MİLLƏTİNİN GÖZÜNDƏN DÜŞƏN GÖZSÜZ QALAR


                         
         Hər kəs özünü tənqid edə bilər. Bu, özünü islah etməyin, düzgün yola qayıtmağın bir şərtidir. Haqlı tənqid insan qəlbinə nur çilər. Özünə qarşı mənfi fikir aşkarlığını sevməyənlər də var. Belələri həyatda çox büdrəyirlər. Abır həddini gözləyən bəzi şəxslər isə kobud səhv edən zaman özünü təklikdə tənbeh edirlər. Belə yanaşma şəxsiyyətin inkişaf ahəngdarlığını rəvanlaşdırır, ədalətli mövqeyini möhkəmləndirir. Kollektivdə sayılıb-seçilmək, həyatda obyektiv tərəfdaş olmaq, sədaqətli dost adını qazanmaq üçün istənilən enişli-yoxuşlu yerlərdə, təhlükəli hadisələrdə, habelə mübahisəli situasiyalarda dürüst ideya arxasında dayanmağa çalışmalısan. Haqq sözə hiylə qatılmaz. Necə deyim, sən düz dayan, kölgənin əyri düşməsindən qorxmağa dəyməz.
      Tənqidin bir yolu da var: bir insan olaraq hər kəs konkret faktlar əsasında başqasını tənqid etmək haqqına malikdir. Tənqid əslində sağlam bir istəkdir. Səni tənqid edən səni özünə yaxın sayaraq öz iradını bildirir. İnanın ki, obyektiv sözlərin arxasında çirkin niyyət durmur. Çirkinlik yalnız qərəz məhsuludur. Bir dəfə qərəzli fikir deməklə uzun illər təmiz adam kimi qazandığın şöhrət puç ola bilər. Kim könüllü olaraq rəzalət içinə batmaq istəyər?!
      Məncə, tənqidin ən murdar yolu öz millətini tənqid etməkdir. Bu murdarçılığın ifrat formasıdır, yəni ermənilikdir. Bu günümüzün sosial şəbəkəsi müntəzəm surətdə sübut edir ki, yer üzündə ən çox öz millətini tənqid edən ermənilərdir. Bu fikri əsaslandırmağa ehtiyac yoxdur. Çünki dünya bu gerçək xəbərdən yaxşı xəbərdardır. Bəs, bizim çörəyimizi yeyib suyumuzu içən və öz milli dəyərlərini aşağılayan, necə deyərlər, erməniləşməyi özünə ar bilməyənlərə hansı adı verək?! Bu üzdəniraqların qeyri-milli mövqeyi ürəkdənmi gəlir, yoxsamı ağıldan? Məncə, bu qan məsələsidir. O ürəyi işlədən də qandır, o ağlı yemləyən də. Ayrı təhəri yoxdur. O qana virus düşdüsə, o qandan öz doğma millətinə heç bir halda  kömək gözləmə!     
        Millət geniş bir anlamdır. Həqiqətən “mən azərbaycanlıyam” deyəndə əzəmətli bir məntiq səslənir. Üstəlik sayca az deyilik. Dünyada 50 milyonu keçmişik. Yüksək əxlaq sahibiyik. Lap yaranışımızdan üzü bəri ötən tarixi bircə-bircə vərəqləsək də, ümumi, yaxud xüsusi milli eyib tapa bilmərik. Oğuz geninə sadiq qalan belə böyük bir millətin adına nəsə demək olarmı?! Oğuz türkləri cahanın qeyrət simvoludur. Biz mənən əyilməyi sevən xalq deyilik. Daim insanlığı sevər, insanlığı yaşadarıq. Ehtimal ki, haçansa ziddiyyətli həyat məqamlarında fərdi kontekstdə incik düşən bəzi qeyrilər nəsə subyektiv bir söz deyə bilərlər. Çünki onları şəxsi mənafe, şəxsi münasibət, habelə dünyavi zidd maraqlar daha çox cəlb edir. Əsl azərbaycanlı isə millətinə nəsə acı bir söz deyiləndə ixtiyarsız olaraq içindən qəhərlənir.
        Bir də ki, millət bir ailə anlamında dərk edilə bilməz. Millətin miqyası böyükdür. Əmək, yaxud sinif kollektivi, həmçinin hər hansı küçə, kənd, rayon sakinlərinin tipik xarakteri millətin ümumi və xüsusi xarakteri ilə ölçülərmi?! Bu yerdə Mirzə İbrahimovun sözləri yadıma düşür:  “Zatı, südü təmiz, alnı açıq, namuslu və mərd adam xalqını, vətənini, elini sevməlidir. Ancaq şərəfsiz həyatla yaşayanlar, ömürlərini kol dibində keçirənlər xalq qədrini bilməzlər”. Əsl azərbaycanlı milləti ağlayanda ağlayar, güləndə gülər. Kol dibində ömür sürməklə millət adına ləkə salanlar necə əsl azərbaycanlı sayıla bilər?! Millətinə arxalanan, öz milli dəyərlərini hifz edən, öz milli əxlaqına sahib olan kəsin arxası yerə dəyməz. Unutmaq olmaz ki, millətinin gözündən düşən gözsüz qalar. Millətdən üz döndərənlər olsa-olsa yalnız vətən bağında bir yabanı ot bitkisi sayıla bilər.
      Zərdüşt Əlizadə adlı sözü qüsurlu “ziyalımızı”, yəqin ki, çoxumuz tanıyırıq. Siyasi kökünə də yaxşı bələdik. Ali məclislərə dəvət edilən deyil, lakin yad ocaq başında milli söhbət kontekstində hərdənbir elə qələt qarışdırır ki, hamı tərəfindən iyrənc doğuran bir hədəfə çevrilir. Necə ki, yaxın günlərdə İranın saytında dərc olunmuş məqaləsi ilə bağlı “Hüriyyət” saytının geniş izahlı rəyi geniş əks-səda yaratmışdır. O, ölkəmizin işğal dərdindən başlayaraq bir sıra ictimai problemləri sadalayır və mövcud siyasi-iqtisadi bəlalardan sanki xəcalət təri axıtdığına görə yazır ki, ulu öndərdən fərqli olaraq mən azərbaycanlı olmağımla fəxr etmirəm. Belə başa düşürəm ki, bu tənqid deyil, özünə söyməkdir. Ona görə də Zərdüştün o məqaləsində deyilən haqlı və haqsız fikirlərə məhəl qoymadan “Feysbuk” səhifəsində geniş həcmli paylaşımlarda hamı ucdantutma onu təhqir etmişdir. Mən təhqiri məqbul saymıram. Lakin Zərdüştün qüsurlarının bu qədər ifrat həddə çatmasına da dözə bilmirəm. Axı, insan olan kəs öz xalqını təhqir edərmi?! “Azərbaycanlı olmağımdan utanır və xəcalət çəkirəm” deyən bir “ziyalıda” hər hansı işıq nöqtəsini tapmaq mümkün olarmı? Ay, Zərdüşt, əgər bu qərarın beləcə qətidirsə, niyə vaxt itirirsən, get adını erməni dəftərinə yazdır və təntənəli şəkildə səni də xaç suyuna salsınlar.
       Milli bəkarətinə ləkə salan Zərdüştün vəfasız mövqeyinə aid yazılan təhqiramiz rəyləri sadalamağı lüzumsuz sayıram. Bu, yeganə hal deyil. Tez-tez xaric bir səslə müxalifət xoruna qatılan Zərdüşt buraxdığı səhvlərin tutarlı cavabını fəal ictimai qüvvələrdən həmişə alıbdı. Bəla orasındadır ki, o, hədsiz boğucu təhqir selindən, habelə söylənilən dəyərli məsləhətlərdən, hikmətli iradlardan bir müsbət nəticə çıxarmır.
       Zərdüştün tənqidi qeydləri yol verdiyi milli xatanın kölgəsində heç bir əhəmiyyət daşımayan qərəz təsiri bağışlayır. Həqiqətən təmsil etdiyin xalqı həqarətlə qamçılamaq böyük günah hesab edilir. Milli xataya yol verən nakəsin sosial haqq harayı insanlara xoş gəlmir, nə qədər müəyyən real əsası olsa da, saxta səslənir. O haqqın ki, arxasında erməni sayaq anti-milli ruh varsa, demək, o ikrah doğuran bir mənəvi simadır. Millətini aşağılayan nakəsdən yalnız haram nəfəsli yad bir aləmin qoxusu gəlir. “Hüriyyət”in vurğuladığı tezisə görə öz xalqına zərdüştsayağı tolerant yanaşma budurmu?!
        “Utanıram ki, dövlətimin adı dünyanın bütün “qara dəftər”lərində bədnam birinci yerlərdədir” deyən bədnam niyyətli Zərdüşt, deyəsən, bu işıqlı dünyadan tamam bixəbərdir. İldən-ilə güclənən vətənimizin beynəlxalq aləmdə öz çəkisinə görə öncül fəaliyyətini niyə özünə ar bilir. Lap hər şeyi kənara qoyuram. Bir adi vətəndaş kimi Zərdüştdən soruşuram: Niyə sənin özün, yaxud kiçik qardaşın Araz Əlizadə Qarabağ müharibəsində iştirak etməmişsiniz? Bəlkə, çağırış vərəqini gözləmisiniz. Əsla yaş həddi də bəhanə ola bilməz, sizdən böyüklər doğma səngərimizdə ana yurdumuz naminə döyüşərək mərdanə surətdə şəhadət şərbətini içiblər. Heç olmasa, sizin nəsildən bir layiqli əsgər çıxıbmı?! Söz yox ki, bu suallara cavab vermək sizlik deyil. Bəs, hansı mənəvi duyğularınız Qarabağ məsələsinin uzadılmasına görə sizdə utanc  doğurur və öz soy-kökünüzdən üz döndərirsiniz. Bu milli namərdliyə nə ad verək?!
                                                                                                       İbrahim MƏSİMOĞLU
                                                  müharibə veteran, ehtiyatda olan polkovnik-leytenant
   



Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”