NARINCLAR KƏNDİNİN NİSBİ MÜHASİRƏSİ NECƏ YARILDI?


                     

     Dədə-baba yurdumuz Dağlıq Qarabağ savaşında biz iki xainliyin qurbanı olmuşuq. Adını qonşu qoyub hər gün bir xəyanət əməli törədən erməniyə də, habelə onu himayə edərək dolayı yollarla ov tüfənglərimizə qədər hər şeyi əlimizdən alan və bizi müdafiəsiz qoyan Moskvanın ermənipərəst siyasətinə də yaxşı bələd idik. Bax, ifrat arxayınlığın acı aqibəti belə olur. Kimsə siyasi uduş əldə edir, biz isə qurban kəsilirik. Son nəticədə isə Qarabağ adlı ürəyimiz qana dönür, yalnız qan ağlayır...
      Bu aşkar bəlaların nəticəsidir ki, murdar ermənilərlə üz-üzə gələn bütün yurd-obalarımız kimi Kəlbəcərin Narınclar kənd camaatı da qəfil daşnak basqılarına qarşı əli silahsız qalmışdı. Yalnız əkin-biçin işi ilə məşğul olan kənd sakinləri azğın və arxalı düşmənə cavab verə bilməyərək öz doğma yurdunu tərk etməyə məcbur olduqdan sonra  Narınclar çox dalğın-pərişan bir görkəmə düşmüşdü. Ana təbiət sanki qəm içində boğulurdu. Dədə-baba ocağını tərk edə bilməyən oğullarımız isə könüllü surətdə ordu sırasına daxil olur, nə qədər intiqam alsalar da, daxilən sakitləşə bilmir və hərdənbir təkliyə çəkilir, bərk-bərk hıçqırır, kövrələrək göz yaşlarını selləndirirdilər. Ümid yalnız ordumuza qalmışdı. Lakin yeni yaranan müstəqil dövlət üçün ordu asan iş deyildi. Vətən sevgisinin od-alovu döyüşçü ürəklərində məşəllənsə də, yeni ayaq tutan ordumuzun əngəlli  quruculuq problemləri, savaş təcrübəsizliyi, habelə dövlətçilik işinin daxili ixtilafları başımıza cürbəcür bəlalar açırdı.
      Narınclar kəndinin mühafizəsi əvvəlcə Gəncə polis dəstəsinə həvalə edilmişdi. Basqılarla bağlı müəyyən müddət dinc fasilə yaranmışdı. Lakin birdən toqquşmaların sayı çoxalırdı. Müdafiə işi elə zəif qurulmuşdu ki, heç bir həftə itkisiz keçmirdi. Ordumuzun ilk mətin əsgərlərini öz sırasında cəmləşdirən 701 saylı hərbi hissənin 1-ci taboru Kəlbəcərə gəldikdən sonra azacıq dönüş yarandı. Ağzı qanayan dığalar geri çəkildilər. Gəncə polis dəstəsindən fərqli olaraq taborun 2-ci bölüyü baş leytenant Nəriman Zeynalovun komandirliyi altında bu kənddə mükəmməl müdafiə mövqeləri qurdular. Söz yox ki, bu, hərbçi peşəkarlığının nəticəsi idi. Gündəlik azuqəsi tam olmasa da, döyüşçülərimiz təbiət nemətlərindən istifadə etməklə ana yurda xidmətdən xüsusi mənəvi zövq alırdılar. Arxalı düşmən isə susmurdu. Qısa fasilədən sonra ermənilər hər gün həmlə təşkil etməyə başladılar. Hər dəfə güclü bir müqavimətlə rastlaşan düşmən nədəndirsə bir qədər sakitləşdi.
      Dərə dibində yerləşən Narınclar kəndinin müdafiəsi hərbi strateji baxımdan bir sıra çətinliklər yaradırdı. Müdafiə işi yalnız təcrübəli hərbçi Nəriman Zeynalovun yorulmaz xidməti sayəsində pozulmurdu. Onun taktiki biclikləri, habelə əldə edilən kəşfiyyat məlumatları hesabına bölük qəfil həmlələrə tab gətirirdi. Həm də kənd düşmənin əsas hədəfinə çevrilmişdi. Böyük işğal planının ilk tapşırığı, görünür, Narınclarla bağlanırdı. Digər bir müsbət hal ondan ibarət idi ki, Aydoğan dağ tərəfindən kəndin müdafiəsi daha güclü təşkil edilmişdi. Bunun səbəbi kapitan Çingiz Əliyevlə bağlı idi. Çingiz sovet əyyamında hərbçi taleyinə yazılan Əfqanıstan döyüşlərində hərbi əməliyyatların hər üzünü görmüşdü. Cəsurluğuna söz ola bilməzdi. Qısa zamanda ana yurdun savaşında gərəkli hərbçi kadr kimi xüsusi hörmət qazanmışdı. Maddi-texniki təminat taborunun komandir müavini olsa da, könüllü olaraq Narınclar kəndində taqım komandiri funksiyasını yerinə yetirirdi. Hər oğul bu cəsarəti etməzdi. Boş vaxtı da yox idi. Səhərdən axşamacan əsgərləri savaş sirləri ilə bağlı ətraflı bilgiləndirir, onları daim taktiki hiylə və cəsarətə söykənən hərəkətlər etməyə alışdırırdı. Söz düşəndə deyirdi ki, nə qədər dağ başında oturmaq olar, kəklikotu çəkməkdən az qalır kəklik səsi ilə haray qoparaq, daha yetər, hücuma keçib azğın erməniləri birdəfəlik susdurmalıyıq. Axı, nə qədər belə acılıqla ağzımızda zəncir çeynəməliyik?!
    Kəndin müdafiə işlərinə rayon rəhbərliyi tərəfindən təyin edilmiş Əvəz Şükürov başçılıq edirdi. Nigarançılıq əhvalı hər bir kəlbəcərlini silahlanmağa məcbur etmişdi. Lakin dövlətçilik işində yaranmış ziddiyyətli münasibətlər müdafiə işini pozurdu. Yalnız geri gedirdik. Nərimangil silah-sursat sarıdan korluq çəkirdilər. Bəzən yeməyə çörək də tapmırdılar. Nə yaxşı ki, polisin ixtiyarında olan bir ədəd zirehli dozor kəşfiyyat maşını onlara verilmişdi. Taxtabaşı kəndi tərəfindən müəyyən boşluqlar hökm sürdüyünə görə daim təhlükəli anlar yaşanırdı. 1992-ci il iyul ayının adi bir yay səhərində qudurğan ermənilər atlı gələrək piyada kimi qəfil həmləyə keçdilər. 2-ci bölüklə yanaşı minaatan batareyasının bir döyüş heyəti də hərbi əməliyyatda iştirak edirdi. Minaatanlarımız açıq mövqedə olduqlarına görə tez hədəfə alındılar. Üstəlik minaları da qurtardı.
      Düşmən qüvvələri minaatan silahımızı hərbi qənimət kimi ələ keçirdikdən sonra öz minaları hesabına bizi geri çəkilməyə məcbur etdilər. Demək olar ki, Narınclar kəndi nisbi mühasirə içərisinə düşmüşdü. Kəlbəcərin Qılınclı kəndində yerləşən briqada qərargahına kənddə yaranmış mövcud vəziyyət barədə operativ məlumat vermək imkanı olsa da, düşmən minaları altına düşən komanda-qərargah maşınımız tez sıradan çıxdı. Rabitə avadanlıqlarının batareyası da sönmüşdü. Onları yükləməyə elektrik cərəyanı kifayət etmirdi. Rabitəsiz döyüş aparmaq isə hər dəqiqə bir əngəl törədirdi. Axı, hərbi qüvvələr arasında bağlantı zərurəti mühüm amildir. Düşmənlə üzbəüz döyüş məqamında sağ və yaxud sol cinahdan xəbəri olmayan döyüşçü ürəkli savaşa bilmir. Bəzən isə özümüz tərəfindən atılan təsadüfi bir gülləyə tuş gəlir. Operativ idarəetmə prinsiplərinin pozulması halları məğlub olmağın başlıca səbəblərindən biridir. Düşmən də bu incə məsələni Narınclara ilk həmlə prosesində həll etmişdi, necə deyərlər, koordinasiya zənciri qırılmışdı.
     Doğrudan da, bu gen cahanda dağ da olsan dağa arxalanmalısan. Necə ki, Aydoğan dağı “Çingiz dağına” güvənirdi. Bölük də öz növbəsində həmin istiqamətdən hər hansı qəzanın gələcəyinə inanmırdı. Necə deyərlər, döyüşçülər öz belini Çingizə bağlatmışdılar. Bəli, zənn edilənlər haqlı çıxdı. İlk həmlədə başı əzilən düşmən qüvvələri Aydoğan tərəfdən kəndə soxula bilmədilər. Basılmaz Çingiz cəngavərləri dığaların leşını uca dağ başında qurd-quşa yem elədilər.
      Amma meşəlik istiqamətində güclü qarşıdurma əmələ gəlmişdi. Havanın qaranlıq məqamlarında onlar kənd içinə soxula bildilər. Axşam savaşının təhlükəli anlarından hürkən dığalar gizləndilər. Düşmənin hücumu boğulmaq üzrə idi. Tam hərəkətsiz qalmışdılar. Demək olar ki, yaranmış çaşqınlıq hər iki tərəfdə hökm sürürdü.
     Kapitan Nəriman Zeynalov bütün istqamətlərdə gedən döyüş prosesini nəzarətdə saxlayır, operativ göstərişlər verirdi. Bəzən komandir məsuliyyətindən irəli gələn cavabdehlik hissləri onu yaman boğurdu. O, elektrik yükü öləziyən rabitə avadanlığı vasitəsilə Dəvəbeli təpəsində mövqe quran postun başçısı Arif Muxtarov ilə danışarkən aldığı xoş məlumatlara görə içinə dolan sevinc hisslərinin təsirindən ağlamalı oldu. Vəziyyətin necəliyi barədə komandirin sualına cavab olaraq post komandiri yüksək ruhla belə məruzə etdi:
    - Komandir, vəziyyət əladır, əla... Əvvəl dığalar gözə dəymirdilər. İndi onları bircə-bircə dənləyirik...
      Ən bəd xəbər o oldu ki, minaatanların bir əsgəri onurğa sümüyündən qəlpə yarası almışdı, ayaq üstə dura bilmirdi. Onu təxliyə etməyə də imkan tapılmırdı. Amma itki nisbətində biz dığaları üstələmişdik. Cəsur döyüşçümüz İlqar Dadaşov Taxtabaşı dağından yaxşı müşahidə apararkən görmüşdü ki, ermənilər tələsik bir tərzdə yaralılarını təxliyə edirdilər. Di gəl ki, onların təminat qüvvəsi tükənmirdi. Söz yox ki, bu da onların arxalı olmasından xəbər verirdi.
     Qonşu Mərcimək kəndində isə narahatlıq can üzürdü. Camaat ancaq mərd döyüşçülərimizə arxayın olmuşdu. Bulaqların aramsız şırıltısı, habelə meşənin pak havasına qovuşan günəş şüaları da taqımın şəxsi heyətinə heç bir mənəvi rahatlıq bəxş etmirdi. Elmangilin taqımı yerləşən Mərcimək kəndinin qabaq hissəsində daşnakların mövqeyindən qətiyyən səs çıxmırdı. Amma qonşu Narınclar kəndi görünməsə də, oradan yaman güllə, mina və qumbara səsləri gəlirdi. Səhər baxışından sonra taqım komandiri leytenant Sənan Məmmədov həyəcanını içində çox saxlaya bilmədi:
     - Çavuş Quliyev,  düşmənin bu birtərəfli səs-küyü mənim könlümü heç açmır. Bizim qarşımızda olan bu susqunluq nədəndir? Narınclar tərəfdən isə döyüş havası aydın hiss edilir.
      Taqım komandirinin müavini çavuş Elman Quliyev də həyəcan selində nəfəs alsa da, komandir narahatlığına cavab olaraq nikbin duyğulara üstünlük verdi:
     - Komandir, ermənidən nə desən gözləmək olar. Bizə erməninin susqunluğu yox, sərt ölgünlüyü gərəkdir. Unutmayaq ki, erməni şeytan törəməsidir. Görünür, nəsə hiylə işlədirlər. Biz arxayınıq. Üstümüzə gələn dığa qan içində boğulacaq.
       Xoşagəlməz barıt qoxusu, mina partlayışından doğan kəskin tüstü buludları içində ölümlə çox üz-üzə dayanmış Elman Quliyev təxminən doqquz aylıq savaş təcrübəsi qazanmışdı. Onun sönməz döyüşkən ruhu taqımın basılmaz bir qalxanına dönmüşdü. Bəzən düşmənə qarşı qəzəbi hədsiz dərəcədə coşsa da, ehtiyat hisslərini itirməməyə səy göstərirdi. Həmişə təklikdə düşünməyə güc verir, sonra isə əsgər yoldaşlarının fikirləri ilə yanaşı kollekltiv məsləhətləşmə aparır, qəfil məqamlarda düzgün qərarın qəbulunda komandirə güclü mənəvi dayaq verirdi. Deyirdi ki, yer üzündə bütün nemətlərin başlanğıcı və sonu ağıldır. Dəyərli hərbi taktiki ağıl, sərfəli döyüş mövqeyi də asanlıqla hasilə gələn məsələ deyildi. Gərək hər tapşırığı dərindən-dərinə düşünəsən, savaş məkanına yaxşı bələd olasan, ətrafında cəsarətli döyüşçü qardaşlar toplayasan. Yəni ağılı olmayan əsgərə təlim keçməyin də faydası yoxdur.
      Ötən günləri, şəhidliyə qovuşan cəbhədaşlarını yada saldıqca qanı qaralır, sanki ürək yaralarının qaysağı qopurdu. Hərbi əməliyyatların təşkilində baş verən çətinliklərin sayı artdıqca qanadları qırılmış bir quşa dönürdü.  Ona görə ki, üzücü təminat qıtlığı məğlubiyyətlərə cığır açırdı. Di gəl ki, Elmanın qəhrəman varlığında hər cür mərhumiyyətlərə qalib gəlmək gücü bəxş edən cəsarət hissləri heç vaxt yox olmurdu.
      Əyilən günəşin bəd xəbəri rabitəçi əsgər Şahin Həsənlidən çıxdı. O, oturduğu götük üzərindən həyəcanlı bir halda qalxanda az qaldı ki, yıxılsın. Leytenant Sənan Məmmədov sanki onun verəcək xəbərini çoxdan gözləyirmiş kimi gözlərini ona zillədi. Rabitəçi başını dik qaldıraraq məruzə etdi:
      - Yoldaş leytenant, düşmən qüvvələri Narınclar kəndində bizimkiləri mühasirəyə alıblar. Qərargaha verilən məlumatı tam dinləyə bilmədim. Çünki rabitə xətti tez kəsildi.
     Komandir o dəqiqə uca səslə Elmanı çağırdı:
    - Çavuş Quliyev, təcili yanma gəl...
    Elman postları baxışdan keçirib taqımın dayaq məntəqəsinə yenicə gəlmişdi. Onun da qulağı səsdə idi, ehtimal etmişdi ki, qonşu kənddə nəsə durum qalmaqallıdır. O, komandirin çağırışına əsasən qaçaraq məntəqə binasına tez daxil oldu:
      - Eşidirəm, komandir...
      - Mən briqada qərargahından göstəriş gözləməyi lüzumsuz hesab edirəm. Cəbhədaşlarımız mühasirədə ikən biz yeni təhlükəmi gözləməliyik. Mən döyüşçülərimizin acısına kənardan müşahidə etməyi özümə ar bilirəm. Hökmən onlara dayaq verməliyik. Köməyə ya sən, ya da mən getməliyəm. Əks halda növbəti hücum bizim üzərimizə olacaq. Allah bizi dünyaya dünya qədər, axirətə axirət qədər qiymət verənlərdən eləsin! Verən də Allahdır, alan da... Allahın rəhmətinin hüdudu yoxdur. Vətənimiz abad olsun, şəhidlərimiz şad olsun!!! Bu dünya imtahanlar dünyasıdır. Uca Allah sevdiyi mərd döyüşçüləri çox imtahana çəkir. Bu Allahın bir lütfüdür. Sevdiklərimizin acısı da bu yolda bizə bir imtahandır.
      - Komandir, mənim getməyim münasibdir. Taqımı başsız qoymaq bizə xeyir gətirməz. Ürəyinizə, biləyinizə sağlıq, komandir! Şəhidlərimizin qanına and olsun ki, dığalar cavabsız qalmayacaq. Mən bu döyüşdə düşmənə qorxu, səngər qardaşlarıma isə güclü bir ümid olacağam.
      Təcili surətdə “QAZ-66” markalı maşın işə salındı. Leytenant Sənan Məmmədov döyüş xəritəsini maşının kuzası üzərində açaraq Elmana nəzərdə tutulan tapşırığı ətraflı izah etdi. Yalnız yaylaq tərəfdən Narınclar kəndinə yaxınlaşmağı məsləhət gördü. Elman yola bələd olduğuna görə çox nigaran görsənmirdi, lakin tələsirdi ki,  qaranlıq düşmədən kəndə çata bilsinlər. Daxilən ağrılı fikirlər çəksə də, Tovuzun Pələngli kəndinin igid oğlu Elmanın üzü gülürdü. Onun ixtiyarına dörd əsgər verildi. Biri PK-çı əsgər xaçmazlı Hüseyn Qasımov idi. Təcrübəli sürücü kimi sarışın Çingiz Yaqubov da qrupa daxil edilmişdi. Digər iki əsgər – ucarlı Nemət Yusifov və Qədir Zeynalov isə yalnız lazımi savaş səriştəsi olan döyüşçü kimi seçilmişdi.  Cəmi-cümlətanı 5 km-lik yolu elə tez qət etdilər ki, həyəcanlı dəqiqələr qabarıq hiss edilmədi. Vuruşma sakitləşmişdi. Hərdənbir güllə səsi eşidilirdi. Rabitə əlaqəsinin yoxluğu Elmangili ümumi vəziyyət sarıdan bixəbər etmişdi.
       Elman maşını kənddən bir kilometr yarım aralı görünməz bir yerdə saxladı və lazımi maskalanma işi gördülər. Maşını nəzarətsiz qoymaq olmazdı. Lakin belə bir problem yaranmışdı ki, sürücü Çingiz Yaqubov hərbi əməliyyata qoşulmaq istəyirdi. Onun inadlı təklifi əvvəlcə Elmanı yaman hirsləndirdi. Hətta az qaldı ki, dişinin dibindən çıxanı ona yağdırsın. Amma savaş vərdişlərinə bələdliyini nəzərə alaraq Elxanın istəyinə biganə qalmadı. Axı, vəziyyət çox ağır idi. Bir də ki, səngər qardaşının inadında elə mənfi çalarlar hiss edilmirdi. O, ürəkdən döyüşmək azarına tutulmuşdu. Elman razılıq əsasında maşına nəzarəti əsgər Qədir Zeynalova tapşırdı və açıqladı ki, bu sakitlik heç də onu qane etmir. Gizli pusqu ilə üzləşə bilərdilər. Ona görə də PK-çı Hüseyn Qasımovu hündür bir təpədə yerləşdirdi ki, onları himayə etsin.
       Elmangil zəncirvari bir formada bir-birini himayə edə-edə kəndə sarı endilər. Birdən səs-küy qalxdı. Elman şübhə doğuran hədəfləri atəşə tutduqdan sonra dığaların arasında qaçışma başladı. Arxa tərəfdən vurulan ermənilər elə dağılışdılar ki, heç atəş aça bilmirdilər. Lakin qaranlığın birdən-birə qatılaşması onlara xilas olmaq fürsəti verdi. Doğrudan da, tale daim cəsurların tərəfində olur. Elmangilin qorxmaz əməlləri sayəsində  dörd düşmən əsgəri cəhənnəmə vasil edildi.
        Elman şərti əl hərəkətləri ilə əsgərlərə sürünərək irəli getmək göstərişini verdi. Bilirdi ki, gecə pusqu ehtimalı çox olur. Düşmən qaranlıqdan istifadə edərək kənd içinə girdiyinə görə sərbəst hərəkət etmək təhlükəli sayılırdı. Odur ki, Elman yalnız 5 dəqiqəlik müşahidədən sonra azacıq sürüməyi məsləhət görürdü. Ayıqlıq onların işini xeyli yaxşılaşdırdı. Tədricən bir yerə cəmləşdilər. Elman asta səslə öz taktiki məsləhətlərini verdi:
        - Səsiniz qəti çıxmasın. Yalnız təmkinli hərəkət edin. Burada erməni pusqu torunun qurulması hər addımda ehtimal edilir. Bilin ki, təmkinli insan yelkənli gəmi kimi təhlükədən uzaqdır...
       Kəndin içindən gələn güllə səsləri çaşdırıcı bir vəziyyət yaratmışdı. Ay işığının qabağını kəsən iri gövdəli ağacların yaratdığı zil qaranlıq kəndin giriş yollarını dəqiq müşahidə etməyə imkan vermirdi. Elman belə qərara gəldi ki, qabaqda özü getsin, əsgərlər isə toqquşma məqamında qəfil həmlə etsinlər. O yavaş-yavaş kəndin fermasına yaxınlaşa bildi. Amma içəri girmək təhlükəli idi. Hətta hiss etmədən öz döyüşçülərimizə də xətər toxundura bilərdi. Bu sayaq bəlalar rabitə əlaqəsinin yoxluğundan irəli gəlirdi. Nəhayət, tam qaranlığın doğurduğu görməməzlikdən bezikmiş Elman risk etməli oldu, lakin hər ehtimala qarşı ferma pəncərəsinin yaxınlığındakı ağacın arxasına çəkilərək çığırdı:
      - Qardaşlar, səsimə səs verin, haradasınız!...
     Doğma səsin hənirini tez duyan kapitan Zamin Hüseynovun ürəyinə sanki sərin sular səpildi:
      - Çavuş Quliyev, mən Zaminəm, tez fermaya gir.
      Elman yüksək bir ruhla irəli sıçradı və açıq ferma qapısından içəri girərək divara qısıldı:
      - Yoldaş kapitan, ehtiyatlı olun, bəlkə, dığaların susmağında bir hiylə var.
      - Yox qardaş, dığaların yarısı öldü, yarısı da qaçdı. Hücumun əvvəlində komanda-qərargah maşınımız düşmən minasına tuş gəlməsəydi, bu qədər əməliyyat anlaşılmazlığı yaranmazdı. Rabitəsizlik və işıqsızlıq bizi beləcə bir ağır duruma salıb. Hər addımı həyəcanla atırıq. Amma qurd pusquda gərək! İnşallah, sürünən ilanlar süzülən qartallara yem olacaq! Biz heç vaxt əyilən deyilik. Bizdən torpaq istəyəni torpaq altına soxarıq! Onlar bizdən ötrü qaya üzərində toz kimidir.
        Elman və Zamin ətrafı tam yaxşı görə bilməsələr də danışa-danışa bir-birinə qovuşub möhkəm qucaqlaşdılar. Zamin kövrək bir səs ahəngi ilə dedi:
      - Mən tam yəqin bilirdim ki, sizin kimi mərd qardaşlar bizi köməksiz qoymazlar. Ürəyimə dammışdı ki,  ya sən, ya da Sənan bizə köməyə gələcək.
     - Yoldaş kapitan, səngər sədaqəti ilahi sədaqətə bərabərdir...
     Yavaş-yavaş yanan və tüstülənən kənd evlərinin hər bir guşəsi alov işığında bir təhər görünsə də, bütün mənzərə ürək dağlayırdı. Demək olar ki, öz təbiət gözəlliyi ilə daim zövq oxşayan Harınclarda o incə narınclıq gözə dəymirdi. Kənd dağıntıları sanki döyüşçü varlığına tükənməyən bir haray salır, onu içəridən möhkəm silkələyirdi. Elə bil, bölük dayaq məntəqəsinə gedərkən Elmanın bütün varlığı tikanlı bir libasa bürünmüşdü. O, ürək ağrısı ilə əyilib yanan taxtaları söndürmək istədi. Zamin onun əlindən tutub ”sənlik deyil, çavuş Quliyev, gəl gedək” deyə onu özünə tərəf çəkdi. Elman dinib-danışmasa da, öz-özlüyündə doğma sakinlərini itirməyən Mərciməklə ordu ümidinə qısılan Narınclar kəndini müqayisə edirdi:
     - Biri öz sakinlərini itirib, biri isə hələ savaş ömrü sürür. Qanımız damarlarımızda daha durmur. Yaxşı ki, Mərcimək kəndi hələ öz igidlərinin hünərinə döyüşdə mərc edə bilir. Narıncları da düşmənə təslim etmərik. Qara günlər obalarımızın bir qismini əsir alsa da, tam bədbinləşməyə dəyməz. Hələ savaşa təzə başlamışıq. Bəs, haçan son qoyulacaq bu ayrılığa, bu dərdlərə?! Daşnak bəlası bizimlə nə qədər ayaqlaşacaq? İçimizdə yalnız hirsimiz ucalır. Bizə oyun quran düşmənin oyunları pozulacaqmı? Vallah, kim nə deyir-desin, məncə, dərdimizin bir əlacı var: güclü ordu yaratmalıyıq. Yalnız təminatlı və qüdrətli bir orduya sahib olmalıyıq. İnşallah, biz o zaman zəfərə ulaşarıq!
       Bölük dayaq məntəqəsində Elmangil baş leytenant Nəriman Zeynalov tərəfindən böyük ehtiramla qarşılandı. Sabahkı döyüşün planı birgə müzakirə edildi. Qərara alındı ki, Mərcimək döyüşçülərinin hələ iki gün bizə savaş yardımı göstərməsinə ehtiyac duyulmaqdadır. Nisbi mühasirə yarılsa da, düşmənin ehtiyat qüvvələrinin gəlişi gözlənilir. Lakin söylənilən ehtimal özünün təsdiqini almadı. Savaş oldu, amma tutarlı cavab alan dığalar itki verərək geri çəkildilər.
      Elmangil geri qayıdanda yuxusuzluqdan, yorğunluqdan, bir də ki, aclıqdan zorla yeriyirdilər. “QAZ-66” markalı maşının yanına çətinliklə yetişdilər və yeni bir problem ortaya çıxdı. Sən demə, maşının nəzarət işi həvalə edilmiş əsgər Qədir Zeynalovun sürücülük qabiliyyəti yox imiş. Sürücü Çingizin isə maşını işə salmağa taqəti qalmamışdı. Elman yaranmış problemdə özünü təqsirləndirirdi. Lakin bir qədər nəfəs aldıqdan sonra maşın işə salındı və yola düşdülər. Hər eniş-yoxuşda bir qəza halı törənirdi. Nəisə uca Allahımız bu mərd döyüşçüləri yaxşı qorudu. Mərcimək kəndinin girişində gözə dəyən çobanı harayladılar: 
      - Çoban qardaş, döyüşdən gəlirik. Üç gündür ki, yavan çörək də tapa bilmirik. Çox acmışıq. Bizə tez kömək ol.
      - Dərdinizi alım, qardaşlar, ümidimiz sizə calanıb. Vallah, ürəkdən deyirəm: biz sizlərin əmr quluyuq. Sözləriniz məni çox silkələdi. Cəld Firuzə nənənin yanına gedin. O, sizə yaxşı süfrə açar. Hər yediyiniz azuqə sizə halaldır. Biz ordumuza güvənib burada yaşayırıq. Daim Allaha əmanət olun...
      Ana vətənimizdə yurddaş halallığı, yurd bağlılığı ilə bahəm qəlblərə hakim kəsilən döyüşçü sevgisi heç vaxt tükənən deyil. 30 dəqiqə çəkmədi ki, bacımız İradə ağbirçək Firuzə nənənin bişirdiyi dadlı-duzlu yeməkləri, barlı-bərəkətli bağ-bağçanın göy-göyərtisini yığdı süfrəmizə. Yedikcə bu çoban ailəsinin sağlığına xeyirli dualar oxuduq...
                                                                                                   İbrahim MƏSİMOĞLU
                                              müharibə veteranı, ehtiyatda olan polkjovnik-leytenant

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”