MƏĞRURLUQ
Vətənə təmənna ilə xidmət etmək, şəxsi fədakarlığa
görə ondan mənfəət güdmək mənəvi dəyərlərdən uzaq məqsəddir. Vətənə təmənnasız
xidmət etmək ilahi tələblərdən biridir. Bu müqəddəs, ülvi tələbi namus və qeyrətlə
ödəyən adam hətta nə qədər uzaq qaçsa da , şan-şöhrət mütləq onu tapacaq
və adını ehtiramla doğma xalqın, tarixin yaddaşına yazacaqdır. Vətənin verdiyi
fəxri ad ancaq və ancaq ilahi məğrurluq doğurur.
* * *
Ailə qurmaq işində Arifin bir həyat fəlsəfəsi
vardı: gec olsun, yaxşı olsun. Lakin özünə ömür-gün yoldaşı seçməkdə çox
yubandığına görə bəzən istər-istəməz öz içində özünü qınayır, bu barədə söz açmağa utanırdı. Gözünə təzəcə aradığı,
sonaladığı “ov” düşmüşdü ki, Vətən savaşı, torpaq dərdi göyərməkdə olan istəyini
təxirə saldı. Bu, torpaq eşqli, qeyrətli, prinsipial oğul üçün elə-belə əngəl
deyildi. Nə etsələr də, fikrini azdıra bilmədilər. Arif başı üzərində qara yellər
əsən vətəndən savayı hər şeyi unutmaq məramını üstün tutaraq el müdafiəçiləri
ilə bir sırada durdu.
Necə deyərlər, ona dözən on beşə də
dözər. Övladına yaxşı bələd olan anası Ruqiyyə xala və Qubadovlar ailəsinin mənəvi
ata yükünü çəkən böyük qardaşı Qurban da
Arifin ürək çırpıntılarını duyub, çox məsləhətləşmədən sonra təşəbbüskarlığı öz üzərinə götürdülər.
Görünür, bu da bir alın yazısıdır.
Öz taleyi ilə barışmaqdan savayı Arif
nə edə bilərdi?
Günlər öz axarı ilə ötüşdü. Əfsus ki,
Arif öz nişan mərasiminə gedə bilmədi. Müharibənin bu acı təsadüfü Qubadovlar
ailəsində qəribə kövrəlmələr doğurdu. Avqustun 22-də Arif hökmən evə getməli
idi. Həmin gün toy nəzərdə tutulmuşdu. Dəvətnamələr yazılıb paylanmışdı. Nə edəsən?
Müharibənin sərt qanunları var. İş elə gətirdi ki, hərbi əməliyyatlar davam
etdiyindən Arif ön xətdən ayrılmağa imkan tapa bilmədi. Toy təxirə salındı.
Yeni dəvətnamələr sentyabrın 20-nə yazılanda Ruqiyyə xala hər ehtimala qarşı
oğluna təsirli bir məktub yazdı. Məktub bu sözlərlə bitirdi: “Arif, mənim əziz
balam, bilirəm, Vətəni qoruyursan, amma gərək bizi də başa düşəsən. Heç olmasa,
birgünlüyə icazə alıb gəl. Məncə, sənin kimi oğula komandir etiraz etməz. Gözümün
işığı, bu dəfə camaatı aldada bilmərik. Hökmən gəlməlisən. Barı gələn qonaq
görsün ki, bəy toydadır. Yoxsa nə düşünərlər?!”
Sözün düzü, bu və ya digər səbəblərə
görə nə ananı qınamaq olar, nə oğulu, nə də onun komandirini. Ölkəmiz müharibə
şəraitində yaşayır. Belə məqamda namuslu adam üçün birinci yerdə Vətən durur, sonra ailə və biz.
Elə Vətən də o zaman əsl vətən olur ki,
onu kiçikdən-böyüyə qədər hamı duyur, sevir və qiymətləndirir. Arif kimi, onun
anası, qardaşları kimi...
Xoşbəxtlikdən
döyüşçü toyu bu dəfə baş tutdu. Məzuniyyət vədəsi çatan Arif birgünlüyə yox, lap
toyun toy əndazəsində keçirilməsi üçün lazımi vaxtda gələrək, anasının xoş niyyətlərini
həyata keçirdi.
* * *
İgid döyüşçü Arif Vəliş oğlu Qubadov gözlərini dünyaya 1966-cı
il sentyabr ayının 20-də Cəlilabadın Əliqasımlı kəndində açıb. Evin sonbeşiyi
kimi çox əzizlənib, hərtərəfli qayğı görüb. Atası dünyasını dəyişdiyinə görə
böyük qardaşı Qurbanın himayəsi altında yaşayıb. Uşaqlıq həyatından çox gileyli
deyil. Adi kənd uşaqları kimi orta məktəbi alababat oxuyub qurtardıqdan sonra zəhmətə
bağlanıb. Ağır əməkdən çəkinmirdi. Ev-eşik işləri ilə bağlı üzərinə düşən vəzifələri
bezikmədən yerinə yetirirdi. Lakin nədənsə hiss edirdi ki, hələ həyatda öz
yerini tapmayıb. Bir müddət ayrı-ayrı sənətləri öz ürəyində çək-çevir etsə də qəti
addımını əsgərlikdən sonra atmaq qərarına gəldi. Belə fikirləşdi ki, hər zamanın
öz hökmü var, tələsməyə dəyməz.
Sənət seçməkdə tələsməyən Arifi danlasalar
da, o, öz aləmində qapanıb dururdu. Bir qulağı səsdəydi: Haçan qapımızı
döyüb əsgərliyə çağırış vərəqini verəcəklər.
Doğrudan da, Arifin bir özü, bir sözü. Düz vədəsində, əsgər yaşı tamam olan
kimi hərbi borcunu ödəməyə yollandı. Ordu həyatının sərt qanunları, ağır iqlim
şəraiti onu daha da möhkəmləndirdi.
Buryatiya vilayətinin Ulan-ude şəhərində
daxili qoşun hissələrində bir il altı aylıq əsgərliyini başa vurduqdan sonra intizamı,
bacarığı, ən önəmlisi isə öz dəyanəti, qeyrəti
ilə yoldaşlarını üstələyən Arifi komandanlıq böyük məmnuniyyətlə gizir məktəbində oxumağa göndərdi.
Arif hərbi təhsil prosesində tədricən duyub ki, həyatda özünə layiq
yeri tutmaqdadır. Eyni zamanda peşə ilə bağlı nəzər nöqtələrini dəqiqləşdirib.
Əsgərliyədək durğun həyat keçirən bir cavanın xarakterində birdən-birə
keyfiyyət dəyişiklikləri əmələ gəlib. Bəzən sıxıntılı anlar yaşasa da öz bəxtindən
küsməyib. Sanki dan yerinin nuru yanıb qəlbində, gözlərində. Ləyaqətli, mərdanə
əməlləri ilə xidmət etdiyi hərbi hissədə arifliyini gerçəkləşdirib. 1990-cı ilə
qədər orada gizir kimi çalışıb. Hərb sənətinin adi vərdişlərindən tutmuş,
dolanbaclı yol-izinədək hər şeyi görüb-götürən Arifin həyat eşqi güclənib. Məmləkətimizdə
vüsətlənən milli oyanış işartıları Arif Qubadovu da özünə doğru çəkib. Gündən-günə
artan ictimai-siyasi təbəddülatlara biganə qalmayaraq, birdəfəlik Bakı şəhərinə
qayıdıb. Nəhayət, qeyrətli vətən oğlunun müqəddəs cəbhə dəqiqələri yetişib. O, ön
atəş xəttinə çıxan “N” hərbi hissəsinin
birinci taborunda ikinci bölüyün baş çavuşu təyin edilib. Sonra ilk sınaq kimi
ixtiyarına bir taqım veriblər. Əslində isə əksər hallarda şəraitdən asılı olaraq bölüyü idarə edirdi. Döyüşdən-döyüşə
yüksək zabitlik məziyyətləri pardaqlandı. Çünki onun hədəfi bəlli idi. Hədəfə
doğru gedən yolda heç bir təbii qüvvə Arifin cəsarətini kəsərdən sala bilməzdi.
Axırda bölük komandirliyi də rəsmiləşdirildi – bu, Arif Qubadovun müqəddəs
hesab etdiyi arzulardan biri sayılırdı...
* * *
Nər igidlərimizin hünərinə sığınmış Sədərəyin
nə gecəsi gecə idi, nə də gündüzü gündüz. Sədərək və onun hünərvər müdafiəçiləri
sanki axırıncı dəfə sınağa çəkilirdilər. Ulu yurdun müdafiəsi ilə bağlı ümidlər bir
andaca sönüb yox ola bilərdi. Ağzından son nəfəs çıxanadək əyilməyən əsgərlərimiz
Miltəpənin yamacında mövqe seçmişdilər.
Düşmən lap yaxında idi. Savaşın
müşküllüyü onda idi ki, bizimkilər aşağıdan yuxarı atəş açırdılar. Miltəpəyə
ağalıq edən erməni hərbi qüvvələri Sədərəyi əl içi kimi görürdülər. Nə tərpənmək
asan idi, nə də sürünmək. Yalnız hava qaralandan işıqlaşana kimi müdafiə
qurğuları hazırlanır və müxtəlif maskalanma işi görülürdü. Mövqe döyüşünün
vaxtı-vədəsi yox idi. Bəzən səhər, bəzən axşam çağı aramsız atəşlər açılır,
topların, minaatanların ərşə bülənd olan uğultulu səsləri göyü-düzü, dağları
titrədirdi.
Arifgilə ancaq müdafiə komandası verilmişdi. Dumanlı xəyalların
sehrli dairəsində darıxan Arif gecə düşəndə səngərləri gəzir, əsgərlərinə birbəbir
tapşırırdı:
- Mənim igidlərim, sizə çox
inanıram. Gücünüzə yaxşı bələdəm. Amma gənc əsgərlər sarıdan bir az narahatam.
Sözüm onlaradır. Qulağınızı açıb yaxşı-yaxşı eşidin. Əgər kim qorxaqlıq edəcəksə,
bəri başdan qərarını versin. Qəti sözümdür. Mən buraxılan səhvə görə heç kimi
bağışlamayacağam. Geri çəkilən əsgər hər şeyə öz başı ilə cavabdeh olacaq.
Yaxşı-yaxşı düşünün, ehtiyatlı hərəkət edin, yoxsa yalnız özünüzü deyil, hamını itirərsiniz.
1992-ci il noyabrın 25-də dan yeri
söküləndə sanki hər iki tərəfə “sükut” komandası verilmişdi. Nə güllə, nə də
texnika səsi eşidilirdi. Döyüşdənkənar məqamlarda “mən də varam” iddiası ilə
havaya boş güllə atan əsgərlər də susmuşdular. Günortayadək bu sükut davam
etdi. Taqım bu gün səhər toqqa altını yaxşıca bərkitmişdi ki, gün ərzində
yeməyə çox vaxt itirilməsin. Arif düşmənin ehtimal edilən həmləsini gözləməkdən usanaraq beş dəqiqəlik
mürgüləmək istədi. Başını yataq kisəsinə qoymaq istəyəndə qəfil bir partlayış
onu səksəndirdi. Topların vurhavuru başlandı. Arif sərt bir sıçrayışla yeraltı
qazmadan çıxıb döyüş vəziyyətini aldı. Rabitəçi qərargahdan gələn komandanı ona
çatdırdı:
- Yoldaş komandir, komanda verilib
ki, düşmənin bir gülləsi də cavabsız qalmasın.
- Bizdən arxayın olsunlar – deyə Arif narahat olmayan
bir tərzdə düşmən mövqeyini izləməyə başladı...
Ölüm sacan güllələr yağış kimi
yağırdı. Payız küləyindən qan iyisi, ölüm havası gəlirdi. Əsgərlər mərdanə
müqavimət göstərir, düşmənin vacib hədəflərini oda bələyir, həmçinin komandirin
vəziyyətə uyğun verilən əmrləri ilə tez-tez yerini dəyişir, taktiki hiylə qururdular. Yerdəyişmədən ayrı sərfəli yol yox idi. Hər yan qaya olduğuna görə zərblə yerə düşən
mərmilər, minalar öz qəlpəsindən savayı qan qoxuyan iri, sal qayaların
didik-didik olmuş parçalarını səngərə səpələyirdi. Sağ-sol cinaha da göz gəzdirmək
çətinləşirdi. Belə ağır şəraitdə necə hərəkət edəsən ki, yaralanmayasan? Nə qədər
yaxşı sığınacaq seçsən də qaya parçaları səni yaxalayır. Fədakar
arifçilər sönməz bir ruh yüksəkliyi ilə döyüşürdülər. Sıravi Rövşən Vəliyev sərrast
güllələrlə düşməni susdururdu. Kiçik
qaya parçaları onu zədələsə də, civə
damlası kimi oynayır, mövqedən-mövqeyə keçirdi. O gah sağa, gah sola çəkilərək
düşmən qüvvələrini bir müddət çaşdıra bildi. Lakin birdən-birə qana boyandı...
Ən çox rəğbət bəslədiyi Rövşənin şəhid
olması Arifin qəzəb hissini yaman coşdurdu. Özünə xeyli güc gəlsə də, sakitləşə
bilmirdi. O qədər qeyzlənmişdi ki, çırtma vursaydın qanı çıxmazdı. İçin-için
qovrulmasın, bəs neyləsin! Rövşən kimi ciyərli bir əsgərini itirmişdi. Onun hələ
torpağa tapşırılası çağı deyildi. Mina
onun yanında yerə düşüb
partlamasaydı, bəlkə, həlak olmazdı. Öz içində yanan Arif daha bir yerdə qərar
tuta bilməyərək sağ cinaha doğru hərəkət etdi. Bir düşmən pulemyotunu özü
susdurdu. Azacıq sakitləşdi. Seyrək-seyrək mələşən düşmənin snayper gülləsi onu addımbaaddım izləsə də, Arif öz təhlükəsizlik çevrəsindən kənara çıxmamışdı. Rabitəçi məlumat
verdi ki, altı əsgərimiz yaralanıb. Komandirin özü iki yaralını sürüyərək arxaya apardı ki, bəzi əsgərlər döyüşdən
yayınmasın. Dərhal ilk yardım da göstərdi.
Düşmən tərəfi itki verdikcə
yavaş-yavaş susurdu ...
* * *
Arif Qubadov ədalətli, iradəli, insaflı, çox səmimi komandir kimi döyüşçülərinin
gözündə əzəmətli bir ümid heykəlinə dönmüşdü. Komandirin yenilməz gücünə güvənən sıravi Elxan Vəliyev söyləyir:
- Həmişə zabit Arif Qubadovun
tabeliyində olmuşam. Qayğıkeş komandir
kimi ona hörmətimiz coxdur. Bizi komandirimizə bağlayan onun ağlının nurudur. Hərbi
əməliyyatları bacarıqla həyata keçirdiyinə görə ümidlə hücuma keçirik. O,
döyüşdə buraxılan səhvə görə heç kimi bağışlamır və buna səbəbə görə ondan
incimirik.
Arif ehtiyatı əldən verməyən , öz səfərbəredici
mühakimələri ilə əsgər qəlbini fəth edən tədbirli komandirdir. Öz bölüyünün qarşısında duran düşmən müdafiəsinin ön xəttini, atəş vasitələrini, maneə və əngəllərin
xarakterini, həmləyəkeçmə və təhlükəsizlik sədlərini kəşfiyyat yolu ilə müəyyən etməsə, hücum üçün qətiyyən qərar qəbul
etməz. Adəti üzrə şəxsən özü də kəşfiyyata gedir və hər bir döyüşçünün cəsarət
hissini gücləndirməyə çalışır. “Komandir bölüyün hara və necə həmlə edəcəyini gözü ilə qabaqcadan görməyibsə, onun döyüşdə üstün
gələcəyinə şübhəm var” deyir:
– Necə deyərlər, döyüş əvvəlcə
komandirin beynində başlayır, çoxsaylı həmlə və müdafiə variantları düşünülür,
bütün qüvvə və imkanlar götür-qoy edilir, planlaşdırılan döyüşün bütün incəlikləri
komandirin beyninə həkk olunur, sonra gerçək fəaliyyətə imza atılır. Döyüşün
gedişi zamanı uzaqgörənlik mühüm amil sayılır. Əməliyyatın xarakteri mürəkkəbləşdikcə
bölmələri effektli yollarla idarə etmək üçün komandirin analitik qabiliyyəti ilə
bağlı tələblər artır. Nəhayət, belə bir müdrik fikri unutmaq olmaz ki, cəsarət qurtaran yerdə əsarət başlayır.
*
* *
Azərbaycanın Milli Qəhrəmanı,
general-mayor Rövşən Əkbərov öz sevimli zabiti haqqında çox zəngin və səmimi təəssüratlara
malikdir:
– Zabit Arif Qubadov tabeliyində olan əsgərlərlə
istənilən ağır döyüşə inamla atılır və uğurlu nəticələrlə döyüşü başa vururdu.
O, şəxsi heyətin gözündə əsl şəxsiyyət sayılır, komandir kimi sevilirdi. Bu
hörmət səbəbsiz deyildi. Ən böhranlı vəziyyətdə çıxış yolu taparaq tabeliyində
olan döyüşçüləri xilas edən Arif Qubadova daim rəğbət bəslənirdi. Bir məsələ də
bizə yaxşı bəllidir ki, Qarabağ döyüşlərində
şəxsi heyətin yükü ağır olmuşdur. Əsgərlərin təlim keçmədən döyüş əməliyyatına
daxil edilməsi komandir işini daha çox müşkül hala salırdı. Bu da həmin tarixi
dövrün təbii təzahürlərindən biri sayıla bilər. Aydın məsələdir ki, komandirin
döyüşdə idarəetmə fəaliyyəti istənilən rəhbərin işindən dəfələrlə ağırdır. O,
döyüş tapşırığının təşkili və müvəffəqiyyətlə
yerinə yetiriməsi ilə yanaşı əməliyyatın az itki ilə başa vurulmasına, bölmələrin
daimi döyüş hazırlığına görə cavabdehlik daşıyır. Arif Qubadov bu məsuliyyəti
yaxşı anlayır və tabeliyində olan bölmələri uğurla idarə etmək, həmçinin müasir
döyüş fəaliyyətinin xarakterinə uyğun tələblərin öhdəsindən gəlmək üçün zəruri
komandir keyfiyyətlərinə malik idi. O, döyüş fəaliyyətinin dərinliyi artdıqca
düşmən tərəfindən görülən əks-tədbirlərin gizli planı barədə hərtərəfli məlumat
toplayaraq döyüşün təşkili üçün lazımi qərar qəbul etmiş və əksər hallarda məqsədinə
çata bilmişdir.
Arif Vəliş oğlu Qubadov müstəqil məmləkətimizin
əsl aşiqi olmuşdur. O, milli dövlətçiliyimizi hərraca qoyan namərdlərin, sapı
özümüzdən olan “baltaların” qənimi, Vətən torpağının hər qarışığının qorunması
üçün canından keçməyə hazır olan igid kimi hər bir vətən oğluna yaxşı tanışdır.
Qədirbilən xalqımızın taleyüklü, həlledici
dəqiqələrində öz mənəvi ləyaqətini mərdanə açıqlamış Arif Qubadovun bölüyü dövlət çevrilişinə cəhd edən cinayətkar qrupları
beşikdəcə məhv etmişdir. Milli dövlətçiliyimizi
qoruyarkən şəxsi igidlik və şücaət göstərdiyinə görə yenilməz komandirimiz Arif Qubadov Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Dəyərli ömrünün məsul anlarında
özünü yox, doğma vətəni və xoşniyyətli xalqını düşünən, müqəddəs torpaqlarımız
naminə canını odlara yaxan Arif müstəqil Azərbaycanın sabahına, qələbə gününə
doğru çıraq tutan qəhrəmanlarımızdan biri olmuşdur. O, ulu tanrının bəxş etdiyi qısa , lakin çox dəyərli
ömründə Vətən savaşı səngərlərində təkcə qəhrəmanlıq nümunələri yaratmamış, həm
də özünə layiq igidlər yetişdirmişdir.
* * *
Arif Qubadov şəhadət şərbətini səngərdə içə bilmədi. Ön xətdə xidmətini başa
vurduqdan sonra dinc həyatda 26 sentyabr 2009-cu ildə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyyasında dünyasını dəyişdi. Heç bir halda Arifə “öldü” sözünü yaraşdırmaq
mümkün deyil. Ana yurdunu bütün varlığı ilə sevən, onun hər qarışı uğrunda
özünü qurban verməyə can atan bu igidə necə “öldü” deyə bilərik. Onun mərd və
xoş siması gözlərimiz önündə tez-tez
canlanır. Arifə qəlbən bağlı olan səngər qardaşları, doğmaları, tanışları onu
unuda bilmirlər.
Ömrünün qürub cağında “ mən gedirəm”
demədi. Və bu mənada o haqlı idi. Arif bu gün yetişdirdiyi döyüşçülərin əməllərində
yaşayır. Başqa sözlə desək, biz Arif Qubadovu cismən itirmişik, o ruhən qəlbimizdə
yaşayır və əbədi olaraq yaşayacaqdır !
İbrahim Məsimoğlu,
hərbi-yazıçı jurnalist

Комментарии
Отправить комментарий