fikrimə şərik çıxan da olar, məni
qınayan da. Amma o da qəlbimə agahdır ki, xalqımızın lap çoxu mən günlüdür.
Odur ki, milli mədəniyyətimiz kimi dilimiz də zəngindir.
Uşaqlığımı yada salmaq istəyirəm. O
vaxtlarımı ki, qanmazdım şeir nə olan şeydir. Amma sevimli şairimiz Səməd
Vurğunun “Azərbaycan” şeirinin birinci bəndinin sarsıdıcı misraları öyrəndiyim
ilk kəlmələr sırasında olub. Uşaqlıq illərində gündəlik yorucu həyət işlərinə
görə misra əzbərləməklə aram o qədər çox deyildi. Di gəl ki, yetkinləşdikcə ölürdüm
Səhhət, Şaiq, Sabir, Vurğun şeirləri üçün. Dilimə tez yatan misraları bir-iki kərə
ucadan deməklə şeir yazılırdı beynimə. Bəlkə də, bu asan şeirlərin cazibəsi
sonradan yavaş-yavaş sevdirdi mənə xalqımızın hikmətli poeziyasını. Ürəyimin dərinliyindən
gələn o düz sözü də üstəlik deyim ki, ilk şeir məhəbbətim Səməd Vurğundan
doğub, onun dadlı deyimlərindən. Təbii ki, bu sevgidə yalqız deyiləm. Səməd Vurğun
əsl xalq şairidir. Onun şeir dili sadə olduğu qədər çox hikmətli və könül
oxşayandır. Yalnız kamil kəlamlar insanı valeh edir, dərindən düşündürür, yalnız
uğurlu misralar könüllərdə əbədiləşir...
Oğuz
rayonunun Səməd Vurğunlu günləri. Tam dəqiq bilən yoxdur bu günlərin sayını.
Bircə onu deyirlər ki, çox gəlib bu gözəl təbiətin qoynuna. Sevgili şairlə
bağlı xatirələri əziz tutan, onu tez-tez yad edən oğuzlular çoxdur. Özü də
yalnız azərbaycanlılar yox, qardaş xalqların övladları da.
Yaxın vaxtlarda rayon qəzetimizdə Səməd Vurğun
istəkli bir oxucumuzun məktubunu dərc etmişdik. Təsirli yazı idi. O xahiş
edirdi ki, Səməd Vurğunun Oğuzda keçən günlərini qələmə alaq. Yaddaşlarımızı tarixə
köçürək ki, itməsin. Heç bu yazının üstündən iki gün keçmədi ki, redaksiyanın
qapısını bir ağsaqqal döydü. Kimdir bu ağsaqqal? O, Muxas kənd sakini Məməş Həbibullayevdir.
70 yaşını təzəcə addayıb. 15 şirin-şəkər nəvə yiyəsidir. Hər kəlməsi, hər sözü
andırır ki, sərraf adamdır. Nə təhər deyərlər, ilk baxışda qızılı qəlp puldan hər
adam ayıra dilməz, amma Məməş dayı dərhal ayırar. Səməd Vurğun yaradıcılığından
sən beş misal çəksən, o əllisini çəkər.
Məməş
dayı redaksiyamıza o niyyətlə təşrif gətirmişdi ki, qələmi işə salıb Oğuz
rayonunun Vurğunlu günlərindən iki hadisəni tarixə yazaq və bu ibrətamiz xatirələr
gələcək nəsillərin mənəvi dayağına çevrilsin. Axı, milli-mədəni tariximiz öz dəyərli
şəxsiyyətlərimizin nümunəvi həyatı, ibrətamiz əməlləri hesabına unudulmur. Xüsusən
şairlər daim hərəkət edən və danışan bir tarixdir.
Məməş dayının dediklərindən:
- Müxbir qardaş, mən söz sənətimizi çox
uca tuturam həyatda. Mənim, sənin, habelə nə qədər müəllim və tərbiyəçilərimiz
var, hamısının övladlarımıza göstərə bilmədiyi tərbiyəvi təsiri ədəbiyyat
yaradır. Səməd Vurğun isə bu müqəddəsliyin sönməz ulduzudur. Yaxşı xatırlayıram
o günü. Səməd Vurğunun ölüm xəbəri diri-diri öldürdü məni. Yalan deyirəmsə, qoy
dünyaya kor baxım. Əgər desəydilər ki, sənin ömründən alıb Səməd Vurğuna verəcəyik,
vallah verərdim. Amma onu bilirəm ki, Səmədin qəbri həmişə nurla doludur, yaxşı
adamların qəbri kimi...
1953-cü il idi. Muxas Kənd Sovetinin
katibi işləyirdim. Gündə bir yığın kağız-kuğuzla iş görürdüm. Həftə səkkiz, mən
doqquz, rayispolkoma gedib-gəlirdim. Bir gün yenə rayon mərkəzinə
çağırmışdılar. İspolkom sədri Həmid Əzizov bizə (yəni həmkarlarıma - İ. M.) göz aydınlığı verdi ki, sevimli şairimiz
Səməd Vurğun rayonumuza qonaq gəlib, bu gün rayon mədəniyyət evində
ziyalılarımızla görüşü olacaq, kimin imkanı var, qalsın. Hamı dilləndi ki, əşi,
imkana qalsa, onda gərək yıxılaq, birdəfəlik ölək! Səmədlə görüşü əldən vermək
olar?!
Səməd şair dostu Zeynal Xəlillə gəlmişdi.
Görüşdə nəinki ziyalılar, həm də kolxozçular və məktəblilər iştirak edirdilər.
Salonda heç ayaq üstə durmağa yer tapmazdın. Hamı istəyirdi ki, şairlə üzbəüz
durub söhbət etsin, onun alicənablığının canlı şahidi olsun.
Əvvəlcə Zeynal Xəlil çıxış etdi. O, sözünü
qurtardıqdan sonra elə xitabət kürsüsündən üzünü birbaşa Səməd Vurğuna sarı
tutdu (Səməd salonun lap orta cərgəsində oturmuşdu):
- Səməd, indi meydan sənindir, buyur gəl
bura.
Səməd Vurğun çox nəzakətlə, sakit bir tərzdə
cavab verdi:
- Ayə, bağışla ora gələ bilməyəcəyəm. Nə
desəm, buradan deyəsiyəm. Mənim xasiyyətim belədir, xalqın içərisində özümü
rahat hiss edirəm. Xalqdan ayrılanda, elə bil, fəzadan asılı qalıram.
Zeynal Xəlil zarafata keçdi:
- Bəhanə eləmə, qocalmısan ondandır.
- Ayə, üz vurma, gələmmərəm. Bir demişəm,
yenə deyirəm, “ellərə güvənib yazsa sənətkar, ilham xəzinəsi tükənməz olar.” Mənim güvəndiyim doğma xalqımdır. Onlarsız mən
bir qara qəpiyə dəymərəm.
Araya ağır sükut çökdü. Səməd Vurğun ayağa
durub salonun hər tərəfinə bir anlığa nəzər saldı, gülümsəyə-gülümsəyə:
- Maral bacılarım məni bağışlasın, – dedi,
– bir “Maral” şeirimi oxumaq istəyirəm...
Bu minvalla “Ceyran”, “Alagöz” şeirlərini
də oxudu. Hərarətlə alqışlandı. Oğuz ziyalıları öz ürək sözlərini bildirdilər.
Çıxışlar kəsildi. Yenə Səməd Vurğunu dinləməyi xahiş etdilər.
- Mən oğuzlulardan az məktub almışam, deyəsən,
məni oxumursunuz – deyə bir az gileyləndi – Böyük tənqidçimiz Cəfər Xəndan
“Aygün”ümü tənqid eləyib. Çox yaxşı! İstəyirəm ki, siz də mənim nöqsanımı deyəsiniz.
Bax, yazasınız ki, ay şair, sənin filan şeirin ürəyimizə yatmır, belə yazma, elə
yaz. Çox heyf ki, həmişə tərif eşidirəm. Sizin rayonda da şeir yazanlar azdır.
Bunun eybi yoxdur. Eyib odur ki, dəyərsiz şeir ortalığa çıxarasan. Şeir elə qələmə
alınmalıdır ki, ürəklərə girə bilsin, stol üstündə qalmasın...
Bir
dəfə şairlə ova çıxmışam. Onun harada olursa-olsun, hər bir yoldaşa nəzakətli
münasibəti, həssaslığı, nəcibliyi, ən adi mübahisələrdə təmkinli davranışı, bir sözlə, ünsiyyət mədəniyyəti
məni valeh etmişdi. Ova “28 Aprel“ kolxozunun (indiki Toxumçuluq sovxozunun) ərazisindəki
Nəcməddin meşəliyində çıxmışdıq. Günortaya az qalırdı. Nə mənim, nə də şairin
ov yoldaşı Müridin əlinə bir dənə də ov düşməmişdi. Birdən şairin qabağından qəflətən
uçan qırqovulu Mürid vurdu. Hiss etdim ki, Səməd Vurğunun xətrinə dəydi.
- Ayə, Mürid əmi, deyəsən, sən yaxşı
atırsan ha... – deyə Səməd incikliyini boğa-boğa dilləndi.
- Mürid öz səhvini başa düşdü, alma kimi
qızardı, amma şəstini sındırmadı:
- Səməd əmi, arabir atıram da...
Əslində onlar tay-tuş idi. Aralarında 6
yaş fərqi vardı. Bununla belə bir-birinə
“əmi” deyə müraciət edirdilər.
Səməd nə fikirləşdisə, itini irəli qovdu.
“Zaur” adlı ov tüfəngini sahmanlayıb elə bir-iki addım atmışdı ki, göyə baş
alan bir qırğı sataşdı gözünə. Nişan almaqla tətiyi çəkməyi bir oldu. Güllə dəydi
hədəfə. Yeri gəlmişkən deyim ki, qırğı vurmaq asan iş deyil. Peşəkar ovçulara yaxşı
bəllidir ki, quşlar içərisində qırğı kimi iti uçan quş yoxdur. O, yerdən dik
qalxır, həm də ildırım sürəti ilə...
Səməd Vurğun qırğını vurub aramla geri
döndü:
- Ayə, gördünmü? İndi mənimlə
razılaşırsan, ya yox? Mən də nəsə bilirəmmi? – deyə Müridə tərəf gəldi.
Qəfil verilən suallara Mürid bilmədi nə
desin. Sıxıla-sıxıla :
- Səməd əmi, mən sənin tək ata bilmərəm –
dedi.
- Yox, əşi, bu atışda nə var ki! Hamı belə
ata bilər...
Meşə təsərrüfatına qəlbən bağlanmış Mürid
Xudiyevin pensiya yaşı çoxdan bitsə də, sevdiyi əmək fəaliyyətindən
ayrılmamışdı. Rayon meşə təsərrüfatında işləyirdi. O zaman partiya və sovet rəhbərləri
Səməd Vurğuna bir neçə dəfə Müridlə ova çıxmağı məsləhət görmüşdülər. Çünki
Mürid səriştəli meşəbəyi idi. Meşələrin hər cür sirrini, təbiətdə hər şeyin izini-tozunu
beş barmağı kimi bilirdi. Səməd Vurğunla Müridin ov meydanında doğmalaşan “əmiliyi”
də belə baş tutmuşdu.
...Məməş dayının Səməd Vurğun haqqında xoş
söhbətinin axır sözləri belə oldu: “ Sevimli şairimiz Səməd Vurğun behiştlik
adamıydı. İmanınımı yandırıb onu deyə bilmərəm ki, bu gün Vurgun ürəkli şairlərimiz
yoxdur. Belə düşünsəm, qarğış yiyəsi olaram. Desəm də, deməsəm də, ürəyimizi
bulandıran Dağlıq Qarabağ hadisələri zamanı el sənətkarlarımız yaxşıca
sınandılar. Sınanlar da elə Səməd Vurğunun şagirdləri deyilmi?! Onlar öz qələmləri
ilə Azərbaycanımızın namusunu, vicdanını, ləyaqətini qorudu, bütün dünyada bəlli
olan əsl tarixi həqiqətlərə arxa oldular. Müxtəsər desək, əgər qocalı-cavanlı şairlərimizin
hamısı Səməd qədər vətənpərvər, öz
xalqını Səməd qədər sevən olsa, ədəbiyyatımız qarşısında, məncə, hər bir Allah
bəndəsi baş əyər.”
Qədirbilən
oğuzlular mənəvi sərvət səltənətimizdə özünə layiqli yer qazanmış Səməd Vurğunu
daim şirin xatirələrində yaşadır, onun yaradıcılığını sevə-sevə oxuyurlar. Bu
sevgi heç vaxt tükənən deyil. Onun adını küçələrimiz, məktəblərimiz və mədəni
ocaqlarımız daşıyır. İstəyirəm ki, bu unudulmaz xatirəli yazıma son nöqtəni öz bədii
yaradıcılığında həmişə yurd sevgisini önə çəkmiş, bədii söz sənətimizi zənginləşdirmiş,
humanist ideyaları ustalıqla qələmə almış və üstün bəşəri dəyərləri öz şəxsi həyatında
real əməyi ilə yaşatmış, ana vətənimizi qəlbən vəsf etmiş Səməd Vurğunun özü qoysun:
”Məni yelkən kimi qərq etsə də dəryada zaman, Vurğun öldü deməyin, bir əbədi sənəti
var...”
P.S.
Dəyərli sənətkarlarımızı, mənalı günlərimizi unutmamaq məqsədilə Oğuz
rayon qəzetinin 1 və 3 dekabr 1988-ci il tarixli saylarında dərc edilmiş bu məqaləmi
bəzi zəruri dəyişikliklər apararaq yenidən çap edirəm. Həmin qəzetin sabiq
müxbiri kimi qürurla deyə bilərəm ki, əsl milli keçmişimizi özündə yaşadan bu
doğma rayonumuzun Oğuz adlandırılmasının fəal təşəbbüskarlarından biri mən
olmuşam. Zaman öz sözünü deyir. Coğrafi adlarımızın sovet əsarətindən xilası
bizi öz tariximizə qovuşdurmuşdur. Azərbaycanımız indi müstəqil surətdə nəfəs
alır. Milli tariximizin əsl sahibiyik.
İbrahim MƏSİMOĞLU,
“Oğuz yurdu” qəzetinin sabiq müxbiri

Комментарии
Отправить комментарий