“ÖLÜM TURANDAN QORXUR”


Bu hadisə təxminən bir il əvvəl baş verib. Kənd qan çanağına dönmüşdü. Topların, mərmilərin dağıdıcı zərbindən ev və ağacların qaməti əyilmişdi. İki gün olardı ki, döyüşlər səngimişdi. İgid əsgər Turan Ellazov qayanın döşündə atəş mövqeyi seçmişdi. Cəbhədaşları oradan-buradan söz salıb söhbət etsələr də Turan susurdu. O, şirin arzularının qanadlarında səyahətə çıxır, bəzən özünü unudur, sakit və qayğısız bir aləmdə öz arzuları ilə əylənir, şirin xəyallara dalırdı. Bəzən özünü doğulduğu Ağbaba mahalının Güllücə kəndində hiss edirdi. Xəyaldan ayrılanda isə onu xəcalət təri basırdı: “Ağbabanı niyə verdik düşmənə? Hələ Qarabağı da özlərininki bilirlər. Yox, yox!.. Biz bu qeyrətsizliyə dözsək, Vətən çörəyi gözümüzü kor qoyar!”.
Gündüz saat 14 radələri idi. Qəfildən güclü gurultu qopdu. Düşmənin tank və PDM-i sürətlə mövqelərimizə doğru irəliləyirdi. Eyni zamanda 4 ədəd vertolyot da səmada göründü. Turan ona tapşırılan yola diqqətlə nəzarət edirdi. Başqa hədəfləri görsə də, gözünü yalnız yolun ağzına dikmiş,  “PK”-nı ora tuşlamışdı. İki erməni döyüşçüsü yerə sinə-sinə irəliləyirdi. Turan ətrafına düşən top mərmilərinin səsindən azacıq gicəllənsə də, səngər qazmaqdan codlaşmış barmaqları ilə “PK”nı bərk-bərk sıxdı və həmin 2 düşmən əsgərini qanına qəltan etdi. Onun sağ və sol cinahındakı piyadalarımız manevrlə geri çəkiləndə Turan tək qaldı. Güllələr dolu kimi yağırdı. Fikirləşdi ki, yerini dəyişməklə üstünlük qazanmayacaq. Çünki ona tapşırılan yol nəzarət altından çıxa bilərdi. Üstəlik, onun mövqeyi çox əlverişli idi: qəlpə tutmur, güllə də yan keçirdi. Doğrudan da, müharibədə hər dəqiqənin, hər anın öz hökmü var. Ani yerdəyişmə nəticəsində vəziyyət Turanın düşündüyü qədər faydalı alınmadı. Düşmən əsgərləri birdən-birə qarışqa kimi qaynamağa başladılar. Turan əməlli-başlı mühasirəyə düşsə də, öz-özünə ürək-dirək verdi: “Sizə Ağbabada can verməmişəm, burada heç vermərəm”. Bu sözlərdən sanki ayaqları, qolları güc aldı. Aldadıcı atəşlərlə düşmən piyadalarını çaşbaş saldı. Sonra yerini bildirməmək məqsədi ilə qayanın qucağına qısılıb müşahidəyə başladı. Nəhayət, təcrübəli Əbülfəz Əliyevin başçılığı ilə yarım saatlıq döyüşdən sonra Turan mühasirədən çıxarıldı. Güclü əks-hücumla düşmən piyadalarını pərən-pərən saldılar. Turanın dözümü, döyüş qabiliyyəti, taktiki biliyi zəif olsaydı, söz yox ki, ağır vəziyyətdən çıxış yolu tapa bilməzdi.
“Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş sıravi əsgərimiz Turan Rövşənəli oğlu Ellazovu başqalarından fərqləndirən keyfiyyətlərdən biri də onun son dərəcə etibarlı olmasıdır. Odlu-alovlu cəbhə həyatını öz ömrünə mükafat sanan bu igidimiz Ağdərə, Kəlbəcər, Füzuli, Tərtər və Ağdam bölgələrində gedən hərbi əməliyyatlar zamanı ona verilən bütün tapşırıqları can-başla yerinə yetirib. Döyüşdə boynuna nə çəkirsə, lap ölümlə üz-üzə dursa da, öz sözünə, cəbhədaş, komandir etibarına xəyanət etmir.
Turanın bu keyfiyyəti barədə onun sınanmış cəbhədaşlarından olan Elman Quliyev belə danışır:
- Turan adına layiq igiddir. Onun cəbhə yolu 1992-ci il aprelin 15-dən başlayıb. İlk döyüşlərdə rabitəçi olub. Amma bu iş döşünə çox yatmayıb. Düşməndən intiqam almaq üçün alışıb-yanan Turan pulemyotçu olmaqla sakitləşdi. Sonra qumbaraatan silahı ilə erməni əsgərlərinin dərsini verdi. Turan bölüyün dar gününün yarağıdır. Onu manqa komandiri təyin etmişəm. Çox etibarlı cavandır. Hara göndərsən gedir. Vallah, mən deyərdim ki, ölüm Turandan qorxur. Dəfələrlə ən ağır nöqtələrə, necə deyərlər, başına kəfən keçirib gedib. Kişi kimi döyüşüb, kişi kimi də ad qazanıb. Atəşkəsə qədərki son döyüşlərimizdən birində - “N” kəndi yaxınlığında əsgərlərimiz dara düşmüşdülər. Köməyə 4 əsgər göndərdim. Biri Turan idi. Onların gedişi ilə dönüş yarandı. Düşmən geri çəkilib susdu. Turan ağır döyüşün axırında ağdaşlı cəbhədaşı Mənsur Məmmədovun meyitini ən çətin mövqedən çıxartdı. Düşmən bu zaman onun üstünə nə qədər od ələdisə də, məqsədinə çata bilmədi. Turan öz etibarını bir daha nümayiş etdirdi.
Var-dövləti yağı əlində qalan, öz qeyrətli döyüşçüləri ilə yalnız xatirələrdə qol-boyun olan Qarabağ torpağını Turan azad görmək istəyir. Əbədi səadəti ana torpağa əsl sahiblikdə görür. Çünki şəhidləri də, şahidləri də torpaq öz qoynunda yaşadır. Bizə döyüş qeyrəti verən, bizi çətin məqamda hifz edən, dağlarımızın qəddini əyilməyə qoymayan da elə məhz bu torpaqdır...

24 fevral 1995-ci il
P.S. Turan adı kimi möhtəşəm bir döyüşçü qəlbinə malikdir. Çünki çox inamlıdır. Gələcəyə nikbin arzularla baxır. İnanır ki, inşallah, düşmənə tutarlı dərs verərək tam qələbəmizi təmin edəcəyik!... 

                                                                                                 İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”