ƏN BÖYÜK MÜKAFATIMIZ HƏLƏ QABAQDADIR



Baş çavuş Natiq Sadiq oğlu Salahov yeri düşəndə böyük fəxr və məsuliyyət hissi ilə deyir: “Mən müsəlmanam!”. Özü də nə şərab içir, nə də şəriət qanunlarında haram hesab olunmuş digər əməllər tutur. Cəbhədə olmasına baxmayaraq, müntəzəm namaz qılır.
Erməni işğalçılarının qəfil basqını zamanı digər ev əşyaları ilə bərabər, “Quran” kitabı da dədə ocağında qalıb. Bunu Natiq heç cür özünə bağışlaya bilmir: “Axı torpaq kimi “Quran” da müqəddəsdir!..”.
Baş çavuş Natiq Salahov əsgərliyə Sovet ordusunda başlayıb. O, Belorusiyanın Brest vilayətində hərbi hava qüvvələrində xidmət edib, əlaçı əsgər olub. Onu tərxis etmək istəməyiblər. Təklif ediblər ki, qalıb təyyarəçi olsun. N. Salahov indi çox təəssüflənir ki, əgər o zaman qırıcı-təyyarəçi sənətinə yiyələnsəydi, bu gün Vətənə daha çox xeyir verər, işğalçı ermənilərin başına havadan od ələyərdi...
1992-ci ildə Bakıya qayıdanda ən əvvəl Şəhidlər xiyabanına ziyarətə getdi. Xiyabana girəndən çıxanadək göz yaşları qurumadı. Qonşu xəyanətinə dözməyən igidimiz artıq yadlaşmış bir orduda ikiillik xidmətdən sonra əsl əsgərliyə - müqəddəs Vətən müharibəsinə gedəsi oldu.
Natiq bölüyün savadlı, təşəbbüskar əsgəridir. Zabitlər kimi döyüş xəritəsindən sərbəst istifadə edə bilir. Əslində isə snayperçidir. Əlverişli atəş mövqeyi seçməkdə mahirdir. Döyüş meydanını diqqətlə müşahidə etməyi bacarır və vuruş zamanı vacib hədəfləri üzə çıxarıb vaxtında zərərsizləşdirir.
Kəlbəcərin uğurlu Qamışlı döyüşündə pusqu qurarkən ilk atəşi cəsur cəbhədaşı Gəray Həsənov açsa da, ən vacib hədəfləri snayperlə Natiq susdurdu. Əsgərlərimiz düşmənin sıx dəstəsini oda bələyəndə hamı arxayın idi ki, kənara qaçanların xirtdəyi mütləq Natiqin əlinə keçəcək. Həmin müzəffər döyüşdə Natiq 10-a qədər işğalçını məhv edə bildi.
Yanşaq vuruşunda isə Natiq ürəkli igid kimi düşmən əhatəsində olan kiçik bir tövlədə 2 gün tək qalıb pusqu qurdu və işğalçıların üzərinə həmlədən qabaq bütün kəşfiyyat faktlarını doğru-dürüst öyrənib komandirə məlumat verdi.
İlk vuruşu Ağdərənin Qozlu kəndində olan, uğurlu Hoçaz döyüşündə qəlpə yarası alan baş çavuş N. Salahov hazırda Ağdam bölgəsində xidmət edir.
- Bu gün böyük qürur hissi keçirirəm, - deyə səngərdə sayıq dayanan Natiq ürək sözlərini bildirir. – Ona görə ki, 4 yaşı tamam olan ordumuzda mənim də az-çox xidmətlərim olub, neçə-neçə işğalçını Vətənin mənə etibar etdiyi silahla cəhənnəmə göndərmişəm. Məni fərəhləndirən, ruhlandıran bir də odur ki, çəkdiyim zəhmət hörmətli prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Heydər Əliyevin diqqətindən yayınmayıb və o, öz fərmanı ilə məni “Hərbi xidmətlərə görə” medalına layiq görüb. Əlbəttə, bu mükafatdan qətiyyən arxayınlaşmıram, əksinə, məsuliyyətim indi daha da artıb. Axı torpaqlarımız hələ də işğal altındadır, doğma kəndim Başlıbel Murovun o tayında yolumu gözləyir, öz övladını qalib əsgər kimi görmək istəyir. Və mən əminəm ki, müstəqil Azərbaycanımızın gənc ordusu gec-tez qalib ordu adını şərəflə daşıyacaqdır. Bu isə hamımız üçün ən böyük mükafat olacaqdır.
                                                                          İbrahim MƏSİMOĞLU
7 oktyabr 1995-ci il

P.S. Cəsur döyüşçümüz Natiq Salahov yenə öz mübariz mövqeyindədir. O, istənilən vaxt əsgər libasını geyinməyə hazırdır. Natiqin gözlədiyi mükafat hələ yol gəlir!...
                                                                                              

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”