ŞAİR QƏLBLİ ZABİT
Kafir erməni
quldurlarından təmizlənmiş bir qayanın gündəyənində Rza dinməz oturub fikirlərə
dalır. Qarşısında üzügülər Azərbaycan təbiətinin şahanə bir guşəsi sanki ilahi
bir gözəl kimi güzgülənir. Canalan guşəyə əl toxundurmağa cürət etməyən Rza
gözü ilə ovladığı təbiət mənalarını ürəyində misralara düzür. Elə bil, bu
döyüşçü indicə qanlı savaşdan çıxan Rza deyil. Elə bil, bu eloğlu öz doğma
qardaşıtək istədiyi döyüşçüləri dünən torpağa tapşıran Rza deyil.
- Ürəyim Vətən çəkən
zülmlərə dözə bilmirsə, Vətənin səadəti naminə şəhid olmağa hazır deyilsə, o
etibarsız ürəyi saxlamaram, - deyə zabit Rza Polad oğlu Hessari söhbətə
başlayır. – Vətənin bir hissəsi dustaq olsa da, ürəyim azad və əyilməzdir. Əsl
hərbçi ağlağan, pərişan olmamalıdır. O, göz yaşı tökən,daim sızlayan yox, düşməni
ağladan bir cəngavər kimi döyüşməlidir. Məncə, bu işıqlı dünyada yaşamağın mənası
birinci növbədə Vətənin sağlığı ilə bağlıdır. Vətən sağ olmayacaqsa, qəsbkarların
top-tüfəngi altında inləyəcəksə, onun qoynunda gəzən vətəndaşın ömür sürməsinin
mənası bir qara qəpik qədər dəyərsizdir. Son nəfəsi ağzından çıxanacan məğrur
dayanmalı, ümidini itirməməlidir.
Rza Hessari 10 iyul
1993-cü il tarixdən təcavüzkar erməni faşistlərinə qarşı qanlı döyüşlərdə qəhrəmancasına
vuruşur. 1969-cu il təvəllüdlü bu igid, öz təbiri ilə desək, tək soltandır. Ona
görə ailə qurmur ki, hələ Vətənin bir hissəsi azad nəfəs almır. Amma düşmənə
sarsıdıcı zərbələrimizdən sonra elə bir toy məclisi qurmaq fikrindədir ki,
nağıllarda deyildiyi kimi, yeddi gün, yeddi gecə keçiriləcək bu şadyanalıq
canına çəkən ağrı və iztirabları biryolluq çıxarıb atsın. Bu gün isə düşmənə
amansız divan etmək, qanlı toy tutmaq Rzanın başlıca qayğısıdır.
...Üç günlük əməliyyatdan
Rza hələ qayıtmamışdı. Lakin Çiçəkli dağından gələn gizli siqnallardan məlum
idi ki, onun ehtimalları, qurduğu planın sayalı nəticələri həmləmizin vüsətlənməsinə
gözəl töhfə verməkdir. Zabit Əmirov isə acıqlanmışdı. Çünki döyüş nizamnaməsinə
görə, Rza əməliyyatın iştirakçısı yox, idarəedicisi olmalı idi. O, danlansa da,
öz qoç igidləri ilə birgə dağ başında gecələməkdən, çiyin-çiyinə cəngə
çıxmaqdan aldığı ləzzəti heç nə ilə əvəz etmək istəmirdi. Bəzən ümumi məqsədlər
üçün lap tərslik də edirdi.
Təsadüfə bir bax:
erməni döyüşçülərinin qərargahı Qılınclı kəndində Rəhmangilin evində yerləşdirilmişdi.
Fərziyyələri həmişə həqiqətə çevrilən Osman Allahverdiyev gecə yarısı Rzaya
hesabat verdi ki, göz müşahidəsində yanılmayıb. Hədəf nöqtəsi məlum yerdədir.
Koordinatları hökmən göndərmək lazımdır ki, düşmənin qərargahı vaxtında
dağıdılsın. Uğurlu atəşdən sonra Rəhmana zarafatla çatdırdılar ki, doğma dədə
ocağını topa tutduqlarına görə onları bağışlasın. Əməliyyatın axırında döyüşçülərimiz
elə bir yüksəkliyə çatdılar ki, yeni tamah hissi, talançılıq ehtirası ilə irəliləyən
düşmən qəflətən başı üstündən yaxalandı. İgidləri ilə qürrələnən Rza
şadlığından dilləndi:
- Bu ki yağlı bir
loxmadır. Bunu udmamaq günahdır.
Rza etibarlı
döyüşçüsü, sıravi Gəray Həsənova “Muxa”nı hazırlamağı tapşırdı. Həmçinin bir az
ləngiməyi məsləhət gördü. Çünki qayanın ortasında lövbər salan dığaların yanına
ehtiyat qüvvələr toplanmaqda idi. 1 ədəd “Niva” və 1 ədəd “UAZ” maşını da
yaxınlaşanda “Muxa” hədəfə sancıldı. Dığalar pərən-pərən düşüb qaya daşlarının
arxasında gizləndilər. Lakin dövrələmə mühasirəyə düşmüşdülər. Əməliyyat
iştirakçıları Rzanın komandirliyi sayəsində tələsmədən, bir gülləni də hədər
yerə atmadan düşmənə dəhşətli toy tutdular. Bir tərəfdən də topçularımız hədəfin
altını üstünə çevirdilər. Dığalar təxminən 70 nəfər canlı qüvvə itirdilər.
Uğurlu döyüşün ən
çox tər tökən iştirakçılarından biri kimi Rza Hessari “Hərbi xidmətlərə görə”
medalına sahib oldu. Bu sahiblik mərdlik və qəhrəmanlıq yolunda atılan mətin
addımları möhkəmlətdi.
Rzanı yaxından
tanıyanlar deyirlər ki, onun iki mühüm keyfiyyəti var. Gərgin döyüş
saatlarından sonra asudə vaxtlarda Rza son dərəcə şairləşir, müğənni kimi şux səslə
oxuyub şənlənir. Bədii yaradıcılıqla müntəzəm məşğul olsa da, yazdığı şeirləri
dərc etdirmək istəmir. Özü üçün yazır, özü üçün mənən dincəlir. Əsgər sırası
qarşısında duran Rza isə çox zəhmli, hər səhvi güzəştə getməyən zabitdir. Ordu
sərtliyi, ordu nizam-intizamı, ordu tələbkarlığı öz əksini onun xarakterində
çox parlaq surətdə tapır. Hərbçi xarakteri açılanda döyüşçü Rza şair Rzaya heç
bir vəchlə təslim olmur...
Rza öz igidləri ilə
daha bir əməliyyata gedir. Yenə öz aləmindədir: döyüşçü vüqarı uca dağlarla bəhsə
girir, müvəffəq olacağı uğurun ab-havasını qabaqcadan duyur...
21 may 1994-cü il
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий